525.Az

Bir düzəlişə qarşı iki düzəliş - Erkin Qədirlinin məqaləsi


 

Bir düzəlişə qarşı iki düzəliş - <b style="color:red">Erkin Qədirlinin məqaləsi </b>

ABŞ Konqresinin Nümayəndələr Palatası 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu"na (National Defense Authorization Act - NDAA) etdiyi düzəliş Azərbaycan torpaqlarının işğala məruz qalması faktını təsdiqlədi.

Konqresmenlər Stiv Şabot ilə Stiv Kohenin birgə təqdim
etdikləri "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması" barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olundu. Analitiklər bu düzəlişi əhəmiyyətinə görə BMT

Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrindən sonra Azərbaycan ərazilərinin işğalı ilə bağlı ən vacib beynəlxalq sənəd hesab edirlər.

Milli Məclisin deputatı Erkin Qədirli ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul olunmuş bu sənədə öz Feysbuk səhifəsində paylaşdığı geniş yazı ilə münasibət bildirib.

Həmin yazını oxuculara təqdim edirik.

***

Güman ki, qəbul olunmuş son qərarlarla bağlı məlumatınız artıq var. Mətbuatda bu haqda yazılıb. Odur ki, çox da yeni nəsə yazası deyiləm. Yalnız, şərhlərdə, özəlliklə də təqdimatlarda qütbləşmə gördüm və yazmaq istədim. Hər şeydə olduğu kimi, burada da nə böyütməyə gərək var, nə də kiçiltməyə. Gedişatın ölkəmizin yararına olduğunu düşünürəm.

Bilənlərə məlumdur ki, ABŞ-da maliyyə ili oktyabr ayının 1-də başlayır. Odur ki, hər yay Konqresdə xərclər sahəsində düzəlişlər təklif olunur. Düzəlişlərin bəziləri maliyyə mahiyyətli olmaya bilər. Bununla belə, onların hədəfi xərclərə təsir etməkdir. Bu məsələyə sonra qayıdaram.  

Diqqətli oxucularımın yadında qalmış olar, ötən il səhifəmdə ABŞ-ın ölkəmizə ayırdığı müdafiə və təhlükəsizliklə bağlı xərclər haqqında yazmışdım. Onu da yazmışdım ki, Ermənistanın öz hərbçilərini Rusiyaya yardım adı altında Suriyaya göndərdiyinə görə, ABŞ Prezidenti Ermənistana ayrılmış pulu azaltmışdı. Bu yanaşmanın ABŞ-dakı erməni diasporunu çox rahatsız etdiyi məlumdur. O vaxtdan onlar Konqresdə ölkəmizə qarşı qanun və ya qərar qəbul etdirməyə çalışırdılar. Ötən ilin payızında bir neçə Demokrat Konqres üzvünün təklif etdiyi düzəlişlər qəbul olunmadı, sonra da araya koronavirus pandemiyası girdi. Yalnız indi, Ermənistanın ölkəmizin Tovuz bölgəsində hücumları kontekstində, Konqresdəki Demokratlar ölkəmizə qarşı yenidən fəallaşdılar. Əllərinə fürsət düşdü. Ümumiyyətlə, iş elə gətirib ki, milli maraqlarımız baxımından ABŞ-dakı seçkilərdə Respublikaçıların qələbəsi ölkəmizin, bir qayda olaraq, yararına olur. Üstünlük Demokratların əlinə keçəndə, bizə və Türkiyəyə qarşı çeşidli təşəbbüslərə əl atılır. Bunun ideoloji yanı yoxdur. Sadəcə, erməni lobbisinin Demokratlarla çox yaxşı əlaqələri var, Demokratların qalib gəldiyi ştatlarda və dairələrdə erməni diasporu güclüdür. Onlar, demokratiya və insan haqları adı altında çox zaman başqa məqsədlərə çatmağa çalışırlar. Erməni lobbisinin təsiri altında olan Demokratların ölkəmizə qarşı təşəbbüslərinin tarixi bədnam 907-ci düzəlişdən başlayır. Respublikaçıların çevrəsində isə yəhudi lobbisi, enerji şirkətləri, hərbi sənaye var. Onların hamısı, bir qayda olaraq, ABŞ-Azərbaycan münasibətlərinin yaxşı olmasını istəyir. Bu dəfə də heç nə dəyişmədi.

Ölkəmizə ayrılan müdafiə və təhlükəsizlik yardımını əngəlləmək üçün Demokratlar yenə düzəlişlər təklif etməyə girişdilər. Kaliforniyanın, müvafiq olaraq, 14-cü və 30-cu dairələrindən seçilmiş Cəki Şpeyer və Bred Şermanın təklifləri keçmədi. Cəki Şpeyer təklif etmişdi ki, Ermənistana ayrılan müdafiə və təhlükəsizlik yardımı Azərbaycana ayrılan yardıma bərabər olsun. Bu təklifin arxasında erməni lobbisinin durduğunu anlamaq çətin deyil. Bununla belə, bu təklifin keçməyəcəyi də aydın idi. Ermənistanla Azərbaycan arasında yardım bərabərliyi ABŞ-ın geopolitik məqsədlərinə uyğun deyil. Birincisi, əhalinin sayı və ərazinin sahəsi önəmli amillərdir. İkincisi, sərhədlərin uzunluğu vacibdir. Üçüncüsü, Xəzər dənizi və oradan Orta Asiyaya açılan yollar. Dördüncüsü, Rusiya ilə sərhəd. Bu və bir neçə başqa amillərə görə, Azərbaycan ABŞ üçün daha önəmlidir, ona görə də bizə ayrılan müdafiə və təhlükəsizlik yardımı daha çoxdur. Bred Şermanın təklifi isə Prezidentdən Azərbaycanla bağlı Konqresə əlavə zəmanətlərin verilməsini tələb edirdi. Bu təklif də qəbul olunmadı. Olunsaydı belə, Prezident onu imzalamayacaqdı.

Amma Demokratlar bir düzəlişin qəbuluna nail ola bildilər. Bu, erməni lobbisinin çox sıx işlədiyi Nyu Cersi ştatının 6-cı dairəsindən seçilmiş və bizə qarşı çeşidli təşəbbüslərlə tanınmış Frənk Pallounun düzəlişidir. Düzəlişin yalnız mətninə baxsaq, onun bizə qarşı olduğu görünmür. Orada söhbət müdafiə və təhlükəsizlik yardımlarını insan haqları məsələsinə bağlamaqdan gedir. Yəni yardım ayırmazdan öncə, ABŞ Müdafiə Katibi bu cür yardımların verildiyi ölkələrin silahlı qüvvələrinin insan haqlarını poza biləcəyi ehtimalına dair Konqresə hesabat verməlidir. Gördüyünüz kimi, yuxarıda yazdığım təkliflərdən fərqli olaraq, burada nə ölkəmizin adı çəkilir, nə də ölkəmizdəki insan haqları durumuna işarə olunur. Söhbət yalnız silahlı qüvvələrin insan haqlarını poza biləcəyi ehtimalından gedir. Amma hər zaman olduğu kimi, kontekst önəmlidir. Frenk Palloun Konqresdə öz düzəlişini təklif edərkən bunları demişdi: "Birləşmiş Ştatlar çoxdandır ki, irqindən, dinindən, etnik mənşəyindən və ya milliyyətindən asılı olmayaraq, hər kəsin insan haqları üçün bir fənər olub. Biz örnəyimizlə öncüllüyümüzü davam etdirməli, Amerikanın xarici yardımının dəyərlərimizə zidd olmadığını təmin etməliyik. Bu düzəliş özəlliklə bu gün, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Tavuş bölgəsində hücuma keçməklə, Ermənistanın təhlükəsizliyini və suverenliyini təhdid etdiyi bir gündə çox önəmlidir. Birləşmiş Ştatlar dəhşətli insan haqları durumu olan düşüncəsiz, avtokratik dövlətlərə hər hansı bir səbəbdən yardım etməməlidir". Buradan kontekstdə məhz Azərbaycanın olduğu aydın görünür (faktlar təhrif olunsa da). Bu düzəliş, təəssüf ki, qəbul olundu. Bununla belə, onun qanuni qüvvəyə minəcəyi təqdirdə necə tətbiq olunacağı maraqlıdır. ABŞ-ın müdafiə və təhlükəsizlik yardımını ayırdığı ölkələr arasında insan haqları məsələsində bizdən də geridə olub ABŞ üçün bizdən daha böyük strateji önəm daşıyanlar var. Ardıcıl ola bilməyəcəklər, güman ki. Xatırlayırsınızsa, yuxarıda yazmışdım ki, təklif edilən düzəlişlərin bəziləri maliyyə mahiyyətli olmaya bilər, amma onların gerçək məqsədi xərclərə təsir etməkdir. Frenk Pallounun təklifi buna bir örnəkdir. Erməni lobbisi onunla yaxşı işlədi və bu düzəlişin qəbuluna nail ola bildi.

Amma məsələ bununla bitmədi və sonrakı gedişat ölkəmizin yararına oldu. Tennesi ştatının 9-cu dairəsindən seçilmiş demokrat Stiv Kohen və Ohayo ştatının 1-ci dairəsindən seçilmiş respublikaçı Stiv Şabot birlikdə düzəliş təklif etdilər. Təklifdə GUAM ölkələrində (Gürcüstanda, Azərbaycanda, Ukraynada, Moldovada) qanunsuz işğal olunmuş ərazilərdə insan qətilləri və didərgin salınmış əhali ilə bağlı Dövlət Departamentinin (180 gündən gec olmayaraq) Konqresə hesabat verməsi tələb olunur. Burada önəmli olan, "qanunsuz işğal olunmuş" sözləridir. Ayrıca, respublikaçı Stiv Şabot Dağlıq Qarabağı Ermənistan tərəfindən işğal olunmuş ərazi adlandırıb. Stiv Kohen demokratdır, demokratların arasında isə erməni lobbisinin təsiri altında olanlar çoxdur. Bununla belə, demokrat Stiv Koen, respublikaçı Stiv Şaboyla birləşib belə bir düzəlişin qəbuluna nail ola bilib. Daha öncə yazdığım kimi, burada ideoloji fərqlərin önəmi yoxdur. Məsələ ondadır ki, Stiv Kohen yəhudidir, özü də Tennessi ştatının 9-cu dairəsindən seçilmiş ilk yəhudidir. Oradakı seçkiləri həmişə demokratlar udublar. ABŞ-dakı yəhudilərin isə bizə münasibəti, bir qayda olaraq, yaxşıdır. Respublikaçı Stiv Şabotun ərazisində Rusiya hərbi qüvvələrinin olduğu ölkələrlə bağlı təklikdə verdiyi daha bir düzəlişi olub. Ermənistanın ərazisində Rusiyanın hərbi bazasının olduğunu nəzərə alsaq, bu düzəlişin də, dolayısıyla olsa da, xeyrimizə olduğunu söyləmək olar. Bu düzəliş də qəbul olundu. Güman ki, ABŞ-dakı səfirliyimiz yəhudi və hərbi lobbistlərlə birlikdə bu məsələ üzərində yaxşı işləyib, erməni lobbiçilərinin bir düzəlişindən daha təsirli olan iki düzəlişin qəbuluna nail ola bilib. Sağ olsunlar.

 





27.07.2020    çap et  çap et