525.Az

Şərq - gözə batanın gözdən çıxarıldığı məkan...


 

Şərq - <b style="color:red">gözə batanın gözdən çıxarıldığı məkan...</b>

İlk romanımı yazıb bitirəndən sonra özümü uçurumun dibinə yumalanmış kimi hiss edirdim. Sanki içimdə yaranan qara bir mağara ruhumu çəkib udurdu.

Romanın bitməyindən xəbər tutan dost, yoldaş "bunu qutlayaq", "bu günü mütləq qeyd etməliyik" deyirdi. Əslində, çox insan belə zənn edir. Elə bilirlər ki, yazıçı aylarla, illərlə üzərində çalışdığı kitabı bitirəndən sonra rahatlanır. Hətta evə qapandığı günlərin əvəzini əyləncə məkanlarında, qonaqlıqlarda çıxarır. Hesab edirlər ki, romanı sonlandıran kimi zəng edib bütün gedişatı yaxınlarına danışaraq xəfifləyirlər. Uzun zamandır, çiyinlərinə çökmüş yükdən "bacardım, sonlandırdım" deyib, zəfər ədası ilə qışqıraraq azad olurlar. Amma bütün bunlar real deyil. Həqiqət tamamilə fərqlidir. Yazıçının roman yazdıqdan sonra özünə gəlməyi asan olmur. Uzun zamandır qurduğu hekayə, alışdığı ritm, gecə-gündüz düşündüyü, zərrə-zərrə yaratdığı xarakterlərdən ayrılmaq istəmir. Hüznü sona yaxınlaşanda daha da şiddətlənir. Artıq həmin romana toxuna bilməyəcəyini fikirləşəndə dərin kədərə qapılır. Bəzən müqavilədə göstərilən tarixdən daha tez bitirməsinə rəğmən redaktora göndərmir. Elə bilir ki, göndərsə, bütün hissləri, duyğuları canından çəkilib onunla birlikdə gedəcək. Bir-iki gün dirənir, var-gəl edir, hətta oxucu ilə də paylaşmaq istəmir. Kompüterində, gözünün önündə qalmağını istəyir. Amma göndərməkdən başqa çarə olmadığını da yaxşı bilir. Qəribə bir boşluğa düşür. Hətta proses getdikcə sancılı mərhələyə çevrilir. Bu, eynən bətnə düşən və orada anbaan böyüyən dölə bənzəyir. Hamiləlik dönəmində ana içindəki kiçik zərrəni necə bəsləyirsə, yazıçı da romanı o cür böyüdür. Hər gün onu qidalandırır, yeniliklər əlavə edir, toxunur, düzəldir. Gecə-gündüz iç-içə olmaq sonda aralarındakı bağların dəmir kimi möhkəmlənməsi ilə nəticələnir. Romana başlayanda dünənə qədər qaynar, hərəkətli həyat yaşadığını unudursan. Bəzən məcbur qalıb harasa gedirsən, amma ürəyin evdə qalır. Yaratdığın xəyal dünyasına elə qapılırsan ki, artıq real həyat sənə yad planet kimi görünməyə başlayır.

Sonra yeni mərhələyə keçid edirsən, gərginliyin yerini fərqli narahatlıqlar alır. Çünki artiq bilirsən ki, kitabla bərabər, müəllif də oxucunun olur. Reaksiyaların necə olacağını düşündükcə əlin-ayağın titrəyir. "Görəsən, oxucuların fikri nə olacaq" deyib dırnaqlarını yeməyə başlayırsan. Bilirsən ki, bəziləri açıq-saçıq yazdığını tənqid edəcək, bəziləri isə daha da açıq-saçıq ola bilərdi deyəcək. Kimi üz qabığına, kimi yayın evinə, kimi xarakterlərin milli kimliyinə bir söz deyəcək. Bir sözlə, tənqidlərin və təqdirlərin ardı-arası kəsilməyəcək. Bəziləri isə ümumiyyətlə, oxumadan ağzına gələni söyləyəcək.

Roman yazmağa başlayanda çətin bir yola çıxdığını dərk edirsən. O yolun sonunda nələrlə üzləşəcəyini gözə alırsan. Bu qədər əziyyəti, zəhməti, yazdığın əsərlə birlikdə saçının necə ağardığını görəndən sonra hər şey ağlına gəlir, bircə kitabının satışının qadağan edilməsi, gözünün nurunu tökdüyün əsərin boykot edilməsini düşünmürsən. Bu günlərdə yeni çıxan və çox maraq görən yerli nəşrlərdən birinin satışının qadağan edilməsi, həmin kitabı almaqdan imtina etməklə bağlı çağırışları oxuyanda çox üzüldüm. Yazıçının gecə-gündüz çəkdiyi əziyyətləri beynimdə canlandırdım. Ədalətsiz qərar idi. Amma qəti təəccüblənmədim. Şərqdə qaydadır, "Gözə batanı gözdən çıxardırlar" - deyimi var. Bu günə qədər Şərqlə bağlı oxuduğum ən dəqiq analizdir. Heç o biri sahələri demirəm, ədəbiyyatın pəncərəsini açıb azacıq içəri boylananda gördüklərindən dəhşətə gəlirsən. Kimi hakim öhdəliyini yerinə yetirir, kimi cəllad. Bir az ışıldamağa çalışanın üstünə torpaq atırlar, azca parıldamaq istəyənə kölgə salırlar. Bir balaca yüksəlmək istəyənin boynunu vururlar. İndi də təzə dəb tapıblar, "Filankəsin kitabını almayın" deyə. Yanlışdır! Onsuz da ədəbiyyat zorla nəfəs alır. Ağzını, burnunu tutub, ölümə məhkum etməyə nə gərək var? Ümumiyyətlə, müxtəlif dövrlərə diqqət yetirəndə görürsən ki, həmişə belə olub. Uçmaq istəyənin qanadını qırırlar. Birtəhər sağalıb özünə gəlirsən, bir az yüksəyə qalxmaq istəyəndə gizləndikləri ağacın arxasından daşlamağa başlayırlar. Bütün bunları dəf edirsən, amma sonda nə qədər travma aldığını və artıq yorulduğunu hiss edirsən.

Hər kəsin içində üzə çıxmayan qabiliyyəti mütləq var. Lakin biz əslində, yüksəyə uçmaqdan qorxuruq. Çünki ətrafımızda ətəyinə daş yığıb gözləyənlər çoxdur. Bundan əlavə, içimizə işləmiş, köhnəlmiş, paslanmış qaydalar rahatlıq vermir. "Çalış gözə batma, başqaları kimi ol" sözlərini eşidə-eşidə həyata atılırıq. Qartal olmağa şansımız varkən, yerdə sürünən kimi yaşayırıq. Ona görə də, Şərqdə gözə batanın gözdən çıxarılması deyiminə tamamilə haqq verirəm.

 





29.07.2020    çap et  çap et