525.Az

Saxlayın, Minsk qrupu düşür - Ruslan Dost Əlidən maraqlı şərh


 

SUSQUNLUĞUN 28 MİLYON SƏBƏBİ

Saxlayın, Minsk qrupu düşür - <b style="color:red">Ruslan Dost Əlidən maraqlı şərh</b>

Bəzən elə hadisələr baş verir ki, ən ali dəyərlər belə gözündə yerlə bir olur. Ümidini bağlamağa yer tapmırsan, inamsızlıq girdabında çabalayırsan. Yer üzünün ən hündür zirvəsindən bütün dünyaya hayqırmaq: Barmağının ucunu havaya qaldırıb, qışqıra-qışqıra, sizin bu boyda ədalətiniz, vicdanınız yoxdurmu? - demək istəyirsən.

30 ilə yaxındır "sülh danışıqları" adıyla bizi eyni qatarda daşıyanlaradır sözüm. Əyləci basın! Siz bizim  səbrimizi tarıma çəkdiniz, ümidimizi əlimizdə qoydunuz, inamımızı öldürdünüz. Amma içimizdəki vətəni öldürə bilməyəcəksiz!

Düşün, gedin! Bizi düşmənimizlə təkbətək buraxın!

Dağlıq Qarabağ münaqişəsinin vasitəçilik tarixində uğurla nəticələnən heç bir konkret addım atılmayıb. Bu illər ərzində Minsk qrupunun missiyası yalnız münaqişəni dondurmaqdan ibarət olub. Həmsədrlər siyasi məqsədlərinə çatmaq üçün prosesi hər fürsətdə ertələməyə, uzatmağa çalışıblar. Halbuki bu məsələdə hər şey aydındır. Bunu həllolunmaz tənliyə çevirmək lazım deyil.

Ümumiyyətlə, Minsk qrupunun tərkibini kimlər hansı əsaslarla müəyyənləşdirdi? Niyə məhz ABŞ, Fransa və Rusiya? Bu dövlətlər 30 ilə yaxın bir müddət ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində faktiki olaraq heç bir iş görməyiblər. Üst-üstə yığılmış sənədlərə yazılanlar, verilən qərarlar icra edilməyib. Bu məsələdə nə birbaşa, nə də dolayısıyla üç tərəfdən heç biri maraqlı olmayıb.

Rusiyanın mövqeyi hamıya məlumdur. ABŞ və Fransa da bu məsələdə hər zaman Rusiyanın maraqlarından çıxış ediblər. Bu, heç kimə sirr deyil.

Tovuzda baş verən son hadisələrlə bağlı, az qala, dünyanın hər yerində bu haqq davamızda səsimizə səs verən, bizi dəstəkləyənlər oldu. Bir sıra ölkələrin politoloqları məsələni şərh edərkən Minsk qrupunun bəyanatından daha tutarlı fikirlər səsləndirdilər. Həmsədrlərin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ayıq siyasətçilərin diqqətindən yayınmır. Onlar bu prosesdə Azərbaycan dövlətinin mövqeyindən açıq şəkildə çıxış etdilər.

İllərdir, bu xalqın oğulları vətən üçün öz canlarından keçirlər, şəhid olurlar. Bu gün bu məmləkətdə oğlu şəhid olan yüzlərlə ana var. Ana vətənin yüzlərlə anası var bu məmləkətdə. Oğlunu torpaqlara verən analar bu gün bu vətənə - bu torpağa analıq eləyir.

Bu gün nə BMT, nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar bir üzü güləndə, bir üzü ağlayan xalqın - o anaların qarşısına çıxıb cavab vermək iqtidarında deyil. General Polad Həşimovun anasına "Həmsədrlər sülh prosesinin bərpasına əlverişli mühit yaratmağın zəruriliyini bir daha vurğulayırlar", - deyə bilərikmi?..

Sara Xatun diplomatik ustalığını işə salıb, bütün bacarığını səfərbər edib, II Mehmetlə sülh müqaviləsi bağlamağa nail olmuşdu. Nəticədə Türkiyə ilə döyüşmək iqtidarında olmayan Ağqoyunlu dövləti yox olmaq, parçalanmaq təhlükəsindən qurtulmuşdu. 30 ildir amerikalı, fransalı, rusiyalı diplomatlar tarix boyu özləri haqqında müsbət fikir formalaşdıra bilməyən, himayəsiz yaşamaq gücündən mərhum ermənilərin əlində girinc olublar. Görəsən, bu üç əzəmətli dövlətin nümayəndələri bir Sara Xatun qədər ola bilmədilər, ya olmaq istəmirlər?

ATƏT hər il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk prosesinə 1 milyon avroya yaxın vəsait ayırır. İndi böyük sual bundan ibarətdir: Bu vəsaitlər hara xərclənir? Verə bilərsinizmi 28 milyon avronun hesabatını?

Əlbəttə, bu vəsaitlərin böyük hissəsi həmsədrlərlə yanaşı, prosesə cəlb olunan diplomatlar tərəfindən mənimsənilir, bilavasitə onların lüks həyatı üçün sərf edilir. Maraqlıdır ki, dünyaya demokratiya, söz azadlığı, insan haqları kimi ali dəyərlərdən dəm vuran Qərb bu məsələdə cınqırını belə çıxarmır.

Müxtəlif ölkələrin paytaxtında təmtəraqlı Zirvə görüşləri keçirmək, institutlar yaratmaq, tribunalardan bəlağətli çıxışlar etmək, bəyanatlar vermək vaxtı çoxdan keçib. İndi Azərbaycan dövlətinə və xalqına cavab vermək vaxtıdır.

ATƏT-in Minsk qrupunun ya tərkibini dəyişmək, ya da bu qurumu ümumiyyətlə, ləğv eləmək lazımdır. O, vasitəçilik tarixinin ən yarıtmaz təşkilatı olaraq tarixə qovuşmağa məhkumdur.

 





24.07.2020    çap et  çap et