525.Az

Teleməkanımızın ana dili problemi - Aytac Aslanın yazısı


 

Teleməkanımızın ana dili problemi - <b style="color:red">Aytac Aslanın yazısı </b>

Son bir neçə ildə istər öz ətrafımda, yolda gedəndə, sosial şəbəkədə rəyləri oxuyanda, istərsə də elə televiziyaların özündə ən çox dilə gətirilən fikir son zamanlar nitqimizin korlanması ilə bağlı düşüncələrdir. Əksəriyyət bunu dilin zəngin olmaması, ya da insanların öz doğma dilimizdə yox, xarici dildə danışmağa üstünlük vermələri ilə əlaqələndirir. Mənə görə isə əsas səbəb tamam başqadır.

Bu gün ölkəmizdə bir çox kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Bunlardan çox istifadə auditoriyası olan isə televiziya və radiolardır. Ta kiçik yaşlarımızdan üzü bəri ilk informasiya aldığımız mənbə televiziya, radio olub. Hələ oxumağı və yazmağı bilmədiyimiz, heç baxçaya, məktəbə də getmədiyimiz, öz şəxsi telefonumuzun olmadığı vaxtlardan çox şeyləri televiziyalardan öyrənmişik. Bugünün özündə də, harada oluruq-olaq, radio bizim üçün ən əlçatan informasiya vasitəsi, həyatımızın ayrılmaz parçasıdır. Ona görə də baxıb-dinlədiyimiz verilişlərdə eşitdiyimiz nitqi bütün normalara uyğun ədəbi dil kimi qəbul edib bunu özümüzə də aşılamağa çalışırıq. Bəs, etibar etdiyimiz telekanallarda, radiolarda ədəbi dili bizə düzgün formada təbliğ olunurmu? Əfsuslar ki, yox!

Çatışmazlıq hər yerdə, hər sahədə var. Təbii ki, kütləvi informasiya vasitələri də bundan xalı deyil. Amma elə çatışmazlıq olur ki, birbaşa cəmiyyətə pis təsir göstərir və toplumda mənfi vərdişlər yaradır. Belə ciddi qüsurlardan biri də Azərbaycan televiziya və radiolarında çalışan əksər aparıcıların düzgün, səlis nitqə malik olmamalarıdır. Dəfələrlə olub, jurnalistin, yaxud da aparıcının nitqi axıcı və aydın olmadığından hətta mənə çox maraqlı gələn məlumatı da sona qədər dinləməmişəm. Dövlət kanallarında bu qüsurlara daha az rast gəlirik, lakin əksər özəl kanallarda və radiolarda ədəbi dildə danışan aparıcı görmək müşkülə çevrilib. Telekanalların təqdim etdikləri verilişlərin keyfiyyətinə, tamaşaçı qarşısına çıxardıqları aparıcıların nitqinə belə laqeyd yanaşmaları hər kəsdə böyük məyusluq doğurur. Aparıcıların efirdə müxtəlif şivə, dialekt və  ləhcələrdən istifadə etmələri daha çox diqqəti çəkir. Təsadüfi deyil ki, bu gün bir çox insanlar Bakı ləhcəsini ədəbi dil kimi qəbul edirlər. Bəli, artıq burda televiziyanın insalara necə təsir etdiyi ortaya çıxır. Jurnalistlərimizin əksəriyyətinin efirdə Bakı ləhcəsi ilə danışmasının nəticəsində insanlar bu cür nitqi eşitməyə öyrəşir, beləlikə, ləhcə ilə ədəbi dili fərqləndirə bilmirlər.

İnsanı televiziydan soyudan bir məsələ də əksər aparıcıların leksikonunda nitqin təmizliyini pozan varvarizmlərin çox olmasıdır. Hər hansı verilişi izlədikdə jurnalistlərin nitqində tez-tez "uje", "prosta", "okey", "pramoy", "pojalusta", "sorry", "evet" kimi nitqin düzgünlüyünü pozan saysız-hesabız "parazit" sözlər eşidirik. Hətta bəzən aparıcının yarı rusca, yarı türkcə danışdığının da şahidi oluruq. Nəticədə, biz istəməsək də, hər gün televiziya və radioda eşitdiyimiz bu sözlər bizim də leksikonumuza daxil olaraq nitqimizin bir parçasına çevrilir.

Əfsuslar olsun ki, bu vəziyyət radiolarda daha da acınacaqlıdır. "Ee bunlar, yəni bu yolda, təbii ki, əlbəttə ki, yəni bu yolda bu tədbirlər görülməlidi. Ee bunun, yəni bəs sizə belə bir sual versək ki, o zaman, yəni əsgəri idarə edən nədir? Yəni ee gənclərdə bu hissi, yəni yatırtmaq üçün deyə bilərik ki, əsgəri idarə edən nədir?", "Və oxuduğumuz əsərlər haqqında bu iki həftə ərzində və ümumilikdə təbii ki, bir 2 saat, təbii ki, sığmaz. Həftələrə, aylara sığmaz. İsmayıl Şıxlı yaradıcılığı sığmaz, təbii ki. Amma biz çalışacayıq bu iki saat ərzində müzakirə edək yaradıcılığını, təbii ki". Bu iki nümunə iki fərqli radio kanalında iki fərqli radio aparıcısının nitqindənir. Nə verilən sual aydın olur, nə də deyilən cümlə. Əsas problemlərdən biri də cümlələrdən göründüyü kimi, aparıcıların nitqində "yəni", "təbii ki", "sadəcə", "aha", "ee" və bu kimi bir çox sözlərin təkrarlanaraq yerli-yersiz istifadə olunmasıdır.

Belə olan halda, yaşadığımız cəmiyyətdə ədəbi dildə düzgün və aydın danışa bilməyən insanların çoxluq təşkil etməsi heç də təsadüfi deyil. Jurnalist efirdə guya səmimiyyət yaratmaq üçün ədəbi dili məişət üslubu ilə qarışdıraraq "aaz", "ay qız", "adə" bu kimi qeyri-etik sözlərdən istifadə edərək danışırsa, "c" və "ç" hərflərini düzgün tələffüz edə bilmirsə, hər gün bu verilişlərə baxan insanların nitqini qınamaq nə dərəcədə düzgündür?! Atalar sözüdür, "nə tökərsən aşına, o da çıxar qaşığına"...

 





24.07.2020    çap et  çap et