525.Az

Nizami zəvvarı - Yazı


 

85 YAŞLI NİZAMİŞÜNAS, FİZİK, RİYAZİYYATÇI SABİR HƏSƏNZADƏNİN FİKİR DÜNYASI

Nizami zəvvarı - <b style="color:red">Yazı </b>

Ta əzəldən nizamı dönə-dönə pozulan bu qoca dünyanın xilası həmişə insanların məkr və nifrətdən qaçaraq, bəşəri harmoniya qanunlarına qayıtmasında olub. Bu baxımdan, dünyanın taleyindən həmişə narahat olan böyük şəxsiyyətlərin fikirləri bu gün üçün də olduqca gərəklidir.

Dühası sərhəd tanımayan böyük mütəfəkkirimiz Nizami Gəncəvinin öz əsərlərində insanlığın diqqətinə çatdırmaq istədiyi məsələlər indiki narahat dünya üçün də elə müasir təbircə desək, "çox aktual səslənir". 

Bizim Azərbaycanımızın dahi şairi özünə Nizami təxəllüsünü əbəs yerə seçməyib. O, əsərləri ilə dünyanın ilahi nizam qanunlarını müfəssəl izah etməklə və insanlığı bu nizama çağırmaqla bu adı alıb. Böyük "nizam strateqi" Nizami Gəncəvi, bizim xasiyyət, şəxsi keyfiyyət, eləcə də cəmiyyətdəki  mövqelərimizdən asılı olmayaraq, mütləq şəkildə hər birimizin qəlbində müqəddəs bir nur damlası kimi qərar tutub  və həmin nur zərrəsi ən ziddiyyətli anlarda belə hətta pis adamları insaf yoluna qaytara bilir desək, yanılmarıq.

Amma bizlərdən elələri də var ki, həmin damladan qaynaqlanan   enerjinin təkcə onun özünə aid olmadığını da gözəl dərk edir.

Onlardan biri, bütün ömrünü sadədən də sadə insan kimi sürən, Gəncədə hamının ilk növbədə Nizami bilicisi kimi tanıdığı Sabir Həsənzadədir. 1935-ci ildə  anadan olan bu qocaman Nizamişünas, 60 ildir ki, dahi şair və mütəfəkkirimizin fəlsəfi-elmi irsinin araşdırıcısı və qızğın təbliğatçısı, bu yöndə bir sıra elmi, həmçinin, poetik kitabların müəllifidir. İxtisasca fizik-riyaziyyatçı  olan Sabir müəllim,  Nizaminin elmi görüşlərini tədqiq edərək,  fəlsəfə elmləri namizədi (indi bu elmi rütbə "fəlsəfə üzrə fəlsəfə doktoru" adlanır) adı da alıb. S.Həsənzadə uzun müddət  orta məktəb və universitetdə pedaqoji fəaliyyət göstərib.  Bütün ömrü boyu qızğın Nizami sevdalısı kimi ad çıxarmış Sabir kişini həm fiziki, həm də mənəvi anlamda Böyük şair və mütəfəkkirimizin yorulmaz zəvvarı da adlandırsaq, yanılmarıq. Onun  Nizami Gəncəvinin məqbərəsinin ziyarətində keçirdiyi vaxtı bir-birinə calasan, yəqin aylar alınar. Sabir müəllim bu məkanın biz azərbaycanlıların bəxtinə düşən bir "Həqiqət məbədi" anlamı daşıdığı qənaətindədir; çünki burada HƏQQ YOLUNU NİZAMLAYAN bir dahi yatır. 

Zamanın istənilən kəsiyi üçün Bəşəri Nizamçı Gəncəvini  məhz bu cür dəyərləndirən gəncəli qocaman alim vurğulayır  ki, dahi şairimizin dünya fikir adamlarının əksəriyyətindən daha üstün mövqedə durması onun indiki dillə desək, universal dünyagörüşünə malik olması ilə bağlıdır.

"Mən Nizamini yalnız dahi şair və mütəfəkkir kimi deyil, həm də böyük bir təbiətşünas alim kimi tədqiq etməyə çalışmışam. Bu işə girişərkən, hesab etdim ki, Nizamini dünya mütəfəkkirlərindən fərqləndirən başlıca xüsusiyyətləri açmalıyam. Dünyada hələ Homerdən tutmuş bu günümüzə qədər mövcud olmuş fikir adamları müəyyən zaman kəsiyində baş verən və ya gözlənilən hadisə, yaxud onlardan doğan nəhayi situasiyaları aydınlaşdırmaq və şərh etməklə məşğul olublar. Nizami isə yaradılış ideyası ilə bərabər, ümummateriyada, təbiət və cəmiyyətdə gedən proseslərin HARMONİK QANUNUNU ortaya qoyub. O, dünya mənəvi fikir aləmi və poeziyasında hansı zirvədə dayanırsa, təbiətşünas alim kimi də həmin zirvədə dayanır", - deyə S.Həsənzadə bildirir.

Doğrudan da, əgər tarix boyu yaranmış əksər fəlsəfi cərəyanlara nəzər yetirsək, onların ayrı-ayrılıqda hər birində hansısa konkret postulatların mövcudluğunu görərik. Özü də onların çoxu yalnız insan psixologiyasının  "qida"sı  anlamındadır. Bu, əlbəttə, az iş deyil.  Amma Nizami  bəşəriyyətin hələ yeni-yeni öz orta çağlarına qədəm qoyduğu bir dönəmdə fenomenal nəzəri bilgi və əməli nizam üsullarını öz əsərlərində, həm də gözəl poetik dillə, insana təlqin edir. Onun əsərlərində verdiyi   yaradanla yaradılışın, təbiətlə insanın, canlı aləmlə maddiyyatın,  fikir ilə davranışın harmoniyası məsələlərini bütün dövrlər üçün keçərli olan "tezislər" hesab etmək olar. Sonrakı dövrlərə nəzər salsaq, görərik ki, dünyanın harmoniyaya qovuşmasını arzu edən böyük yazıçlar və fikir adamları da bu cür "tezislər"in hökmü ilə yazıb-yaradıblar. Qəribəsi odur ki,  hətta onların Nizamini oxuyub-oxumaması vacib deyil; əsas odur ki, onlar sonda Nizaminin dediyi mətləblərin üstünə gəliblər.

Nizami əsərlərini özünəməxsus incəliklə, elmi əsaslara istinadla araşdıran Sabir müəllim bir filosof, həmçinin, fizik və riyaziyyatçı alim kimi dahi şair və mütəfəkkirimizin fəlsəfəsinin özündə istər klassik, istərsə metafizik baxışları küll halında ehtiva etməsini də qeyd edir.

"Nizami təbiətdə, həyatda  baş verən hadisələri, onların  ilkin səbəbiyyət əlaqələrini bilmədən heç vaxt qələmə almayıb. O, hər şeyin heç vaxt sükunətdə olmadığını, daimi hərəkətdə olduğunu yazıb. Nizami deyir ki, bizə hərəkətsiz kimi görsənən torpaq heç də sükunətdə deyil, onun altında, yəni bizim artıq dərk etdiyimiz molekulyar-atomar miqyasda ümumi harmonik qanuna tabe olan elə simmetrik hərəkətlər var ki, qarğıdalı dənələrinin, günəbaxanın, üzüm salxımının və digər bitkilərin quruluşlarını, onların yaradılış formalarını daim təmin edir", - deyə nizamişünas izah edir. O, həmçinin, elmi bazaya malik olmadan Nizaminin mülahizələrinə baş vurmağın çətin olduğunu söyləyir:  "Mən elmi dərəcə üçün müdafiə edərkən, opponentlərdən biri dedi ki, kütlədən enerji alınmasına rəğmən, Sabir müəllim enerjinin kütləyə çevrildiyi haqda danışır və bunu da Nizaminin əsərlərində deyildiyini iddia edir. Mən də kəhrəba və mirvarini misal çəkdim. Mirvarinin "balalaması", yəni artmasını yada saldım. "Eylə vaxt olar ki, gövhər daş doğar..." yazır Nizami.  Mirvari boyuna-boğaza taxıldıqda və çox qaldıqda, onun çəkisi artır, böyründən bir də əmələ gələ bilir. Bu, sürtünmədən yaranan enerji hesabına baş verir.  Enerji kütləyə çevrilir. Əsl mirvari enerji almasa, yaşamır. Onu qoy sandığa, çürüyüb gedəcək. Nizami, həm də mirvarinin əmələ gəlməsinin texnologiyasını açır. Səmada elektrik boşalması - ildırım zamanı ionlaşmış buludlardan yağan zərrələr dənizlərə çökür, orada sədəflər enerji ilə "mayalanır”. Elə-belə demirlər ki, hər bir təbii cism, daş, mineral və s.  özündə hərəsi bir cürə enerji daşıyır... Nizami deyir: "Xilqətin sirrini az ara, az gəz; o, adi gözlərə görünə bilməz!" Nizaminin gözü adi insan gözü olmayıb. İndi-indi inkişaf tapan kvant fizikası böyük alimlərin bir sıra nəzəriyyələrinin birləşmiş dərkini tələb edir. Xalqımızın böyük övladı  Şeyx Nizaminin bu qüdrətinin özü də bir ilahi enerjidən qaynaqlanıb".

Sabir Həsənzadənin bu günədək işıq üzü görmüş neçə-neçə kitablarının əksəriyyəti Nizami və onun elmi baxışları ilə bağlıdır: "Mən kitablarımın birində Nizami Gəncəvinin təbiət-elmi görüşlərini səkkiz bölmədə - riyazi, fiziki, kimyəvi, coğrafi, astronomik, bioloji, tibbi və zooloji görüşləri istiqamətində işləmişəm. Dünyada böyük təbiətşünas alimlər çox olub. Amma mənim qənaətimcə, hələ dini-ilahi tərəfi bir yana, sırf elmi, özü də hazırkı elmi səviyyələr baxışından Nizami qədər təbiət proseslərini insan üçün hərtərəfli aydınlaşdıran ikinci şəxs yoxdur".

Sabir Həsənzadə Gəncə elində, füsünkar Göy Göl yaxınlığındakı Toğana kəndində, daha doğrusu, onun ətrafındakı yaylaqda dünyaya göz açıb. Ona uşaqlıqdan yar olan,   saf hava, saf su, saf insanlar, vüqarlı dağlar, ilqarlı yamaclardan ibarət bu kiçik dünya   onun cavanlığında da ixtiyarlığında da ən istəkli dostu olub. Və saf məkan və saf duyğulardan qaynaqlanan fikir yolçuluğu mütləq Nizami Dünyasından keçməliydi. "Toğananın Balçılı yaylağında, mənim ulu nənəmin adına olan Cicixanım bulağı yaxınlığında bir alaçıqda dünyaya göz açmışam. Bu yerlərdə, bilsəniz, dostlar ilə nə görüşlərimiz olub... 60-cı illər idi. Mən, Qərib Mehdi, Bahadur Fərman, daha bir dostumuz və bu tərəflərə qonaq gəlmiş Məmməd Araz - oturmuşduq bulaq başında. Məmməd Araz durub bir az gəzişdi, orda bir yarğan vardı, onu ildırım vurmuşdu, ora gedib, baxdı, sonra qayıdıb, məşhur şeirini dedi: Bəlkə bu yerlərə bir də gəlmədim; Duman salamat qal, dağ salamat qal!.. Yaman bizi kövrəltdi. Bundan bir müddət sonra o kövrək hisslərin təsiri ilə mən bura bir də tək gəldim, -  deyə, Sabir müəllim xatirələrini bölüşür.

Qocaman alim, riyaziyyatçı-fizik, filosof, pedaqoq, nəhayət, Nizami zəvvarı dünyanın nizamının əslində, çox sadə olmasına baxmayaraq, daim müşküldən çıxa bilmədiyinin "sirri"nə də toxunur:  "Baxın, "Hər şey bu dünyada cəzbə bağlıdır; Filosoflar onu EŞQ adlandırır", - deyir Nizami. Bu EŞQ həm maddi, həm mənəvi aləmdə, atom zərrəciklərinin cəzbindən tutmuş, insanların ruhi rəğbət hisslərinədək, hər yeri bürüməklə külli-kainatı nizamlayır! Bizim Yer kürəsindəki dünyamızın fiziki və mənəvi qanunlarının vəhdəti də onun varlığının hifz olunmasında başlıca şərtdir. Amma elə Nizaminin özünün də "Xeyir və Şər" anlayışlarının mahiyyətini açmasından  da aydındır ki, yalan və nadanlıq mövcud olduqca, ədalətsizlik və dağıdıcılıq da var olacaq, tamah və məkr dünyada nizamın bərqərar olmasını ləngidəcək".

Sonda təəssüflə qeyd edim ki, son vaxtlar Sabir müəllim səhhətində problemlərin artması onu vaxtının çox hissəsini yataqda keçirməyə vadar edib. Amma heç vaxt heç kimdən hansısa təmənna və tərəfkeşlik gözləməyən və belə şeyləri qəbul etməyən bu iti zəkalı müdrik insana təsəlli verməyin özündə də bir acizlik əlaməti sezilə bilər. Odur ki, bu yazını 85 yaşlı filosof-şairin bir şeirindən iki bəndlə bitiririk:

Nə çox fikirləşib, ölçüb-biçirsən,
Kimindi, kimlərə qalandı dünya?
Ariflər, guya ki, qəm yükləndilər,
Nadanın əlində talandı dünya.

Cavabsız qalıbdır min bir sorğusu,
Mən ona deyərdim ömür oğrusu.
Sabir baş açmadı, sözün doğrusu,
Oğrudu, doğrudu, yalandı dünya?..

Gəncə

 





27.07.2020    çap et  çap et