525.Az

Təsirli film - Resenziya


 

"YAĞLI BOYA İLƏ AİLƏ PORTRETİ" FİLMİ HAQQINDA TƏƏSSÜRATLARIM

Təsirli film - <b style="color:red">Resenziya</b>

Uzun illər televiziya tamaşaçılarını yüksək bədii dəyərli televiziya filmləri ilə sevindirən, televiziya tamaşası kimi sənət növünün yerli və daha maraqlı modelini yaradan Azərbaycan televiziyası "Sabah" yaradıcılıq studiyası uzun fasilədən sonra "Yağlı boya ilə ailə portreti" adlı yeni bədii televiziya filmi ilə teleekrana çıxdı.

Tovuz rayonu sərhədində baş verən hadisələrlə  bağlı gərgin günlərin həyəcanını, itkilərin ağrısını yaşayan, finişi görünməyən koronavirusun meydan oxuduğu  zaman kəsiyində  yeni filmə maraq oyatmaq təşəbbüsü yaradıcı kollektiv, elə "Sabah" studiyası üçün də bir sınaq idi.  İnamla deyə bilərəm ki, filmin yaradıcıları bu sınaqdan üzüağ çıxdılar. Film  tamaşaçını təsirləndirə bildi. Fikrimcə,  hər bir sənət nümunəsi üçün ən vacib olan da məhz budur,  istehlakçını təsirləndirmək!

Filmin ssenari müəllifi və rejissoru Sirac Mustafayev   hədəfi düzgün seçib: bütün dünyada gücün bəşəriyyətə meydan oxuduğu, insanlığın, humanizmin defisitə çevrildiyi, nəticədə əbədi mənəvi dəyərlərin deqredasiyaya uğradığı  bir zamanda mərhəmətin yada salınması, yüksək mənəvi dəyərlərin səmimi şəkildə tərənnüm və təbliğ edilməsi. O da təsirsiz deyil ki, filmin tematikası müasir zamanımız, konkret desək, lap bu günümüz  üçün son dərəcə aktualdır,  onun ekranda  nümayişi də, necə deyərlər, lap yerinə düşdü.  Yenə də Tovuz rayonu sərhədindəki mənfur erməni təxribatını  yada salıram. Bu qısa və ağır döyüşlərin cəmiyyəti silkələməsi,  ölkə daxilində yaranmış həmrəylik və səfərbərlik ovqatı, orduya dəstək hərəkatı, qan bahasına qazandığımız qələbə  və düşmənə qarşı qəzəb hissi  filmin  əhəmiyyətini bir az da artırmış oldu. Belə bir vaxtda "Yağlı boya ilə ailə portreti" kimi xeyirxah duyğulara köklənmiş filmə böyük ehtiyac vardı.



Hər bir tamaşanın, filmin ilkin uğuru, əlbəttə,  dramaturgiyadan başlayır. "Yağlı boya ilə ailə portreti" filminin süjet xətti çox  sadədir,  xronometraja uyğun olaraq birxətlidir. Filmin qəhrəmanı Çingiz müəllimin yeganə övladı Arif xarici ölkədə rəssamlıq təhsilini yarımçıq qoyub könüllü cəbhəyə yollanıb, qəhrəmanlıqla  şəhid olub,  arvadı Firəngiz oğul itkisinə  dözməyib haqq dünyasına qovuşub,   özü də ölüm-dirim arasında var-gəldədir. Onu bu dünya ilə bağlayan əsas iplər çoxdan qırılıb, bəlkə elə ona görədir ki, film boyu o, mərhum arvadı və   oğlu ilə  xəyali ünsiyyətdədir. İndi onun ömrünün ən maraqlı məqamları bir vaxt çox xoşbəxt olmuş ailəsi ilə  bağlı xatirələrindədir. Məhz bu xatirələr zamanı onun üzü  işıqlanır,  qəmli çöhrəsinə xoşbəxt  təbəssüm qonur.

Çingiz müəllim yaşadığı həyətin hörmətli adamlarındandır. Film boyu biz bunu qonşuların ona münasibətində  görürük. Bax, elə bu qonşularla münasibətdə Çingiz müəllimin ən yaxşı cəhətləri üzə çıxır.  Qonşu qadının  6-7 yaşlı oğlu ürək xəstəsidir. Onun müalicəsi, daha doğrusu, əməliyyatı qardaş Türkiyədə mümkündür, amma buna iyirmi min manat  lazımdır, qadının əlində isə vur-tut üç  min manat var.   Rusiyaya qazanc dalınca gedib  ailəsini birdəfəlik unutmuş şərəfsiz atanın isə xəstə oğlundan heç xəbəri yoxdur.

Çingiz müəllim  uşağı xilas etmək üçün pul axtarır,  ona altı min manat lazımdır, niyə altı min? Tamaşaçı bunu sonra biləcək. Qəhrəmanımız çox sevdiyi zəngin kitabxanasını satmaq qərarına gəlir. Kitab satmaqla o qədər pul əldə etməyin mümkün olmadığını bilsə də, başqa çıxış yolu yoxdur. Bu yerdə süjet xəttinə Çingiz müəllimin  keçmiş tələbəsi Cavid qoşulur, müəlliminə kömək etmək üçün əslində, ona lazım olmayan kitabları götürüb əvəzində ona  yeddi min manat verir.  Bax,  elə bu yerdə filmin ən təsirli məqamı yetişir: Çingiz müəllim üstündə mərhum arvadının şəkli olan dolabın siyirməsini çəkir, üstünə 11 min manat yazılmış bağlı paketi çıxarır. Tamaşaçıya məlum olur ki, bu pul  şəhid olmuş Arifin dövlət tərəfindən verilmiş qanpuludur.  Müalicəyə böyük ehtiyacı olan ata oğlunun qanpulunu öz sağlamlığına sərf etməyə qıymayıb, əli qalxmayıb. Başa düşülən vəziyyətdir. İndi isə bu pulla bir körpəni həyata qaytarmaq mümkündür. Çingiz müəllim oğlunun  qanpuluna  kitabların satışından əldə etdiyi pulu da əlavə edib qonşu qadına   verir ki, uşağın həyatını xilas etsin.   Bu epizod filmin ən təsirli, ağrılı  yeri, əhvalatın kulminasiyasıdır.  Sonrakı epizodlar fikrimcə, artıqdır, Çingiz müəllimin xarakterinə yeni bir şey  əlavə etmir.

Film insanlığı, humanizmi, mərhəməti qabardır, dediyimiz kimi, tərənnüm və təbliğ edir. Bir tamaşaçı, yazıçı kimi hesab edirəm ki, insanın ən güclü, ən nəcib hissi mərhəmətdən  keçir.  Hacı Zeynalabdin Tağıyevin dilindən səsləndirdiyim kimi,  nəfsinə sahib olan  insan şeytana da mərhəməti ilə qalib gələ bilər. Filmin qəhrəmanı Çingiz müəllim də bir insan kimi öz mərhəmət missiyasını şərəflə yerinə yetirir.   Film  elə burda da bitə bilərdi, sonrakı təfərrüatlara ehtiyac yox idi.

Filmin bədii məziyyətlərinə gəlincə, mən məxsusi olaraq birtərəfli mövqe sərgiləyir, filmin qüsurlarını dilə gətirmirəm, xeyirxah niyyətlə çəkilmiş və yüksək insani keyfiyyətlərə kifayət qədər istedadla  xidmət edən filmdə nöqsan axtarmağı indiki zaman üçün münasib hesab etmirəm, çünki  "Yağlı boya ilə ailə portreti" filmini  mən  zamanımıza  uyğun çox vacib bir missiyanı yerinə yetirən xeyirxah bir nümunə kimi dəyərləndirirəm.

Filmin ssenari müəllifi və rejissoru Sirac Mustafayev əsasən yaxşı, materiala uyarlı  aktyor heyəti seçə  bilib. Uzun illər  peşəkar dublaj aktyoru kimi tanıdığımız Eldəniz Rəsulov  təbii oyun göstərir. Ekranda göründüyü ilk kadrlardan sona qədər tamaşaçı diqqətini özündə saxlaya bilir, seyrçini  əməllərinə inandırır.  Bu sözləri Firəngiz rolunun ifaçısı Leyli Vəliyeva haqqında da demək olar.  Çingiz müəllimin xatirələrində canlanan səhnələrdə  aktrisa iri planda kamera  qarşısında rahatdır, işıqlı və məlahətlidir. Personajının dramını dərindən hiss edir, təbii yaşayır.

Bir sıra uğur qazanmış filmlərimizin qəhrəmanı Bəhruz Vaqifoğlu  materialının az  olmasına baxmayaraq, uyarlı  görkəmi,  məlahətli təbəssümü ilə rəğbət qazanmağı və müsbət ovqat yaratmağı bacarır. Ümumiyyətlə, filmdə aktyor oyunu razılıq doğurur.  Kəbirə Həşimli, gənc aktyor Cəfər Həşimli,  Elşən Çarhanlı,  Rəşad Səfərov,  Ramiz Zeynalov, Gülər Nəbili, Aygün Fətəliyeva  ilk baxışda təbiilikləri ilə diqqəti çəkirlər. Onların ekranda canlandırdıqları personajların hər biri  tez-tez gördüyümüz, rast gəldiyimiz, tanıdığımız adamlardır. Əslində,  onların hər biri özünü oynayır.

Əlbəttə,  mən resenziya yox, tamaşaçı təəssüratımı yazıram, odur ki, filmin ərsəyə gəlməsində operatorun (Fahir İmanquliyev), quruluşçu rəssamın (Elyaz Səfərov),  bəstəkarın (Vüsal Ömərov)   işindən məxsusi söz açmayacam, amma kino sintetik sənətdir, istənilən filmin uğur qazanmasında yaradıcı kollektivin hər bir üzvünün payı, əməyi, istedadı  var.  Bu fikir "Yağlı boya ilə ailə portreti" filminin yuxarıda adlarını çəkdiyim peşəkar kollektivinin hər bir üzvünə aiddir.

Sonda filmin yaradıcı kollektivini, Azərbaycan televiziyası "Sabah" yaradıcılıq studiyasının  rəhbər heyətini  və filmin prodüseri Şərif Qurbanəliyevi təbrik edir,  studiyaya  yeni yaradıcılıq uğurları arzulayıram.

 





25.07.2020    çap et  çap et