525.Az

Analarımız - şərəf tariximiz...


 

Analarımız - <b style="color:red">şərəf tariximiz...</b>

Anam mənə ədəbiyyatı sevdirib. Yox, başqa cür desəm doğru olar. Ədəbiyyatı mənə anam sevdirib.

Mütaliəçi, nəyi və niyə oxuduğunun fərqində olan, hər gün bədii ədəbiyyat oxuyan, oxuduğu üzərində düşünüb, fikir yürüdən, ən böyük arzusu həkim olmaq olsa da, qəbul imtahanında inşa yazısından "yaxsi" qiymətə layiq görülməyən o qızcığaz ədəbiyyata, sözə sədaqətindən vaz keçməyib. Saatlarla  oxuduğu kitaba diqqət kəsilərdi, vəziyyətini dəyişmədən.  Bu mutaliə qaydasına  o,  ömrünün son anlarına qədər əməl etdi. Dürüst əxlaqını qoruyan, ikiləşməyən, dəyişilməyən insanlar görmüsünüz həyatda?! Görmüsünüzsə, çox xoşbəxt ola bilmisiniz, demək ki. Çünki Allahın lütfünün yer üzündə təzahürünə rastlamısınız. Anam dəyisilməz insan idi: dostluqda, qonşuluqda, əməkdaşlıqda, təmənnasızlıqda, şəfqətdə, yardımsevərlikdə, comərdlikdə, əliaçıqlıqda, dünya malına etinasızlıqda, özgə  dərdinə həmdəmliyində,  öz dərdinə susaraq sinə gərməkdə...

Anam bir kitab idi, gözəl bir kitab. Əvvəldən yazılmıs, sonu nə ilə bitəcəyi  məlum olan kitab.  Sevgi ilə yoğrulmuş həyat mətni sevgi ilə də bitdi. Dərdi vardımı, vardı. Amma dərdini bu dünyada yük qoymaq istəməyən müdriklər kimi, Allahı ilə arasına heç kimin şübhə salmasına yol vemədi.  Onun dünyasında pis insanlar yox idi.   Qarşılaşdıqda aciz qalırdı. Allaha sevgisi onu son məqamında xilas etdi.  "Mən öz ömrümü yaxşi yaşamışam", - deyə bilmək, gileyli olduğu yaddan-yaxından narazı qalmağı özünə rəva görməmək xalqımızın ən böyük mənəvi dəyərlərinin yaşamasıdır. Allah bildiyini, Peyğəmbər rəva gördüyünü, övliyalar, möminlər ikiqat yerinə yetirərlər...

Anam kimi ziyalı qadınlar, əslində, bizim tariximizdir.  Bu tarixdə böyük hadisə anam kimi qadınların müsəlman  tərbiyə, əxlaq, dünyagörüş, davranıs qanunlarına uyğun həyat mövqeyidir. Ailəyə, keçmişə, haqqa- ədalətə,  torpağa, təbiətə, Vətənə bağlılıq, elmə, biliyə həvəs, mədəniyyətə, musiqiyə, idmana, təbabətə maraq - bu cür təfəkkür böyük türk kosmosunun daşıyıcısı olmaq deməkdir həm də. Anam Zülfüqarova Zərifə Əliheydər qızı Bakı Dövlət Universitetinin Coğrafiya fakültesini bitirib 60-cı illərin əvvəlində Goranboyun Borsunlu kəndində bir müddət təyinat üzrə işlədikdən sonra öz rayonumuza, Ucarin Küçəgədi (Küçəkənd)  kəndinə müəllim, az sonra direktor təyin olunur.  Özündən  yaşda çox böyük  kişi müəllimlərinin belə  dəstəkçisi olur. Bütün oğlan şagirdləri  məktəbdə intizamı pozmaqdan çəkinir. Atamın yolunu iki il əsgərlikdə olduğu, daha dörd il Bakıda təhsil aldığı müddətdə artıq həyat yoldaşı kimi gözləyir. Mən sizə ağır müharibədən çıxmış Azərbaycanın ucqar bir kəndindən, elindən söhbət açıram. Küçəgədi tam orta məktəbinə ətraf kəndlərdən  də uşaqlar gəlirdi. Çiy kərpicdən tikilmis  birmərtəbəli, həyətində bağ salınmış o məktəb , bütün kənd məktəbləri kimi,  ölkənin gələcəyi üçün yeni  insan yetişdirirdi, savadlı, əxlaqlı, cəmiyyətə yararlı, harmonik şəxsiyyət. Dədə Qorqud eposunda Burla Xatun obrazı ilə müqayisə etdi anamı, öz müəlliməsini  uzaq 70-ci illərdə dərs dediyi tələbələrindən biri, el-obanın hörmətli ziyalısı Nurəddin müəllim bir  mərasimdə. Bundan böyük dəyəri yoxdur Azərbaycan qadınının. Biz mədəniyyət deyəndə qızlarımızın, qadınlarımızın dəyanəti, mərdliyi, əxlaqı üzərində  qurulan bir cəmiyyəti dəyərləndiririk,  əslində. Atam dövlət məmuru idi,  ali savadı olmadığı üçün (riyaziyyat fakültəsinə daxil olsa da, maddi imkansızlıq ucbatından könüllü əsgər getmişdi) işində irəli addım ata bilmirdi. Yeni ailə qurmuşdu, tikdiyi evdə böyuk qardaşının ailəsi  və digər  qardaşı yaşayırdı. Təhsil ardınca Bakıya getmək lazım idi. Ucarda o zaman raykom katibi  Zülfüqar Abdullayevin gənc raykom işçisini Ali Partiya Məktəbinə oxumağa göndərmək təşəbbüsünü ilk olaraq anam dəstəkləyib. "Sən külfəti düşünmə. Qardaşlarından arxayın ol. Sən ali təhsil almalısan, Aydın". Anamın səksən illik ömrünün sonuna qədər bizə açmadığı bir həqiqət olub: o, məktəbdə  işləyib, təhsilini başa vurması üçün atama pul göndərirmiş. Atalarımızı bizə sevdirən analar... Atalarımızı gözümüzdə igid, cəsur, böyük edən analar. Azərbaycan anaları, qadınları, ziyalıları. Tariximizin  az oxunan, bəlkə heç oxunmayan səhifəsi bir də sizlərsiniz. Anamın timsalında bu şərəf tariximizi yazan bütün analara, Azərbaycan ziyalı qadınlarına borcluyuq, düşünürəm və onların qarşısında baş əyirəm. Qələm, kitab sizlərdən bizə əmanət!

Kəmalə UMUDOVA
Bakı Slavyan Universitetinin dosenti

 





23.07.2020    çap et  çap et