525.Az

"Çox sürətlə yazıram, beş yüz səhifəlik kitabi iki aya bitirə bilirəm" - Müsahibə


 

"Çox sürətlə yazıram, beş yüz səhifəlik kitabi iki aya bitirə bilirəm" - <b style="color:red">Müsahibə  </b>

İyulun 22-si yazıçı-publisist, bir sıra tarixi romanlar müəllifi Yunus Oğuzun ad günüdür.

60 yaşı tamam olan yazıçı "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktorudur. Uzun illərdir qələmi ilə Azərbaycan mətbuatına və ədəbiyyatına xidmət edən Yunus Oğuzla yubileyi ərəfəsində jurnalistika, ədəbiyyat, bu illərdəki fəaliyyəti və başqa mövzular barədə söhbətləşdik.

Müsahibəni oxucularımıza təqdim edirik.

"Mətbuat çoxşaxəli olduğu üçün onun fəlsəfəsi də çoxşaxəlidir"

- Yunus bəy, öncə 60 illik yubileyinizi təbrik edirik. 22 iyul həm də Azərbaycanda Milli Mətbuat günüdür. Belə əlamətdar gündə doğulmaq bir jurnalistə, media təmsilçisinə nələr hiss etdirir?

- Sovetlər dövründə mətbuat günü səhv etmirəmsə, may ayının 5-də qeyd edilirdi. İndi isə özümüzün Milli Mətbuat günümüz var: 22 iyul. Əlbəttə, eyni gündə iki bayramı qeyd etmək ikiqat sevincdir. Hərdən deyirəm ki, bu gün həm də mənim ad günüm münasibətilə bura yığışmışıq (gülür). Həqiqətdə isə mənim ad günüm Milli Mətbuat gününün yanında bir damladır. 22 iyul sözə qiymət verən günümüzün başlanğıcıdır. 

- Sizcə, jurnalistikanın fəlsəfəsi nədir?             

- Jurnalistikanın fəlsəfəsi insanları maarifləndirmək, düzgün informasiyaları cəmiyyətə ötürməkdir. Baş verən hadisələri təhlil edib cəmiyyətə ötürmək və çevik işləməkdir. Ən başlıcası isə sözün qüdrətini yüksəltmək, hər kəsi ona hörmət etdirməkdir. Mətbuat çoxşaxəli olduğu üçün onun fəlsəfəsi də çoxşaxəlidir. Fəlsəfədə məntiq öndə olduğu kimi, jurnalistikada xəbər və təhlil öndə olmalıdır, özü də reallığa əsaslanan məntiq burada da önə çıxa bilər.  

"Zamanı gələndə siyasət, zamanı gələndə jurnalistika və yazıçılıq önə çıxıb"               

- Azərbaycanın ən çətin zamanlarında 1990-cı illərdə qəzet nəşr etdirmiş, mətbuata xidmət etmisiniz. O illəri necə xatırlayırsınız?

- 1988-ci ildən gizli qəzetlər buraxırdıq. Xalq və Milli Azadlıq Hərəkatları bunu tələb edirdi. "Xüsusi büllütenlər", "Azad fikir", "Svobodnaya mısl", "Azad söz", "Axın" qəzetləri əməyimizin məhsulu olub və sovet dönəmində bunları gizlincə nəşr edirdik. Təqiblər, axtarışlar da öz yerində. Çünki cəmiyyətdə azad fikrə ehtiyac vardı və bunu rəsmi qəzetlər ödəyə bilmirdilər, həm də onlar üçün ciddi senzura vardı. Biz isə hərəkatı düzgün istiqamətləndirmək üçün uyğun mövzular üzərində işləyirdik, əhali də bütün bunları acgözlüklə oxuyurdu. Bir mətbəə tapmışdıq, orada yazıları əllə yığırdıq, o zaman buna "qəlibbasma" deyirdilər. Elə ki bizdən şübhələnməyə başlayırdılar, qəzetin adını dəyişir və fəaliyyətimizi davam etdirirdik. Yalnız 90-cı illərin sonunda "yumşalma" başladı və biz dərhal "Ordu" qəzetini qeydiyyatdan keçirdik.

- Vaxtilə aktiv şəkildə məşğul olduğunuz ictimai-siyasi fəaliyyətiniz jurnalist və yazıçı fəaliyyətinizə necə təsir göstərdi? Sizə ən böyük nəyi öyrətdi?

- İctimai-siyasi fəaliyyətim bütün bu dövrdə bir an olsun belə dayanmayıb. Zamanı gələndə siyasət, zamanı gələndə jurnalistika və yazıçılıq önə çıxıb. İstənilən hallarda qələmlə səbrlə işləmək vərdişinə alışırsan, fikirlərini düzgün istiqamətə yönəldirsən, sətiraltı eyhamları yerində vurmağı öyrənirsən.

"Arxivlər açılanda aydın oldu ki, biz heç öz tariximizin yüzdə birini də bilmirik" 

- Milli ədəbiyyatda tarixi romanlar müəllifi kimi tanınırsınız. Tarixə marağınız hardan gəlir?

- Tarixə marağım uşaqlıqdan gəlir. Həmişə düşünürdüm ki, xalqımda elə bil hansısa tarix çatışmır. Sovet ədəbiyyatında və elmində elə bil bizdən nəsə gizlədirdilər. Kreml özünə lazım olan tarixi bizə öyrədirdi. Əslində, heç tarixin böyük bir hissəsi də bizim deyildi. Müstəqillik dövründə arxivlər açılandan sonra aydın oldu ki, biz öz tariximizin heç yüzdə birini də bilmirik. Bu səbəbdən də elmi və bədii ədəbiyyatı paralel işləməyə başladım. Tək bir adam bu boşluqları doldura bilməz. Bunun üçün gərəkdir həm elmdə, həm də bədii sahədə yüzlərlə alim və yazarlar çalışmalıdır. Heç təsəvvür edə bilməzsiniz ki, bu sahələrdə dünyadan nə qədər geri qalmışıq.

- Bir tarixi romanı yazmaq üçün araşdırma, öyrənmə mərhələsinə nə qədər zaman sərf edirsiniz?

- Hazırlaşmaq uzun vaxt tələb edir. Aylara, bəzən illərə ömrünü verirsən, o qədər aludə olursan ki, arada ətrafını da görmürsən. Hazırlıq dövrü bitdikdən sonra yazmaq ən asanıdır. Çox sürətlə yazıram. Beş yüz səhifəlik kitabı iki aya bitirə bilirəm.  

"Müstəqil dövlət yaradıcılığıma azadlıq verdi, ailəm isə şərait yaratdı" 

- 60 illik ömrünüzün ən böyük qazancı nəyi hesab edirsiniz?

- Müstəqil dövlətimi və ailəmi qazanmışam.  Əgər bunların ikisindən biri olmasaydı, təbiidir ki, bu gün heç nə yaza bilməzdim. Müstəqil dövlət yaradıcılığıma azadlıq verdi, ailəm isə şərait yaratdı.

- Hazırda elə bir fürsət olsaydı, 60 ilin hansısa zamanına qayıtmaq və nəyi dəyişmək istərdiniz?

- Şərəfli dövrümüz Xalq və Milli Azadlıq Hərəkatları olub, sonra isə az da olsa qələmimizlə dövlətimizin möhkəmlənməsində xidmət etmişik və düşünürəm ki, bundan sonra da belə olacaq.

"Bədii ədəbiyyatda ağır da olsa, yavaş-yavaş beynəlxalq arenaya çıxa bilirik"

- Müxtəlif ölkələrdə səfərlərdə olmusunuz. Azərbaycan, Azərbaycan mətbuatı və ədəbiyyatı ilə bağlı xaricdə nələr müşahidə etmisiniz?

- Biz balaca ölkəyik. Mətbuat tirajımız azdır, reklam bazarı demək olar ki, yoxdur. xaricdə olduğumuz müddətdə tanış olduğumuz agentliklər və qəzetlərə yaxşı mənada paxıllığım tutub. Biz isə iyirmi doqquz ildir müstəqilik, ancaq hələ də gözümüzü dövlət büdcəsinə dikmişik. Bunun bir çox səbəbləri olsa da, yubiley gününün mövzusu deyil. Bədii ədəbiyyatda ağır da olsa yavaş-yavaş beynəlxalq arenaya çıxa bilirik. Tənqidi tərəflər olsa da, bunu bu gün (gülür) etməyəcəm.

- Müasir mətbuat, gənclərin jurnalistikası ilə bağlı nələr düşünürsünüz?

- Gənclər artıq özlərinə internet cığırı açıb. Bu da zamanın tələbidir. Amma təkcə internet informasiyaları ilə işlərini yekunlaşdırmasınlar, çünki haqqımızda bəzən reallıqdan uzaq elə xəbərlər yerləşdirirlər ki, adamın əli üzündə qalır. Gənclərimiz isə mahiyyətə varmadan tələyə düşürlər. İstənilən halda dövran onların dövranıdır. Sizə də işlərinizdə uğurlar arzulayıram!

Şahanə MÜŞFİQ

 





22.07.2020    çap et  çap et