525.Az

Sərhədsiz səma - Radio pyes


 

Sərhədsiz səma - <b style="color:red">Radio pyes </b>

İştirakçılar:

Azər (85-90 yaşlarında)

Şahid (21 yaşında) 

Azər:

- Çoxdan olan hadisədi bu. Bilmirəm niyə indi birdən yadıma düşdü. Yəqin lap qocalmışam, şair demiş, ölənlərim, dirilərim düzülür sırayla gözümün qabağında. Bəlkə də belə olur qocalığın bu çağında?..  Bir Allah bilir nədi bu (Gülümsəyir)! Axı heç vaxt qoca olmamışam, hardan bilim... Hər nəysə. Doğrudan, niyə yenə düşdü o cavan uşaq yadıma, səsi də elə hey qulaqlarımdadı:

Şahid:

- Gəl, qağa, gəl, az qalıb, bu işi bitirməliyik! Bir az qalıb, lap az, döz bir az...

Azər:

- Həmin gecə həlledici gecəydi. Artıq Qarabağı almışdıq. Sonuncu döyüş Şuşa uğrundaydı.

İllərdi bütün tarix kitabları bunu yazır, alimlərin elmi əsərləri bundan bəhs edir, nə bilim, roman, poema, teatr, kino, opera, balet bu günləri, ordumuzun Xankəndi üzərində üçrəngli bayrağımızı sancmağımızı yorulmadan vəsf edir. Vətənimizin ən yeni tarixi də elə o gündən başlanır. Yəni dediyim odur ki, artıq yerə nə danışım? İndi balaca bağça uşaqları da bu qəhrəmanlıq günlərini saatbasaat, saniyəbasaniyə əzbər bilir.

Amma maraqlı olanı bilirsiz nədi? O uşaq. Əslində, uşaq deyirəm, amma belə baxanda elə mən də uşaq sayılırdım da. Nə yaşımız vardı ki. Onun 20-21... Mənim də 24-25. Bir sözlə, sütül uşaqlar. Fərqimiz ondaydı ki, mən kasıbdım, o isə dövlətli balası. Özüm də indiyə kimi məəttəl qalıram, o uşaq ata-anasını necə aldadıb qaçmışdı cəbhəyə? Vaxt eləydi, bilirsiz. Cavanlar bezmişdi. Hamı gedib yazılırdı orduya ki, səfərbərlik elan olunanda yollansınlar müharibəyə. Cəbhədə vəziyyət qızışan kimi o vaxtın internetində day kim şəkil qoymadı və yazmadı ki, gedirəm müharibəyə. Vallah, bişmiş toyuğun gülməyi gəlirdi. Ümumiyyətlə, o vaxtlar  necə idi? Hər yerindən duran ağzına gələni yazırdı, danışırdı. Nə böyük sayırdı, nə kiçik. Bilmirdin bu arvaddı, ya arvad qınına girən kişi. Abırsız şəkillərini qoyan kim, özünü açıq-aşkar bazardakı kimi satan kim, bir-birinin ətini didən kim. Belələriylə Qarabağı ala bilərdik?!.

Doğrusu, indi o vaxtlara boylanıb baxanda düşünürəm ki, əhsən bizimkilərə. Necə baş çıxartdılar bu vəziyyətdən, necə ağılla və tədbirlə hərəkət elədilər. Bilirsiz, ən böyük bəla nədi? Savadsızlıq. Üstünə tərbiyəsizlik də gələndə olur faciə. Cahillərin sayı çoxalanda da, bu olur millətin faciəsi. Məncə, bizim dərdlərimizin çoxu da elə belə cahillərin ucbatından baş vermişdi. Vaxtilə doğru-dürüst siyasət apara bilməyən gədə-güdənin, Qarabağı satan, torpağımızı qoyub gedən qansız, əqidəsiz cahillərin...

Amma deyəsən, çox dərinə getdim...

Hə, nədən danışırdım... O uşaqdan. Şahiddən. Adı eləydi. Qəribədi, adı da sanki onun nə vaxtsa şəhid olacağını bilirdi, o taleh yükünü, şəhidlik ruhunu özündə daşıyırdı.

Şahid əvvəldən ön cəbhəyə yazılmışdı. Deyirdi ki, ehtiyatda olmaq istəmirəm, mən cəbhəyə vuruşmaq üçün gəlmişəm. Ümumiyyətlə, qəribə uşaq idi. Baxsan, deyərdin ki, ata-ananın gül balasıdı, əvvəllər belələrinə "qaqulya" deyərdilər. Bahalı maşını, son model telefonu, qolunda qızıl saatı... Açığı, mən belələriylə çox da oturub durmurdum. Düzün desəm, özüm kasıb olduğumdan sıxılırdım belələrinin yanında. Başqasının hesabına da yeyib-içməyi heç vaxt xoşlamamışam. Nəyim varsa, özümün olsun, kimsə qonaq etsə də, sonra min əvəzin çıxardım. Amma Şahid tamam başqa idi. Sanki bütün bu dədə-baba malı-mülkü buna qalmayacaqdı, ölsə də vecinə deyildi. Əslində, elə öldü də kürəyi üstə, qolları göyə sarı açılmış vəziyyətdə: baxın, əliboş gedirəm.

Elə bil göyü qucaqlamaq istəyirdi. Gözü açıq. Zərrə qədər də qorxu yoxdu gözlərində. Əksinə, sanki sərhədsiz səmaya zillənib sadəlövh bir sual verirdi o müdhiş baxışıyla:

- Elə bu, qağa?!

- Elə bu, qardaşım. Day nə olacaqdı ki?

Amma və lakin...

Şahid:

Amma və lakin...

Öldüm. Daha doğrusu, şəhid oldum. Vətən uğrunda döyüşdə arxadan vurulan düşmən gülləsinə tuş gəldim. Sonra da sən məni vuran namərdi vurdun. Ürəyimi deşib keçən güllə  həm də sənə dəymişdi, güllə üzərindəki  qanım sənin qanınla qarışmışdı, beləliklə həm də qan qardaşı olmuşduq. Gördüyüm son şey sonsuz sərhədsiz göy üzü, eşitdiyim son kəlmələr, sənin:

- Qanın yerdə qalmadı, qağa, öldürdüm o namərdi - oldu...

Azər:

- Bax, yenə də səsi qulaqlarımdadır. Elə bil burdadır, yanımızda oturub söhbət edir mənimlə, nəsə soruşur, nədənsə gileylənir.

Şahid:

- Bilirsən, ən çox nəyə heyfim gəlir?

Azər:

- Nəyə, qağa?

Şahid:

- Amma söz ver ki, gülməyəssən.

Azər:

- Çətin məsələdir. Amma söz!

Şahid:

- İstəyirdim Braziliyaya gedim. Uşaqlıqdan arzum idi karnaval vaxtı səfər edim ora, o qəşəng qızlarla bir rəqs edim...

Azər:

- Pah -o! Heç hənanın yeridi? Bax, indi niyə yadına salırsan bunları?

Şahid:

- Nə bilim axı. Arzudur da. Onun da yaxşısı, pisi olmaz ki...

Azər:

- Mən deyəndə ki, biz yerlə göy qədər fərqli insanlarıq, inanmırsız mənə. Mən - məhləmizdən əlli kilometr o yana getməyən Allahın biçarə bəndəsi. Və o, Braziliya karnavalında rəqs etməyi arzulayan papa-mama uşağı.

Şahid:

- Nolsun ki? Bir fərqi oldu ki bu fərqin?

Azər:

- Açığı, heç bir fərqi olmadı...

Gülürlər.

Şahid:

- Sən harda, mən harda...

Azər:

- Qağa, başqa istədiyin var idimi bu həyatdan?

Şahid:

- Nə bilim... yəqin ki, hamı kimi ailəm olsun istəyərdim, ata-anamın nəvə görüb sevinməyini arzulayardım. Yer üzündə yaşayan milyonlarla insanın istədiklərini mən də xəyal edərdim. Mənim başqalarından nə fərqim var ki?

Azər:

- Bilmirsən?

Şahid:

- Nəyi?...

Azər:

- Başqalarından fərqini.

Sükut.

Azər:

- Qağa, sən - o tarixlərə düşəcək, bitməyən gecənin səhəri həlak olan həmin o Qəhrəman oldun. Sonralar adına nəğmələr qoşulan, şeirlər həsr olunan qəhrəman. Doğulduğun küçənin adını dəyişib ona sənin adını qoydular, məktəb dərsliklərində sənə ayrıca paraqraflar ayırdılar, adına mükafatlar təsis etdilər, hətta fəzada yeni açılan ulduza da Şahid adını verdilər...

Şahid (heyrətlə):

- Mən neylədim ki?..

Azər:

- Qağa, sən Azərbaycanın Bayrağını Xankəndində sancan ilk əsgər oldun. 

Sükut.

Şahid:

- Bəs nədən mən bunu heç xatırlamıram, qağa?

Azər:

- Çünki həmin an sən vuruldun. Sonra da mən...

Şahid:

- Sən də?

Azər:

- Mən də...

Şahid (təşviş içində):

- Demək sən də şəhid oldun həmin gecənin səhəri?

Azər:

- Yox, qağa. Mən ölmədim. Sağ qaldım, yaşadım, sənin xatirəni, gözlərindəki o son müdhiş ifadəni yaddaşıma həkk etmək, öz xatirələrimdə səni yaşatmaq, ömür boyu bu şərəfli ağrını içimdə qorumaq üçün. Sənə səndən sonra yaşananları danışmaq üçün.

Şahid:

- O zaman danış, nələr oldu məndən sonra...

Azər (bir qədər düşünərək):

- Qarabağı aldıq, Azərbaycanın torpağı olduğunu bütün dünyaya baş komandanımızın dediyi kimi nida işarəsiylə bəyan etdik, yurdumuzu təmizlədik, elə təmizlədik ki, havasında heç izi də qalmadı o üfunətin, sildik birdəfəlik murdar çirkabı. Sonra əkib becərdik, geniş yollar və bağlar saldıq, yeni-yeni gözəl-gözəl evlər tikdik, yerlə yeksan edilən tariximizi bərpa etdik. İndi Cıdır düzündə hər il "Qarabağ bülbülləri" adlı musiqi festivalları təşkil olunur, "Qarabağ atları" at çapma yarışları, "Vaqif gecələri", "Natəvan axşamları" şeir sənət məclisləri keçirilir, Qarabağımız isə dünyanın ən ziyarət edilən turist məkanı sayılır. Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır...

Sükut.

Azər:

- Niyə susursan, qağa?

Şahid:

- Heyf, mən bunları görmədim. 

Azər:

- Sən bu xalqın əsgəri oldun. Bayrağımızı torpağımızda dalğalandıran ilk əsgərimiz. Bundan şərəfli işmi var insan həyatında, ay qardaş?

Sükut.

Azər:

- Ağlama, qağa, kişi ağlamaz axı...

Bir qədər sükutdan sonra. Azər:

- Bilirsən, əvvəllər mən sənin kimilərə gülürdüm, ciddiyə almırdım belələrini. Düşünürdüm ki, vətənpərvərlikləri elə sözdədi. Bahalı maşınlarının pəncərələrindən başlarını çıxarıb, bayraqlarımızı kürəklərinə atıb boş-boş hay-küy salmaqdan başqa bir işə yaramırlar. Həmişə də fikirləşirdim ki, müharibə elan olunsa ön cəbhəyə gedən, ilk həlak olanlar kasıb-küsubun balası olacaq. Mənim kimi... Amma sonra səni tanıdım və anladım ki, iş kasıb, ya da dövlətli olmaqda deyil. İş həyatında tutduğun yolda və məqsəddədir. Əgər sən bu vətənlə canı bir, qanı birsənsə, əgər hər şeydən öncə sənə vacib olan namusundursa, demək, sən heç kimim sözüylə yox, qəlbinin çağırışıyla düşmən qarşısına çıxıb, lazım gəlsə, canını qurban verəcəksən...Sənin kimi.

Şahid:

- Elə olmağına elədir, qağa... amma həm də kim bilə bilərdi. Məsələn, həyatın bu qədər qısa olduğunu bilsəydim ən azı valideynlərimlə halallaşardım...

Azər:

- Ürəyini üzmə. Əmin ol ki, onlar da sənə haqqını halal etdi...

Sükut.

Şahid:

- O zaman mən gedim, qağa, daha səni də yormayım... Sən də haqqımı halal elə.

Azər:

- Əlbəttə, qardaşım. Vətən sənə haqqını halal etdi, mən kiməm ki...

Sükut.

Azər:

- Bax belə... Bilmirəm bu qoca yaşımda nədən xatırladım bu çox-çox illər öncə olan hadisəni. Bəlkə də ona görə ki, mənim nəslimdən heç kim qalmayıb. Övladlarım da artıq yaşlı adamlardı, özlərinin nəvələri böyüyüb ağıllı-kamallı balalar olub.

Yəqin xatirələrim də mənə onu işarə edir ki, day bəsdi yaşadın, getmək vaxtıdır. Bəlkə də... Amma və lakin.

O səhnə indiki kimi yadımdadı. Əlləri yanlarına atılmış, geniş-geniş açıq gözlərinin təəccüb dolu baxışında sonsuz, sərhədsiz səma. Uşaqsayağı, sadəlövh bir sual:

- Elə bu, qağa?..

19 iyul, 2020

 





22.07.2020    çap et  çap et