525.Az

Hər evdə bir jurnalist - Sahilədən yeni yazı


 

Hər evdə bir jurnalist  - <b style="color:red">Sahilədən yeni yazı</b>

"Qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən mənzillərə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar".

Həsən bəy Zərdabinin sözləridir. O adamın ki, arzusunu məqsədə və reallığa çevirə bilib, ilk anadilli qəzet çıxarıb. Moskvada təhsil aldığından el arasında “şapkalı urus” adlandırılan adam nəhəng iş görüb. Bir "Əkinçi" üç manata satılırdı, mənəvi dəyəri isə yüzlərlə min qat çox idi.

Ümumiyyətlə, xəbər bahalı şeydir. Həmişə belə olub. Hətta xəbərin pulsuz paylanıldığı vaxtlarda belə, fironlar, hökmdarlar, şahlar xəbərdən silah kimi istifadə ediblər. Qılıncların əsas silah hesab olunduğu vaxtlarda belə, ordu quruculuğu, xalqların səfərbərliyi üçün deyilən, yayılan sözlər, şüarlar qələbənin əsas təminatçısı rolunu oynayıb. İnformasiya müharibəsi bu günün tapıntısı deyil.

On il əvvəl bir elektriklə söhbətdə jurnalist olmaq istədiyini dedi. Çox təəccübləndim, yaşlı-başlı adam idi, kənardan iddiasız görünürdü. Səbəbini soruşdum, "Mən gördüyüm haqsızlıqlardan danışmaq istəyirəm”, - dedi. Dedim ki, sosial şəbəkədə hesab aç, jurnalist ol.

Dünyanı qırağa qoyuram, bu gün Azərbaycanda daha xəbər təkcə evlərə girmir, evlərdən də çölə çıxır. İndi az qala hər ev sosial şəbəkə hesabları vasitəsilə xəbər yaradır, paylaşır, şərh edir. İndi sosial şəbəkələrdə xəbər mübadiləsi elə sürətlə gedir ki, nəinki qəzetlər və televiziyalar, hətta saytlar da rəqabətdə geri qalır. İndi ən sürətli xəbər daşıyıcısı insanlardır. İndi insanlar redaktor, senzor rolunu oynayırlar, adamı, alimi, məmuru sözünə görə tanıyır, oxuyur, sevir və ya rədd edirlər. İndi cəmiyyət elə güclü redaktordur ki, ən güclü sayıla biləcək adamların belə, səhvini üzə çıxardır, düzəldir, ya da adamı cümlə qarışıq silib atır.

Bəzən insanları özlərini hər şeyin eksperti kimi aparmaqda ittiham edirlər. Yanlış iraddır. Sosial şəbəkələr həm də bu məqsədlə yaradılıb. Məqsəd fikir bildirmək, şərh vermək monopoliyasını dağıtmaqdır. Hər kəsin sözünü deyə bildiyi cəmiyyətlərdə həqiqət ələnə-ələnə üzə çıxır. Cəmiyyətin inkişafı üçün hər şeyə fikir bildirən, tənqid və tədqir edən insanlara ehtiyacı var. Bir sözlə, müasir dövrdə cəmiyyət nəhəng bir redaksiyadır. Təməlini Zərdabinin qoymuş olduğu Azərbaycan mətbuatı elə Azərbaycan xalqıdır - yaxşısı, pisi ilə, uğuru və uğursuzluğu ilə birgə.

Qarabağı geri qaytarmaq üçün informasiya savaşının vacib olduğunu deyirlər. Haqlıdırlar. Hər birimizin jurnalist olması lazımdır. Və bu həqiqət axtarışında bizə aid olanı - Qarabağı geri qaytarma yürüşündə emosional və məntiq zəkasına sahib olaraq addımlamalıyıq.

Antik dövrdə bazar meydanlarında xəbər carçıları olurdu. İnsanlar bazara təkcə ərzaq deyil, həm də xəbər almağa çıxırdılar. Bəzən carçılar uzun-uzun yollar qət edib, xəbəri başqa ellərə də çatdırırdılar. Atın, eşşəyin yükü təkcə ot-ələf yox, həm də xəbər olurdu. Zaman-zaman insan xəbərləri etibarla qorumaq texnologiyaları üzərində baş sındırdı. Carçıların ağzından çıxan xəbər unudula, təhrif oluna bilirdi. Sonralar xəbərləri daş kitabələrə həkk edib, şəhər meydanlarına qoymağa başladılar. Onları silmək, sındırmaq çətinləşdi. Kağız material kimi daha zərif sayılsa da, onun sürətini çıxarmaqla yazılanı birdəfəlik pozmaq mümkün deyildi. Lakin hansı materiala yazılır yazılsın, xəbər üçün ən etibarlı məkan insan yaddaşıdır. Hardan silinirsə silinsin, həqiqətlər insan yaddaşından silinmir. Genlə, qanla insandan insana, nəsildən nəsilə ötürülür.

Həqiqəti sevmək və üzə çıxarmaq istəyi, yaşadığı toplumu maarrifləndirmək yanğısı bizə babalarımızdan qalıb. Bu gün dünyada onlarla, yüzlərlə azərbaycanlı maarrifçi var. Onların hansı mətbu orqanda, hansı saytın, qəzetin binasında, yaxud hansı ölkədə, evdə oturduğu önəmli deyil. Onlar dayanmadan çalışırlar. Onlar Azərbaycanı yuva bilirlər. Tərəqqiyə aparan dəyərləri qarışqa kimi daşıyıb, Azərbaycana gətirirlər. Onlar mütərəqqi Azərbaycan quruculuğu naminə çalışdıqlarına inanırlar. Fərqli metodları, bəzən yanlış sayıla biləcək üsulları da ola bilər. Olsun. Əsas məğzdir, mahiyyətdir. Zərdabi də dövründə "çətin adam" adlandırılırdı, dəfələrlə işdən qovulmuşdu. Dəyəri zaman verir. Təkrar edirəm, ən böyük senzor xalqdır.

İşğalçılar hücum etdikləri xalqların özünə güvənini sarsıtmağa çalışırlar. Bizi də fərqli işğalçılar hər şeydən əvvəl özümüzə zəif, məğlub toplum kimi tanıtmaq istəyiblər. Amma dəyərləri, idealları, fədakarlıqları ilə dayanmadan çalışan insanları olan toplum nə qədər yıxılsa da, qalxmağı, gülümsəməyi bacaracaq.

Azərbaycan, mətbuat günün mübarək - artıq hər evdə bir qolu olan mətbuat günün!..

 





22.07.2020    çap et  çap et