525.Az

Bakıdan diplomatlar və soydaşlarımızla bağlı xarici ölkələrə çağırış


 

XARİCİ İŞLƏR NAZİRLİYİ DOST ÖLKƏLƏRƏ MÜRACİƏT EDƏRƏK, ONLARI DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİMİZİN MÜHAFİZƏSİNƏ, SOYDAŞLARIMIZIN TƏHLÜKƏSİZLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ DİQQƏTİ ARTIRMAĞA SƏSLƏDİ

Bakıdan diplomatlar və soydaşlarımızla bağlı xarici ölkələrə çağırış<b style="color:red"></b>

“Son günlər cəbhədə baş verən erməni təxribatına qarşı xarici ölkələrdə keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib. Ermənistan rejimi hərb meydanında məğlub olduqdan sonra müxtəlif xarici ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara qarşı vəhşiliklər törədiblər. Bir sıra ölkələrin paytaxt və böyük şəhərlərində belə hadisələr baş verib. Onların əsas məqsədi diqqəti əsas məsələdən yayındırmaqdır. Xaricdəki azərbaycanlılar dinc yolla aksiya keçirərək erməni vəhşiliyinə son qoyulmasını tələb edirlər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.

"Hadisələr baş verən ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqə saxlayırıq. Onlar vəziyyətlə bağlı ətraflı məlumatlandırılırlar. ABŞ polisi bu ölkədə azərbaycanlılara qarşı vandalizm aktını ətraflı araşdıracaq və lazımi tədbir görəcək. Bunu ABŞ-ın Azərbaycandakı səfiri də deyib", - deyə nazir müavini vurğulayıb.

X.Xələfov həmçinin deyib ki, Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. "Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik. Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir", - deyə nazir müavini vurğulayıb.

Ermənistanda faşizmə xüsusi məhəbbətin olduğunu söyləyən nazir müavini deyib: "Onların həyata keçirdiyi siyasətdə faşizmin bütün elementlərinə rast gəlinir. Lakin dünya artıq həqiqəti başa düşür və qəbul edir".

Qeyd edək ki, dünən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xarici ölkələrdəki azərbaycanlı icmanın üzvlərinə erməni zorakılığı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini müşahidə edirik.

Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva etməklə və bilərəkdən azərbaycanlı icmaların üzvlərinə, diplomatlara və onların mülklərinə xəsarət yetirmək məqsədini güdməklə cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Radikal erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində, yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilib. 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib.

Erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.

Xatırladırıq ki, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.

Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin, soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır.

Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Araşdırma prosesi və onun nəticələri barədə məlumatın əldə edilməsi aidiyyəti diplomatik nümayəndəliklərimiz vasitəsilə nəzarətdə saxlanılacaq. Araşdırmaların gedişatı və nəticəsi barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq.

Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən, ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verilib".

 





25.07.2020    çap et  çap et