525.Az

İrəvan ermənilərə necə verilib? - Müsəllim Həsənovun qeydləri


 

İrəvan ermənilərə necə verilib? - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Tarixçə 

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.

Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***
 

Bakı quberniya mərkəzinə necə çevrilib? 

Bilirdinizmi ki, Bakının bu gün də Azərbaycanın paytaxtı olmasının əsas səbəbkarı imperator II Aleksandr olub?

1859-cu il mayın 30-da, gündüz saat 4-də quberniya mərkəzi olan Şamaxıda növbəti zəlzələ baş verir.

Şəhərin bir hissəsi dağılır, uçqunlar altında xeyli adam qalır. 

Qafqaz canişini knyaz Baryatinski Şamaxıda tez-tez zəlzələlərin baş verdiyini əsas götürərək Rusiya imperatoru qarşısında məsələ qaldırır: Quberniya mərkəzi Şamaxıdan Bakıya köçürülsün...

Peterburqda bu ideya bəyənilir.

1859-cu il sentyabrın 25-də knyaz Baryatinski Şamaxı qubernatoruna əmr göndərir ki, şəhərin dağılması ilə əlaqədar bütün quberniya idarələrinin dərhal Bakıya köçürülməsinə hazırlıq işlərinə başlasın.

Oktyabrın 9-da Şamaxı qubernatoru dövlət idarələrinin Bakıya köçürülməsinə hazırlıq işlərinin başa çatması barədə knyaz Baryatinskiyə raport yazır. Bildirir ki, Bakıda quberniya idarələri üçün müvafiq binalar tapılıb, məmurlar üçün lazımi mənzillər icarəyə götürülür.

Yalnız belə bir hazırlıq işləri başa çatandan sonra - 1859-cu il dekabrın 6-da Rusiya imperatoru  2-ci Aleksandr fərman imzalayır:

"Quberniya şəhəri olan Şamaxıda tez-tez zəlzələ baş verdiyini və Şamaxı quberniyasının quberniya idarələrinin bu şəhərdə saxlanılmasının münasib olmadığını anlayaraq,  Biz Qafqazdakı canişinimizin təqdimatına əsasən əmr edirik:

1. İndiki Şamaxı quberniya idarəsi və orada yerləşən bütün quberniya idarələri Şamaxı şəhərindən Bakı şəhərinə köçürülsün.

2. Bakı quberniya şəhəri dərəcəsinə qaldırılsın.

3. Bundan sonra Şamaxı quberniyası Bakı quberniyası adlandırılsın.

4. Şamaxı şəhəri Şamaxı qəzasının qəza şəhəri hesab olunsun". 

Gəncə, 1918: Milli Şura buraxılsın... 

Bilirdinizmi ki, 23 aylıq Cümhuriyyət dövrünün ən dramatik məqamlarından biri də 1918-ci ilin 17 iyun tarixi ilə bağlıdır?

İyunun 17-də Cümhuriyyət hökuməti Tiflisdən Gəncəyə köçür.

Artıq bir qrup əsgər və zabiti ilə Gəncədə olan Nuru paşa Milli Şuranın üzvləri ilə görüşərək, Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirir, eyni zamanda, yeni hökumət yaratmaqla Milli Şuranın buraxılmasını təklif edir.

Milli Şura gündüz saat 2-də Gəncə şəhər upravasının binasında fövqəladə iclasa toplaşır.

İclasa sədrlik edən M.Ə.Rəsulzadə kədərli bir çıxış edir, bildirir ki, ola bilsin bu gün qəbul edəcəyimiz qərar bizə bədbəxtlik gətirəcək, ancaq əgər bu qərar yaranmış vəziyyətdən yeganə çıxış yoludursa, biz onu qəbul etməliyik...

F.X.Xoyski: Məbus əfəndilər. Bizim hansı çətin və məsul bir vaxtda hökuməti ələ aldığımızı bilirsiniz.

... Biz müvəqqəti hökuməti yad ərazidə təşkil etməyə məcbur idik.

... İndi biz öz ərazimizdəyik. Mən və kabinet üzvləri xahiş edirik bizim istefamızı qəbul edəsiniz...

A.B.Səfikürdski: ... Nuru paşanın Milli Şuranı və hökuməti buraxacağı, özünün yeni hökumət yaradacağı barədə söhbətlər gəzir.

F.X.Xoyski: ... Paşanın bu məsələyə aidiyyatı yoxdur...

M.H.Hacınski: ... Paşa Azərbaycanın özünün güclü və təsirli hökuməti olmasını səmimi qəlbdən istəyir.

M.Y.Cəfərov (titrək səslə): ... Bəli, aydın olur ki, bizi Tiflisdən bura köhnə bürokratik "priyom"la dəvət ediblər. Azadlığımızı əlimizdən alırlar.

... Təəssüf ki, bizim kömək umduğumuz  türk qardaşlarımız ürəyimizi dağlayırlar (Ağlayır və yerinə oturur).

M.H.Hacınski M.C.Yusifovun Türkiyə barədə dediklərini təkzib edir. Bildirir ki, heç kim bizim müstəqilliyimizə və azadlığımıza qəsd etmir.

M.Ə.Rəsulzadə: İki təhlükə var: xarici və daxili. Məni Azərbaycanda qara qüvvələrin baş qaldıracağı narahat edir. Əgər bizə verilən hüquqdan imtina edib hökumət formalaşdırmağı başqa qüvvələrə versək, onda qara qüvvələrdən ibarət hökumətin yaranma təhlükəsi olacaq.

... Təklif edirəm ki, hökumətin istefasını qəbul edək və yeni hökumət formalaşdıraq.

Yaranmış mürəkkəb vəziyyətdən çıxmaq üçün Milli Şura buraxılır və Xoyskiyə yeni hökumət formalaşdırmaq, altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmaq və bu müddətdə hakimiyyəti bir kimsəyə güzəştə getməmək barədə tapşırıq verilir... 

Ucar şəhərinin salınma tarixçəsi 

Bilirdinizmi ki, indiki Ucar şəhəri vaxtilə bataqlıq və qamışlıq olan dövlət torpaqlarında salınıb?

XIX əsrin axırlarında istifadəyə verilən Zaqafqaziya dəmir yolunun Bakı-Tiflis hissəsində stansiyalar tikiləndə istər yolun keçdiyi, istərsə də stansiyaların tikildiyi torpaq sahələrinə görə kompensasiya ödənilib.

Amma hökumət məmurları Ucar stansiyasını salarkən torpağa görə pul ödəməyiblər.

Dəmir yolu stansiyası üçün bu ərazidə yerləşən Qarabörk, Alpout, Gəraybəyli kimi iri və varlı kəndlərdən birinin ərazisi seçilə bilərdi. Amma məmurlar bu kəndlərdən kənarda yerləşən, bataqlıq və qamış olan torpaq sahəsini seçirlər. Çünki həmin bataqlıq sahə dövlətə məxsus idi. Kompensasiya ödəməyə ehtiyac yox idi.

Bataqlıq qurudulur və stansiya salınır.

Stansiyanın adını da həmin "xəsis məmurlar" özləri seçir: onda Gəraybəyli icmasının tərkibinə daxil olan eyniadlı köç yerinin adı Ucar idi...

Dəmir yolu işə düşəndən sonra ətraf kəndlərin sakinləri stansiya yaxınlığında özlərinə budkalar tikir, gündüzlər alver edib axşamlar evlərinə qayıdırlar.

Lakin illər keçdikcə adamlar stansiya ətrafında yaşayış yerləri də tikməyə, burda gecələməyə başlayırlar.

Ona görə də 1901-ci ildə stansiya ətrafında artıq kiçik şəhərcik formalaşır, 200-ə yaxın ticarət obyekti fəaliyyət göstərirdi...

Beləcə Ucar stansiyası böyüyüb Ucar şəhərinə çevrilir...

P.S. Material 1901-ci ildə "Kaspi" qəzetində dərc edilmiş bir yazı əsasında hazırlanıb. 

İrəvan ermənilərə necə verilib? Bir alimin "gəzişmələri"... 

Bilirdinizmi ki, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun "Spase" TV-nin direktoru Vaqif Mustafayevə "Sadə həqiqətlər" adı ilə verdiyi müsahibə ictimaiyyət arasında müzakirələrə səbəb olub?

Həmin verilişdə söhbət 1918-ci il mayın 29-da İrəvanın ermənilərə verilməsindən gedirdi.  Dəqiqlik üçün verilişin stenoqramından bir parçaya baxaq:

Vasif Qafarov: Əslində, kvorum yox idi... Və 20 nəfər Milli Şura üzvünün iştirakı ilə İrəvan məsələsi müzakirə olundu və İrəvanın Ermənistana güzəştə gedilməsi tarixi zərurət və amma bizim üçün acı bir həqiqət kimi qiymətləndirildi. Və İrəvanın ermənilərə verilməsi məsələsi səsə çıxarıldı. Səsvermədə 20 nəfərdən 16 nəfəri İrəvanın verilməsinin "lehinə" səs verdi, 1 nəfəri "əleyhinə" səs verdi, 3 nəfər bitərəf qaldı. Amma həmin iclasın 3 nömrəli protokolunda göstərilir ki, iclasda iştirak edən 28 nəfərdən 16 nəfəri "lehinə"...

Vaqif Mustafayev: Bə o nə təhər olur?

Vasif Qafarov: Yəni iştirak edənlərin hamısının adı bir-bir yazılıb, topluyuruq, görürük 20 nəfərdir, səsvermənin nəticələrinə baxsaq, 16 "lehinə", 1-i "əleyhinə", 3 "bitərəf", yenə də 20 alınır. Amma yekunda protokolda göstərilir ki, 28 nəfərdən 16 nəfəri səs verdi. Əslində, mənim gəldiyim qənaətə görə, o 28 rəqəmi Milli Şuranın katibliyi və ya rəhbərliyinin qərarına görə, kvorum ki, çatışmırdı, ona görə 20 rəqəmini, OLA BİLƏR Kİ, 28 yazıblar ki, kvorum məsələsini həll eləsinlər.

Vaqif Mustafayev: Sizin dediklərinizdən elə çıxır ki, kvorum yaratmaq üçün iclasın sənədlərini saxtalaşdırıblar...

Vasif Qafarov: Bəli... 28 rəqəmini ora atıblar. Yəni əslində, o iclasda 20 nəfər iştirak eliyib.

Birinci əlavəmiz: Məlum və məşhur 3 nömrəli protokol Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılır (protokol rus dilindədir). Həmin sənəd qapalı sayılmır, hər kəs götürüb oxuya bilər.

Protokolda yazılıb: Sədr müavini H.B.Ağayev, katib M.Mahmudov. İştirak etdilər: 18 nəfər Milli Şura üzvünün siyahısı. Deməli, cəmi 20 nəfər.

Axırda qeyd edilir: İrəvanın güzəştə gedilməsi "lehinə" ("za ustupku Grivani") ümumi 28-dən 16 səs verilir; üç nəfər "bitərəf" olmaqla, "əleyhinə" bir səs.

Tarixi sənəddə reallıq belədir!

Hörmətli tarixçi alim deyir ki, "OLA BİLƏR Kİ, 28 yazıblar ki, kvorum məsələsini həll etsinlər".

Vasif müəllim, "OLA BİLƏR Kİ" nə deməkdir?

OLA BİLMƏZMİ ki, katib, yaxud protokolu tərtib edən şəxs səhv olaraq, texniki olaraq, 20 əvəzinə 28 yazıb? (Protokol makinada çap edilib).

Təsəvvür edin... 1918-ci il, rus dilində mətn və makina çapı... Tamamilə realdır ki, 20 əvəzinə səhvən 28 yazılıb. Çünki bu sənədi saxtalaşdırmaq istəsəydilər, iştirakıçların siyahısını da artırıb 28-ə çatdırardılar. Axı protokolda özləri MƏHZ 20 NƏFƏRİN ADInı yazıblar!

Dəqiq!

Saxtalaşdırmaq istəsəydilər, "lehinə" olanların sayını cəmi 3 nəfər artırardılar və "problem" həll oluna bilərdi...

İrəvanın ermənilərə verilməsi hansı şəraitdə olub, niyə olub, necə olub, - bu barədə danışmaq, müzakirə açmaq olar. Amma 100 il əvvəl yazılmış sənədə təzədən "OLA BİLƏR Kİ, SAXTALAŞDIRILIB" məntiqi ilə yanaşmaq olmaz!

İkinci əlavəmiz: Biz bu qeydləri yazandan sonra "Sadə həqiqətlər"də İrəvan söhbətinin davamı oldu və V.Qafaqarov yenidən efirə çıxdı.

Birinci verilişdə cümhuriyyət qurucularını sənəd saxtalaşdırmaqda ittiham edən alim ikinci verilişdə bu faktı "ya saxtalaşdırma olub, ya da TEXNİKİ SƏHV kimi" yumşaltmağa cəhd elədi. Yəni vəziyyətdən çıxmağa çalışdı.

Amma aparıcının - Vaqif Mustafayevin "axı siz keçən dəfə TEXNİKİ SƏHV demədiniz" sualına tarixçi sadəcə söz tapa bilmədi...

Tapa da bilməzdi! Çünki cümhuriyyət qurucularının xidmətlərinin BÖYÜKLÜYÜNÜ o da pis bilmir axı! Bu BÖYÜKLÜYÜ isə nə "Sadə həqiətlər", nə də mürəkkəb siyasi ambisiyalar xatirinə danmaq olmaz!

P.S. Unutmaq olmaz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Bilirsiniz, Xalq Cümhuriyyətinin mövcudluğu bizim qürur mənbəyimizdir. Müsəlman aləmində ilk dəfə demokratik respublika yaranmışdır və yaxşı da işlər görülmüşdür. Amma biz gərək tarixi olduğu kimi bilək və insanlar da bilsinlər".

Dövlət başçısının fikri belədir!

Tarixin olduğu kimi bilinməsinə tarixçi alimin mane olması isə artıq başqa dərddir... 

 





27.07.2020    çap et  çap et