525.Az

Ədliyyə Nazirliyində Milli Mətbuatın 145 illiyi münasibətilə onlayn görüş - Foto


 

ƏDLİYYƏ NAZİRLİYİNİN MƏTBUAT ŞURASI İLƏ BİRGƏ KEÇİRDİYİ JURNALİST ARAŞDIRMALARI MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB

Ədliyyə Nazirliyində Milli Mətbuatın 145 illiyi münasibətilə onlayn görüş - <b style="color:red">Foto</b>

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyində KİV-lərlə videokonfrans formatında onlayn görüş keçirilib.

Tədbirdə Nazirliyin və Azərbaycan Mətbuat Şurasının məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, spiker-hakimlər və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.Onlayn görüşdə Azərbaycan milli mətbuatının zəngin tarixi yolundan bəhs olunub, Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra söz və məlumat azadlığının təmin edilməsinə, demokratik, azad mətbuatın formalaşmasına xüsusi diqqət və qayğı göstərildiyi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanların yaradıldığı, onların inkişafına hərtərəfli dəstək göstərildiyi vurğulanıb. Bildirilib ki, respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərin və yeniliklərin dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında KİV-lər mühüm rol oynayır. İndiki pandemiya şəraitində mətbuat nümayəndələri də digər peşə sahibləri kimi yorulmadan fəaliyyət göstərirlər.

Həmçinin bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin önəmli fəaliyyəti qeyd olunaraq, sosial şəbəkələrdə aparılan informasiya müharibələrində paylaşımlar edərkən, informasiyalar yayarkən ölkəmizin mövqeyinin müdafiə olunması ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti diqqətə çatdırılıb.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Konstitusiya araşdırmaları" Fondunun prezidenti, ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev və digər çıxış edənlər ölkəmizdə mətbuatın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb, Ədliyyə Nazirliyinin kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığını yüksək qiymətləndiriblər.

Tədbir iştirakçıları Azərbaycan milli mətbuatının yubileyi münasibətilə media nümayəndələrini təbrik edib, onlara uğurlu fəaliyyət arzulayıblar.

22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir çərçivəsində həmçinin, Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə elan olunmuş "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin nəticələri elan olunub və qaliblər mükafatlandırılıb. Eyni zamanda bir qrup jurnalistlər ədliyyə və məhkəmə fəaliyyətinin işıqlandırılmasında fəal iştirakına və səmərəli əməkdaşlığa görə nazirlik tərəfindən təltif olunublar.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 





23.07.2020    çap et  çap et