525.Az

STEAM metodu: müasir təhsili inkişafa aparan əsaslı yenilik


 

AZƏRBAYCANDA DA FƏAL TƏTBİQ OLUNAN BU LAYİHƏ TƏHSİL SAHƏSİNDƏ TƏRƏQQİYƏ MÜHÜM TÖHFƏ KİMİ QİYMƏTLƏNDİRİLİR

STEAM metodu: <b style="color:red">müasir təhsili inkişafa aparan əsaslı yenilik </b>

Son dövrdə dünya təhsil sistemində tətbiq olunan STEAM təhsil metodu bu sahədə müasir səviyyəli peşəkarlığa malik mütəxəssis hazırlığında mühüm rol kəsb etməkdədir.

Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

STEAM təhsil metodu şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurrikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır: "STEM abbreviaturasına əlavə olunan +A (art-incəsənət) təhsilalanlar üçün vacib hesab edilir. Çünki istər-istəməz layihə məhsullarının ərsəyə gəlməsi zamanı incəsənət sahələrinə inteqrasiya olunur. Eyni zamanda, STEAM humanist yanaşma, mənəviyyat, ümumi mənafeyə xidmət etmə məqsədləri daşıyır".

"STEAM Azerbaijan" layihəsinin tətbiqi

Azərbaycanda isə "STEAM Azerbaijan" layihəsinə Təhsil Nazirliyi tərəfindən 2019-2020 tədris ilindən başlanılıb.

"STEAM Azərbaycan"ın layihə rəhbəri İqrar Nəzərov deyir ki, sözügedən layihə ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilib: "Təhsil Nazirliyi tərəfindən paytaxtda yerləşən 42 orta ümumi təhsil müəssisəsində artıq STEAM layihəsinin tətbiqinə başlanılıb. Layihə çərçivəsində seçilən məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb olunub. Qeyd edim ki, layihənin tətbiq edildiyi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlar ilə təmin olunub. STEAM təhsilinin tədrisi məqsədi ilə 42 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Keçirilən təlimlərin əsas məqsədi isə STEAM dərslərini tədris edəcək müəllimləri bu istiqamətdə peşəkar inkişafa sövq etməkdir. Təlimlər nəticəsində müəllimlərə STEAM düşüncəsi və metodikası, 21-ci əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, mikro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və s. bu kimi istiqamətlərdə praktik biliklər verildi və bacarıqlar formalaşdırmağa nail olunub". 

"Müasirləşən təhsil məzmununun ölkənin inkişafına verəcəyi töhfələr böyük əhəmiyyət kəsb edir" 

STEAM təhsil layihəsində nəzərdə tutulmuş məqsədlərə nail olunması, ümumiyyətlə, təhsil sistemi qarşısında duran bir sıra strateji hədəflərə çatmaqda mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" Sərəncam imzalanıb. Bu sənəddən çıxan nəticələrə əsasən, biz innovativ ölkə qurmağa çalışırıq. Ölkəmizdə istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsi bu işin açarıdır. İnnovativ inkişafın açarı olan STEAM bizi strateji hədəflərə aparır. İstedadların aşkarlanması və yetişdirilməsi isə təhsil sisteminin keyfiyyətindən asılıdır. Bu səbəbdən, təşkil edilmiş STEAM təlimlərinin, yəni müasirləşən təhsil məzmununun ölkəmizin inkişafına verəcəyi töhfələr böyük əhəmiyyət kəsb edir.

"Gələcəkdə STEAM bir fənn olaraq bütün təhsil səviyyələrində tədris olunacaq"

Xəbərlər - Azərbaycan Respublikası Təhsil Nazirliyi

STEAM layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, sözügedən layihə eyni anda bir neçə aspekti - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirir: "Tədris prosesi beşinci sinifdən məktəblərdə tədris olunan "Alqoritmika" layihəsinin bir növ davamıdır. Gələcəkdə artıq uzun müddətdir xaricdə olduğu kimi STEAM-ın bir fənn olaraq bütün təhsil səviyyələrində tədris olunacağını istisna deyil. Tədricən bu istiqamətdə lazımi addımlar atılacaq. Yavaş-yavaş layihəyə cəlb ediləcək məktəb və şagirdlərin sayı da artacaq. Düşünürəm ki, layihənin uğurlu nəticələrini gördükcə tədricən məktəblilər artıq öz layihələrinin ardınca gedə biləcəklər. Məsələn, TINKERCAD proqramını öyrəndikdən sonra, stəkan dizayn edə və onu 3D printerdə çap edə biləcəklər. Şagirdlərin tam fəaliyyət azadlığı var". 

Yenilikçi müəllimlər üçün geniş imkan

Layihə rəhbəri vurğulayıb ki, STEAM dərsləri imkan verir ki, müəllim tədris ili boyunca icra edə biləcəyi fərdi kurikulumunu tərtib etsin. Müasir və STEAM düşüncəli müəllimlər üçün bu imkan geniş spektrli yaradıcılıq imkanları açır: "Fənn kurikulumlarının icrası zamanı isə müəllim dərsin mövzusuna uyğun olaraq effektli və optimal təlim üsul və vasitələrini seçməkdə, müxtəlif resurslardan istifadə olunmaqla təlim nəticələrini əldə etməkdə sərbəstdir. Bu il STEAM dərslərinin tətbiqinin ilk ilidir, əldə olunan nəticələrə əsasən, qarşıdakı illərdə məzmunun təkmilləşdirilməsi işlərinə baxıla bilər. Dərslərin STEAM əsaslı qurulması üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, real həyat problemlərinin həlli üçün seçilmiş üsullar nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin planlanmasında və mərhələlərin düzgün icra olunmasına nəzarət etməkdə şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Xüsusilə, müəllim şagirdlərində 4C bacarıqlarının formalaşmasında birbaşa iştirak edir".

STEAM xarici təlim metodudur. Təlim məzmununun hazırlanmasında da xarici təcrübədən istifadə olunur. Təlim məzmununun hazırlanmasında iştirak edən yerli təhsil mütəxəssisləri istifadə etdikləri xarici təcrübələri şəxsən beynəlxalq kurs və seminarlardan qazanıblar. Belə ki, yerli təhsil mütəxəssisləri, o cümlədən, mən də, mart ayı ərzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsraildə "STEAM və innovativ təlim metodları" beynəlxalq kursunda iştirak edən şəxslərdir. Eyni zamanda, bu mütəxəssislərin bir qismi Türkiyədə təşkil edilən "STEM PD education conference"da iştirak ediblər. 

Şagirdlər layihəyə böyük maraq göstərirlər 

Layihədə iştirak edən müəllimlərin fikrincə, STEAM təhsilin prinsiplərinin şagirdlərə daha yaxından çatdırılmasında çox faydası var.

"Tərəqqi" texniki-humanitar liseyinin müəllimi Aysel Hüseynova deyir ki, "STEAM Azerbaijan" layihəsi şagirdlər tərəfindən çox böyük maraqla qarşılanıb: "Layihə "Tərəqqi" texniki-humanitar liseyinin bütün şagirdlərinin böyük marağına səbəb oldu. Bununla yanaşı, lisey rəhbərliyi də layihəyə çox böyük maraq və dəstək göstərdi. Belə bir mühitdə həm şagird, həm də müəllim kimi çalışmaq bizləri də həvəsləndirdi. Tədris prosesi Təhsil Nazirliyi tərəfindən bütün texnoloji avadanlıqlarla, tədris materialları ilə tam təmin olundu. Hazırda müasir şagirdin maraq mərkəzində texnologiya, əl əməyi, öyrəndiyi nəzəri bilikləri tətbiq etmə istəyi, robototexnika, əməkdaşlıq durur. STEAM layihəsi bütün bunları özündə birləşdirdiyindən şagirdlər üçün çox maraqlıdır".



A.Hüseynovanın dediyinə görə, STEAM-ın ən mühüm üstünlüklərindən biri də şagirdlərdə sərbəst düşünmə bacarığının önə çıxarılmasıdır: "Bu layihədə iştirak edən şagird sərbəstdir, ona hər hansı müdaxilə olunmur və öz ideyalarını reallaşdırmaq şansı verilir. Bunun nəticəsində də şagirdlər maraqlı və qeyri-adi layihələr ortaya çıxır. STEAM şagirdlərə buraxdıqları səhvlərdən düzgün nəticə çıxarmaq və sonda mükəmməl nəticə göstərmək imkanı yaradır. STEAM həm də şagirdlərdə əməkdaşlıq, komandada işləmək bacarığı formalaşdırır. Mənim fikrimcə, bu günün STEAM layihəsi gələcəyin mükəmməl dizaynerlərini, proqramçılarını, texnoloqlarını, müəllimlərini, həkimlərini yetişdirir. Çünki STEAM əsasən fənlərarası inteqrasiyaya əsaslanaraq şagirdin bilik və bacarığını inkişaf etdirir. Get-gedə layihə daha da təkmilləşəcək, müasir müəllim və müasir şagirdin inkişafına öz müsbət təsirini göstərəcək. Layihədə iştirak edən bütün müəllimlər öz üzərlərinə düşən işi böyük həvəslə yerinə yetirir, böyük əzmlə çalışırlar. Biz müəllimlər bu lahihənin uğurlu gələcəyinə inanırıq".

Gələcəyin təhsili bu istiqamətə yönəlib 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun fikrincə, "STEAM Azerbaijan"ı gələcəyin təhsili hesab etmək olar: "STEAM öz fəlsəfəsinə görə çox praqmatik bir layihədir. Bu layihə vasitəsilə elmlərin əsasını şagirdlərə məktəbdə öyrədilir. Bu, çox yaxşıdır və bizim də təhsilimizin layihəyə qoşulmasını alqışlayıram. Əgər layihənin nəticəsi yaxşı olsa, növbəti illərdə STEAM-ın 4-5 dəfə çox şagirdi və məktəbi əhatə etməsi məqsədəuyğundur. Layihənin ən müsbət tərəfi ondan ibarətdir ki, şagirdlərə çoxsaylı suallara cavab verməyə şərait yaradır. Ümumiyyətlə, şagirdlər "necə etmək?", "hansı formada tətbiq etmək?" kimi çoxsaylı suallara cavab verməlidirlər. Belə suallara cavab verməyi öyrənməli və bacarmalıdırlar. Bu səbəbdən də mən bu layihənin tətbiqini çox önəmli hesab edirəm".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





24.07.2020    çap et  çap et