525.Az

"Cücələrim" müəllifinin məzarı ətrafında nə baş verir? - Fotolar


 

GƏNCƏDƏ QƏMBƏR HÜSEYNLİNİN MƏZARI YERLƏŞƏN PARKIN TİKİNTİ HASARINA ALINMASI İCTİMAİYYƏTİ NARAHAT EDİB

"Cücələrim" müəllifinin məzarı ətrafında nə baş verir? - <b style="color:red">Fotolar</b>

Azərbaycanının görkəmli bəstəkarı, yazdığı "Cücələrim" mahnısının şöhrəti 70 ildən çoxdur ki, bütün dünyanı bürümüş Qəmbər Hüseynlinin məzarı və abidəsi Gəncədə, şəhərin mərkəzi hissəsindəki bir parkda yerləşir.

Qəmbər Hüseynli taleyin ona bəxş etdiyi 45 illik ömrü ərzində Azərbaycan musiqi incəsənətinə özünəməxsus incəliyi ilə seçilən onlarla  mahnı, romans, orkestr əsərləri, hətta bir opera bəxş edib. 1961-ci ildə vəfat edən Bəstəkar Gəncənin mərkəzi hissəsində yerləşən bağda dəfn olunub və onun məzarı üstündə qara mərmərdən abidə qoyulub. Sovet dövründə "Pioner parkı" adlanan bu yaşıllıq guşəsi 3 il bundan qabaq yenidən abadlaşdırılıb, görkəmli bəstəkarın qəbirüstü xatirə abidəsi də yenilənib və onun üzərində Qəmbər Hüseynlinin obrazlı heykəli də qoyulub. Elə abidənin açılışı zamanı bildirilmişdi ki, bura artıq "Filarmoniya bağı" adlandırılıb. Amma son günlər "Filarmoniya bağı"nın qəfildən tikinti hasarına alınması, burada hündürmərtəbəli bina tikiləcəyi və Qəmbər Hüseynlinin də məzar-abidəsinin bu səbəbdən köçürüləcəyi ilə bağlı şəhərdə, həmçinin, sosial şəbəkələrdə bəzi söz-söhbətlər oyadıb. 3 il əvvəl təmir görmüş bu parkın hasara alınmış ərazisində fənərli dirəklərin və döşəmə daşlarının çıxarılması kimi faktlar da planlaşdırılan hansısa işlərdən xəbər verir.

Gəncə bölgəsində çalışan mətbu, elektron və televiziya jurnalistləri də bu narahatlığın əsası olub-olmamasını araşdırmaq üçün hamılıqla hasara alınmış bağa gələrək, burada ictimaiyyət nümayəndələrinin təmsilçiləri, sadə gəncəlilər ilə söhbətləşib və rəsmi qurumları da arayıblar.

Gəncədəki universitetlərin birində uzun illərdir ki, dərs deyən professor, bioloq Əhəd Nəbiyev diqqəti ilk növbədə şəhərsalma ekologiyası baxımından sözügedən bağın yerləşdiyi ərazinin  xüsusiyyətlərinə çəkdi.

"Bu bağ, bir növ qarşı-qarşıya yerləşdiyi məşhur "Xan bağı"mızın davamı kimidir. Burda bəstəkarımızın abidəsindən başqa, onlarla qədim ağaclar da var. Şəhərsalma qanunlarına görə, belə yaşıllıq və park tipli məkanlarda heç vaxt hündür tikililərə yol vermək olmaz. Əgər burada bu cür böyük bina və ya obyektlər tikilərsə, "Xan bağı"nın yaşaması üçün təbii havalandırma sistemi zərər görəcək, oradakı neçə əsrlik ağaclar, yaşıllıqlar məhv olacaqlar. Axı o ağaclar, bitkilər nəfəs alır, özləri yaşamaqla, insanları da yaşadırlar", - deyə professor məsələnin təbiətə ziyan ilə bağlı xüsusiyyətlərini vurğulayır.

Görkəmli bəstəkarın qohumu da məsələ ilə bağlı naməlumluğa görə öz narahatlığını bildirdi. "Buranın hasara alınması xəbərinin şəhərdə, eləcə də sosial şəbəkələrdə yayılması ilə bir narahatlıq içinə düşdük. Mənə hətta dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz zəng edir, şəbəkədə yazır, bir dürüst xəbər almaq istəyirlər. Mənim atam Qəmbər Hüseynlinin doğmaca xalası oğludur. O söyləyirdi ki, bu bağda bəstəkarın dəfni böyük izdihamla müşayiət olunmuşdu. Bu, xalqın öz sənətkar oğluna sevgisinin nəticəsidir. Deyin görüm, dünyada elə bir bəstəkar varmı ki, onun bir mahnısı, "Cücələrim", yüzdən artıq xalqın dilinə tərcümə olunaraq, ifa edilir. Onu da xatırladım ki, sovet dövründə bu "Pioner parkı"nda taxtadan tikilmiş, 19-cu əsrin yadigarı olan  enli, çoxgirişli birmərtəbəli, yaraşıqlı bina da var idi. Orada uşaq kitabxanası və "Cücələrim" guşəsi də yerləşirdi. Təəssüf ki, bir neçə il bundan qabaq həmin gözəl, dekorativ binanı uçurdular. İndi heç olmazsa, bu ətrafı səliqə-sahmana salıb, bu yaşıllığı "Cücələrim parkı" adlandırmaq pis olmazdı", - deyə bəstəkarın xalasının nəvəsi İlyas Xəlilov fikirlərini bölüşür.

"Xatırladım ki, 2015-ci ildə möhtərəm cənab Prezidentimizin böyük bəstəkarımız Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı olub. Mən istərdim ki, millətimizin mənəvi dəyərlərinə xidmət etmiş bu cür şəxsiyyətlərin adına həmişə hörmətlə yanaşılsın və onlarla bağlı məsələlərdə həssaslıq nümayiş olunsun. Qəmbər Hüseynli onların sırasındadır. Dünyanın 100-dək dilində müxtəlif tərzlərdə səslənən "Cücələrim" yer planetinin uşaqlarının tarixən ən sevilmi mahnılarından biridir desək, yanılmarıq. Şair Tofiq Mütəllibovun sözlərinə yazılan bu nəğmə bəşəri əbədiyaşar əsərlər sırasına düşüb. Bütün zamanların ən böyük aktyoru sayılan Çarli Çaplin deyib ki, "Cücələrim" melodiyasını yazan xalq çox böyük istedad sahibidir", - deyə tetrşünas, tənqidçi Anar Bürcəliyev bildirir.

"Şəhərlərimizin  özündə bir-birini əvəz edən dövrlərin yadigarlarını əks etdirən tarixi məkanları, eləcə də mənəvi dünyamızda izi olan şəxsiyyətlərin  irsi qorunmalı, ora müdaxilələrə  yol verilməməlidir. Baxın bu dediyimiz park və "Xan bağı"nı bölən yol 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin ilk iqamətgahı olan gözəl, tarixi, kərpic binaya aparır. İndi təsəvvür edin, ətrafda hündürmərtəbəli tikililər olsa, üstündə daim Azərbaycan Bayrağını dalğalandıran "Cümhuriyyət binası"nın əvvəlki möhtəşəmliyi itib-batacaq. Biz "bu "Filarmoniya bağı"ndakı naməlum situasiya ilə bağlı altı yüz nəfərdən çox gəncəlinin imzası ilə şəhərimizin hörmətli rəhbərinə də müraciət göndərmişik. Məsələnin məntiq və şəhərimizin gözəlliyi naminə həll ediləcəyinə ümidliyik", - deyə "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbərlərindən olan hüquqşünas Müzadil Həsənov bildirir.

Məsələnin aydınlaşdırılması ilə bağlı bölgə jurnalistlərinin məlumat istəyini nəzərə alaraq, yerli icra qurumlarının nümayəndəsi də bu parkın ərazisinə gələrək, açıqlama verdi.

"Bilirsiniz ki, Gəncə şəhərində irimiqyaslı abadlaşdırma işləri davam etdirilir. Bu ərazinin də hasara alınmasını məhz bu baxımdan dəyərləndirmək lazımdır. Böyük bəstəkarımız Qəmbər Hüseynlini qəbrinin köçürülməsi haqda deyilənlərin də heç bir əsası yoxdur. Onu da nəzərə çatdırım ki, Gəncə şəhəri üçün yeni baş plan hazırlanır və bu plana uyğun olaraq, mütəxəssislər tərəfindən bu ərazidə aparılan quruculuq işlərində müəyyən digər məsələlər də nəzərdə tutula bilər. Hazırda burada yalnız abadlıq işlərindən söhbət gedir. Onu da deyim ki, bu hissədə hər hansı yaşayış binası tikilməsi məsələsi Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən həll oluna bilər. Hazırda gündəmdə belə məsələ yoxdur", - deyə Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov bildirdi.

Təəssüf ki, son dövrlər iri şəhərlərimizdə park, yaşıllıq, xiyaban, tarixi məkan və digər bu kimi şəhər arxitekturasının vacib elementlərinə fikir vermədən müəyyən obyektlər tikintisi aparmaq kimi təzahürlər özünü göstərməkdədir. Ümid  edirik ki, işıqlandırdığımız bu məsələdə belə hala yol verilməyəcək.

Zakir MURADOV
Gəncə

 





28.07.2020    çap et  çap et