525.Az

Yadlaşan küçələr - Aytac Aslanın yazısı


 

Yadlaşan küçələr - <b style="color:red">Aytac Aslanın yazısı </b>

Bundan 4 ay öncə, hələ hər kəsin görünməz bir zəncirlə evə bağlanmadığı mart günləri idi. Hamı Çində bütün küçələrin bomboş qaldığından, hər kəsin evlərə qapandığından danışırdı. Hətta buna məsxərə edənlər də az deyildi.

Axı, hardan bilərdik ki, bir az keçəcək, biz də kinayə ilə yanaşdığımız çinlilərlə eyni taleyi yaşamağa məhkum olacağıq. Sonuncu dərs günü universitetdən iki nəfər gəlib maska taxmağımızın və əllərimizi tez-tez yumağımızın vacib olduğunu bildirdi. Universitetin bu qədər narahat olması bizə qəribə gəlmişdi. "Virus Çindədir, Azərbaycanda deyil ki! Bu qədər ciddi tədbir nəyə lazımdır?!" - deyə düşünürdük. Lakin dərsdən evə gəldikdən sonra aldığımız "sabahdan universitetlər fəaliyyətini dayandıracaq" xəbəri bütün düşüncələrimizi darmadağın etdi.

Düzü, karantinin ilk günlərində bu, monoton həyatdan bezmiş insan övladına maraqlı və fərqli görünürdü. Hətta işin ciddiyyətinin fərqinə varmayaraq, bir çoxumuz karantini tətil kimi qəbullanıb, bir müddət insanlardan uzaq, qaçaqaç dolu günlərdən sakit həyata adladığımız üçün qəlbən sevinirdik. İlk vaxtlarda hər kəs bolluca boş vaxtının olmasından istifadə edərək mütaliə ilə məşğul oldu, çoxumuz qaydalara riayət etməyənlərə "evdə qal"  çağırışını etdik. Bir qisim insan isə bunların sadəcə, təbiəti insanlardan qorumaq üçün bir oyun olduğunu düşünürdü. Lakin COVİD-19 bizə nə qədər acımasız və gerçək olduğunu, bir sözlə, sərt üzünü göstərdi. Artıq videolarda görüb, rişxəndlə yanaşdığımız, bəzən acıyaraq izlədiyimiz Çinin boş küçələrinin mənzərəsi bütün çılpaqlığı ilə gözümüzün önündə - Bakıda idi. Hər zaman maşın səsləri, izdiham və insan nəfəsinin əskik olmadığı Bakı indi tərk edilmiş ev kimi ruhsuz, soyuq, eyni zamanda, ürküdücü görünürdü. Hər gecə rəngarəng işıqları, qələbəlik mərkəzi küçələri ilə insanı özünə çəkən, doğma hiss etdirən Bakı indi insanı vahiməyə salaraq özündən uzaqlaşdırırdı. Sanki tanımadığımız, dilini, irqini bilmədiyimiz yad bir insanın evindəydik. Necə ki heç vaxt görmədiyimiz bir yerə, heç tanımadığımız insanların mühitinə düşəndə özümüzü özgüvənsiz, narahat hiss edirdik. Bu sərt karantin günlərində Bakının boş küçələri bizə eyni narahatlığı hiss etdirir - doğma evimizdə özümüzü qoruyurmuşcasına, hər gün gördüyümüz divarları tanımırmış kimi...

Bir neçə ay öncə rəfiqəmlə söhbət edəndə maşında yol gedərkən ürək bulanmasının səbəbini demişdi: bədənin tarazlığının saxlanılması üçün gözlərdən və qulaqlardan mərkəzi sinir sisteminə müəyyən siqnallar göndərilir. Bu siqnallar beyinə insanın hərəkət halındamı, yoxsa durğun vəziyyətdəmi olması haqqında məlumat verir. Məhz bu prosesdə olan uyğunsuzluq nəticəsində mərkəzi sinir sistemi beyinə səhv məlumatlar ötürür.Yəni beyinə bədənin hərəkət etdiyi siqnal ötürülsə də, göz bunu təsdiqləmir. Nəticədə, ürəkbulanması baş verir. Sərt karantin rejimini də buna bənzəyir. Hər gün saat əqrəbinin hərəkət etdiyini, zamanın getdiyini görsək də, biz hərəkətsizik. Günlər keçir, amma biz hər gün eyni işləri edirik, sadəcə dörd divarı görürük, inkişaf edə bilmirik. İstəsək də, boş vaxtımızı doldurmağı bacarmırıq. Eynilə maşında ürək bulanmasına bənzəyir: gözümüz zamanımızın necə boş yerə axdığını, el dili ilə desək, ömrümüzdən getdiyini görür, lakin biz heç nə edə bilmirik. Təəssüf ki, bunun nəticəsi tək ürəkbulanması ilə bitmir. Ruhumuz yorulur, hər gününü evdə oturaraq keçirən bədənimizə məhbus olmaq istəmir sanki. Oxuduğum bir kitabda yazılmışdı ki, insanlar azad vaxtının çox hissəsini işə sərf edir, boş vaxtı olanda belə, onu nə iləsə doldurmağa çalışır, bu, insan övladının yaradılışında var. Çünki boş qalmaq insanın özünü faydasız hiss etməsi, özü ilə yalnız qalması, bir növ məhv olması deməkdir.

Bəli, silahsız müharibə gedir. Ətdən-sümükdən olan insan övladı dəmir mərmilərlə yox, mənəvi boşluqla zərərsizləşdirilir.

 





28.07.2020    çap et  çap et