525.Az

Azərbaycanda ilk aptek - Fotolar


 

Azərbaycanda ilk aptek - <b style="color:red">Fotolar</b>

Gözəl satirik şairimiz Rüfət Əhmədzadənin oğlu Rəşad Neftçala rayonunun Bankə qəsəbəsində hərbi xidmətdə olub. Bir gün şair oğluna baş çəkmək üçün Neftçalaya gəlir və bir oğlandan Bankənin yolunu soruşur. Oğlan uzun bir izahat verir: “Sağa gedərsiniz, sola dönərsiniz, sonra bir düz yol, sonra bir əyri yol...” Belə dolaşıq “ünvan”dan çaşıb qalan Rüfət müəllim deyir: “Ay bala, mən səndən Bankə soruşuram, sən mənə balon danışırsan...”

XVIII əsrin sonları, XIX əsrin əvvəllərində Xəzərin Kürlə birləşən sahillərinə ruslar – malakanlar köçürülmüşdür və nəinki Bankə, hətta sahilboyu kəndlərin də adları maraq doğurur: Jarski, Kurkosa, Novovasilyevka, Krasnı, Nord Ost Kultuk, Züd Ost Kultuk və s. Bankə Avropa mənşəli sözdür və maraqlıdır ki, görkəmli Latviya yazıçısı Vilis Latsisin məşhur “Balıqçı oğlu” romanında (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1954) bu söz dəfələrlə işlənir: “Qayıq birinci bankadan uğurla üzüb keçdi və sonra ikinci, üçüncü bankanı geridə qoydu”. İngilis dilində “bank” dayaz deməkdir. Ümumiyyətlə dənizin dibindəki sualtı təpəliklər “banka” adlandırılmışdır.

XIX əsrdə Bankənin adı bütün Avropada məşhur idi. Burada zəngin balıq vətəgələri və iri balıqçılıq müəssisəsi vardı. Onların sonuncu sahibi məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olmuşdur. Bankədə istehsal olunan qara kürünün dadı və şöhrəti hətta Amerikaya qədər yayılmışdı.

Bankə çoxmillətli qəsəbə idi. Burada yerli əhalidən başqa çoxlu sayda cənubi azərbaycanlılar, ruslar, tatarlar, gürcülər və s. millətlərdən olan yüzlərlə muzdlular çalışırdı.

Azərbaycanda 170 yaşı olan ilk aptek də Bankə qəsəbəsindədir və hələ də əhaliyə xidmət edir. O vaxtlar vəba, taun, yatalaq, qızdırma xəstəliklərinin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün 1850-ci ildə bu aptek yaradılıb. Özü də Neftçalada balıqçı gəmisində. Hələ XIX əsrin əvvəllərində Bankədən bir az yuxarıda Kür sahilində Tatarməhlə kəndində yerləşən “Allah mədəni” adlanan balıqçılıq müəssisəsində yanğın baş verir və 1841-ci ildə vətəgələr, xəstəxana, inzibati idarələr yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Məhz həmin dövrdə 1850-ci ildə ilk aptek belə yaradılır. Gəmilərlə Rusiyadan gətirilən zəngin dərman ehtiyatına malik olan aptek nəinki yerli əhalinin, hətta regionda yerləşən qonşu kənd, qəsəbə və şəhərlərin də tibbi ehtiyacını ödəyir. Hətta Bakı, Gəncə, Lənkəran kimi şəhərlərdən də həkimlər və xəstələr çətin əldə olunan dərmanlar üçün ölkənin bu ilk və yeganə aptekinə üz tuturmuşlar.

Aptekin müdiri əczaçı Əyyub İsmayılov qırx ilə yaxındır ki, burada çalışır. Əyyub kişi deyir ki, bura işləməyə gələndə ölkənin ilk apteki olduğundan xəbərsiz olub. Lakin vaxtilə rus dilində çap olunan bir ensiklopediyadan ilk aptekin məhz bura olduğunu oxuyur və Elmlər Akademiyasında çalışan oğluna məlumat verir. Araşdırmalardan sonra faktın doğruluğu üzə çıxır. Əyyub kişi deyir ki, Bakıda kursda olarkən əczaçılıq kafedrasının professoru Rüstəmovdan bu barədə soruşdum və professor fikrimi təsdiq etdi.

Aptek XX əsrin əvvəllərində indiki binaya köçürülmüşdür. Qırmızı kərpicdən tikilən bu qədim binanın isə iki əsrə yaxın yaşı var. Binanın ikinci mərtəbəsi ötən əsrin ortalarına qədər yaşayış mənzili olub. Bu antikvar, qədim tikintinin indi təmirə ciddi ehtiyacı var. Əyyub kişi deyir ki, bu binanı əsaslı təmir edib burada ölkəmizin əczaçılıq muzeyini yaratmaq daha məqsədəuyğun olar.

Ümumiyyətlə, təməli XVIII əsrin əvvələrində ruslar – malakanlar tərəfindən qoyulmuş qəsəbə hələ o vaxtdan regionun təhsil, səhiyyə, mədəniyyət mərkəzi kimi tanınmışdır. Təsadüfi deyil ki, Neftçala rayon kimi mövcud olmazdan qabaq, 1931-ci ildə Azərbaycan və rus dillərində regionun ilk mətbu orqanı olan “Bolşevik” qəzeti Bankədə çap olunmuşdur. Gözəl satirik şairimiz Rüfət Əhmədzadənin oğlu Rəşadın xidmət etdiyi hərbi hissə isə XIX əsrdə çar Rusiyası tərəfindən yaradılmış və minlərlə əsgər və zabitin tərcümeyi-halına daxil olmuş, taleyində iz buraxmışdır. Hələ də indiyədək Rusiyadan Bankədə doğulmuş rus millətindən olan görkəmli elm, təhsil, mədəniyyət işçiləri, yüksək rütbəli hərbiçilər doğulduqları qəsəbəni məhəbbətlə ziyarət edirlər.

 





23.07.2020    çap et  çap et