525.Az

"Səhər-səhər" yazılanlar... - Elçin Hüseynbəyli yazır


 

"Səhər-səhər" yazılanlar... - <b style="color:red">Elçin Hüseynbəyli yazır </b>

Karantin günlərində ustad Xalq yazıçımız, Azərbaycan Yazıçılar  Birliyinin sədri Anarın "Səhər-səhər" kitabını oxudum. Kitabda, əsasən, son dövrlərin esse və publisistik yazıları toplanıb.

"525-ci qəzet"də çap olunmuş bu məqalələri zaman-zaman oxumuşdum. Amma onları bir kitabda oxumaq həm yazıçının şəxsiyətini aydınlığı ilə göstərir, həm də sanki bütöv bir yazı oxuduğunu hiss edirsən. Yeri gəlmişkən, deyim ki, iki yaşlı  nəvəm Dəniz kitaba "yazı" deyir. Bu elə həm də alın yazısıdır - Anarın bəxtinə, taleyinə düşən alın yazısı.

Bu kitabda dövrümüzün böyük və maraqlı bir şəxsiyyətinin obrazı yaranır və əsərin qəhrəmanı da o özüdür. O mənada "özü" deyirəm ki, həm olub-keçmişlər haqqında danışır, həm xalqımızın, millətimizin keçdiyi yola işıq salır, həm Azərbaycanın (həm də Türkiyənin) böyük şəxsiyyətləri, mütəfəkkirlərilə bağlı  sözünü deyir, onların haqqını özlərinə qaytarmağa çalışır. Çünki Azərbaycan ədəbiyyatı və mədəniyyəti zaman-zaman çox faciələrlə, haqsız təhqir və tənqidlərlə üzləşib.

Anar bütöv tarixdir, hətta o özü belə, hər gününü tarix kimi yaşayır. Anar müəllimi özünə doğma, əziz bilən adamlar hərdən ona deyəndə ki,  hər yazıya reaksiya verməsin, ondan öz məntiqinə uyğun cavab eşidirsən: "Mən onlara cavab verməsəm, sabah deyə bilərlər ki, deməli, haqq söz deyiblər, Anar da ona görə susub". Yazıçı bir şeydə də haqlıdır: Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, onu formalaşdıranlara olan təhqirlərə cavab verməsək, tarix bizi bağışlamaz, həyatımızda öz çəkimizə və sözümüzə baxıb, ən azı, qınayar: kimini az, kimini çox, o da baxır nüfuz məsələsinə və səndən yaxşı mənada umacaqlara.

Müdhiş yanvar hadisələri yadımızdadır. O zaman Anarın, onun həmfikirlərinin prinsipiallığını gördük. Bəzi hadisələri və Anarın onlara münasibətini isə çoxları bilmir. Şəxsi söhbətlərdə nəsə deyir, amma yazı başqadır. Və bu barədə "Səhər-səhər"də oxumaq olar.

Anar təkcə özünə çamur atanlara cavab vermir: həm də millətinə, xalqına şər, böhtan yağdıranları cavabsız qoymur. Öz məqalələrində o, daha çox proqram yazılara üstünlük verir. Qarşıda bizi nə gözləyir, əgər vaxtında nəyinsə qarşısını almasaq, nələr olacaq?  Və çox zaman da bunun altını çəkir.

O, geniş təfəkkür sahiblərindən, mədəniyyət və ədəbiyyat korifeylərindən - Üzeyir Hacıbəyli, Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu (bu iki şəxsiyyət haqqında ötən il onun iki əhatəli məqaləsini oxudum), Nazim Hikmət, Cəfər Cabbarlı, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Səməd Mənsur, Rəsul Rzadan, böyük siyasət və dövlət xadimlərindən - Heydər Əliyev, Mustafa Kamal Atatürk, Məhəmmədəmin Rəsulzadədən yazarkən onların kimliyini ortaya çıxarır, bizə obyektiv və hərtərəfli təqdim etməyə çalışır. Bütün bunlar həm kino, həm teatr, həm publisistika, həm də ədəbi nümunələr şəklində təqdim edilir. Açığı onda bu qədər enerjinin hardan olması heyrətamizdir. İki dildə mükəmməl yazır: rus və Azərbaycan türkcəsində. İnanıram ki, başqa dilləri də bu cür bilsəydi, elə həmin dillərədə də yazar və xalqımızı, millətimizi aşağılamaq istəyənlərin cavabını verərdi. Rusiya mətbuatında olduğu kimi.

O, həm sovetlə zamanı, həm də müstəqillik dövründəki yazılarında öz mövqeyini və prinsipiallığını ortaya qoyan böyük mədəniyyət adamı və ziyalıdır. Elə yazılarından biri də belə adlanır: "Mövqeyim çoxdan bəllidir".

Anar təkcə  həyatda olan və olmayan azərbaycanlı dostlarının xatirəsini anmır, həm də xaricdə yaşayan, bir zamanlar ortaq sovet məkanında ömür sürən, onları şəxsən tanıyan bir insan kimi yazır və bizə tanıtdırır: Azərbaycanda Vaqif Səmədoğludan yazanda  Ukraynada İvan Draçdan, Elçindən yazanda Qazaxıstanda Düsen Kasainovdan, türkiyəli Yaşar Kamaldan yazanda Rusiyada Yevgeni Yevtuşenkodan.

İstedadlı gənclərdən yazır, onları ədəbi cameəmizə tanıtdırır, çünki gələcəyi qorumağa çalışır. "İstanbul həsrəti" yazısında isə bütöv türk dünyasının gənclərindən, gələcəyindən danışır.

Bu barədə çox yazmaq olar, amma mən statistika tərəfdarı deyiləm, çünki məqalələrin əksəriyyəti, yuxarıda dediyim kimi, proqram xarakterlidir və onları oxumaq məsləhətdir. Bu yığcam yazımda isə sadəcə,  öz prinsipiallığı, obyektivliyi ilə seçilən ağsaqqal və dəyərli yazarımızın kitabına işıq salmaq istədim. Onun haqqında əvvəllər də yazmışam: Anar kimi ziyalılarımızı qorumaq lazımdır. Tarix və millət hər zaman belə şəxsiyyətlər yetişdirmir. O, hərtərəfli düşüncəyə, erudisiyaya malikdir, tariximizi, ədəbiyyatımızı və mədəniyyətimizi geniş və bütöv şəkildə qavrayır və bu cür də təqdim edir...

Anarın kitabı "Səhər-səhər" adlanır. Mən də yazımı səhər-səhər yazdım...

Allah amanında, dostlar! Yaxşıları qoruyun ki, yaxşı olasınız!

22 iyul, 2020, səhər-səhər...

 





25.07.2020    çap et  çap et