525.Az

Beşmərtəbəli binanın dörd tam onda altıncı mərtəbəsi - Fotolar


 

GƏNCƏDƏ 26 İL BUNDAN QABAQ İNŞA EDİLƏN VƏ SON MƏRTƏBƏSİ İNDİYƏCƏN YARIMÇIQ QALAN BİNANIN SAKİNLƏRİ HANSI MƏHRUMİYYƏTLƏRLƏ ÜZLƏŞİRLƏR?

Beşmərtəbəli binanın dörd tam onda altıncı mərtəbəsi - <b style="color:red">Fotolar</b>

Bu əhvalat lap məşhur "Mozalan" kinojurnalı mövzusundadır:  Gəncədə 26 il bundan qabaq inşa edilmiş və sakinlərinə order verilmiş beşmərtəbəli bir bina var.

İşin qəribə tərəfi ondadır ki, binanın 5-ci mərtəbəsi elə o vaxtdan yarımçıq qalıb. Belə çıxır ki, binanı dil öyrəşdiyi kimi, "beşmərtəbə" adlandırmaq da düzgün deyil. Əgər bu uzun binanı xəyalən on hissəyə ayırsaq və bir az necə deyərlər, riyazi terminlərə keçsək, onun haləti üçün bağlığımızdakı ifadəni işlədə bilərik.    

Əhvalatın təfərrüatları belədir. Gəncə şəhəri Gülüstan qəsəbəsinin 3-cü mikrorayonundakı 1 nömrəli bina 1994-cü ildə əsasən Qarabağ döyüşlərində cəbhədə vuruşan  polis əməkdaşlarının ailələri üçün inşa edilib. O vaxt döyüşçülərin mənzil problemi məsələsinin özünü kəskin göstərməsi səbəbindən binanın axırıncı mərtəbəsinin bir hissəsində tikinti başa çatdırılmasa da, hazır hissədəki mənzillərin orderlərini sakinlərə vermək qərarına gəliblər. Amma elə o vaxdan, yəni 26 ildir ki, altı bloklu bu yaşayış binasının son iki blokunun beşinci mərtəbəsi elə tamamlanmamış da qalıb.  Həmçinin, bu iki blokun üç və dördüncü mərtəbələrində də bəzi "mənzillər" ancaq hörgülərdən ibarətdir.

Ümumən 60 mənzilli hesab olunan binada hazırda 50 ailə yaşayır.  Amma binanın yarımçıqlığı sakinləri bir sıra məhrumiyyətlərə düçar edib. Belə ki, bina tam təhvil verilməmiş obyekt sayıldığından, o, yerli hakimiyyətin balansına salınmayıb. Və təbii ki, bu amil texniki-təhlükəsizlik baxımından bura qaz xətti çəkilməsinə də imkan vermir.

Öz problemləri haqda narahatlıqlarını bizimlə bölüşən, mavi yanacaq üzünə həsrət qalan sakinlər xüsusən soyuq aylarda olduqca çətin vəziyyətlə üzləşdiklərini və çarəsizlikdən mənzillərdə odun və ağ neft sobaları, həmçinin, daha təhlükəli qaz balonları işlətdiklərini bildirirlər. Elə bir mənzildəki müşahidələrimiz də bunu təsdiq edir.

"Bir baxın, mənzilimizdə iki kiçik propan balonu var. Neyləyək, birində yemək bişirəndə, çay qızdırmağa ikincisi gərək olur. Nəvələrimə qulluq etmək üçün bu forsunkalı balonları gündə bəlkə də 10-15 dəfə yandırıram. Deyirlər, onlar çox işləndikcə, kranları nasazlaşır və olduqca ehtiyatlı davranmaq tələb olunur. Ötən il Gəncədə elə qaz balonu partlayışından bir binanın bir bloku tam çökmədimi? Allah uzaq etsin. Bizim binada əksər ailələr biş-düşü balon qazlarla yola verir. Hər gün Allaha yalvarıram ki, bu körpələri bədbəxt hadisələrdən qorusun", - deyə bir nəvəsi qucağında, üçü ətrafında, mənzilindəki qaz balonlarını bizə göstərən müəllimə Mənzər Mirzəyeva uzun illərdir ki, düşdükləri vəziyyəti anlatmağa çalışır.   

Qeyd etdiyimiz kimi, bu binada əksərən polis əməkdaşları olmuş Qarabağ müharibəsi iştirakçıları və onların ailələri yaşayırlar. Onlar binanın yaşının necə deyərlər, bir əsrin dörddə birini keçməsinə baxmayaraq, o vaxt "müvəqqəti hal" kimi dəyərləndirilən bu yarımçıqlıq vəziyyətinin uzun davam etməsindən narahatdırlar.

"Vallah, burdakı qəribə vəziyyət heç yerdə yoxdur. Ətrafdakı bütün binalarda qaz ola-ola, bizim binada isə elə bil keçmiş zamanədir. Qaz idarəsini də qınamırıq, haqlıdırlar, deyirlər ki, bina texniki-inşa işi cəhətdən tam hazır olmadığından, bura qaz xətti çəkmək olmaz. Yeganə çarə, əlbəttə, binanın inşasını başa vurmaqdır", - deyə Qarabağ müharibəsi əlili Raqif Rüstəmov sakinlərin qayğılarını bölüşür.

Daha bir paradoks. Sakinlər onu da bildirdilər ki, yarımçıq tikinti səbəbindən müvafiq yerli hakimiyyət qurumlarının balansına salınmadığından, binadakı mənzillərinin özəlləşdirilməsi də mümkün olmur.

"Binamızda, tam tikilmiş hissələrdə heç bir əyər-əskiklik yoxdur. Sakinlərin də əksəriyyəti mənzillərini təmir etdirib. Di gəl ki, bina tam təhvil verilməmiş sayıldığından (!?- Z.M.) onu "uçot"a almayıblar deyə, xüsusiləşdirmə, alqı-satqı, bağışlama və digər bu kimi prosedurlarda  çətinliklər yaranır", - deyə binanın daha bir sakini, Qarabağ müharibəsi veteranı Vaqif Tağıyev bildirir.

Doğrudan da, üst mərtəbəsinin "göz dağı" kimi yarımçıqlığı, çoxdan tam qazlaşdırılmış bir şəhərdə tam qazsızlığı ilə bu binanın qərib taleyi elə  tam "Mozalan" ruhunda bir əhvalatdır.

Zakir MURADOV
Gəncə

 





22.07.2020    çap et  çap et