525.Az

Tanıyaq və tanıdaq: Fərman Fərzi Mövlan


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Fərman Fərzi Mövlan </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira Fuad
Filologiya elmləri doktoru

FƏRMAN FƏRZİ MÖVLAN

1978-ci ildə Kəleybərin Mövlan kəndində dünyaya göz açıb. İlk və orta məktəb təhsilini həmin kənddə başa vurduqdan sonra, 1997-ci ildə Təbriz Universitetinin hüquq fakültəsinə daxil olub. Bakalavr dərəcəsini əldə etdikdən sonra isə, həmin sahədə doktorluq dərəcəsini Tehran Universitetində alıb.

Şeir və incəsənətdə istedadı elə uşaqlıq çağlarından aşkara çıxıb, şeir örnəkləri 1991-ci ildən yerli gündəliklərdə "Yorğun" təxəllüsü ilə çap edilib. Şairin bu günə kimi 7 kitabı işıq üzü görüb.  

Fərman Fərzi musiqi sahəsində də fəaldır. 1996-cı ildə Sulduz şəhərində "Mahnı" musiqi mərkəzini qurub, dörd il ərzində aşıq musiqisinə maraqlı olan çoxlu gənclər yetişdirib. 2000-ci ildə Təbrizdə "Sevgi" musiqi qrupunu, 2012-ci ildə isə böyük və çoxsaylı sənətkarları özündə birləşdirən "Ozan" qrupunu yaradıb.
 
Hazırda Təbrizdə "Füzulişunaslıq" tədbirlərinin sorumlusu və şərhçisi olmaqla yanaşı, universitet müəllimi və fəsillik "Neçə mədəniyyətlilik" jurnalının sorumlu müdiridir.

Bəlkə də ölülər bizə ağlayır

Görən hara gedir başındakılar
adamlar başların yerə qoyanda?
Görəsən, darıxmır məzar içində
üstünə daş töküb, torpaq yayanda?
Basıb bağrımıza bir məzar daşın
ölən ölülərə biz ağlayanda
Bəlkə də ölülər bizə ağlayır?

Dodaq çürüyəndə, üz çürüyəndə
görəsən, çürüyür öpüşləri də?
Bir damla yağ kimi göz əriyəndə
görəsən, əriyir görüşləri də?
Kim deyir ölümlə ölür insanın
ağlamaqları da, gülüşləri də?

Hər gün qəbristanda nə qədər diri
nə qədər ölünün daşında gəzir.
Hələ çox dirilər arzularını
ölən ölülərin yaşında gəzir.
Fikir ver! Nə qədər ölü papağı
nə qədər dirinin başında gəzir
Bəlkə də ölülər bizə ağlayır.

Bəlkə ağac kimi biz boy atanda
onlar boyumuzu bükülmüş görür?
Biz tikən evləri bəlkə də onlar
baxır kərpic-kərpic sökülmüş görür?
Bəlkə bu dünyada onlar da bizi
heç diri bilməyir, lap ölmüş görür?
Bəlkə də ölülər bizə ağlayır.

Başımız, dişimiz ağrıyan zaman,
Tumar telimizi darayan zaman
Hərdən bu həyatda yarımayanda
Hərdən də həyatda yarıyan zaman
Canımız ağrıdan çürüyən zaman
Gözümüzün yaşı quruyan zaman
Bəlkə də ölülər bizə ağlayır?

Biz görən bu dünya onlara tanış
Onlar görən dünya bizlərə yuxu
Bəlkə də ölülər hər səhər-axşam
bizi diri görüb ağlayır çoxu
Yağış ölülərin göz yaşlarıdır
Hər yağış yağanda kim bilir axı?
Bəlkə də ölülər bizə ağlayır?

Əslində, ağlamaq dirininkidir
Hər zaman dolanda göz, ağlayırıq
Oyur ürəyimizi söz, ağlayırıq
Titrəyir yollarda diz, ağlayırıq
Kim deyir ağlayan göz bizimkidir?
Biz elə bilirik biz ağlayırıq
Bəlkə də ölülər ağlayır bizə?

Bəlkə də ölülər öləndən sora
bizə hökm edirlər Allah adına,
Bəlkə deyirlər bəs heç ölməyiblər
Heç kimin öldüyü gəlmir yadına
Bir sonsuz həyatın yanğısı ilə
yanan ürəyimizin baxıb oduna
Bəlkə də ölülər bizə ağlayır?

Torpağın altında sandıqlarımız
Göylərin üstündə pəridi bəlkə?
Nə vaxtsa məzardan özləri köçüb
qalan ölülərin yeridi bəlkə?
Hələ nə bilirik ölülər ölüb?
Bütün bu ölənlər diridi bəlkə?
Bəlkə də ölülər sonra dirilir
Ünvanın gizləyir, adın gizləyir
Bəlkə də dirilik ölümdən başlır
Ölülər birbəbir bizi özləyir
Ölülər bir daha ölməyəcəklər
Amma diriləri ölüm gözləyir
Bəlkə də ölülər bizə ağlayır?

Bəlkə heç dirilər diri deyildir
Ömür dəftərində yaş tökür ancaq
Bəlkə də ölünü diridən seçmir
Qəbirlər üstünə daş tökür ancaq
Bəlkə biz öləndə qəbrimiz üstə
dirilər ağlamır, yaş tökür ancaq
Bəlkə də ölülər bizə ağlayır?

Ölülər doğrudan ölmüş olsa da,
dirilərin yaxın sirdaşı olur.
Hər kəsin dünyada dərdin deyəsi
ona ağlayası bir daşı olur.
Hardasa şəhərin qəbristanında
hər kəsin bir qəbir yoldaşı olur,
Yəqin ki ölülər bizə ağlayır.

Könlümə keç

Könlümə keç,
Səhər çağı koldan süzən meh kimi.
Könlümə keç,
Yarpaq üstə dandan qalan şeh kimi.
Könlümə keç,
Qapalağı ayaqlayan quzu kimi.
Könlümə keç,
Sevgilimin üzü kimi...
Könlümə keç, Narın yağan yağış ilə,
Könlümə keç, Bir istəkli baxış ilə....

 





24.07.2020    çap et  çap et