525.Az

Erməni təcavüzünün nəticələrinin tanıdılması üçün mühüm sənəd


 

Erməni təcavüzünün nəticələrinin tanıdılması üçün mühüm sənəd<b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub.

Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Artıq Prezidentin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Belə ki, bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.

Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək.

Qeyd edək ki, əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib - bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.İşlərin gedişi isə dövlət başçısının şəxsi nəzarətindədi.

Həmçinin, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib.

Ölkənin Birinci-vitse prezidenti Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq.

Millət vəkili Musa Qasımlı hesab edir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamı bu təxribat aktının qarşısının alınması qədər mühüm bir hadisədir: "Diqqət etsək, görərik ki, adətən digər ölkələrdə toqquşma olan ərazilərdə bərpa işlərə uzun illər sonra həyata keçirilir. Azərbaycanda isə tamamilə fərqli bir mənzərəni seyr etməkdəyik. Cənab Prezident Tovuzda təxribata son veriləndən dərhal sonra hərbi toqquşma baş verən ərazidə bərpa işlərinin həyata keçirilməsi barədə sərəncam imzalayıb. Ümumiyyətlə bu, bir ənənə halını alıb. Biz bunun 2016-cı ildə aprel döyüşlərindən sonra da şahidi olduq. Düşmən işğalından azad olunan Lələtəpə və Tərtər istiqamətində bərpa işləri görüldü. Lələtəpə işğal edildikdən dərhal sonra cənab Prezident Cəbrayıl rayonun Cocuq Mərcənlı kəndində bərpa işlərinin aparılması barədə sərəncam verdi və qısa zamanda orada çox böyük quruculuq işləri həyata keçirildi. Deyərdim ki, orada kənd deyil, bütün infrastruktura malik müasir bir şəhər salındı. Quruculuq işləri digər işğaldan azad olunan ərazilərdə həyata keçirildi və vətəndaşlara dəyən ziyan dövlət tərəfindən aradan qaldırıldı. Həmin ərazilərdə normal həyat bərpa olundu".

Deputat əlavə edib ki, bütün bunlar bir daha Azərbaycan dövlətinin gücünün göstəricisidir: "Bu onu deməyə əsas verir ki, işğal altında olan torpaqlar azad olunan kimi orada bərpa işləri qısa zamanda aparılıb, normal həyat bərpa olunacaq. Cənab Prezidentin Tovuzda bərpa işlərinin həyata keçirilməsi ilə bağlı verdiyi sərəncam bunu deməyə əsas verir. Bu həm də onu göstərir ki, dövlət hər zaman vətəndaşının yanındadır".

PƏRVANƏ

 





23.07.2020    çap et  çap et