525.Az

Kino möcüzələri: "mənfi obraz"lar, parlaq ifaçılar


 

Kino möcüzələri: <b style="color:red">"mənfi obraz"lar, parlaq ifaçılar</b>

Aktyorların istedadının, peşəkarlığının ölçü vahidlərindən biri də oynadıqları mənfi obrazların səviyyəsidir. Bütün dünyada mənfi obrazı yaratmağın çətinliyi hər zaman etiraf olunub. Elə aktyorlar var ki, tamaşaçılar onlara mənfi rollarına görə nifrət edib, həyatda da o obrazın şəxsiyyətinə görə tənqid ediblər. Əlbəttə, bu da aktyorun ən böyük uğurudur.

Azərbaycan milli kinosunda da yaratdığı mənfi obrazlarla tamaşaçının yaddaşında əbədi iz qoyan sənətkarlarımız az olmayıb. Bu yazıda onların bəzilərindən söz açacağıq.

Əmir Teymurdan Qurd Cəbrayıla... 

Rejissor Həsən Seyidbəylinin 1973-cü ildə ekranlaşdırdığı "Nəsimi" filmi milli kinomuzun ən məşhur filmlərindən biridir. Böyük Azərbaycan şairi, filosofu, mütəfəkkiri Nəsiminin həyatından bəhs edən filmdə tarixlə uyuşmayan məqamlar olsa da, ssenari, rejissor işi, aktyor oyununun uğurlu vəhdətilə bəzi tamaşaçılar indiyə qədər filmdəki hadisələri tarix kimi qəbul edirlər. Əsərin əsas mənfi obrazlarından türk-islam sərkərdəsi Əmir Teymuru böyük aktyor Yusif Vəliyev canlandırıb. Onun nəfəs verdiyi obraz vahiməsi, dəhşəti, bir xaqana xas mərd duruşu ilə bu günə kimi yaşayır.



Y.Vəliyevin kinoda canlandırdığı və izləyicilərin yaddaşında əbədi iz salan ən uğurlu mənfi obrazlarından biri "Arxadan vurulan zərbə"dəki Qurd Cəbrayıl roludur. Rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmış dedektiv janrlı filmdə insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açılır.

"Arxadan vurulan zərbə" sovet dövründə ən populyar filmlərdən biri olub. Görkəmli yazıçı Elçin Əfəndiyevin "Ox kimi bıçaq" povesti əsasında çəkilmiş film indi də böyük maraqla izlənir.

Film real həyat hadisələri əsasında çəkilib. Əsas obrazlardan olan Qurd Cəbrayılın prototipi Cəbrayıl Baxşıyev kriminal aləmdə "Paxan Cəbrayıl", "Çyornı", daha çox tək olmağa üstünlük verdiyi üçün isə Qurd Cəbrayıl kimi tanınıb. Başına çox hadisələr gəlib, dəfələrlə həbsə düşüb, üst-üstə 70 il həbs cəzası alıb ki, bunun 36 ilini dəmir barmaqlıqlar arxasında keçirib, 4 dəfə həbsxanadan, 1 dəfə məhkəmə zalından qaçıb. O, həqiqətən də ailəsilə birgə 6 il Salyanda yaşayıb, bir müddət gözətçi işləyib, ancaq burda çoxları, hətta yaxın dostları da onun Qurd Cəbrayıl olduğunu bilməyiblər. O, bənzər cinayəti törədib. Amma onun həyatda bıçaqla yaraladığı insan ölməyib. Özü səkkiz il həbs olunub.

Qurd Cəbrayılın oğlu Xoşqədəm Quliyev vaxtilə mətbuata müsahibəsində həyatdakı Cəbrayılla filmdəki Cəbrayılı belə müqayisə edib: "Filmdəki Cəbrayıl çox amansızdır. Atam isə ədalətli, mərd kişi olub. Ona görə də həm kriminal aləmdə, həm də camaat arasında hörmət qazanmışdı. Oğurladıqlarını bizə xərcləmir, kasıblara paylayırdı. Ona görə də çox vaxt Cəbrayılı ələ vermirdilər".

1900-cü ildə Bakının Maştağa qəsəbəsində doğulan Cəbrayıl Əlibaxış oğlu Baxşıyev 1976-cı ildə 76 yaşında dünyasını dəyişib. Ölümündən bir il sonra isə "Arxadan vurulan zərbə" filmi ekranlara çıxıb.

Ustad aktyor Yusif Vəliyev bu rolu o qədər təbii, canlı ifa edir ki, onun bütün daxili aləmi, düşüncələri, qəddarlığı, hiyləsi və hikkəsi film boyunca tamaşaçını öz təsiri altında saxlaya bilir.  

Qaloşun gözləri, kəndxudanın əclaflığı... 

Süleyman Rəhimovun "Mehman" povestinin motivləri əsasında lentə alınmış "Qanun naminə" filmi 1968-ci ildə ekrana çıxıb. O vaxt hüquq-mühafizə orqanlarında baş verən özbaşınalıqlar əsərin baş qəhrəmanı Mehmanın timsalında ifşa olunur. O, vəzifəsinin qanuniliyi naminə öz həyatını qurban verir.

Filmin ssenari müəllifi və quruluşçu rejissor Muxtar Dadaşov, quruluşçu operator Əlihüseyn Hüseynov, quruluşçu rəssam Cəbrayıl Əzimovdur.

Kinomuzun Qaloşlu adamı - İblis simalı obrazın bənzərsiz ifaçısı ...

"Qanun naminə"nin əsas mənfi obrazı, heç şübhəsiz, Qaloşdur. Qurd Cəbrayıl kimi həqiqi kimliyini gizləyən Qaloş sonradan Mehman tərəfindən ifşa olunur. Bu mürəkkəb obrazı aktyor Rza Təhmasib özünəxas ustalıqla canlandırıb. Onun aktyor məharətini həmin filmdə birgə rol aldığı Flora Kərimova Mehmanla Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin qəfildən sınması və Qaloşun qırıq şüşədən onları izləməsi səhnəsi ilə təsvir edir: "O an məni vahimə basmışdı. İnanın, bir neçə gün o qorxunun təsirindən çıxa bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamlaşdığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən filmə çəkildiyimi unutmuşdum. Bu, aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil".

Yaratdığı kiçik obrazlarla tamaşaçının yaddaşında əbədi qalmağı bacarmaq hər aktyora nəsib olmur. Hələ o rol mənfi xarakterdirsə, iş bir az da mürəkkəbləşir. Amma böyük aktyor Həsən Əbluc "Qanlı zəmi" filmində yaratdığı kəndxuda obrazı ilə bu mürəkkəbi asana çevirməyi bacarmışdı. 1985-ci ildə rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən ekranlaşdırılmış filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır.



Fağır bir kəndlinin arvadına göz dikən kəndxuda filmdə nə qədər mənfi obraz olsa da, onunla bağlı hissə Nəbinin ideallaşdırılmasının qarşısını alır. Onun kəndxudaya məhkəmə qurması, bığını kəsməklə təhqir etməsi nəticədə onun özünü öldürməsi ilə yekunlaşır. Bu səhnəni Həsən Əbluc elə böyük psixoloji gərginliklə, sonsuz qəzəblə canlandırır ki, o ana qədər kəndxudaya nifrət edən tamaşaçı onun mənfi qəhrəman olub-olmadığını yenidən düşünmək məcburiyyətində qalır. Hətta təhqirə dözə bilməyən kəndxudanın intiharı zamanı ekranda görünən Nəbinin baxışlarında belə təəccüb də vardı, təəssüf də, peşmanlıq da, öz davranışına qarşı yönəlmiş sual da... 

Mənfi rolların müsbət qəhrəmanı 

Azərbaycan kino tarixində daha çox yaratdığı mənfi obrazlarla tamaşaçının yaddaşında qalan aktyorlardan biri Məlik Dadaşovdur. Yəqin ki, azərbaycanlı tamaşaçı bu adı eşidən kimi ilk növbədə Qəmlonu ("Axırıncı aşırım"), "Şeyx Nəsrullahı ("Ölülər), Molla Sadığı ("Dəli Kür"), erməni Aram Xaçaturyanı xatırlayacaq. M.Dadaşov yaratdığı bu mənfi qəhrəmanların hamısının adını Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıb. Maraqlıdır ki, bu obrazların hər birinə görə aktyor həyatda müxtəlif təzyiqlərə, hədələrə də məruz qalıb. 

Bir vaxtlar müəllimi Adil İsgəndərov "Axırıncı aşırım" filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək "Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə" demişdi.

Qızı Gülarə xanımın dediyinə görə, M.Dadaşov yaradıcılığı boyu iki obrazı oynamaq istəməyib: Şeyx Nəsrullahı və erməni rolunu: "Şeyx Nəsrullahı ona görə istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma "Ölülər"də Allaha qarşı çıxıram. "Fəryad" filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi ki, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Əslində, bu tipaj sovet dövründə general Baqramyan olub, onun obrazı idi. O da keçəl idi. Atamın da saçlarını qırxmışdılar. Atam əvvəl nə qədər çalışırdısa, alınmırdı. Bilirsiniz, çox çətin rol idi. Düşmən obrazını yaratmaq, özü də beləsini. Yadımdadır ki, çox əsəbiləşirdi, narahat olurdu. Amma oynadı o rolu. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış elədi və imtina elədi o addan".



Vətənpərvər aktyor belə bir adı heç vaxt özünə yaraşdırmadığını və məhz bu cür şeylərə görə rolu oynamaq istəmədiyini deyib.

Aktyor vəzifəsinin öhdəsindən o qədər böyük uğurla gəlmişdi ki, illər sonra belə onunla yolda-izdə qarşılaşan tamaşaçılar onu erməni bilib təhqir edirdilər. Belə hadisələrdən biri el arasında "Malakan" bağı kimi tanınan yerdə olmuşdu. Onu görən qadın qəfildən "ay camaat, bu adam ermənidir" - deyə qışqırır. Səsə gənc əsgər yaxınlaşır. Görünür, yaşının azlığından aktyoru tanımır və sənəd tələb edir. Qadın isə: "Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir" - deyə təkid edir. Axırda aktyor əsgərə deyir: "Bala, mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni qarışıq salıb".

Filmin premyerasında da tamaşaçılardan bəziləri qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər. Sanki onlarla eyni zalda oturan həqiqətən də erməni hərbçisi idi. Hətta aktyorun qızı Gülnarə də filmə ilk dəfə baxandan sonra "ata, çox əclaf bir obraz yaratmısan" -deyir. Aktyor isə "Sən də nifrət etmisənsə atana, demək obraz yaxşı alınıb" cavabını verib.  

30 yaşında qoca... 

1970-ci ildə Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş "Yeddi oğul istərəm" filminə yəqin ki, baxmayan tapılmaz. Tofiq Tağızadənin quruluşçu rejissor, Yusif Səmədoğlunun isə ssenari müəllifi olduğu film romantik ruhlu komsomolçuların ideologiya uğrunda heç nədən çəkinməyərək apardıqları mübarizədən bəhs edir.

Dövrün tələbinə görə mənfi obraz kimi qələmə verilən Gəray bəy isə kinoya öz möhürünü vuran iki obrazdan biridir. Peşəkar aktyor Həsənağa Turabov bu rolu cəmi 30 yaşı olarkən canlandırıb. Hətta o qədər təbii canlandırıb ki, həyatda hər kəs ona Gəray bəy, qızı Sevincə isə Humay deyə xitab edirmişlər. Əslində, Gəray bəy mərd, qürurlu, sözündən dönməyən bir kişi idi. Amma apardığı mübarizə onu mənfi qəhrəman durumuna salmışdı.

Mehdi Məmmədovun tələbəsi olan aktyor diplom tamaşasında Hacı Qaranı oynayır. Adil İskəndərov onu ilk dəfə o rolda görür. "Yeddi oğul istərəm" filminin çəkilişində Gəray bəy roluna xeyli aktyor dəvət olunsa da, heç biri təsdiq olunmur. A.İskəndərov sonda onu da sınamaq istəyir. Cəmi 30 yaşı olan H.Turabovu qrimləyib sınağa gətirəndə hər kəs deyir ki, Gəray bəy elə bu oğlandır. Beləliklə, 30 yaşlı oğlan 60 yaşlı kişini canlandırır.

Bu rol aktyorun özünün də ən çox sevdiyi rolu olub. Filmdə aktyor roluna bəzi improvizələr də edir. Məsələn, Cəlalı, əslində, Kələntər dayı vurmalı imiş. Amma aktyor dözmür və özü güllə ilə vurur. Sonda da ssenariyə görə Gəray bəyi Bəxtiyar öldürməliydi. Amma H.Turabov deyir ki, bəyi komsomol vurmamalıdır, o, özünü vursa, daha yaxşı alınar. Çəkiliş heyəti aktyorla razılaşır.

Milli kino tariximizdə bu cür adını kinematoqrafiyamıza silinməz hərflərlə yazdırmış obrazlar və onların ölməz aktyorları çoxdur. Sənətkarı yaşadan da məhz bu cür böyük işləridir.

 





21.07.2020    çap et  çap et