525.Az

Atamın əsgər papağı - Esse


 

Atamın əsgər papağı - <b style="color:red">Esse </b>

Qələmi stolun üstünə qoyub, müsahibəyə ara verdim, bayıra çıxdım. Tez-tez nəfəs almağa başladım. Hava eynən o günkü kimi idi: boz-bulanıq, çiskinli və soyuq. 28 il keçməsinə baxmayaraq, o günü dünənki kimi xatırlayırdım. Təkcə o günü yox, o balaca qızcığazı - özümü də! Nə vaxt o günə qayıtsam, köməyimə atamın papağı çatırdı.

İçəri qayıtdım, müsahibim məndən də həyəcanlı idi, əllərini tez-tez ovuşdurur, xatirələrindən danışanda ağlasa da, əllərinə baxaraq acı kədərlə gülümsəyirdi.  Danışdıqca gözlərim çox səliqəli, rəngli dırnaqlarına ilişib qalırdı. Qəribədir, əvvəllər görüşdüyüm girovların heç birinin belə dırnaqları olmayıb. Məni baxışlarımdan anladı:

- Bilirsiniz dırnaqlarımı niyə belə saxlayıram? Onların acığına... Dırnaqlarımın başına elə müsibətlər gətiriblər ki...

- Niyə?

- Dırnaqlarım qısa olanda ətim ürpəşir. Bir iş görmək istəyəndə də dırnaqlarımı paltar sabununa çəkirdim, içi dolurdu, işimi görürdüm, sınmırdı... Cibimdə də daima dırnaq boyası olurdu... Çəkirdim... Əsirlikdə dırnaqlarıma görə "axı bu dırnaqla orda neyləyəcəkdin ki? Ora kişilərə xidmət etmək üçün getmisən" deyirdilər... Girovluqdan qayıdanda barmaqlarım nə kökdə idi...

Susurdu. Mən də susdum. O, məni baxışlarımdan duymuşdu. Müsahibim məni baxışlarımdan anlayanda o qədər rahat oluram ki, onun istədiyi qədər, istədiyi mövzuda susa bilərəm. Və bu sükütu ömrümün sonuna qədər qoruyaram...

Müsahibəni bitirdim. Tez evə getdim. Yolda anladım ki, uzun müddətdir onu qucaqlamıram. Uşaqlığımı, böyümək istədiyimi xatırladım. Hələ 9 yaşım olanda atamın əsgər papağını əlimə götürüb anamdan "Bəs atam hardadır?" soruşanda onun sualıma cavab tapmayan gözlərindən anlamışdım ki, mənim üçün ən şərəfli peşə ömrünü vətən uğrunda qurban verən acı taleləri qələmə almaq olacaq.

Mən 30 il sonra o ağrılı xatirələri yenidən yaşamağa başladım. Bu peşə üzümdə kədərə, qırışa çevrildi, amma yazdım, çünki əlimdən bundan yaxşısı gəlməyəcəkdi.

Evimə çatdım, oğlum məktəbdən gəlmişdi, adəti üzrə  gələn kimi yatmışdı. Onun balaca və isti üzündən öpdüm. Öz otağıma keçib şifoneri açdım, köhnə xatirələrimlə doldurduğum qutunu açdım, amma papaq qutuda yox idi. Dünya gözümdə o papaq qədər kiçildi. Evi ələk-vələk elədim. Dəfələrlə anamın çarəsiz gözlərinə qayıtdım. Tapmadım.

Bizi bu həyatda ölən əzizlərimizin əşyaları qədər ağladan heç nə yoxdur. Ona olan sevgimizi onun əşyalarına yönəldirik, qəlbimizdə yaranan boşluğu az da olsa, doldurmağa çalışırıq. Amma o papaq mənim üçün bir əşyadan tamam fərqliydi. Bəlkə də, bütün bunları şişirdirilmiş hesab edəcəksiniz, amma həmin papaq mənim üçün elə atamın özü idi. Və mən onu tapmırdım. Yenə onu itirdim. 28 il bundan əvvəl hamıdan gizlətdiyim göz yaşlarımı indi axıtmağa başladım. O vaxt inanırdım ki, atam nə vaxtsa qayıdacaq və papağını məndən alıb başına qoyacaq. İndi atam qayıdıb gəlsə, məndən papağımı istəsə, neyləyəcəm, ona nə cavab verəcəm?

Elə o fikirlə də yuxulamışdım. Gözümü bir də səhər saat 6-da açdım. Nə yerimdən durmağa taqətim, nə də yemək yeməyə həvəsim var idi.

Sonra hər şeydən əvvəl bir ana olduğumu xatırladım. Oğlumu yuxudan oyatdım, onun şən, gülərüz simasi mənim solğun üzümdə qeyb oldu. O qədər ağıllı idi ki, dərhal nəyinsə yolunda olmadığını anladı. Balaca əlləri ilə üzümə sığal çəkərək dedi:

- Xəstələnmisən, ana?

- Bir az halsızam, amma yaxşıyam, sən əynini geyin, yeməyini ye, atan səni gözləyir. Bugün səni məktəbə o aparacaq.

Düşündüm ki, bu gün heç bir işimin arxasınca gedə bilməyəcəm. Ona görə də bu gün edə biləcəyim ən yaxşı iş oğlum məktəbdən gələnə qədər  Şəhidlər xiyabanına baş çəkmək olacaq. Elə belə də elədim.

Məzarları seyr edə-edə düşünürdüm ki, həqiqətən vətən üçün ölmək necə şərəflidir! Arxanda atasının itmiş papağı üçün ağlayan körpə uşaq qoymuş olsan belə, yenə gözəldir! O an özümə söz verdim ki, əgər torpaqlarımız qayıtsa, bir də bura gələndə ağlamayacam. Elə biləcəm ki, bayramdır və mən atamı təbrik etməyə gəlmişəm. Qəlbimdə məni tərk etməyən ümid gözlərimi doldurub-boşaldırdı. Gözüm də, könlüm də o papağı axtarırdı.

 Evə gələndə oğlumu qapının ağzında gördüm, tez gözümdəki yaşları sildim, amma ağladığımı gördü. Əlimdən tutub məni öz otağına apardı, məni çarpayısında əyləşdirdi, özü də yanıma oturdu.

- Mən elə bilirdim ki, o papağı gizlətsəm, sən bir də ağlamayacaqsan, - deyərək çantasından papağı çıxartdı.

Başa düşdüm ki, ona əhvalatı danışmağın tam vaxtıdır:

- Bilirsən, oğlum, bu papağın adı nədir?

Başını "yox" əlaməti olaraq sağa-sola salladı:

- Bu papağın adı darıxmaqdır...

- Darıxmaq?  - qaşlarını çataraq cavab verdi.

- Hə... Sən mənim üçün darıxanda neyləyirsən?

 Məni qucaqlayıb öpərək dedi:

- Qucaqlayıram və öpürəm.

- Mən də nə vaxt atam üçün darıxsam, bu papağı qucaqlayıram, lap atamı qucaqladığım kimi...

Oğlum papağı əlimdən alaraq başına qoydu, əllərini aça bildiyi qədər geniş açaraq məni balaca bağrına basdı. Mən həm atamı, həm də oğlumu qucaqladım.

Qeyd: Yazının müsahibə hissəsi Vüsalə Məmmədovun "Əsir düşərgəsi" kitabından götürülüb.

 





21.07.2020    çap et  çap et