525.Az

Şifahi nitq bacarıqları ümumi təhsil məktəblərinə qəbulda mühüm meyar kimi


 

TƏDRİSİ DİGƏR DİLLƏRDƏ APARILAN BÖLMƏLƏRƏ QƏBULDA ŞİFAHİ NİTQİN YOXLANILMASI MƏQSƏDİLƏ MÜSAHİBƏLƏR KEÇİRİLİR

Şifahi nitq bacarıqları ümumi təhsil məktəblərinə qəbulda mühüm meyar kimi<b style="color:red"></b>

2019-2020-ci tədris ilindən etibarən birinci sinifdə  tədrisi digər dillərdə aparılan bölmələr üzrə oxumaq istəyən uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirməsinə başlanılıb.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.

Uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müvafiq qaydada təşkil edilən Müsahibə Komissiyaları tərəfindən müsahibə vasitəsilə aparılır. Müsahibə zamanı  tədrisi digər dillərdə aparılan bölmələr üzrə uşağın yalnız şifahi nitq bacarıqları qiymətləndirilir. Müsahibə Komissiyalarının tərkibi 3 peşəkar rus dili müəllimindən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi rəhbərlik isə mərkəz rəhbəri tərəfindən həyata keçirilir. 

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə təhsil almaq istəyən uşaqların nitq bacarıqları qiymətləndirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədovun sözlərinə əsasən, ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə təhsil almaq istəyənlər əvvəlcə mütləq bu müsahibələrə qatılmalıdırlar. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə keçirilən həmin müsahibələr uşaqların məktəbə qəbulu zamanı əsas şərtlərdən biridir. Odur ki, ümumtəhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə qəbul üçün müraciət edən və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil olunur: "Komissiya üzvü olan müəllimlər müsahibəyə gələn uşaqların rus dilindən sadə ünsiyyət bacarıqlarını yoxlayırlar. Müsahibəyə gələn uşaqlar bir neçə meyar əsasında qiymətləndirilir. Bu meyarlara - "Dinlədiyini anlayır", "Ünsiyyət qurur", "Öz fikrini sadə formada ifadə edə bilir", "Adətən, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir", "Özü və ailəsi haqqında qısa məlumat verir" - daxildir. Beş meyar üzrə dəyərləndirmə apararkən uşağın müvafiq meyar üzrə məqbul aldığı xanada "müsbət", əks halda "mənfi" deyə qeyd edilir. Yalnız bir meyar üzrə "müsbət" qiymətləndirilən uşaqların rus dilindən bacarığı yekun olaraq məqbul hesab edilmir".

Müsahibə Komissiyalarının yekun qərarı

B.Məmmədov deyir ki, müsahibə yekunlaşandan sonra komissiyanın uşaqla bağlı qərarı valideynin qeydiyyatdan keçərkən qeyd etdiyi mobil nömrəyə gün ərzində (axşam saatlarında) SMS vasitəsilə göndərilir. Müsahibənin nəticələri ilə razılaşmayanlar valideynlərə apellyasiyaya müraciət etmək imkanı yaradılıb. Uşaq apellyasiyadan da uğurla keçə bilmədiyi halda onun Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılır: "Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilir. Yəni uşaq məktəbəhazırlıq qrupunda hansı məktəbdə, hansı müəllimdə qeydiyyata alınıbsa, I sinifdə də eyni qaydada tədrisə davam edir. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə məktəb seçir".

Koronavirusa görə builki müsahibələr onlayn keçirilib

Sektor rəhbərinin dediyinə görə, ötən ildən fərqli olaraq builki müsahibələr fərqli, onlayn formada təşkil olunub. Koronavirus infeksiyasının yayılma sürətini azaltmaq məqsədi ilə məsafədən təhsilə keçildiyi kimi, müsahibələrdə də alternativ olaraq onlayn müsahibə forması təklif edilib: "Valideyn iki variant təklif edilib. Ya övladının ənənəvi (canlı) formada müsahibəyə qatılmasını istəyir, ya da evindən çıxmadan, harasa getmədən onlayn müsahibəyə üstünlük verir. Valideynlərin demək olar ki, əksər hissəsi onlayn müsahibələrə üstünlük verib. Onlayn müsahibələrin keçirilməsinin üstünlüyünü həm də nəticələr baxımından qeyd edə bilərik. İlkin müşahidələrimiz deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi bu il daha yüksəkdir".

B.Məmmədov vurğulayıb ki, onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərib. Bu uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa imkan yaradıb: "Hazırkı dövrdə onlayn müsahibə hamı üçün əlçatandır. Demək olar ki, hər kəs istifadə etdiyi kompyuter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində öncədən müvafiq məlumatlar da yerləşdirilib. Qeyd edim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Facebook" sosial şəbəkə səhifəsində tədris digər dildə aparılan bölmələr üzrə I sinfə qəbul üçün onlayn müsahibələr mövzusunda canlı yayım reallaşdırılıb. İyunun 16-sı saat baş tutan canlı yayımda onlayn müsahibələrlə bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətirilib.

Canlı yayımda valideynlər tərəfindən ünvanlanan sualları BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov cavablandırıb".

Uğur qazananlar məktəb seçir

Sektor müdirinin söylədiyinə görə, iyulun 8-dən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə start verilib. Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Bakıda yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 2020-2021-ci tədris ili üçün I sinfə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər".

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

B.Məmmədov qeyd edib ki, 2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb: "Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar bütün imkanlar valideynlərin rahatlığının təmin olunmasına və uşaqların təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına xidmət edir. Bu səbəbdən, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur. Elektron qeydiyyatdan keçə bilməyən valideynlər müvafiq nömrələr vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstərilir. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədlərinə xidmət edir. Xatırladım ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə şagird qəbulu aparılır. Bu il mart ayının 10-dan aktivləşdirilən proses sentyabrın 15-dək davam edəcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir". 

Valideyn razılığı

Valideynlər onlayn müsahibələrin təşkili səviyyəsindən və komissiya üzvlərindən işindən razı qaldıqlarını deyirlər.

Valideyn Samirə Qafarova deyir ki, övladı ana dilində çox yaxşı danışır. Rus dilini isə mükəmməl şəkildə bilir: "Mən bir valideyn olaraq onlayn formada təşkil edilən müsahibədən çox razı qaldım. Müsahibə başlamadan öncə uşaq bir az həyəcanlı idi. Ancaq müsahibə başlayan zaman Komissiya üzvləri uşağı mehribanlıqla elə salamladılar ki, o, həyəcanını unutdu. Komissiya üzvləri uşağa elə rahat bir ortam yaratdılar ki, o da bütün sualları tam sərbəst, rahat, həyəcan, stress keçirmədən cavabladı. Mən bir valideyn olaraq komissiya üzvlərinin işindən, onlayn müsahibələrin təşkilindən çox razı qaldım".

Onlayn müsabədə iştirak edən Qafarova Aliyə 6 yaşındadır. 2020-2021-ci tədris ilində birinci sinfə gedəcək. Aliyə 3 nəfərdən ibarət komissiyanın qarşısında rus dilində oxuyub-yaza bildiyini, rus dilində danışmağı bacardığını, heyvanları - quşları, yırtıcıları, bitkiləri, meyvələri tanıdığını 10 dəqiqə ərzində təsdiq etməyə çalışıb. A.Qafarova bildirib ki, müsahibə başlamazdan öncə bir az həyəcan keçirib: "Oradakı müəllimləri tanımadığım üçün bir az həyəcan keçirirdim. Ancaq müsahibə başlayandan, oradakı müəllimlərlə danışandan sonra rahatladım, həyəcanım keçdi. Çox mehriban müəllimlər idi, mənimlə çox mehriban danışdılar. Mən də özümü toplayıb müəllimlərin verdiyi bütün suallara düzgün cavab verdim və imtahandan uğurla keçdim".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





21.07.2020    çap et  çap et