525.Az

30 ilin "Ədalət"i - Yubiley


 

"ƏDALƏT" QƏZETİNİN NƏŞRƏ BAŞLAMASINDAN 30 İL ÖTÜR

30 ilin "Ədalət"i - <b style="color:red">Yubiley </b>

Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda vüsət alan Milli Azadlıq Hərəkatı az sonra ən müxtəlif fəaliyyət sahələrinə də təsir göstərdi.

Çox keçmədi, ölkədə bir-birinin ardınca yeni, partiya-sovet təbliğatından uzaq müstəqil nəşrlər yaranmağa başladı. Həmin nəşrlərdən biri də ilk sayı 1990-cı il iyul ayının 26-da işıq üzü görən "Ədalət" idi.  Yazıçı, publisist, millət vəkili Aqil Abbasın rəhbərliyi ilə artıq 30 ildir fəaliyyət göstərən "Ədalət" qəzeti bu günlər öz yubileyini qeyd edir. Ötən 30 ildə "Ədalət" neçə-neçə gənc, istedadlı jurnalistin yetişməsində, püxtələşməsində böyük rol oynayıb. Bu gün ölkənin ən müxtəlif media orqanlarında bir vaxtlar bu qəzetdə fəaliyyətə başlamış peşəkar jurnalistlər çalışırlar. Yubiley ərəfəsində "Ədalət"in hələ fəaliyyətə başladığı ilk günlərdən orada çalışmış qələm adamları ilə əlaqə saxlayıb onların fikirlərini öyrəndik.

İlk söz, təbii ki, "Ədalət"in yaranmasında, illərin sınağından keçərək bugünə gəlib çıxmasında əvəzsiz xidmətləri olan, qəzetin yaradıcısı və naşiri Aqil Abbasındır:

- 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verdi. Qəzetin ilk nömrəsi isə iyulun 26-da işıq üzü gördü. "Ədalət" qəzeti 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edildi. Yəni hüquq qəzeti idi. Nizamnamədə qəzetin adı "Hüquq" idi. Bütün Sovet respublikalarında bu adda qəzetlərin nəşri planlaşdırılırdı. Amma o qəzeti bir biz çıxarda bildik, bir də Rusiya ilə Baltikyanı ölkələrdə çıxdı. Qalan ölkələrdə qəzet çıxmadı. "Ədalət"i biz Adil Minbaşıyevlə birlikdə yaratmışıq, onun da qəzet üzərində zəhməti böyükdür. Onunla həmişə arzulayırdıq ki, yeni qəzet yaradaq. Dediyim kimi, qəzetin adı ilk vaxtlarda "Hüquq" idi. Ancaq iclasların birinə məni redaktor kimi dəvət edəndə qəzetin adını dəyişmək istədiyimi dedim. Bildirdim ki, qəzetin adını dəyişib "Ədalət" qoymaq istəyirəm. Böyük etirazlarla qarşılaşdım. Dedilər ki, ədalət inqilabdan əvvəl müsavatyönümlü partiyanın adı olub, qətiyyən olmaz. Ancaq mən öz sözümün üstündə durdum və Mərkəzi Komitənin razılığı ilə qəzetin adını dəyişib "Ədalət" qoyduq.

O dövrdəki çətinliklərə, maneələrə baxmayaraq, biz qəzeti çap etdik. Əslində, "Ədalət" iyulun 26-sı yox, daha tez işıq üzü görə bilərdi. Ancaq bizdən asılı olmayan səbəblər üzündən bir az gecikdi. Öncə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başladı. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirdi. "Ədalət" qəzeti daim maarifçilik ideyaları daşıyıb. Cəsarətli qəzet idi. Biz o vaxt hökumət adamlarından çox, demokratik qüvvələri müdafiə edirdik, onların fikirlərinə yer verirdik. Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilik olub. Fəaliyyətə başladığı ilk günlərdən tutduğu yolu ardıcıl davam etdirən, öz ənənəsinə sadiq qalan mətbuat orqanları arasında "Ədalət"in özünəməxsus yeri var. "Ədalət" dövlətin keçdiyi keşməkeşli yollarda, bütün sınaqlarda onun fəaliyyətini işıqlandıran, həmçinin, xalqının qəzeti olmağı bacaran nəşr olub.

"Ədalət" bu müddət ərzində adının mənasını, ləyaqətini qorumağı bacarıb. Xalqın sözünü, dövlətin mənafeyini ədalətli şəkildə əks etdirib. "Ədalət" qəzeti indi də daşıdığı ada, prinsiplərinə sadiqdir. Qəzetin ətrafında hər zaman istedadlı qələm sahibləri olub. Bu gün ölkənin bir sıra tanınmış qələm sahibləri "Ədalət"in məktəbini keçib. Onlar indi müxtəlif sahələrdə çalışmalarına baxmayaraq, bu məktəbin yetirmələridir. "Ədalət" onlar üçün, həm də həyat məktəbi olub.

Mehman Cavadoğlu:

- Ötən əsrin 90-cı illərinin əvəllərindən başlayaraq Azərbaycanda milli  mətbuat yenidən dirçəlməyə başladı. "Ədalət" qəzeti də o dövrdə yaranan müstəqil mətbuatın ilk qaranquşlarından biri idi. Qəzet elə birinci nömrəsindən özünə böyük oxucu kütləsi toplamağı bacardı və insanlar arasında geniş rəğbət qazandı. Qəzetin tirajı həmin dövrdə yüz minə yaxın idi. Həmin dövrdə "Ədalət" qəzeti ilə yanaşı, çoxlu sayda qəzetlər də fəaliyyət göstərirdi. Ancaq illər keçdikcə həmin qəzetlər müxtəlif səbəblərdən nəşrini dayandırdı. "Ədalət" isə oxucu rəğbəti qazanan, daim böyük maraqla izlənilən qəzet kimi öz nüfuzunu, çəkisini bugünədək qoruyub saxlamağı bacardı. Artıq 30 ildir, "Ədalət" qəzeti fasiləsiz olaraq nəşr olunur. O dövrdə olduğu kimi, bu gün də qəzet oxucular tərəfindən böyük maraqla izlənir və oxunur. 30 illik fəaliyyəti dövründə "Ədalət" qəzeti milli mətbuat tarixinə özünəməxsus səhifələr yazıb.

Rəşad Məcid:

- "Ədalət" qəzetinin 30 yaşı tamam olur. Bəlkə də, çoxlarına bu rəqəm sadə, adi informasiya kimi görünə bilər, amma mənim üçün bu, 30 il əvvələ bir səyahət oldu, nostalji duyğular yaşatdı. Onda hamımız gənc idik, 1990-cı il 20 Yanvar hadisələrinin məyusluğu ruhumuzu çuğlamışdı, eyni zamanda, xalqımız üçün öz sahəmizdə nəsə etmək arzularımız vardı və bu arzuların, hisslərin məkanı məhz "Ədalət" qəzeti oldu. Aqil Abbas özünə yaxın insanları, dostları bir qəzet ətrafında topladı. "Ədalət" qəzetinin ilk sayını xatırladıqda hüquqşünas Adil Minbaşıyevin fəaliyyətini, işgüzarlığını, əzmini yada salır, Mehman Cavadoğlunu, ilk nömrədə fəaliyyətə başlayan Aydın Ağazadəni, gənclərdən Yusif Rzayev və Vahid Qazıyevin yazılarını, eləcə də digər dostları xatırlayıram.

"Ədalət" qəzetinin keçdiyi bu 30 illik yolda, ola bilər ki, nə vaxtsa tirajı azalıb, amma bütün dövrlərdə öz obrazını, simasını həmişə saxlayıb. Son illər əziz İradə Tuncayın rəhbərliyiylə qəzetin intellektual yükü, çəkisi artıb. Amma "Ədalət" həmişə Aqil Abbasın qəzeti olub, onun xarakterini özündə yansıdan qəzet olub. Bu qəzet hər zaman Aqil Abbasın xeyirxahlığı, ədəbiyyata, gənc yazarlara dəstəyi, xarakterindən irəli gələn genişürəkliliyi ilə yadda qalıb, eyni zamanda, iti yumor və sarkazmla heç nədən çəkinmədən sözünü eməyi bacarıb. Hələ 1990-cı illərdə məmurların "Ədalət" qəzetinin ilk səhifəsi qədər qorxduqları başqa bir şey yox idi ki, birdən Aqilin qələminə tuş gələrlər. Aqil Abbas klassik mətbuatımızı, "Əkinçi"dən gələn ənənələri, "Molla Nəsrəddin"in iti sarkazmını öz qəzetində birləşdirirdi. "Ədalət" hər zaman klassik mətbuatımızın davamçısı kimi çıxış edirdi. Aqil özünün  biliyi, sərrast intuisiyası, enerjisi hesabına "Ədalət" qəzetini həmişə öndə saxlayıb. Bu gün Aqil bəlkə, bir az yaşlanıb. Amma çox sevinirəm ki, mənim əziz dostum, doğmam Aqil Abbas indi də hadisələrə iti, çevik reaksiyası, orijinal fikirlərilə fərqlənir və bütün bu illərdə özünün xalqa yaxın, xalqın dərdiylə həmdəm olan, eyni zamanda, rəsmi strukturlara öz sözünü deyə bilən jurnalist, yazıçı, redaktor, millət vəkili obrazını - Aqil Abbas obrazını qoruyub saxlaya bilib. "Ədalət" qəzetini də məhz Aqil Abbas 30 ildir qoruyub-saxlayır. Arzu edirəm, bundan sonra daha 30 il də Aqil Abbas "Ədalət" qəzetinə rəhbərlik eləsin. "Ədalət" qəzetində izi olan hər kəsi yubiley münasibətilə təbrik edirəm.

Nazim Ağamirov:

- 1990-cı ilin iyulunda ilk sayı çapdan çıxan  "Ədalət" qəzeti çağdaş mətbuatımızın ilk qaranquşlarından oldu. Mətbuat tariximizdə ilk hüquq qəzeti olaraq  fəaliyyətə başladı. Yaranışının ilk günlərindən digər mətbuat nəşrlərindən fərqləndi. Ötkəm oldu, ürəkli oldu. Çoxları bu qəzetə, onun əməkdaşlarına qibtə etdi, həsəd aparanlar da oldu. Adı qəzetin səhifələrinə düşməkdən qorxub çəkinənlər də çox idi.

Qəzet ilk günlərdən oxucuların diqqətini orijinallığı, qeyri-standart yanaşmaları ilə cəlb etdi, get-gedə oxucu auditoriyası genişləndi. Əvvəllər daha çox hüquqi mövzularda materiallar dərc edən qəzetin mövzu dairəsi daha rəngarəng olmağa, ölkədə, cəmiyyətdə gedən proseslərə yaxından nüfuz etməyə başladı. Müxtəlif sosial problemlərlə redaksiyaya müraciət edən vətəndaşların güvənc yerinə çevrildi, onlara dayaq durdu.

"Ədalət"i bir çox mətbu nəşrlərdən fərqləndirən bir cəhət  də onda idi ki, qəzet həm də bir  məktəb oldu. Öz səhifələrində istedadlı qələm sahiblərinə səxavətlə yer ayırdı,  onları oxuculara tanıtdırdı. Bütün bu illərdə yüzlərlə insan "Ədalət"in səhifələrində qələmini sınadı.

Jurnalistlərin dilində gəzən qanadlı bir fraza var: "Şinelindən çıxmaq".  Bu gün məhz "Ədalət"in "şinelindən çıxmış" onlarla qələm sahibi var ki, indi mətbuatda, sosial şəbəkələrdə, televiziya kanallarında aparıcı simalara çevriliblər.  Vaxtilə heç kəsin tanımadığı, imzasına bələd olmadığı gənc ədəbi qüvvələrə məhz "Ədalət" sahiblik etdi, qəzetdə "Ədəbiyyat səhifəsi" açaraq onlara meydan verdi. İndi həmin istedadlı gənclərin sorağı müxtəlif ədəbi nəşrlərdən gəlir, imzaları tanınır, əsərləri diqqəti cəlb edir, maraqla oxunur.

Bu minvalla "Ədalər" 30 ildir ki, yol gəlir...

Yolunuz açıq olsun, "Ədalət"çilər!  Yubileyiniz mübarək olsun!

Aydın Ağazadə:

- O dövrlər Azərbaycanda müstəqil qəzetlər çox az idi. 1990-cı ildə tanınmış hüquqşünas Adil  Minbaşıyevin yaratdığı "Ədalət" qəzeti o illər hüququ pozulmuş, haqqı tapdanmış vətəndaşların az qala ümid yerinə çevrilmiş oldu. Elə ilk günlərdən redaksiyamıza şikayət məktublarının "yağışı" başladı. Açığını deyim, redaksiyaya gondərilən şikayət məktublarının sayı-hesabı yox idi. İnsanlar ədalət  sorağında ikən "Ədalət" onların köməyinə gəlmişdi. Redaktor Aqil Abbas az zaman içində bacarıqlı və işgüzar kollektiv toplaya bilmişdi. Mehman Cavadoğıu, Rəşad Məcid, Nazim Ağamirov, Yusif Rzayev, Vahid Qazi, Babək Yusifoğlu, Faiq Qismətoğlu, Lətif Seleymanlı, Asif Mərzili, Əbülfət Mədətoğlu, Rəşid Faxralı, Daşdəmir Əjdəroğlu kimi istedadlı qələm sahibləri böyük fədakarlıqla qəzetin yüksək səviyyədə çap olunması üçün əllərindən gələni əsirgəmədilər.

Bu illər ərzində redaksiyadan uzaqlaşıb, daha yüksək vəzifəyə gedənlər də oldu, yeni gənclər də cəlb edildi.

Artıq 30 ildir, "Ədalət" davamlı şəkildə işıq üzü görməkdədir. Bu illər ərzində çox şey dəyişib. Artıq neçə illərdir, qəzetə istedadlı jurnalist İradə Tuncay rəhbərlik edir. Onun baş  redaktorluğuyla qəzet öz hüsnünü yaxşı mənada bir az da dəyişib.

Bu bayram günündə yaranışından bugünəcən "Ədalət"in işıq üzü görməsində zəhməti olan hər kəsi ürəkdən təbrik edirəm. Yolunuz açıq, işiniz avand, bayramınız mübarək olsun, əzizlərim!

Vahid Qazi:

- İnanmaq olmur "Ədalət" qəzetinin 30 yaşı olmasına! Elə bil, Aqil Abbasın "Jurnalistikanı universitetdə yox, redaksiyalarda öyrənirlər. Keçin qiyabiyə, təzə qəzet açıram" dediyi gün dünən idi.

Eşitdiyimizə inanmamışdıq, necə yəni ikimizə bir şöbə? Elə demişdi, qəzet açmaq ideyası yarananda. Yusif Rzayevlə məni nəzərdə tuturdu. "İlf və Petrov kimi qoşa imzayla yazaram yerinizə olsam".

"Gülnarə" kafesindəki məclisdə tam ştatlı müxbir olduq.

Qəzet çıxaçıxdadır və biz "Azneft" çayxanasında görüşürük. "Bir ştatı yarı böləcəm, iki qardaş işləyərsiniz. Hələ tələbəsiniz də".

Doğrudan da tələbəydik, sovet vaxtı korrektor da böyük iş idi tələbəyə, o ki qala müxbir ola.

Və nəhayət əmrlər elan olundu: Yusif Rzayevlə Vahid Qazıyev ştatdankənar müxbir! Nə?

Aqilə ərk edəcək qədər sevgimiz, üsyan qaldıracaq qədər də ərkimiz vardı. "Biz işləmirik!"

Araya Rəşad Məcid girdi. Yarımştat işə başladıq. Çox keçmədi, özü bizi tam ştata keçirdi. Aqildə adamın ürəyini qırmağa ürək nə gəzirdi!

"Ədalət" tək ilk iş yerim olmayıb, həm də mənə hər jurnalistin yaşaya bilməyəcəyi duyğuların ilkini yaşadan yer olub. Ağdamdan Şuşaya helikopterlə sonuncu uçuş zamanı yaşadığım qorxu kimi, məsələn. Erməni gülləsindən salamat qurtulub ayağımı Cıdır düzünə basanda az qala dizim qatlanacaqdı - ömrün ən böyük qorxusuymuş yaşadığım. O səfərdən jurnalistlik bioqrafiyama yazılan "Zirzəmidə gecələyən şəhər"lə qayıtdım.

Yaxud Ala Yaqubun, OMON komandiri Rövşən Cavadovun döyüşlərindən hazırlayıb Ağdamdakı 5-54-50 nömrəli ev telefonumuzla redaksiyaya ötürdüyüm xəbəri, səhəri gün köşkdən aldığım qəzetdə "Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən xəbər verir" şəklində oxumanın yerindən oynatdığı ruh kimi.

Müstəqil mətbuatın qaranquşlarından olan "Ədalət"də yaşadığım başqa unudulmaz duyğular da var. Bir-bir yazsam, qəzetdə yer qalmaz.

Yubiley yaşı qeyd olunan "Ədalət"in bütün əməkdaşlarını, köhnə, yeni redaktorlarını təbrik edirəm!

Şair "özünə qayıdır, hər şey özünə" deyir. Yubiley arzum isə odur ki, mən də qayıdım. Qayıdıb "Ədalət"in azad olunmuş Ağdam şəhərində bölgə müxbiri olum. Ürəkaçan reportajlar yazım. O vaxtlar "Gənc publisistin düşüncələri" rubrikasında yazdıqlarımı indi "Köhnə müxbirin xatirələri" silsiləsində davam edim.

Yurdun qapısı yurddaşa açıq olur. "Ədalət" də yurddu. Yüyürüb gələrəm, lap ştatdankənar olsa da.

Bir də axı, indi o tək Aqil "Ədalət" deyil, İradəli, Aqil "Ədalət"di.

Bax belə...

Yusif Rzayev:

- Tələbə idik. İkimiz də - Vahid Qazi də, mən də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində əyani oxuyurduq. Böyük qardaş kimi gözü həmişə üstümüzdə olan Aqil Abbas bir gün dedi ki, keçin qiyabiyə, qəzet açıram, ikinizi də işə götürəcəm. Bizim "Ədalət"ə gəlişimiz belə oldu. Qəzetin ilk günündən.

İlk sayın çapa hazırlandığı günlər indiki kimi yadımdadır - həyəcanla sevinc bir-birinə qarışmışdı. Redaksiya da bizə yad deyildi, tanıdıqlarımız vardı - ən əsas da, dediyim kimi, Aqil Abbas və bir də Rəşad Məcid.

Mehman Cavadoğlunu da orada tanıdıq və Vahid də, mən də ondan çox şey öyrəndik. Həmişə deyirəm, onun timsalında özümə müəllim qazandım.

30 il keçib və bu üç onillikdə çox şey dəyişib. "Ədalət"in o başlanğıc heyətinin əksəriyyətinin yolları ayrılıb, hərə bir tərəfə dağılıb. Bu 30 ildə öz yerində olan təkcə Aqil Abbasdır. Zamanın və zəmanənin çətinliklərinə, qabarma-çəkilmələrinə davam gətirə-gətirə böyük bir gəmini limana təkbaşına çatdırıb.

Ola bilsin, bu 30 ildə hansısa məqamlarda jurnalistikanın bəlli prinsiplərini, doqmalarını da pozub, kimlərinsə qınağı ilə də üzləşib, amma öz bildiyini heç kimə verməyib, doğru bildiyini eləyib. İndi bu doqma-prinsip söhbətini eləyəndə dodaqlarım qaçdı, Aqilin buna necə reaksiya verəcəyini təsəvvürümə gətirib gülümsədim. Yəqin indi bu söhbətə onun özünə xas, senzuradan uzaq, yeddimərtəbəli cavabı da hazırdır. Canından da çox istədiyin yurdun işğal olunubsa, o torpaqlar uğrunda şəhid olmuş neçə-neçə döyüşçü dostunu öz əlinlə məzara qoymusansa, ev-eşiyindən didərgin düşən nə qədər insanı çarəsiz, əlacsız görəndə ürəyin pörşələnibsə, hansı doqmadan-prinsipdən danışırsan?

Onun özünün bir prinsipi olub: yurdu, el-obası üçün nəsə etmək, yurdunun, el-obasının o çarəsiz, əlacsız adamlarının pənahına yetmək, dadına çatmaq, onların ürəklərində qut olmaq. Və bu ağrı-acıları yaşaya-yaşaya neçə-neçə gənc yazara arxa durmaq, onları ruhdan düşməyə qoymamaq, qəzetinin səhifələrini ürəyi kimi o istedadlı cavanların üzünə açmaq... Bunların hamısı bir adamın, bir canın bacaracağı, öhdəsindən gələ biləcəyi işlər deyil. Aqil Abbas bunların öhdəsindən tək gəlib. Buna görə də "Ədalət"in 30 illik yubileyinin ən mötəbər təbrikləri məhz ona - Aqil Abbasa düşür. Təbrik edirəm!..

30 il keçib. "Ədalət"in 30 yaşı mənimçün həm də 30 il jurnalistikada olmağımın tarixidir. 30 il əvvəl biz gənc idik. O dönəmlər idi ki, bir gün mütləq gerçəkləşəcəyinə inandığımız çoxlu arzularımız, böyük ümidlərimiz vardı. Həm də o ümidlərin hamısı dipdiri idi.

30 ildən sonraya ümidmi qalar?!.

Faiq Qismətoğlu:

- 1990-cı ilin 26 iyul günü böyük bir sevin yaşadıq. Həmin gün "Ədalət" dünyaya gəldi. Həmin gün Aqil Abbas, Nazim Ağamirov, Rəşid Faxralı, Babək Yusifoğlu, Lətif Süleymanlı, Məhəmmədəli Mustafa - "Ədalət" qəzetinin sevincini hamımız birlikdə yaşayırdıq. "Sovet kəndi" qəzetinin  redaksiyasında, Aqil Abbasın iş otağında ilk nömrəni buraxmışdıq. İlk nömrənin ətri hələ də burnumdadır. Bəlkə də, ömrümüzdə ogünkü qədər sevinməmişdik və ogünkü qədər özümüzü xoşbəxt və rahat hiss eləməmişdik. Düz 30 il bundan əvvəl baş vermiş həmin hadisəni xatırlayanda çox kövrəlirik. Çünki "Ədalət" onun ilk nömrəsini buraxan hər bir jurnalistin balaca övladı kimi dünyaya gəlmişdi. Biz ona baxıb qürur hissi keçiririk ki, zamanın çovğununa, tufanına sinə gərmiş "Ədalət"  bu gün də böyük qəzet bolluğunda öz yolunu davam  etdirir. Hələ bundan sonra da o yolu davam etdirəcək, öz işığı, öz nuru ilə bu milləti, bu xalqı sevindirəcək.

Babək Yusifoğlu:

- "Ədalət" qəzeti ötən əsrin 90-cı illərinin çox qarışıq dövründə yarandı. Bu o zaman idi ki, insanlarımız sovet rejiminin mətbu orqanlarının yalanlarından bezmişdi. Hər kəs nəhayət, doğruları öyrənmək arzusundaydı. Və məhz belə bir zamanda Aqil Abbasın böyük çabalarıyla ərsəyə gələn "Ədalət" müxtəlif əngəllərə, çətinliklərə baxmayaraq, belə bir missiyanı öz üzərinə götürdü. Mən qəzetimizin ilk günündən orada işləməyə başlamışam. Yaxşı xatırlayıram. Elə ilk günündən Aqil müəllim hər birimizə həqiqətləri oxucuya çatdırmaq azadlığı verdi. 

Mübaliğəsiz deyirəm, elə o vaxtdan "Ədalət" mənim digər evimə, iş yoldaşlarımsa doğmalarıma çevrildi. Yaddaşımıza  həkk olan gözəl illər yaşadım. Dəyərli dostlar qazandım, istedadlı insanlar tanıdım. Kənardan təhdidlər, hədələr eşitdiyim zamanlar da oldu. Amma qələmi doğru olmayan tərəfə çevirmədim.

Qəribədir, 2015-ci ildə "Ədalət"dən ayrılsam da, bu gün də oranı öz doğma ocağım bilirəm. "Ədalət" bir məktəbdir və qürurluyam ki, mən də bu məktəbin bir parçasıyam. "Ədalət"ə sonsuza qədər  uğurlar arzulayıram.        

Nurəddin Rzayev:

- "Ədalət" qezetinin nəşrə başlaması zamanı işə qəbul olunan ilk onluqda olmaq şərəfini mən də yaşadım.Təxminən bir ay çapa hazırlıq getdi. "Azərbaycan" nəşriyyatının üçüncü mərtəbəsində Aqil Abbasın bir otaqdan ibarət redaksiyasına sığınmışdıq, demək olar, bütün işlər nəşriyyatın dəhlizlərində görülürdü, həm də o bir otaq qaynayırdı. Qəzetin təsisçisi o zaman yeni yaranmış Azərbaycan Hüquqşünaslar İttifaqı olsa da, əsas güc Aqil Abbasın və Adil Minbaşıyevin üzərində idi. Bir sözlə, çox gərgin işlərdən sonra qəzetin ilk nömrəsi çapa hazırlandı. Qəzeti mətbəyə təhvil verəndə məlum oldu ki, çapa rəsmi icazə verilməyib. Aqil Abbas başda olmaqla bütün işçilər qanıqara və pərt halda otağın qarşısında dayandığımız bir vaxtda dəhlizdə Adil Minbaşıyev göründü və Aqil Abbasın otağına keçdi. Qəribə bir soyuqqanlılıqla söhbət edib, qəflətən "Durun gedin qəzeti çap edin" - dedi. Bax bu anı təsəvvür etmək üçün yalnız orada olmaq gərək idi. Hər kəs çaşıb qalmışdı, dinə bilmirdik. Qəribə bir sükutdan sonra hamımız, Aqil Abbas da olmaqla Adil Minbaşıyevın boynuna sarıldıq. Beləcə ilk nömrəsi işıq üzü görən "Ədalət" çox tez bir zamanda parladı. Qeyd etməyi özümə borc bilirəm ki, qəzetin populyarlaşmasının bir səbəbi də çox kəskin yazılarla bərabər, birinci səhifə xəbərləri oldu kı, bu səhifə də yalnız Aqil Abbasa məxsus idi.

Həmin vaxtlar, səhv etmirəmsə, üç müstəqil qəzet fəaliyyət göstərirdi: "Vətən səsi", "Ayna-Zerkalo" və "Aydınlıq". "Ədalət" dördüncü müstəqil qəzet olsa da, çox tez bir zamanda populyar bir qəzetə çevrildi. Xüsusilə də insanların pozulmuş hüquqlarının qorunması sahəsində böyük işlər görülürdü.

Bax beləcə, mətbuatda olduğum otuz ilin ilk beş ilini "Ədalət"də çalşdım. İndi də düşünürəm ki, mənim üçün başlanğıc uğur getirib.

Lətif Süleymanov:

- "Ədalət" qəzeti Azərbaycan mətbuatında ədəbi məktəbdir. Aqil Abbas o məktəbin sütunudur. O məktəbdə oxuyanlar elə bil, bir universitet qurtarıblar. Bız o məktəbin məzunlarıyıq. Biz fəxrlə deyə bilərik kı, "Ədalət"in şinelindən çıxmışıq. Aqil Abbas bizə qələm tutmağı, söz şavaşına çıxmağı öyrədib. Əlimizdən tutub bizi jurnalistikanın sonsuz üfüqlərinə gətirib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan mətbuatının hər guşəsində "Ədalət"çilərin imzası və yerı var.   

Son söz isə "Ədalət"in ilk təsisçisi, qəzetin fəaliyyətə başlamasında xüsusi xidmətləri olmuş tanınmış hüquqşünas Adil Minbaşınındır:

- O dövrlər qəzet açmaq, çap etmək indiki kimi asan deyildi, qəzet çıxarmaq doğurdan da çox çətin bir iş sayılırdı. Qəzet açmaq, çap üçün kağız tapmaq müşkül məsələ idi. Bütün bu çətinliklərə, maneələrə baxmayaraq, biz "Ədalət" qəzetini təsis etdik və qəzet çap olunmağa başladı. Nəşrə başladığı ilk gündən "Ədalət" hər kəs tərəfindən böyük maraqla oxunur və diqqətlə izlənilirdi. Qəzet qısa bir müddətdə özünəməxsus oxucu auditoriyası topladı. Geniş ictimaiyyət "Ədalət" qəzetini sevə-sevə oxuyur və çox yüksək qiymətləndirirdi. "Ədalət" o qədər oxunaqlı idi ki, satış üçün köşklərə verilən bütün qəzetlər satılırdı, qayıdış olmurdu. Hətta çox satıldığı üçün nəşriyyat bizdən xəbərsiz əlavə qəzet də çap edirdi. Qəzet demək olar ki, yüz min tirajla çap olunurdu. Təsisçi və baş redaktor olaraq qəzetin istiqamətini mən müəyyənləşdirsəm də, dərc olunan materiallara, məqalələrə baş redaktorun müavini Aqil Abbas, eləcə də, Mehman Cavadoğlu, Rəşad Məcid, Nazim Ağamirov kimi peşəkar insanlar nəzarət edirdilər. Tədricən qəzetin kollektivi böyüdü və əməkdaşların sayı artdı. O dövrdə qəzetin 11 zona müxbiri var idi.

Qəzet çap olunmağa başladığı gündən demokratik dəyərləri müdafiə edirdi. Bu da Kommunist Partiyasında olan bir çox rəhbər işçilərin xoşuna gəlmirdi. Demək olar ki, təsisçi olaraq hər həftə məni müxtəlif bəhanələrlə Mərkəzi Komitəyə çağırırdılar. O vaxtlar xalqın oyanış vaxtı idi. Mitinqlərdə insanlar demokratik tələblər irəli sürürdülər. Biz də ölkədə baş verən hadisələrlə bağlı yazılar dərc edirdik. Təbii ki, bu da Mərkəzi Komitə rəhbərliyini qıcıqlandırırdı. Komitədə mənə qəzetdə demokratik dəyərləri müdafiə etdiyimə görə iradlarını bildirir, Kommunist Partiyasının mövqeyini dəstəkləməli olduğumu təkidlə söyləyirdilər. Təbii ki, bütün bunlar bizi öz haqq yolumuzdan çəkindirmirdi. "Ədalət" yenə də öz ədalətli mövqeyini qoruyurdu. Qəzetin üstünlüyü və xalq arasında populyarlaşmasının səbəbi də həmin dövrdəki prosesləri doğru-dürüst işıqlandırması idi. Həmin çətin dövrdə qəzetin yüksək səviyyədə hazırlanması, insanlar arasında sevilməsində "Ədalət"də çalışan bütün əməkdaşların əməyi danılmazdır. Məhz onların əməyi sayəsində "Ədalət"  yarandı, inkişaf etdi və bu günlərə gəlib çatdı. 

"Ədalət"in şinelindən çıxan bir çox peşəkar jurnalistlər sonradan Azərbaycanda nəşrə başlayan müxtəlif qəzetlərin təsisçiləri və əməkdaşları oldular. Bu 30 illik müddət ərzində haqqın təmsilçisi olan "Ədalət"də işini bilən, təcrübəli, savadlı və peşəkar jurnalistlər çalışıb. Bu ənənə bu gün də davam etməkdədir.

 





29.07.2020    çap et  çap et