525.Az

Vaşinqton Ukraynanı Rusiyadan qorumaqda israrlıdır - Mövqe


 

QARA DƏNİZ HÖVZƏSİNDƏ YARANAN YENİ GEOSİYASİ DURUM QAFQAZ REGİONUNA DA TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK

Vaşinqton Ukraynanı Rusiyadan qorumaqda israrlıdır - <b style="color:red">Mövqe</b>

ABŞ-ın "Tomahawk" qanadlı raketlər və Aegis raket əleyhinə müdafiə komplekslərilə silahlanmış "USS  Porter" raket gəmisinin Qara dənizə daxil olması ilə Odessa sahillərində beynəlxalq "Sea Breeze 2020" hərbi-dəniz təlimlərinə start verildi.

ABŞ və Ukraynadan əlavə, Türkiyə, İspaniya, Rumıniya, Bolqarıstan, Norveç və Gürcüstanın da qatıldıqları “Sea Breeze 2020" hərbi-dəniz təlimlərində 27 döyüş gəmisi, 19 təyyarə və 2000 nəfər hərbçi iştirak edəcək. ABŞ-ın 6-cı Donanmasının komandanı vitse-admiral Yudcin Blek ölkəsinin "Sea Breeze 2020" hərbi-dəniz təlimlərində iştirakını Vaşinqtonun Avropanın kollektiv müdafiəsi məsələsində nə qədər qətiyyətli olduğunun nümayişi kimi qiymətləndirib. Vitse-admiralın bu mesajının hansı dövlətə qarşı yönəldiyi isə hər kəsə aydındır.

Rusiya aprel ayından başlayaraq ilhaq etdiyi Krımda ard-arda hərbi təlimlər keçirir. Sonuncu belə bir hərbi təlim bir neçə gün öncə tank birləşmələrinin iştirakı ilə gerçəkləşib. Eyni zamanda, ilhaq edilmiş Krımda Rusiya silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunur. Rusiya tərəfi bunu "Qafqaz-2020" hərbi təlimlərinə hazırlıqla izah edir.  Sentyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulan "Qafqaz-2020" hərbi təlimlərində bütün qoşun növlərini təmsil edən 120 min hərbçinin, eləcə də ən azı 500-ü tank olmaqla 3000 zirehli döyüş maşınının, 300 döyüş təyyarəsinin, 50 döyüş gəmisinin və 5 sualtı qayığın qatılacağı gözlənilir. Ukraynanın sərhədləri yaxınlığında və ilhaq edilmiş Krımda keçirilməsi planlaşdırılan "Qafqaz-2020" hərbi təlimləri Qərbdə ciddi narahatlığa səbəb olub. ABŞ-ın Avropadakı silahlı qüvvələrinin sabiq komandanı, general-leytenant Frederik Benlamin Hodces bəyan edib ki, Rusiya "Qafqaz-2020" hərbi təlimləri zamanı Ukraynanın Herson vilayətinin bir hissəsini, xüsusilə də su bəndləri yerləşən əraziləri işğal etmək niyyətinə düşə bilər.

Rusiyanın bu niyyətə düşə biləcəyi ilə bağlı narahatlıqlar son zamanlar artıb. Məsələ ondan ibarətdir ki, ilhaq edilmiş Krımda çox ciddi su qıtlığı mövcuddur. Əvvələr yarımadanın su təmintının 85 faizi Ukrayna ərazisindən, Herson vilayətindəki su bəndlərinin vasitəsilə həyata keçirilirdi. İndi isə Ukrayna tərəfi Krımın su ilə təminatını dayandırıb və bu, yarımadada ciddi problemə çevrilib. Su qıtlığı səbəbindən Krımda ərazilərin səhralaşması prosesi gedir ki, Rusiya bu problemi həll etmək imkanlarında deyil. Ümumiyyətlə, Ukraynanın iştirakı olmadan Krımın su təminatının tamamilə ödənməsi ehtimalı mövcud deyil. Ukrayna isə Rusiya tərəfindən ilhaq edilmiş Krıma su verilməsinin ilhaqın tanınması və qəbul edilməsi anlamına gələcəyindən yarımadaya su verməkdən imtina edir. Moskvanın bütün təhdidlərinə baxmayaraq, Kiyev ilhaqla barışmaq anlamına gələ biləcək bu addımdan imtina edir. Rusiyada bir çoxları problemin yeganə həlli yolunu Ukraynanın yarımada ilə bitişik ərazilərinin də işğal edilməsində görürlər. Həmin ərazilərin Rusiyanın Ukrayna ilə həmsərhəd əraziləri ilə dəyişdirilməsi kimi fikir və təkliflər də səslənib. Lakin Ukrayna Krımın ilhaqını tamamlayacaq bütün addımlardan imtina edir. Rusiya isə Krımı ilhaq etməsinə baxmayaraq, onu zəruri həyat şərtləri, ilk növbədə isə içməli və suvarma suyu ilə təmin edə bilmir. Bu vəziyyətin sonsuza kimi davam etməyəcəyini hər kəs anlayır. Krımda turizmin və kənd təsərrüfatının inkişafı üçün Ukraynanın yarımadanın ilhaqı faktı ilə barışması lazımdır. Ukrayna isə bu addımı atmır və Krımda həyat ağırlaşmaqda davam edir. Bu vəziyyət prezident Vladimir Putinin səbr kasasını daşırmaq üzrədir.

Lakin bu addımı atmaq asan olmayacaq. Qərb, xüsusilə də ABŞ Rusiyanın bu niyyətlərinin gerçəkləşməsinə imkan vermək niyyətində deyil. Əksinə, ABŞ Ukrayna ilə birgə Qara dənizdə mütamadi hərbi təlimlər keçirmək və Kiyevə ciddi hərbi yardımlar etməklə Moskvanın yeni işğalçlıq siyasətinin qarşısına sədd çəkir.

Son zamanlar Qərbdə Ukraynanın təhlükəsizliyini Avroatlantika məkanının ümumi təhlükəsizliyinin mühüm hissəsi hesab etməyə başlayıblar. Qərbin hərbi və diplomatik dairələrində belə qənaət yaranıb ki, Ukrayna olmadan Avroatlantika məkanın effektli təhlükəsizliyi təmin edilə bilməz. Qərbin düşüncə mərkəzləri Ukraynanın NATO-ya qəbulunun Şərqdən, Rusyadan gələ biləcək təcavüzün qarşısının alınması baxımından çox önəmli olduğunu daha yüksək səslə bəyan edirlər.

Əgər Rusiyada yaxın zamanlarda ciddi siyasi dəyişikliklər baş verməsə və Moskva özünün təcəvüzkar imicindən xilas olmasa, Ukranya gələn il NATO-ya qəbul oluna bilər. Ukrayanın NATO-ya qəbulunun qarşısını alacaq yeganə vasitə Rusiyanın Şimali Atlantika İttifaqının müttəfiqinə çevrilməsi ola bilər. Bu isə Putin hakimiyyəti davam etdiyi müddətdə mümkün görünmür. Buna görə də ABŞ Ukraynanın müsir silahlarla təhciz olunmasına böyük önəm verir. Bunu ABŞ-ın 2021-ci il üçün nəzərdə tutulan hərbi büdcəsində Ukraynaya ediləcək hərbi yardımın konqresmenlərin tələbi ilə 25 milyon dollar artırılaraq 275 milyon dollara çatdırılması da təsdiq edir. Konqresmenlər Avropa Çəkindirmə Təşəbbüsü (European Deterrence Initiative, EDI) proqramına Ukraynaya ediləcək 275 milyon dollarlıq hərbi yardımın 50 milyonunun hücum silahlarının alınmasına xərclənməsini nəzərdə tutan maddə də əlavə ediblər. Bundan əvvəl ABŞ Ukraynanı yalnız müdafiə xarakterli silahlarla təhciz edirdi. İndi isə vəziyyət dəyişib. ABŞ Ukraynanın müasir silah və döyüş texnikası ilə təmin olunması prosesinə NATO üzvü olan digər dövlətlərin də qoşulmasını təmin etməklə Kiyevin hərbi proqramlarını gücləndirib. Bu müstəvidə Ukrayna-Türkiyə münasibətləri çox diqqət çəkir. Aydın görünür ki, bu iki ölkə arasında hərbi ittifaqa oxşar münasibətlər yaranıb. Hər iki ölkə Qara dənizdə Rusiyanın üstün mövqelər qazanmasının yarada biləcəyi təhlükələrin fərqindədir. Buna görə də Ankara və Kiyev təbii müttəfiqə çevriliblər.

Qərbin ciddi dəstəyi ilə Ukrayna ordusu Krımın ilhaqından ötən müddət ərzində tamamilə yeni görkəm alıb. NATO standartlarına keçən Ukrayna ordusu artıq Avropanın ən qüdrətli ordularından biri hesab olunur. Qərbin düşüncə mərkəzlərinin son hesabatlarına görə, Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi halda on minlərlə, bəzi hesabatlara görə isə 50 min çanlı qüvvə itirəcək. Halbuki Sovet İttifaqı Əfqanıstanda 14 427 nəfər itirmiş və bunun nəticəsində siyasi iflas etmişdi. Əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə və ehtimal olunan kimi on minlərlə çanlı qüvvə itirsə, Rusiya Federasiyasının da Sovet İttifaqının taleyini yaşayacağı qaçılmazdır.

Ukraynanın güclənməsi Azərbaycanın da milli maraqlarına uyğundur. Bir neçə gün öncə Tovuz istiqamətdə Ermənstanın hərbi təcavüzü zamanı Kiyev Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Kiyevin bu diplomatik dəstəyinin önəmini göstərən məqam isə ermənilərin Ukraynanın bu addımına qarşı kəskin reaksiyaları oldu. Ukraynanın İrəvandakı səfirinin Ermənistan Xarici İşlər Nazirliyinə çağrılması, səfirlik ətrafında qaba etiraz aksiyaları Kiyevin Bakıya diplomatik dəstəyinin önəmini göstərir. Ümumiyyətlə, Ukrayna Azərbaycanın maraqlarının Qərbdə təbliğ və təmsil olunmasında önəmli rol oynaya bilər. Hətta Azərbaycan faktiki olaraq yaranmış Türkiyə-Ukrayna ittifaqına qoşula və beləliklə, özünün hərbi qüdrətini artırmaq üçün çox geniş imkanlar əldə etməklə yanaşı, həm də Avroatlantika strukturlarına daha geniş çıxış imkanaları qazana bilər.

Qaradəniz hövzəsində yaranan yeni geosiyasi durumun Qafqaza da təsir edəcəyi şübhəsizdir. Azərbaycanın Qara dənizə çıxışı olmasa da, burada baş verənlər ölkəmizin maraqları üçün böyük əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Avropa ilə ticarətini əsasən Gürcüstan limanları vasitəsilə Qara dəniz  üzərindən həyata keçirir. Buna görə Qara dənizdə Rusiyanın hegemon mövqelər qazanması Azərbaycanın da milli maraqlarına ziddir.

 





22.07.2020    çap et  çap et