525.Az

Vaşinqton-Pekin qarşıdurması nə vəd edir? - Münasibət


 

TİCARƏT MÜHARİBƏSİNİN ÜZƏRİNƏ "DİPLOMATİK MÜHARİBƏ" DƏ GƏLDİ

Vaşinqton-Pekin qarşıdurması nə vəd edir? - <b style="color:red">Münasibət </b>

Sovet İttifaqının dağılması ilə tarixə çevrilən iki qütblü dünya anlayışı yenidən informasiya vasitələrinin dövriyyəsinə qayıdır. Ancaq bu dəfə qütblərdən biri kimi Moskva deyil, Pekin göstərilir.

Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə Vaşinqtonla Pekin arasında münasibətlər soyumağa başladı, tədricən isə əsl qarşıdurmaya çevrildi. Ötən ilin əvvələrindən Vaşinqtonla Pekin arasında başlayan ticarət müharibəsinin üzərinə son günlərdə diplomatik nümayəndəliklərin bağlanması ilə müşahidə olunan "diplomatik müharibə" də gəlib.

Ötən həftənin üçüncü günü Vaşinqton Pekindən 72 saat ərzində Hyustondakı konsulluğunun bağlanmasını tələb etdi. ABŞ Dövlət Departamenti bu addımı amerikalıların əqli mülkiyyətini və şəxsi məlumatları müdafiə etmək zərurətindən irəli gəlməsi ilə izah etdi. Qeyd etmək lazımdır ki, Qərb dövlətləri uzun illərdir, Çini əqli mülkiyyət oğurluğunda günahlandırır. Trampın hakimiyyətə gəlməsindən sonra isə bu ittiham rəsmi bəyanatların mətnlərinə daxil olmağa başlayıb. Çin bu ittihamları rədd etsə də, Pekinin mövqeyi inandırıcı görünmür. Çinlilərin bütün dünyadakı kəşflərin surətini çıxarmaq üzrə "mütəxəssis"ləşməsi hər kəsə məlumdur və buna görə Qərbin Pekinə yönəlik əqli mülkiyyət oğurluq ittihamı şübhə ilə qarşılanmır. İndi isə Vaşinqton Çinin ABŞ-dakı diplomatik nümayəndəliklərinin "əl-qolunu bağlamaq" taktikası seçib. Münasibətlərin bu səviyyə çatmasında ABŞ-da artıq start götürmüş prezident seçkilərinin də təsiri var. Yenidən, ikinci dəfə prezident seçilmək niyyətində olan Donald Tramp öz tərəfdarlarını səfərbər etmək üçün "Çin kartı"nı qızışdırmağa çalışır. Məlum olduğu kimi, hələ dörd il əvvəl Donald Tramp seçki kampaniyasını əsasən ABŞ sənayesinin Çinə axının dayandırılması və geri qaytarılması ideyası üzərində  qurmuşdu. O zaman bu ideya ABŞ sənayesinin Uzaq Şərqə, ilk növbədə isə Çinə köçürülməsi nəticəsində iş yerlərini itirmiş insanlar üçün cəlbedici görünmüş və Donald Trampın hakimiyyətə gəlişini təmin etmişdi.

Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlar-başlamaz ABŞ sənayesinin geri qaytarılması istiqamətində addımlar atmağa başladı. Amma böyük şirkətlər öz istehsalını Çindən ABŞ-a qaytarmağa maraqlı deyil. Çində əmək qüvvəsinin ucuzluğu və vergilərin aşağı olması istehsal olunan məhsulun maya dəyərinin aşağı olmasına səbəb olur, bu da daha çox mal satmağa imkan verir ki, bir iş adaamnın da əsas hədəfi məhz budur. Məsələn, "Apple"ın "iPhone" mobil telefonların maya dəyəri Çində ABŞ-dan iki yüz dollar aşağıdır ki, bu da çox böyük fərq deməkdir. İş adamlarını istehsalı ABŞ-a qaytarmağa razı sala bilməyən Donaald Tramp nəhayət, Çindən idxal olunan mallara tətbiq edilən vergi dərəcələrini artırmaqla Pekinlə ticarət müharibəsinə start verdi. Rəsmi Pekin isə ilk növbədə milli valyutanın dəyərini aşağı salmaqla Donald Trampın bu addımının effektini azaltdı və ardınca ABŞ-dan idxal olunan mallara vergi dərəcələrini artırmağa başladı. İqtisadi gücünə görə dünyanın iki nəhəngi olan ABŞ-la Çin arasında ticarət müharibəsi dərhal dünya bazarlarına mənfi təsir edərək iqtisadi inkişafın sürətini azaltdı. Uzun sürən danışıqlardan sonra Vaşinqtonla Pekin arsında ticarət müharibəsinin dayandırılması ilə bağlı anlaşma əldə olunsa da, ziddiyətlərin dərinliyi bu müqavilənin həyata keçirilməsinə iman vermədi. İndi isə ticarət müqaviləsinin üzərinə diplomatik nümayəndəliklərin bağlanması ilə müşayiət olunan "diplomatik müharibə" də əlavə olunub. İndi hər kəsə aydındır ki, bu proses ən azı ABŞ-da növbəti prezident seçkilərinə qədər davam edəcək.  Dünyada, o cümlədən, Çində  bir çoxları ümid edir ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədinin qalib gələcəyi təqdirdə Pekinlə Vaşinqton arasında münasibətlər əvvəlki axarına qayıdacaq. Ancaq prosesi dərindən təhlil etdikdə Çinlə ABŞ arasında münasibətlərin Ağ evin yeni sahibindən çox da asılı olmadığı aydınlaşır.

Çinin ticarət qaydalarına əməl etməkdən yayınması, xüsusilə əqli mülkiyyətin oğurlanması Qərbin siyasi dairələrini çox narahat edir. Vaşinqtonda olduğu kimi, Avropa paytaxlarında da Çinin ticarət qaydalarına əməl etməməsindən narazılıq hər ötən gün artır. Qərbi narahat edən digər məqam isə Pekinin liderliyi ilə antidemokratik dövlətlərin qeyri-rəsmi ittifaqının yaranmasıdır. Son illər Qərbin demokratiya ilə bağlı tənqid və təzyiqlərindən yaxa qurtarmaq üçün o ölkələrin Çinə sığınmaları müşahidə olunur. Bu proses Moskvanın Pekinlə eyni mövqedən çııxş etməsindən sonra daha da güclənib. Artıq analitiklər liberal Qərbə qarşı antidemokratik Şərq İttifaqının yaranması ilə bağlı fikirlər səsləndirməyə başlayıblar.

Ekspert: "ABŞ-Çin ticarət müharibəsi dünya ölkələrini seçim ...

Qərbin Çinə qarşı əsas iradlarından biri də koronavirus pandemiyası ilə bağlıdır. Qərbdə, xüsusilə də ABŞ-da belə hesab edirlər ki, Pekin COVİD-19 virusu ilə bağlı məlumatları gizlətdiyinə və bütün dünyaya yayılmasına görə məsuliyyət daşıyır. Bununla bağlı Çinə qarşı diplomatik təzyiqlərlə yanaşı, məhkəmə davalarının açılması ilə bağlı məlumatlar da yayılır. Çinlə Qərb arasında münasibətləri diqqətlə izlədikdə koronavirus pandemiyasının antipekin əhval-ruhiyyəsini gücləndirdiyi aydın görünür. Koronavirus pandemiyasının təsirləri artdıqca Çinə qarşı narazılıq da artır. Dünyanın bir çox ölkələrində Çinlə iqtisadi münasibətlərin yenidən gözdən keçirilməsi çağırışları daha ucadan səslənir, çinlilərə qarşı dözümsüzlük artır. Təbii ki, bütün bunlar rəsmi Pekini çox narahat edir. Çin Kommunist Partiyasının rəhbərliyinin prosesləri həssaslıqla və narahatlıqla izləməsi haqqında məlumatlar var. Rəsmi Pekin Qərblə ticarət əlaqələrinin zəifləməsinin doğuracağı ağır sosial-iqtisadi nəticələrin nədən ibarət olacağını bilir. Bir çox iqtisadçılar Qərblə Çin arasında ticarət münasibətlərinin zəifləməsi nəticəsində 1.5 milyardlıq əhalinin sağ qalmaq uğrunda mübarizə aparmağa düçar ola biləcəyi ilə bağlı ehtimallar səsləndirirlər. Pekin özünün çox böyük valyuta ehtiyatları hesabına hələlik ABŞ-la ticarət müharibəsinin təsirlərini azalda bilir. Xüsusilə də yerli istehlakı sürətləndirən rəsmi Pekin istehsalı qormağa çalışır. Malik olduğu nəhəng valyuta ehtiyyatları Pekinə hələlik vəziyyətə nəzarət etmək imkanı versə də, prosesin uzun müddət belə davam edə bilməyəcəyi də hər kəsə aydındır.

Aydın görünür ki, Çin noyabrda ABŞ-da keçiriləcək seçkilərin nəticələrin gözləyəcək. Növbəti prezident seçkilərində demokratların qalib gəlməsi halında belə, Vaşinqtonun siyasətində kəskin dəyişiklik olması gözlənilməsə də, yumşalma olacağı ehtimalı çox böyükdür. Pekin də məhz buna ümid edir. Donald Tramp isə demokratların namizədinin qalib gələcəyi halda Çinlə münasibətlərin əvvəlki vəziyyətə qayıdacağı, bunun nəticəsində amerikalı işçilərin maraqlarının zərər görəcəyi ilə bağlı qorxulu təsəvvürlər yaratmaqla seçiciləri öz tərəfinə çəkməyə çalışır.

Donald Trampdan fərqli olaraq demokratlar ABŞ üçün əsas təhlükənin Çindən  deyil, Rusiyadan gəldiyinə inanırlar. Buna görə də demokratların namizədinin qalib gələcəyi halda Vaşinqtonun əsas hədəfinin Rusiya olacağı gözlənilir. Rusiyalı ekspertlər belə olacağı təqdirdə Çinin ABŞ-la eyni cəbhədə yer alacağı və Rusiya ilə ticarət əlaqələrini zəiflədəcəyindən narahatdırlar. Hazırda Rusiya Avropanın neft-qaz bazarlarında itirdiyi mövqeləri Çinə ixracı artırmaqla kompensasiya etməyə çalışır. Ancaq Vaşinqtonla Pekin arasında münasibətlərin yumşalması, ticarət müharibəsinin aradan qalxması müqabilində Çinin Rusiyadan idxal etdiyi neft-qazı ABŞ-dan almağa başlayacağı ilə bağlı narahatlıqlar var. Rusiyada hər kəs anlayır ki, Çin bazarlarının itirilməsi neft-qaz şirkətləri üçün ölüm hökmü ola bilər. Buna görə də Vaşiqtonla Pekin arasında münasibətlər gərginləşdikcə Moskvada özünə güvən artır. Ancaq hər kəs anlayır ki, bu proses noyabr ayına kimi yüksələn xətlə davam edə bilər. ABŞ-da prezident seçkiləri başa çatdıqdan sonra isə tamamilə fərqli proseslərə start verilməsi mümkündür.

Ümumiyyətlə, demokartların namizədi Co Baydenin qalib gəlməsi dünya siyastində ciddi dəyişiklikləri qaçılmaz edəcək. Bu məsələyə isə növbəti yazılarda aydınlıq gətirəcəyik.

 





27.07.2020    çap et  çap et