525.Az

"Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycana dəstəyini müşahidə etdik"


 

HULUSİ KILIÇ: "CİSMİM TÜRKİYƏDƏ OLSA DA, AĞLIM, RUHUM AZƏRBAYCANDADIR"

"Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycana dəstəyini müşahidə etdik"<b style="color:red"></b>

"Ermənistanın bu hücumları tamamilə ağlasığmayan bir hərəkətdir. Dünya pandemiya ilə mübarizə apardığı halda Ermənistan Azərbaycanın dövlət sərhədindən dinc əhaliyə hücum edib. Bu, həqiqətən xain bir niyyətdir. Və üstəlik də bunu Azərbaycanın ayağına yazmaq istəyir". Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç "525"ə açıqlamasında bildirib. Bölgədə baş verən bütün xoşagəlməz hadisələrə görə Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdığını bildirən səfir deyib: "Əgər Azərbaycanın belə bir hücum planı olsaydı, işğal altında olan torpaqlarını geri almaq üçün hücum edərdi, Tovuz bölgəsindən yox. 2016-cı ildəki Lələtəpə əməliyyatında olduğu kimi.  Ermənistan öz daxilindəki siyasi, iqtisadi, sosial, səhiyyə ilə bağlı problemlərini həllini bu hücumlarla ört-basdır etmək istəyir, budəfəki təxribatında da hansı növbəti hiyləsi var? Nə səbəbə Tovuzu hədəf seçib? Tovuzdan keçən boru xətti  hazırda təkcə Azərbaycan üçün deyil, digər region dövlətləri üçün də böyük strateji əhəmiyyətə malikdir. Bu bölgə uğrunda döyüşlərdə qardaş Azərbaycan yüksək rütbəli hərbçilərini şəhid verdi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Son hadisələrin Azərbaycan xalqında güclü vətənpərvərlik ruhunun olduğunu bir daha göstərdiyini diqqətə çatdıran diplomat Azərbaycan xalqının dərin milli şüura mailk olduğunu bildirib: "Hadisələr bir daha sübut etdi ki, bu xalqda nə qədər güclü vətənpərvərlik ruhu,  orduya və dövlətə sarsılmaz etimad və sədaqət var. Bu etimad da Azərbaycan Prezidentinə güc verir".

Diplomat Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu da vurğulayıb: "Türkiyənin Prezidentinin, Xarici işlər və Müdafiə nazirlərinin, Müdafiə sənayesi idarəsinin rəisinin, parlament rəhbərlərinin, eləcə də Türkiyə xalqının bütövlükdə qardaş Azərbaycana dəstəyini müşahidə etdik. Bu, çox önəmlidir. Bir daha sübut olundu ki, Türkiyə və Azərbaycan eyni millətdir. Pakistanın, Ukraynanın, İraq türkmənlərinin, Krım türklərinin də son hadisələrə dəstəyi çox önəmli idi. Türk dövlətləri adına Türk Şurası da dəstək mesajı verdi. Bu məsələlərin arxasında təəssüf ki, başqa  güclər var, biz bunun fərqindəyik. Amma bu məsələdə  Türkiyənin prinsipiallığı və Azərbaycan xalqı ilə dövlətinin bir olması o güclərə bir daha sübut etdi ki, bu birlik sarsılmazdır. Mən bunları hələ 10 il öncə söyləmişdim ki, Türkiyə ilə Azərbaycan arasında izaholunmaz bir sevgi bağı var".

Diplomat beynəlxalq təşkilatların sözügedən məsələdəki mövqeyini pisləyib: "ATƏT-in Minsk qrupunun bu məsələdə nə qədər gücsüz olduğunu gördük. Qurum  Azərbaycan və Ttürkiyə xalqı arasında etimadını itirib. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi  heçə sayılır. Əgər BMT nüfuzu olan ciddi bir təşkilatdırsa,  bu qətnamələrin icra olunmasını tələb etməlidir. Əks təqdirdə, boş toplantılara, hüquqi qüvvəsi olmayan qərarlara ehtiyac yoxdur".

Hulusi Kılıç, öz təcrübəsindən çıxış edərək hadisələrlə bağlı fikirlərini də bölüşüb: "Artıq Azərbaycan dövlətinin, xalqının, ordusunun sabaha çox hazırlıqlı olması lazımdır. Türkiyə ilə Azərbaycan arasındaki əməkdaşlığın daha sıx olması vacibdir. Türkiyə hər gün şəhidlər verir. İkinci bir Qafqaz İslam ordusu olacağını düşünmürəm, amma bu təkmildə bir güc olarsa, bunun qarşısında heç bir qüvvə dayana bilməz".

Türkiyənin müxtəlif şəhərlərində - İstanbulda, Ankarada, Antalyada, İqdırda, Əskişəhərdə Azərbaycan diasporunun xəttilə təşkil olunan etirazlara da münasibətini bildirən diplomat bunun bir fərqlilik yaratdığını, Türkiyədə cəmiyyətin diqqətini bu hadisələrə çəkdiyini söyləyib və bu aksiyaların başqa ölkələrdə də olmasının vacibliyini diqqətə çatdırıb: "Diaspor məsələsində Azərbaycanla Türkiyə bir olmalıdır. Amerikadakı diasporun da güclü fəaliyyətinə ehtiyac var. Hörmətli İlham Əliyevin "bir millətin iki diasporu ola bilməz" və hörmətli Rəcəb Tayyib Ərdoğanın "Türkiyə ilə Azərbaycan tək ürəkdir" şüarlarını unutmamalıyıq".
Keçmiş səfir söhbəti bu sözlərlə tamamlayıb: "Mənim cismim Türkiyədə olsa da, ağlım, ruhum Azərbaycandadır".
PƏRVANƏ

 





27.07.2020    çap et  çap et