525.Az

"Cinayət və cəza" - Aytac Sahəd yazır


 

"Cinayət və cəza" - <b style="color:red">Aytac Sahəd yazır </b>

"Cinayət və cəza" Dostoyevskinin püxtələşmə dövrünün ilk böyük romanı hesab olunur. Roman ilk dəfə 1866-cı ildə "Russki vestnik" adlı ədəbiyyat jurnalında çap edilib.

Əsərin baş qəhrəmanı Rodya Romanoviç Raskolnikov kasıb bir gəncdir. Maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyub. Kitabın elə ilk səhifələrindəcə onun acıları və məhrumiyyətləri ilə tanış oluruq. Onu cinayətə də üzləşdiyi məhrumiyyətlər məcbur edir.

Məhrumiyyətlərdən başqa, ona bu addımı atdıran həm də düşüncəsinə hakim kəsilən ideologiyadır. O ideologiya ki, burada insanlar iki qrupa ayrılır  - adilərə və qeyri-adilərə. Adilər çoxluq təşkil edir, qeyri-adilər isə seçilmişlərdir. Raskolnikov da özünü seçilmişlərdən hesab edir. O düşünür ki, seçilmişlərin törətdiyi cinayətlər adi insanların törətdiyi cinayətlərlə bir tutulmamalıdır. Çünki qeyri-adilərin cinayətləri də ali məqsədlərə xidmət edir. Adi adamın kimisə öldürməsi cinayətdirsə, Napaleonun kimisə öldürməsi qəhrəmanlıqdir. Özünü Napoleonla eyni çəkidə gördüyündən hesab edir ki, onun da kimisə öldürməsi cinayət deyil, daha ali bir məqsəd uğrunda aparılan mübarizədir.

Raskolnikov ideologiyasından əmindir. Ancaq cinayəti tezləşdirən amillər də az deyil. Məsələn, anasından gələn məktub. Xüsusilə də məktubda bacısının kasıblıq ucbatından sevmədiyi bir adamla evlənməyə hazırlaşmasi xəbəri. Bu xəbər onun ideologiyasının cavab tapa bilmədiyi sualların cavabı olur: Raskolnikov artıq cinayətə hazırdır. O, sələmçi bir qarını öldürməyə hazırlaşır. Zənn edir ki, o qarını öldürməklə həm varlanacaq, həm də dünyani, özünün dediyi kimi, bir bitdən qurtaracaq. Belə də edir. Qarını da öldürür, onun cinayətin üstünə gəlib çıxan ögey bacısı Lizavetanı da.

Hər iki qadını balta ilə qətlə yetirir. Əslində, Dostoyevski cinayət aləti kimi baltanı təsadüfi olaraq seçməmişdi. Balta rus zəhmətkeşi üçün gərəkli bir alətdir. Raskolnikov isə zəhmətdən uzaq bir adam.

İlk cinayəti olmasına baxmayaraq, Raskolnikov heç bir iz qoymadan işini tamamlayir. Lakin vicdan əzabı və qorxu ona dinclik vermir. Hətta götürdüyü pulları belə saymadan aparıb bir daşın altında gizlədir. Beləcə, çətin günlər başlayır.

Xoşbəxtlikdən bu çətin günlərdə doğmaları onu tək buraxmır. Anası, bacısı və dostu Razumxin ona dəstək olmaq üçün əllərindən gələni edirlər. Təbii ki, onlar hər şeydən xəbərsizdir. Nə baş verdiyindən xəbərdar olan tək adam isə Sonyadır. Sonya Raskolnikovun təsadüfən tanış olduğu Marmelodovun qızıdır. O, əxlaqsız həyat tərzi keçirir. Ancaq Sonya bu yolu öz istəyi ilə yox, ailəsi acından ölməsin deyə seçib. Yaşadığı həyatın iyrəncliyinə baxmayaraq, Sonya təmizqəlblidir, ruhən safdır. Raskolnikovu ona bağlayan əsas tellərdən biri də bu saflıqdır. Bir də məcburiyyətin gətirdiyi günahlar.

Raskolnikov günahını Sonyaya etiraf edəndə Sonya ona tövbə etməyi və gedib cəzasını çəkməyi məsləhət görsə də, o, hələ təslim olmaq istəmir. Halbuki artıq müstəntiq onun izindədir. Müstəntiq bilir ki, cinayətkar Raskolnikovdur. Onun hələ cinayət baş verməmişdən qabaq yazmış olduğu məqalə, şübhəli davranışları müstəntiqə bunu deməyə əsas verir.

Və nəhayət, Raskolnikov cinayətini etiraf edir. Həm bu etirafa, həm də onun heç də pis insan olmadığını təsdiqləyən şahid ifadələrinə görə ona cəmi səkkiz il iş verirlər və Sibirə göndərirlər. O, Sibirə tək yox, Sonya ilə gedir. Daha doğrusu, Sonya onunla gedir....

Borxes "Cinayət və cəza" haqqında deyir ki, "qəhrəmanı qatil və pozğun olan bir roman mənə çevrəmdəki savaşdan daha təsirli gəldi".  Bəli, bu romanı oxuyub təsirlənməmək çətin məsələdir. Dostoyevskinin yazıçı kimi böyüklüyü də bundadır. Dostoyevski çoxlarının müraciət etdiyi cinayət mövzusunu təkcə hadisə kimi yox, həm də psixoloji təhlil kimi qələmə alıb. Biz romanı oxuyarkən Raskolnikovun etdiklərindən çox, düşündükləri ilə tanış oluruq. Əsərin adındakı "cəza" sözü təkcə ona verilən cəzanı yox, həm də Raskolnikovun özünə verdiyi cəzanı ehtiva edir...

Əsərdən seçdiklərim.

... Yalan danışmaq insanın bütün başqa məxluqata görə yeganə imtiyazıdir.

... Kim ki ağılca və ruhca möhkəmdir, qüvvətlidir - insanların hökmdarı da o olur. Kim ki çox cəsarət göstərir - insanlar içərisində o, haqlı olur. Kim ki ən mühüm şeyə tüpürə bilir - insanların qanun verəni o olur.

... Hakimiyyət ancaq o adamın əlinə keçir ki, cəsarət edib əyilir və onu götürə bilir. Burada ancaq bir şey var. Bircə şey var. Gərək ancaq cəsarət edəsən.

... Dünyada doğruluqdan çətin, yaltaqlıqdan asan şey yoxdur.

... “Daha gediləsi yer qalmayıb" sözünün nə demək olduğunu başa düşürsünüzmü? Gərək hər adamın heç olmasa gediləsi bir yeri olsun.

 





29.07.2020    çap et  çap et