Həyat
Qoşunuİllər ötdükcə, yazıçılıq peşəsinin - qaynar qalxanlar və dəbilqələrlə üstünə hücum edən təcavüzkar Həyat Qoşununun, sudan, qurudan, havadan ötürdüyü amansız həmlələrini dəf edə-edə, yıxılıb, yaralanıb, səngərlərlə sürünə-sürünə, öldürücü qumbara partlayışlarının, düşmən güllələrinin dolusu altında imkan tapıb palçıqlı əllərinlə yaza-yaza, yaralarının qanı axa-axa, hey ha tərəfəsə irəliləməkdən ibarət, məşəqqət və iztirablar dolu, əzablı peşə olduğunu anlayırsan.
Qapı növləri
İsa Məsih: “Döy və qapılar üzünə açılacaq”... – deyəndə, pul, vəzifə, ev, maşın xatirinə döyülən qapıları yox, təbiətin qoynunda – torpaqda, Göy üzündə, ağacların, buludların arxasında gizlənən, ayrı növ qapıları nəzərdə tuturdu.
Kilsə və Rahib
Təxminən on il bundan əvvəl, söhbət, ailənin yaradıcı fərdə təsirindən düşəndə və mən, ailənin yaradıcı fərdə olduğu qədər, yaradıcı fərdin də, ailəyə dağıdıcı təsirindən danışmağa başlayanda, Vaqif 1:
– Bu, belə deyil. İndi izah edim. – dedi. – Bax, sən, isanların tapındığı müqəddəs məbədsən, kilsəsən. Rövşən 2, bu kilsənin rahibidi. Onun işi, kilsəni qorumaqdı. Şamlarını ara-sıra yandırıb, tozunu almaqdı...
...Onda, Vaqifin bu bənzətməsini, onun, Kainat havalı şair təxəyyülü kimi, qəbul etsəm də, bir neçə il sonra insanların, keçmiş həyatlarında kim olduğunun təyinini verən Reinkarnasiya cədvəlində, Rövşənin, həqiqətən də, keçmiş həyatında, qədim Rumıniya kilsələrindən birinin rahibi olduğunu oxudum.
O dünyanın adamları
Söhbət, sonuncu dəfə yenə o dünyadan, o tərəflərin, bu tərəflərə məlum olmayan sirri-xudasından düşəndə və yenə kimsə, dərdli-dərdli köks ötürüb:
– O dünyadan qayıdan varmı, bilək, orda nə baş verir? – deyib, intizar dolu gözlərini naməlum məchulluqlara zilləyəndə:
– Bəs biz kimik?.. – dedim.
Ölüm ocağı
Ata ocağımın sonuncu yadigarı, böyük qardaşım İlyasın vəfatından sonra, ata evimin ailəsini bütünlüklə əlimdən almış Ölümün mən tərəfə yön aldığını, ilıq meh axıntısıyla başıma dolanıb, aradabir dayanıb, səbrlə nəfəs dərdiyini hiss edir, gecələr hamını, səhəri gün görüşəcəyimizə nagüman ümidsizliklə tərk edir, yataq otağıma aparan pillələrə çatdıqda, həyət boyu sıralanan küknarların, Göy üzünün və ulduzların, mənim bu halımdan pərvazlanıb vəcdə gəldiyini, bunun, mənə öz Ata qucağını açan, məhrəm Ölüm olduğunu anlayıram...
Ay Göyünün 3 altında
Mükəmməl biliyi, bu dünyanı olanların fövqündə görmək qabiliyyəti ilə yaxın həmdərdimə çevrilmiş sevimli bir xanımla ünsiyyətlər zamanı düşdüyüm anlaşılmaz, yöndəmsiz natarzılığın səbəbini, yalnız bu yaxınlarda, bir vaxtlar “Xəzər” üçün çevirdiyim qədim sufi Məhəmməd Əziz əd – din Nəsəfinin “Zübdət əl-Hakayiq” (Mövcudluğun Sirri) əsərində tapdım:
“...Bil ki, insan xislətinin iki halı var: tarazlıq halı [mütədil] və natarazlıq halı. Ay Göyünün altında tarazlıq olmaz. O səbəbdən ki, bu, müştərək [müştərik] 4 ərazidi. Əgər Ay Göyünün altında tarazlıq olsaydı, o zaman, dünya əbədi dəyişməz olardı, heç bir dəyişikliyə uğramazdı.
Bil ki, insan xisləti natarazlığa yalnız üç halda düşə bilir: Yer dünyasının Mərkəzinə çox yaxında olanda, Ondan (Yer dünyasının Mərkəzindən) çox uzaqda olanda, yaxud, Ona, yaxınlıqla, uzaqlığın tən orta həddində olanda”.
Çıxılmazlıqlar dönəmində
Zaman-zaman, mənə məlum olmayan hansısa səbəblər üzündən, Yazı Ərazimdən sıçrayıb kənara düşdüyüm və bu səbəbdən, adiləşib, yazıqlaşıb, miskinləşməyə başladığım ağır çıxılmazlıqlar dönəmində, bir vaxtlar yazıçı olduğum səadət dolu günlərimi anır, məni, nə vaxtsa, mötəbər Yazı Taxtına aparıb çxaran ilğımlı yolların səmtini, istiqamətini müəyyənləşdirməyə çalışsam da, yaddaşım, kidurət dolu nifrətlə susmağa davam edir.
Yuxu Ərazisinin sirlərindən
Bu gecə bütün yuxunu, dünyasını dəyişib, torpağa tapşırılsa da, çərçivəsi bilinməyən ekranabənzər uca məchulluqdan öz qəmli həyat hekayətini danışa-danışa ürəyimi kövrəldən ahıl yaşlı bir kişinin arvadını – dəyirmi üzlü, başıkəlağayılı, göyçək kənd qadınını, boğazıma dolan qəhərdən boğula-boğula, günah dolu, gizli həyəcanla ovutmağa çalışsam da, səhər yuxudan ayılanda, bu ər-arvadın kim olduğunu, bütün gecəni canımda duyduğum o günah dolu, gizli həyəcanın nə olduğunu müəyyən edə bilmədim.
Nuhun Gəmisi
Binası, tavanı dörd bir yandan sökülüb dağılan Mərkəzin 5, il-ildən kasıblaşıb müflisləşdikcə, damı axıdıb, dəhlizlərini su gölməçələriylə doldurduqca, zaman-zaman hardansa, sanki, öz özülündən aldığı gizli təkanlarla dirçəlməsi, sınıq-salxaq otaqlarının, soyuq qış ayları, isti yuvalara, bürkülü yay günləri, sərin hücrələrə çevrilməsi, sakinlərinin həyat eşqinin, pulları azalıb, ehtiyacları artdıqca yüksəlməsi və sair və ilaxır, bu sirrli ocağın, bizlərin hələ də, dərk etmək iqtidarında olmadığımız, mistik qüvvəsindən xəbər verir. Bura daxil olanların, rellıqdan irreallığa, maddilikdən, qeyri-maddiliyə, sufiyanə desək, mülkdən mələkütə düşdüklərini, özlərində, dünya baxışlarında nələrinsə dəyişdiyini, bura bir vəziyyətdə daxil olub, tərk edən zaman ayrı vəziyyətdə olduqlarını etiraf etməsi, bu dörd bir yanı şüşəli, uzunsov gəmi quruluşlu binanın, dünyanın qarmaqarışıqlığı içrə, heç bir yana çönmədən, heç hara lövbər salmadan, öz kursu üzrə üzməyə davam edən Xilas Gəmisi olduğunu bildirir.
Duyğular Mərkəzi
Bəzən Mərkəzin, sayca az da olsa, məzmunca, hər biri əlahiddə dünyalar olan sakinlərini, simiclik etmədən, hekayə, romanlar əvəzi, yazıb, arada bir nəşrə verdiyim “Duyğular İmperiyası”na bənzədirəm.
Brotiqan dənizində...
Dünən idarəmizin ana su borusu partladı və mərkəz iki gün susuz qaldı. Birtəhər pul tapıb, usta çağırdıq. Belə məlum oldu ki, ara-sıra xırda sızmalar və partlamalarla, otuz ilə yaxın müddət ərzində işə yarımış boru tamamilə sıradan çıxıb. Əlacsız qalıb, yeni su borusu çəkdirməli olduq. Ustalar işə başlayar-başlamaz, Zakir Fəxri gəldi. Tərcüməsini yenicə bitirdiyi və hələ də, təsirindən qurtula bilmədiyi Amerika şairi Riçard Brotiqanın şeirlərini, özünəməxsus şair nəfəsiylə oxumağa başladı. Və biz, su borusunu unudub, aşağı mərtəbələrdən eşidilən laqundanın 6 gurultusu altında, Brotiqan poeziyası dənizində üzməyə başladıq...
Yeni növ enerji burulğanında
Vaxtın, zamanın sürət axarıyla bir, ruhumuzda və duyğularımızda da, nələrisə dəyişib təzələməkdə, köhnəlmişləri, vaxtı ötmüş nimdaş əşyalar tək, harasa, arxaya atıb, əvəzində, təzələrini yetirməkdə olan yeni növ Enerji Dalğasının, özünü, əbədiyaşar qüvvəsiylə bütün tarixlərin və zamanların fövqündə yaşatmış klassiklərə də əl yetirdiyinin, oralarda da, nələrisə dəyişib, nələrisə, arxa plana ötürdüyünün, nələrisə, ümumiyyətlə, sıradan çıxarıb, heçliyə qərq etdiyinin şahidi olur, ölməz faciələr boyu axıdılan ədəbi qanların öləzidiyinə, Maqbetin, Topal Teymurun, hətta, İblisin belə, öz bəşəri həqiqətinə sidq-ürəkdən inanmadığına pəjmürdə olmaya bilmirsən.
Çevrilmə
Son vaxtlar, ən sevimli təamların belə, ağzımda karton dadı dadması, əllərimin, barmaqlarımın, qaz piltəsinin alovundan, bıçaq itiliyindən yaralandığını hiss etməməsi, hamının, yumşaq yorğan-döşəyində uyuduğu soyuq qış səhərləri, isti, işıqlı evimi tərk edib, yalquzaq küləklərin və küçə itlərinin ulaşdığı kimsəsiz, qaranlıq çöllü-biyabana qərq olmağım və sair, mənim, gizli aramlıqla cisimdən ruha, bərklikdən şəffaflığa, varlıqdan görüntüyə çevrilmək üzrə olduğumu bildirir.
İflic xatirələr
Qəribə olaylardan biri də, həyatımın ən faciəvi anları – içimdə nələrinsə dağılıb, nələrinsə şahə qalxdığı əziz insan itkilərində, özümü amansız dərdin, ələmin içindən, Qız Qalasından atan tək, çiyinlərinə atdığım adamlardan bəzilərinin, mənim matəmimin miqyasından, yoxsa, hansısa, ayrı səbəbdən yaddaşımda, normal ölçüdən xeyli balaca, qol-qıçları gödək, iflic xəstə obrazlarında qalmalarıdı.
Bədii ölüm
(“Bu dünyanın Aydın hadisəsi” yazısından)
Aydının qəmli həyat hekayəti, nədənsə, mənə, nə vaxtsa, oxuyub təsirləndiyim və bu günəcən də, xatırladıqca, kövrəldiyim bədii əsəri andırır.
Doğulduğu sıldırımlı Kiş kəndi, ana bətni tək, ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi cod qanunlu, amansız şəhər həyatı, enişli – yoxuşlu ədəbiyyat və elm mücadilələləri, bu mücadilələrdə qalxana çevirdiyi parlaq alim zəkası, iti natiqlik qabiliyyəti, maddi sıxıntılar və ehtiyaclar dolu, yuxusuz gecələrlə xərclədiyi istedadı, mükəmməl intellekti və erudisiyası, ölkənin ağır müstəqillik dönəmində üzə çıxardığı barışmaz vətəndaş mövqeyi, pak, insansevər təbiəti, faciəvi ölümü, basdırıldığı qədim, kimsəsiz Kiş qəbiristanlığı...
Aydının kədərli həyat hekayətini sona çatdıran, sirlər və müəmmalar dolu ölümü də, sanki bədii əsər sonluğudu. Bu sonluq, Lev Tolstoyun məşhur “Sevostopol hekayələri” indən birinin axırını – döyüş zamanı yaxınlıqda partlayan qumbaradan həyatını itirmiş əsgər yoldaşının, hərəsi bir tərəfə uçan qopuq əzalarına baxdıqca, öz ölümündən xəbərsiz beyninin son, ani çaxıntısıyla: “nə yaxşı, mən ölmədim” düşünən Kozeltsovun həyat finalını xatırladır. Fərq bircə bundadı ki, burda, yaxınlıqda partlayan qumbaradan ölən də, bu ölümü öz gözləri ilə müşahidə edib, özünün də, öldüyündən xəbərsiz halda, həyat sevinci ilə ölən də, Aydın özüdü...
1 Vaqif – Vaqif Bayatlı
2. Rövşən – mənim həyat yoldaşım
3.Ay Göyü – Cəhənnəm ərazisi
4. müştərək – Ayaltı ərazi, müstəqil yer deyil, o müllkə (maddi dünya) və mələkütə (qeyr-maddi dünya) görə, daim dəyişikliklərə məruz qalır.
5. Mərkəz – Azərbaycan Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzi