525.Az

"Məktəblinin dostu" layihəsi - Azərbaycan təhsilinin uğurlu yeniliyi


 

"Məktəblinin dostu" layihəsi - <b style="color:red">Azərbaycan təhsilinin uğurlu yeniliyi </b>

2016-cı ildən etibarən ölkənin təhsil sistemində yeni, mühüm əhəmiyyət kəsb edən "Məktəblinin dostu" adlı layihə tətbiq olunur.

Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Hazırda "Məktəblinin dostu" layihəsi 70 ümumtəhsil məktəbində tətbiq olunur. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində "Məktəblinin dostu" fəaliyyət göstərir. Layihə çərçivəsində ümumilikdə 300 əməkdaş fəaliyyət göstərir. "Məktəblinin dostu" layihəsi Azərbaycan təhsilinin fundamental inqilabi yeniliklərindən biridir.

Qeyd edək ki, bu kimi layihələr dünyanın bir çox ölkəsində çeşidli adlarla uğurla sınaqdan çıxıb. ABŞ, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə məktəblərdə "şagirdlərin dostu" olur. Bu xidmətin müxtəlif adı olsa da, hər yerdə məqsədi eynidir. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. “Məktəblinin dostu”nun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir.  Bu, çox yaxşı təşəbbüsdür. Bunun hesabına ilk növbədə məktəblərdə nizam-intizam problemi həll olunur. Eləcə də məktəblərdə müəllimlə şagird arasında müsbət ab-hava yaranır.

Azərbaycanda da 4 ildən artıqdır ki, sadalananları əhatə edən "Məktəblinin dostu" layihəsi uğurla icra olunur. "Məktəblinin dostu" şagirdlərin həyatında fəal iştirak edərək onları ruhlandırır, məktəblilər arasında ahəngdar ab-hava yaradır ki, bu da şagirdlərin istedadlarının aşkarlanmasına yardımçı olur. Eləcə də bu layihə müxtəlif yaş qrupundan məktəblilərin öz aralarında əlaqə saxlamasına, asudə zamanlarında müxtəlif tədbirlər təşkil etməsinə, onların həm fiziki, həm də mənəvi-psixoloji inkişafına kömək edir.

Həmçinin, layihədə iştirak edən əməkdaşlar müvafiq psixologiya kursları keçərək və şagirdlərdə psixoloji problemlərin aşkarlanmasına yardımçı olur.

Bununla yanaşı, layihənin Psixoloji Mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzlər pulsuz olaraq məktəblilər üçün valideynlərinin icazəsi ilə müxtəlif seminar keçirərək, eləcə də şagirdlərin peşə seçiminə kömək edir. "Məktəblinin dostu" layihəsinin əməkdaşları hər zaman uşaqların köməyinə gələrək böyük qardaş və ya bacı, mürəbbiə rolunda çıxış edir.

"Məktəblinin dostu" layihəsinin İctimaiyyətlə əlaqələr üzrə (PR) meneceri Nərgiz Kərimova deyir ki, 2016-cı ildə fəaliyyətə başlayan "Məktəblinin dostu" layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsidir. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində fəaliyyətə başlayıb. 2017-2018 təhsil ilində isə 20 saylı tam orta məktəb və Bakı şəhər 200 saylı məktəb-lisey kompleksi də bu layihəyə qoşularaq məktəb sayı 32-yə çatıb. 2018-2019-cu tədris ilindən etibarən bu təşəbbüsə, 162 nömrəli tam orta məktəb, 277 nömrəli idman təmayüllü tam orta məktəb və Vətən futbol məktəbi qoşularaq məktəb sayı 35-ə yüksəlib: "Cari ilin may ayından etibarən "Məktəblinin dostu" layihəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, 2019-2020-ci il tədris ilindən etibarən layihənin əhatəsinə 31 tam orta məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə edilib. Əlavə olunan ümumtəhsil müəssisələrindən 4-ü Sumqayıt şəhərində, 2 tam orta məktəb isə Abşeron rayonunda fəaliyyət göstərməkdədir. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur". N.Kərimovanın sözlərinə görə, hal-hazırda layihədə 300 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir. Hər məktəbdə şagird sayına uyğun olaraq minimum 3 nəfər “Məktəblinin dostu” var. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsində, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər: "Şagirdlərin inkişafına yardım məqsədilə davamlı olaraq təlim sessiyaları, 2 növbəli "Yay məktəbi", asudə vaxtın səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində çoxsaylı fəaliyyət icra edilib. Əlavə olaraq layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı avadanlıqların yoxlanılması, bütün siniflər üzrə yanğın vəziyyəti ilə bağlı nəzəri təlimlərin aparılması və şərti həyəcan təlimlərinin icrası, təhlükəsizlik tədbirləri (FHN, sağlam qida, civə təhlükəsizliyi, yol hərəkəti qaydaları, zərərli vərdişlər, şagirdlər üçün tibbi təlimlər və s.), vətənpərvərlik mövzusunda  müxtəlif irimiqyaslı tədbir təşkil edilir".

N.Kərimova bildirib ki, mövcüd sanitar-epidemioloji vəziyyətlə əlaqədar bir sıra məktəblilərarası yarışlar onlayn təşkil olunub. Belə ki, "Fibonacci" intellektual yarışları keçirilib. Bununla yanaşı, "Məktəblinin dostu" layihəsi, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr studiyası və "Kulis.az" saytının təşkilatçılığı ilə "Sənə nağıl danışım" adlı müsabiqə də təşkil olunub.

N.Kərimova əlavə edib ki, “Məktəblinin dostu” vəzifəsini yerinə yetirən şəxslər əsasən gənc kadrlardan ibarətdir. "Məktəblinin dostu" əsasən müsabiqə yolu ilə təyin olunur: "İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılır. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük verilir. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunur. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər "Məktəblinin dostu" təyin edilir.  Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən "Fövqəladə hallarda davranış qaydaları",  Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən "İlk yardım" təlimləri keçib “Məktəblinin dostları”.

"Məktəblinin dostları" sözün əsl mənasında şagirdlərin dostudurlar. Onlar öz işlərini böyük həvəslə, canla-başla yerinə yetirirlər. “Məktəblinin dostları”ndan biri daim monitor vasitəsilə kameraların göstərdiyi nöqtələri nəzarətdə saxlayır. Bir an belə gözlərini monitordan çəkmir. Digər iki nəfər isə dəhlizlərdə, məktəbin həyətində dolaşır, şagirdləri uzaqdan müşahidə edirlər. Müəllimin gözündən yayınıb dəhlizdə qaçan, tullanıb düşən ibtidailəri sakitləşdirir, dərsdən yayınmağa çalışan şagirdlərə dost məsləhəti verirlər. Səhər saat 7:30-dan axşam saat 7:00-a, məktəbdən ən son şagird çıxana kimi “Məktəblinin dostları” məktəbdə olur. “Məktəblinin dostu” olmaq göründüyü qədər də asan deyil.

“Məktəblinin dostu” Məhəmməd Əliyev deyir ki, “Məktəblinin dostu” kimi fəaliyyətə başladığı ilk gündən şagirdlərə düzgün istiqamət verməyi, məktəbdə davranış qaydalarını öyrətməyə çalışır. İşini çox sevən M.Əliyevin sözlərinə görə, “Məktəblinin dostu” olmaq asan deyil: "Uşaqların sevgisini, etibarını qazanmaq, onların dostu olmaq üçün gərək özünü əsil dost kimi aparasan. “Məktəblinin dostları” şagirdlərə dost münasibəti göstərir. Onlara hər zaman öz dost əlini uzadır. Ona görə də şagirdlər bizi öz dostu bilib etibar edir, güvənir".

Təhsil eksperti Kamran Əsədov deyir ki, "Məktəblinin dostu" layihəsi tətbiq olunandan Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib: "Adətən məktəb idarəçiliyi direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir. Amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər. Yəni sinif rəhbəri və yaxud da direktor müavini aktiv tədris prosesinin iştirakçısı olduğuna görə şagirdlərin bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı fəaliyyət göstərə bilmirlər. Orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntıları ilə bağlı işlər güclü şəkildə həyata keçirilə bilmirdi. Amma "Məktəblinin dostu" vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər. Məsələn, məktəblər arasında yarışlar keçirilir və yaxud məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər. Apardığım araşdırmalara görə, məhz "Məktəblini dostu" layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb. Həmçinin, məktəbə kənar şəxslərin daxil olmasının qarşısı alınıb.  Seçilmiş şəxslər, yəni “Məktəblinin dostları” həm əlavə iş yeri, həm də kifayət qədər təhsilli, aktiv gənclərin təhsilə cəlb olunması deməkdir. Bu, olduqca uğurlu bir layihədir".

K.Əsədovun sözlərinə görə, bu layihə bir çox ölkələrdə tətbiq edilir. Məsələn, qardaş Türkiyədə, Gürcüstanda isə uzun müddətdir ki, fəaliyyət göstərir. Ölkəmizdə tətbiq olunması isə olduqca müsbət haldır: "Hesab edirəm ki, “Məktəblinin dostu” Azərbaycanda fəaliyyət göstərən bütün orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır. Çünki “Məktəblinin dostu”, həqiqətən də Azərbaycan təhsilinin, müəllim və şagirdinin, hətta valideynin də dostudur. Bəzən olur ki, valideynlər uşaqlarını gec götürürlər və həmin vaxt “Məktəblinin dostu” şagirdin təhlükəsizliyini təmin edir".

Sevinc QARAYEVA

 





28.07.2020    çap et  çap et