525.Az

Milli irsin yaşadılmasında Azərbaycan Milli Xalça Muzeyinin uğurları


 

Milli irsin yaşadılmasında Azərbaycan Milli Xalça Muzeyinin uğurları<b style="color:red"></b>

Koronavirus pandemiyası ilə əlaqədar iş ahənginin dəyişməsinə baxmayaraq, Azərbaycan Milli Xalça Muzeyi (AMXM) 2020-ci ilin birinci yarısını da uğurla başa vurub.

Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində muzey beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini yüksək səviyyədə davam etdirib. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi dünyanın nüfuzlu muzey təşkilatları ilə əməkdaşlıq haqqında sənədlər imzalayıb. Onların sırasında Mərakeş Milli Muzeylər Fondu, Dövlət Ermitajını qeyd etmək olar. Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin "Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri" adlı birgə layihəsinə start verilib.

Fəaliyyəti, unikal kolleksiyası ilə seçilən Azərbaycan Milli Xalça Muzeyi üçün bu dövr maraqlı sərgilərlə də yadda qalıb. Rusiyanın Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva ş.) və Mərcani Fondu ilə birgə "Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat" sərgisində hər üç təşkilatın kolleksiyasından sovet dövrünü əks etdirən əsərlər nümayiş olunub.

Növbəti uğurlu beynəlxalq layihə İstanbulda "Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları" adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı olub. Təqdim olunan xalçalar uzun illərlə fondda saxlanılmış və ilk dəfə olaraq bu sərgidə işıq üzü görmüşdür.

Bütün layihələr "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" və Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi çərçivəsində reallaşdırılıb.

Koronavirusla əlaqədar muzeylərdə bütün kütləvi tədbirlərin dayandırıldığı dövrdə isə Azərbaycan Milli Xalça Muzeyi "Zənginləşən xəzinəmiz" adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirib. İlk onlayn sərgini dünyanın müxtəlif ölkələrindən 5 min nəfərə qədər insan muzeyin "facebook" səhifəsindən izləyib.

Karantinlə əlaqədar olaraq insanların asudə vaxtını maraqlı və səmərəli keçirtmək məqsədilə Azərbaycan Milli Xalça Muzeyi öz onlayn fəaliyyətini daha da gücləndirərək inkişaf etdirib. Belə ki, bu müddət ərzində muzeyin sosial şəbəkələrdəki səhifələrində ekspozisiya, sərgi, bərpa, nəşriyyat, xalçaçılıq və s. kimi fəaliyyət istiqamətlərinə dair paylaşımlar edilib. Muzeyin eksponatları haqqında məlumatlar, bir-birindən maraqlı viktorinalar hazırlanaraq izləyicilərə təqdim olunub. Muzeydə qorunan ən qiymətli milli irs nümunələr haqqında həm muzeyin işçiləri, həm də dəvət olunmuş ekspertlər tərəfindən virtual mühazirələr keçirilib, qısa videoçarxlar hazırlanaraq paylaşılıb.

Böyük bir komanda tərəfindən elmi faktlara əsaslanaraq hazırlanan bütün məlumatlar izləyicilərə üç dildə (Azərbaycan, rus, ingilis) təqdim olundu. Bunun nəticəsidir ki, hazırda AMXM-nin sosial şəbəkələrdəki səhifələrinin izəyicilərinin ümumi sayı artıq 40 min nəfərdən çoxdur. Bu göstəriciyə görə Azərbaycan Milli Xalça Muzeyi respublikadakı muzeylər arasında liderdir.

Onu da qeyd edək ki, yerli muzeylər arasında Azərbaycan Milli Xalça Muzeyi sosial şəbəkələrdəki səhifələrində öz nəşrlərini paylaşan ilk mədəniyyət ocağı olub. Hazırda sərgi kataloqlarından fundamental nəşrlərə qədər muzeyin hər bir çap məhsulu bütün dünyadan olan oxucular üçün əlçatandır.

Muzeyin onlayn fəaliyyətində önəmli məqamlardan biri də "Sənətə həsr olunmuş ömür" rubrikası altında görkəmli xalça mütəxəssislərinə, həmçinin son illər Milli Xalça Muzeyinin kolleksiyasını nadir eksponatlarla zənginləşməsinndə rolu olan Alberto Boralevi, Stefano İonesku, Mirko Kattai, Andrea Koen, Andrea Paççiani kimi italyan kolleksiyaçılara, xeyriyyəçilərə dair bir sıra paylaşımların edilməsidir.

Ötən altı ay Azərbaycan Milli Xalça Muzeyi üçün maraqlı onlayn layihələrlə də yadda qalıb. Bu dövrdə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan xalça həvəskarları tərəfindən də böyük maraqla qarşılanan "Xalça hekayələri" adlı beynəlxalq layihəyə start verilib.

Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə maraqlı layihə gerçəkləşdirib. Belə ki, tanınmış televiziya aparıcıları muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. Qeyd edək ki, bu ekskursiya Azərbaycan muzey tarixində ilk dəfə surdo-tərcümə ilə müşayiət olunub.

Xalça muzeyi karantin rejimi elan edildikdən sonra Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Evim - yeni iş yerim" layihəsinə də qoşulub. Muzeyin əməkdaşlarının onlayn rejimdə fəaliyyətini, bu istiqamətdə əldə edilən uğurları əks etdirən videorolik hazırlanıb.

Bu müddət ərzində AMXM və onun fəaliyyəti, həmçinin xalçaçılıq sənəti ilə bağlı əksər yerli kütləvi informasiya vasitələrində, eyni zamanda dünyada məşhur olan "Halı" jurnalında, ABŞ-ın nüfuzlu nəşri "Forbes", Yunanıstanın elculture.gr saytında, İtaliyanın məşhur "La Stampa" qəzetində və s. məlumatlar verilib, məqalələr dərc edilib.

Azərbaycan Milli Xalça Muzeyi əvvəlki illərdə olduğu kimi, bu ilin altı ayı ərzində də uşaqları unutmayıb. Muzeyin Uşaq şöbəsi tərəfindən sosial izolyasiya dövründə uşaqlar üçün onlayn şəkildə kölgə teatrı, kukla tamaşaları təqdim edilib, ustad dərslər keçilib, maraqlı layihələr reallaşdırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixindən muzey və sərgi zallarının fəaliyyətinin bərpa edilməsi haqqında qərarından sonra Azərbaycan Milli Xalça Muzeyi ICOM Azərbaycan Milli Komitəsi tərəfindən qabaqcıl dünya muzeylərinin praktikasına əsaslanaraq hazırlanan "Karantin dövründən sonra muzeydə sanitar-gigiyenik qaydaların həyata keçirilməsi haqqında tövsiyələr"ə riayət etməklə fəaliyyətə başlayıb. 25-28 may tarixlərində təşkil olunan "Açıq qapı" günlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə yüksək səviyyədə riayət etməklə Azərbaycan Milli Xalça Muzeyini iki min nəfərə qədər insan ziyarət edib. Muzeyin bu ilin karantin dövrünəqədərki ilk 3 ayı ərzində isə 12 min nəfərə qədər ziyarətçisi olub.

Hazırda muzeylərin fəaliyyəti koronavirus təhlükəsi ilə əlaqədar yenidən müvəqqəti olaraq dayandırılsa da, Azərbaycan Milli Xalça Muzeyi öz işini onlayn formatda davam etdirir.

 





22.07.2020    çap et  çap et