525.Az

Şagirdlərin təzə qalan kitabları - Məhsəti Musadan yeni yazı


 

Şagirdlərin təzə qalan kitabları - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Baxmayaraq ki, məktəblərin açılmağına hələ vaxt var və  məlum pandemiya üzündən dərslərin  vaxtında başlayıb-başlamayacağını da  bilmirik, yenə də istərdim məktəblərdəki  bir  məsələ  haqqında yazam.

Ümumiyyətlə, son illər valideynlərin şikayətlərindən biri də ibtidai siniflərdə dərs yükünün ağır olmasıdır. Şagirdlər dərslərin ağırlığını da çantalarının ağırlığı kimi təkbaşına çəkib apara bilmirlər. Çantanı götürməyə  valideyn kömək edir, dərsləri  hazırlamağa da müəllimin əlavə məşğələləri. Yəni ibtidai sinif şagirdləri  çox az halda bu dərslərin öhdəsindən müstəqil şəkildə gələ bilirlər.  Amma söz açacağım problem bu deyil.  Həmin dərslərin öhdəsindən gələ bilmək üçün əksər müəllimlər ibtidai siniflərdə keçirilməli olan texnologiya, musiqi, təsviri incəsənət, fiziki hazırlıq  fənlərinin  yerinə də Azərbaycan dili və riyaziyyat dərsləri keçirlər.

Təsəvvür edin, hərəsi  45 dəqiqə  olmaqla 4 və ya 5 dərs  şagird yalnız çətin  fənlərin öyrənilməsi ilə məşğul olur.  Ana dili, riyaziyyat, xarici dil, informatika, həyat bilgisi kimi  fənlərin asan fənlərlə növbələşdirilməsi  tövsiyə olunsa da, buna sadəcə dərs cədvəli tərtib edilərkən riayət olunur.  Realda olan isə budur ki, həmin  dərslərin necə bir dərs olduğunu bilməyən şagirdlər var. Bu fənlər  uşaqlarda təkcə zehni gərginliyi azaltmağa xidmət etmir, müxtəlif  istiqamətlərdə  bacarıq və istedadlarının üzə çıxmasına yardımçı olur, onların  gələcəkdə uğur qazanmağına, rəssam,  musiqiçi, idmançı   olmağına imkan yaradır, özünü tapmağında böyük  rol oynayır. Müəllimin sözü, müəllimin dəstəyi belə məqamlarda böyük gücə malikdir.  Yadıma Xalq artisti, teatr və kino aktyoru Qurban İsmayılovdan illər öncə rayon qəzeti  üçün aldığım müsahibə düşdü. O bildirmişdi ki,  Ağcabədidə 11 saylı orta məktəbdə təhsil alarkən   Cəfər Cabbarlının bir pyesindən  ədəbiyyat kitabında verilmiş  parçanı tamaşa üçün  hazırlayıblar.  Həmin fənn müəllimi  Qurban İsmayılovun yaratdığı obrazı  bəyənir və deyir ki, bu sahəyə fikrini yönəltsən, yaxşı aktyor olarsan. Aktyor bildirir ki, bu sözdən sonra həvəsləndim, hətta küçəmizin uşaqları ilə bir neçə pyesdən tamaşalar hazırladıq, sonra dayımgilin həyətində nümayiş etdirdik. 

Beləliklə, Qurban İsmayılov aktyor olmaq qərarına gəlir və bu gün artıq həmin  sahədə uğurlu simalardan biridir. Yəni müəllim sözü, müəllimin yaratdığı inam  şagirdin sabahına açılan qapıdır. Yüzlərlə belə misallar gətirmək olar ki, məhz müəlliminin məsləhəti ilə gələcək peşəsini seçib uğur qazanan insanlarımız var. Lakin bugünkü müəllimlər daha çox təlimə önəm verirlər. Odur ki, özləri də bilmədən  hissiz, duyğusuz,  standart biliyə, davranışa  malik  "robotlar" yetişdirirlər. Söhbət hamıdan getmir. Və bu, o müəllimlərin zəhmətini yerə vurmaq da deyil. Bəli, bizim övladlarımızın bilikli olması, oxuması  üçün edirlər bunu.  Amma təlimlə bərabər,  tərbiyə də,  istiqamət də vermək lazımdır. Bacarıqları, istedadı aşkarlamaq gərəkdir ki, bunun üçün də qeyd etdiyim kimi, təsviri incəsənət, musiqi, texnologiya, fiziki tərbiyə  fənləri burada  böyük rol oynayır.  Müəllimlə şagird arasında isti münasibət yaradır. Əsas  fənlərdən zəif olan, daim müəllim və valideyni  tərəfindən danlanan bir şagird özünün  yararsız olmadığını, başqa bacarığının olduğunu göstərə bilmək imkanı qazanır, müəllimin diqqətini çəkə bildiyi üçün özünün də dəyərli olduğuna inanır və  onlar arasında doğmalıq yarandıqca  məlum  fənlərdə də irəliləmək üçün cəhdlər edir.

Orta məktəbdə sevmədiyim bir-iki fənn var idi. Və mən bu fənləri alabaşına-külbaşına oxuyurdum. Müəllimlərim əvvəl cırnayırdılar, anama şikayət edirdilər. Amma məndə bir xasiyyət var ki, nəyisə, kimisə  sevmədimsə, onu heç bir halda  yaxın buraxmıram və həmin fənlərə qarşı da belə idim. Lakin zaman keçdikcə  müəllimlərim mənə güzəştə getməyə başladılar.  Məktəb tədbirlərində özüm hazırladığım və rol aldığım səhnəciklərlə, divar qəzetlərində yazılarımla, çəkdiyim rəsmlərlə, tədbirlərdə səsləndirdiyim şeirlərimlə onların sevimlisinə çevrilmişdim. Ən çox incitdiyim, dərsini alayarımçıq oxuduğum, xəlvətə düşəndə parodiya etdiyim (Bilirdim ki, bundan məlumatı var) bir müəllimim vardı. Məhz o müəllim mənim uğur qazanacağıma inandığını demişdi. Sadəcə deməmişdi, məni  də buna inandırmışdı (Və çox maraqlıdır ki, orta məktəbdə də, universitetdə də bu sözləri mənə elə  xoş söz gözləmədiyim  müəllimlərim deyib). Böyük uğur qazandığımı  deyə bilmərəm, amma hər halda bu həyatda var olduğumu hiss edə bilirəm. Başımı aşağı salıb sıradan bir ömür  yaşamıram.

Bu gün dərslər müasir  təlim metodları ilə keçirilir və təbii ki, bu zaman  şagirdlər üçün yaradıcı mühit də yaranır. Əsas fənlərin tədrisi zamanı müxtəlif  oyunlar  qurulur, uşaqların  müxtəlif istedadı  və bacarığı üzə çıxa bilir, şagird özünü tapır. Amma bir neçə dəqiqəlik. Yəni düşünün ki, əlinizdə  su ilə dolu şüşə var və siz onu böyrünüzdəki  susuz adama verirsiniz.  Lakin o, dodağını isladan kimi şüşəni geri alırsınız. Suya olan tələbatı ödənmir. Sözügedən  dərslər  də şagirdlərin ehtiyac duyduğu,  həvəslə gözlədiyi dərslərdir və onları bundan məhrum etmək yanlışdır.  Yay tətili zamanı  məktəbə hazırlaşarkən rəngli qələmlər, karandaşlar, boyalar, şəkil dəftəri alırlar. Dərs ilinin yekununda o  alboma nöqtə də vurulmuş olmur.  Plastilin, rəngli  kağızlar alırlar,  eləcə işlənməmiş qalır. Əgər bu fənlər lazımsızdırsa, niyə xərc çəkilir, o qədər kitablar çap olunur, müəllimlərə maaş ayrılır? Lazımlıdırsa, o zaman balacaların haqqını almayaq. Eyni dünyagörüşünə malik, bir-birinin təkrarı olan şagirdlər yetişdirməyək. Onların bacarıqlarını, istedadlarını da görmək, inkişaf etdirmək, özünüifadəsinə yardımçı olmaq lazımdır. Bu gün şagirdləri qınayırıq ki, məşhur musiqiçilərimizi, bəstəkarlarımızı tanımırlar, yaradıcılıqlarından xəbərsizdirlər, musiqi zövqləri formalaşmayıb, dinləyicilik qabiliyyətləri yoxdur...  Yaxşı, musiqi kitabının arasını açmayan, musiqi dərsi keçməyən  şagird  hardan tanıyacaq onları? Hardan yaranacaq bu sevgi?  Axı musiqi dərsliyi elə bunun üçündür. Valideynin hamısı eyni zövqə, eyni biliyə, eyni qabiliyyətə, eyni istedada  və eyni vaxta malik deyil ki, övladının estetik tərbiyəsi ilə tam məşğul olsun. Bəli, valideynin burada müəyyən qədər rolu var, amma məlum dərsliklər məhz bunu öyrədir  və ixtisaslı müəllimlər tərəfindən, vaxtlı-vaxtında icra edilsə, yaxşı da nəticə əldə etmək mümkündür.

Həddindən çox yüklənən uşaq getdikcə məktəbdən də, müəllimdən də soyuyacaq. Böyüklərin məcburiyyəti qarşılığında  oxuduğu dərslər  sadəcə gələcəkdə yüksək balla ali məktəbə qəbul olunmağa hesablanacaq. Sonra həmin yaşlı nəsil də gileylənəcək ki, indiki gənclər eqoistdir, zövqsüzdür, özümüzü tanımırlar, özümüzü sevmirlər və s.

Bəlkə də, çoxları etiraz edəcəkdir ki,  yazdığım doğru deyil, bütün məktəblərdə, siniflərdə  bu fənlər  davamlı  tədris olunur (Təbii ki tədris edənlər də  kifayət qədərdir, mən məhz etməyənlərdən söz açıram).  Amma tədris ilinin yekununda məktəb kitabxanalarındakı  dərslikləri nəzərdən keçirsək və  ən çox əzilən, çirklənən, cırılan kitablarla təptəzə qalan kitabları müqayisə etsək, hər şey aydın olar.

 





29.07.2020    çap et  çap et