525.Az

COVİD-19-un təhsil sistemində yaratdığı qeyri-bərabərlik - Şəhla Aslan yazır


 

COVİD-19-un təhsil sistemində yaratdığı qeyri-bərabərlik - <b style="color:red">Şəhla Aslan yazır</b>

Bu gün COVİD-19 epidemiyası dünyada həyatın bütün sahələrinə mənfi təsir göstərməkdə davam edir. Bu mənada təhsil ilk dəfə qlobal miqyasda ciddi bir problemlə üz-üzə qalıb.

Ölkələrdə məktəbəqədər təhsildən ali təhsilə qədər bütün səviyyələrdə təhsil müəssisələrinin bağlanmasına qərar verilib. Bununla da dünya üzrə  bir milyarddan çox təhsil alan ənənəvi təhsil mühitindən uzaqlaşmalı olub.

Ölkələr təhsil sahəsindəki bu məcburi boşluğun qarşısını distant təhsil platformaları ilə tez bir zamanda almağa başladılar və hazırda prosesin təhsil sahəsinə mənfi təsirini minimum zərərlə aradan qaldırmağa çalışırlar (Yeri gəlmişkən, CNN bu yaxınlarda COVİD-19 üçün bir peyvənd hazırlanmasa, sosial məsafənin daha iki il davam edə biləcəyini açıqladı. O zaman məktəblərin açılması məsələsi də real görünmür. Çünki eyni sinifdə 30 uşaqla sosial məsafə saxlamaq demək olar ki, mümkün deyil).

Dünyanın hər yerində təhsil müəssisələrinin gözlənilmədən bağlanması və karantin günlərinin uzun müddət davam etməsi səbəbindən rəqəmsal platformalar vasitəsiylə - tədrisin distant formada davam etdirilmə məcburiyyəti təbii ki, bir çox ölkələri hazırlıqsız yaxaladı. Əksər ölkələr bu yolla  distant təhsilə hazır olmadığı kimi, ölkələrdə mövcud olan müxtəlif sosial-iqtisadi qruplar arasındakı imkan və rəqəmsal bacarıq fərqləri distant təhsilin nəticələrinin hələ uzun müddət müzakirə ediləcəyi ehtimalını gücləndirdi. Bütün ölkələrdəki müxtəlif sosial-iqtiadi qruplara daxil olan ailələrin övladları arasındakı nailiyyət fərqlərinin COVİD-19 epidemiyasıdan sonra dərinləşəcəyi etimalı daha da artmış oldu.

Məlum məsələdir ki, ailələrin sosial-iqtisadi vəziyyəti onların övladlarının təhsil sahəsindəki uğurlarına da əhəmiyyətli dərəcədə təsir göstərir. Bu faktor məktəbxaric təsir olsa da, təhsil alanların məktəb daxilindəki performansları ciddi şəkildə dəyişir. Təhsil müəssisələrinin rəhbərləri uzun illər bu problemin üzərində çalışmalarına baxmayaraq, indiyə qədər tətbiq edilməsi uğurlu sayıla biləcək model hələ təqdim olunmayıb. Təsadüfi deyil ki, ölkələrin diqqətini bu problemə cəlb etmək üçün OECD PISA beynəlxalq araşdırmaları illərdir, bu kontekstdə ölkələrin fəaliyyətinə dair ətraflı hesabatlar hazırlayır (PISA sıralamasında məktəbdənxaric amillərdən ən az təsirlənən ölkə kimi yalnız Finlandiya təhsil sistemi nümunə göstərilir). COVİD-19-un davam etdiyi bu günlərdə BMT, UNİCEF və OECD kimi beynəlxalq təşkilatlar da öz hesabatlarını yayımlayır və ölkələrə səslənir ki, ev şəraitində davam etdirilməli olan distant təhsil şərtləri ölkələrdəki mövcud müvəffəqiyyət fərqlərini artırmasın və yeni sosial problem yaranmasın. Məsələn, BMT-nin Təhsil Agentliyi tərəfindən aprel ayında yayımlanan "COVİD-19 rəqəmsal öyrənmədə qorxulu fərqliliklər yaradır" adlı yeni hesabatda dünyada təxminən 830 milyon şagirdin məktəb xaricində istifadə edə biləcəkləri kompüterinin, təhsil alanların 40 faizindən çoxunun isə internet bağlantısının olmadığı bildirilir. Digər tərəfdən, elmi araşdırmalar göstərir ki, xüsusilə yay tətilində öyrənmə itkiləri ailələrin sosial-iqtisadi səviyyələrinə görə fərqlənir. Bu vəziyyət ən aşağı sosial-iqtisadi qruplara mənsub ailələrin uşaqlarına  daha da  mənfi təsir edir.

COVİD-19 pandemiyasının təhsil sahəsinə mənfi təsirinə aid başqa bir məsələ rəqəmsal mühitdə davam edən distant təhsilin müxtəlif sosial qruplardan olan ailələr arasında  qeyri-bərabərliyin meydana çıxarmasıdır. Aydındır ki, bir tərəfdən bütün şagirdlərin evlərində çalışma mühiti eyni olmur, digər tərəfdən, yuxarıda söylədiyimiz kimi, kompüter və internetdən isitifadə bütün şagirdlər üçün əlçatan deyil. Məlumdur ki, mövcud prosesin iqtisadi cəhətdən aşağı gəlir qruplardan olan ailələrə mənfi təsiri daha çoxdur. Onsuz da məhdud imkanlarla yaşayan ailələrin bu prosesin davamında övladlarına dəstəklərinin tamamiylə kəsilməsi etimalı var ki, bu da övladların təhsildən tamamiylə kənarda qalma riskini artırır.

Nəticə olaraq, COVİD-19 epidemiyası bütün sahələrə olduğu kimi təhsilə də ciddi təsir göstərir və demək olar ki, tədris yeni şəkil alır. Lakin təəssüf ki, yenidən qurulmuş yeni təhsil metodları bütün təhsil alanlara bərabər ölçüdə fayda verə bilmir. Buna görə də, təhsil müəssisələrinin uzun müddət bağlanması məsələsinə dair vacib konseptlər hazırlanmasa (COVİD-19-la mübarizədə qabaqlayıcı tədbirlər kimi), təhsil alanlar arasında onsuz da mövcud olan qeyri-bərabərlik daha da dərinləşəcək və eyni zamanda, sosial bərabərsizlik əhəmiyyətli dərəcədə artmış olacaq.

 





23.07.2020    çap et  çap et