525.Az

Döyüş meydanımız Qarabağ olmalıdır - Mövqe


 

TANINMIŞ İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ, ZİYALILAR AVROPADA YAŞAYAN SOYDAŞLARIMIZI ERMƏNİ TƏXRİBATINA UYMAMAĞA ÇAĞIRDILAR

Döyüş meydanımız Qarabağ olmalıdır - <b style="color:red">Mövqe</b>

İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində hərbi təxribatlara əl atan düşmən sonrakı mərhələdə öz məkrli niyyətlərini xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı vəhşiliklər törətməklə reallaşdırmağa çalışdılar, Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyaları keçirən xaricdəki Azərbaycan icmalarının üzvlərinə qarşı aqressiv davranışlar, təcavüz aktları törətməyə başladılar.

İyulun 22-də Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu - Belçika Erməniləri Təşkilatı tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi aksiya keçirildi, dinc həmvətənlərimizə və diplomatik missiyamıza qarşı vəhşiliklər törədildi.  Ermənilərin hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən bir neçə nəfəri yaralandı, diplomatik missiyanın əməkdaşları xəsarətlər aldı, missiyanın inzibati binası dağıntılara məruz qaldı, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yarasız hala salındı, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdləri oldu. Bundan əlavə, ABŞ-ın Los Anceles şəhərində radikal erməni təşkilatlarının birgə təşkilatçılığı ilə Azərbaycan konsulluğunun yerləşdiyi binanın qarşısında həmyerlilərimizə hücum olundu, nəticədə 7 nəfər soydaşımız bədən xəsarətləri aldı. 

Bunun ardınca Azərbaycanda soaial şəbəkələrdə xaricdə yaşayan soydaşlarımıza müraciətlə ermənilərdən qisas almaq çağırışları səsləndirilməyə başlandı. Azərbaycanın bir çox ictimai xadimləri, elm admları, ziyalılar bu müraciətlərə qarşı çıxaraq sosial şəbəkələr vasitəsi ilə xaricdə yaşayan soydaşlarımızı bu çağırışlara və ermənilərin provakasiyalarına uymamağa, təmkin nümayiş etdirməyə, məsələnin hüquq müstəvisində həllinə nail olmağa səslədilər.

Həmin fikirlərdən bəzilərini oxuculara təqdim edirik.

Vilayət Quliyev, Azərbaycanın Macarıstandakı səfiri:

- Srağagün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Çox güman ki, öz əməlləridir. Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır. Sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər. Və bu fonda Los Anceles, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər.

Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya, hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü. Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin.

Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?

Ayıq olun!

Bizim "Qana qan!" şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!

Bahar Muradova,  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

- Əziz dostlar və hörmətli izləyicilər!

Düşmənə qarşı "döyüşün" ağırlıq mərkəzi birmənalı olaraq sərhədlərimizə yönələn təxribatların qarşısının alınmasına, işğal altında olan rayonlarımızın azad olunması üçün Qarabağa yönəlməlidir.

Qalan "cəbhələrdə" isə müstəsna olaraq beynəlxalq hüquq, söz, mətbuat və sərbəst toplaşma azadlığının hər birimizə və hamımıza verdiyi imkanlar çərçivəsində mübarizə aparmaq lazımdır.

Bizi başqa müstəvilərə çəkmək üçün müxtəlif dairələrin hazırladığı təxribatlara isə qətiyyən uymaq və sayıqlığı itirmək olmaz.

Unutmayaq ki, bizim vətənpərvər olduğu qədər də cəsarətli, fədakar və çılğın gənclərimizin səbri məqsədli olaraq sınağa çəkilir.

Düşmənin bəzi havadarları ilə bir yerdə qurduğu bu hiyləgər planları yalnız müdrik və tədbirli olmaqla pozmaq mümkündür.

Tanrı dövlətimizi və xalqımızı qorumaq üçün Siz gənclərimizi qorusun!

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru:

- Bu dava-dalaş əvəzçıxmaları, xaricdə yaşayan çılğın gənclərimizin "qisasalmaları" sonu görünməyən, məchul labirintə aparır və əslində, Qarabağı unutdurur, arxa plana keçirir.

Məkrli, hiyləgər, tək olanda qorxaq, çoxalanda vəhşiyə dönən, planlı strategiyaya malik, hər fürsətdə hər hərəkətimizi bizə qarşı çevirməyi bacaran bir düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq.

Paşinyanın Minsk səfəri zamanı etiraz aksiyası keçirməyə, üzünə qarşı ona işğalçı deməyə gücü çatmayan diasporumuzun başqa ölkələrdəki aksiyalarında da bir plansızlıq, vahid koordinasiyanın olmaması açıq hiss edilirdi və bəzi hallarda yersiz, lazımsız görünürdü.

Gənclərimizin enerjisini, qəzəbini boşuna xərcləməyək, puça verməyək. Dava səhnəsinin, döyüş meydanının, qisas məkanının yeganə ünvanı Qarabağ olmalıdır!..

Mir Şahin Ağayev, Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri:

- Sosial şəbəkələr daha bir başıpozuqluğu körükləməkdədir. Qanunsuzluğa qanunsuzluqla cavab vermək daha böyük qanunsuzluq, terrora terrorla cavab vermək daha böyük terrordur! Bu saat dayanmalı, xaricdə yaşayan soydaşlarımızın dinc aksiyada məruz qaldığı şiddətlə mübarizəni beynəlxalq qanunlar müstəvisinə keçirməliyik! Erməni axtarıb döymək aksiyaları xeyrimizə deyil. ZİYANIMIZADIR!!! Soydaşlarımızı Cinayətə Sürükləməyək! Onlara hüquqlarını, mübarizənin qanuni üsullarını izah edək. Kömək edək. Yaşadıqları ölkələrdəki soydaş vəkillərimizə müraciət edək ki, yardım etsinlər, məhkəməyə verib işi udsunlar! Rusiyada yaşayan soydaşlarımızdan xüsusilə ehtiyatlı olmalarını xahiş edirəm!!! Diqqət, ehtiyat, DÖVLƏT vaxtıdır!

Xədicə İsmayıl, jurnalist:

- Haqlı ikən haqsız duruma düşmək nədir bilirsiz? Brüsseldə, Los Ancelesdə ermənilərin faşist davranışı dəhşətə gətirdi hamımızı. Təkcə bizi yox. Hamını. İndi eynisini etsək, üstəlik, bunu qəhrəmanlıq kimi təqdim etsək, haqlı ikən haqsız duruma düşmək nədir, onu bir daha görəcəyik. Vəhşi deyilik. Vəhşilik bizə qarşı olunandır. Biz də vəhşiliyə qarşıyıq. Hər şeyin yolu var.

Rasim Müzəffərli, jurnalist:

- Savaş meydanı Los Anceles, Brüssel, Moskva yox, Ağdam, Şuşa, Laçın olmalıdır!

İlqar Əlfioğlu, jurnalist:

- Mən nə tolerantam, nə pasifist, amma bütün qəzəbinizi Qarabağda düşmənə atacağınız gülləyə yükləyin, cavanlar!

Vüsalə Məmmədova, jurnalist:

- Dostlar, xaricdəki azərbaycanlılara pafoslu çağırışlarınız bizi haqlı olduğumuz halda haqsız durumuna salacaq. Savaş meydanı 3-cü ölkə deyil, unutmayaq!

Bilirəm, "harda erməni gördünüz, döyün" çağırışları yaxşı "like" yığır, amma real həyatla virtual həyatın şərtləri fərqlidir. Haqlı savaşımızın taleyinə "like" hesabına daha bir çözülməyəcək düyün vurmayın, lütfən!

XİN və Diaspor Komitəsindən həmin ölkələrdəki həmvətənlərimizi hüquqi yolla müdafiə etmələrini gözləyirik.

Azad Əliyev, jurnalist:

- Ermənilərlə döyüş meydanımız Qarabağ olmalıdır. Bütün enerjimiz, hirsimiz, heyfimizi Qarabağda çıxmalıyıq onlardan. Ona görə diqqətinizi digər cəbhələrə çox yönəltməyin. Bu əsas hədəfimizdən uzaq salacaq bizi.

Cavid İsmayıl, jurnalist:

- Erməninin etdiyi vəhşiliyi biz niyə təkrar etməliyik? O zaman ermənidən fərqimiz nə oldu? "Azərbaycanlı "mən qoyunam" demədi, amma erməni dedi" - mazoxizmi uzağı üç gün davam edəcək. Bəs sonra? Bu hərəkətlərin Millətimizin və Dövlətimizin imicinə vurduğu zərəri aradan qaldırmaq üçün aylar, illər lazım gələcək axı. Şəxsən mən o kadrlara baxıb heç bir zövq almadım, çünki sona qədər də baxa bilmədim. Döyüş meydanı Qarabağdır və Qarabağ sərhədlərindən kənarda hər hansı zorakılıq qəbuledilməzdir.

Elşad Paşasoy, jurnalist:

- Bu hadisələr təhlükəli istiqamətə yönləndirilə bilər. Xüsusilə də Rusiyada. Ayıq olmalıyıq! Bakıda, Sumqayıtda "qırğın" törədib başımıza müsibət açanların varisləri prosesləri sakitcə seyr edirsə, deməli, məkrli siyasət işə salına bilər. Təbii, istənilən yerdə varlığımızı nümayiş etdirməliyik, amma qisas Qarabağda alınmalıdır və alınacaq da! Türkiyə və Azərbaycan diasporu, səfirliklərimiz bütün dünya üzrə təcili əlaqəli fəaliyyətə başlamalı, hadisələrin əleyhimizə yönəlməsinə imkan verməməlidir. Bu proseslər əleyhimizə işləyə bilər. Ona görə maksimum ehtiyatlı olmalıyıq...

Dövlətimizə və millətimizə Tanrı yar olsun!

Qismət Rüstəmov, şair:

- Məsələni küçə yumruqlaşması səviyyəsinə salmaq onların seçimidir, biz bu tələyə düşməsək yaxşıdır, onsuz da özlərini kifayət qədər rüsvay elədilər, biz gərək ağıllı addımlar ataq, "Alqasımın oğlanları vurdu" kafasıyla cavab vermək məsələni ciddilikdən uzaqlaşdırmaqdır, geniş planda ziyanlıdır.

Cavid Zeynallı, yazıçı:

- Avropa ölkələrində, Rusiyada yaşayan soydaşlarımızı küçə davalarına qızışdıran adamlara heyrət edirəm. Bu qəbilə-qan davası birmənalı olaraq bizim əleyhimizə işləyir. Dünyanın hansı vaxtıdır ki, bu görüntüləri bəh-bəhlə paylaşıb meydanı qızışdırasan? O davalar hər cür təxribatın episentridir. Təmkinli olmaqdan başqa yolumuz yoxdur. Dövlətin diplomatiya siyasəti, diaspor istiqaməti var. Hər şeyin ölçü-biçisi, sivil yolu var. Emosional-ibtidai davranış, küçə qisasçılığı addım-addım, qarış-qarış bizim əleyhimizə işləyir. Etməyək!           

Bəxtiyar Hacıyev, ictimai fəal:

- Haqlı ikən haqsız duruma düşməməliyik. Ermənilər çox abırsız və şərəfsizcə ABŞ və Avropada bizim gənclərə hücum ediblər, onlara ciddi xəsarət yetiriblər. Həm Bakıda, həm də xaricdə bəziləri "biz də gedək, onları mələdək, əzişdirək, başlarını dağıdaq" kimi çağırışlar edirlər.

Ermənilər ABŞ və Avropada həm ciddi səhv, həm də təxribata cəhd ediblər. Gənclərimiz sağ olsunlar ki, cavablarını versələr də, təmkinlə davranıblar. Ancaq bundan sonra təxribata gedib, onlara iki yumruq, bir bıçaq vurmaqla Azərbaycan tərəfi haqlı ikən haqsız duruma düşəcək. İmkan verin, bundan sonrasını Xarici İşlər Nazirliyi, səfirliklərimiz etsinlər. Döyülmə videolarını götürüb, hüquq-mühafizə orqanlarına, beynəlxalq media və təşkilatlara göndərib, Azərbaycanın lehinə istifadə etsinlər.

Hazırladı: Aytac ASLAN

 





25.07.2020    çap et  çap et