525.Az

Qəmbər Hüseynlinin məzarı ilə bağlı narahatlıqlara son qoyulub


 

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MƏSƏLƏ İLƏ BAĞLI GƏNCƏLİLƏRİN ÜRƏYİNCƏ OLACAQ PLANLARI AÇIQLAYIB

Qəmbər Hüseynlinin məzarı ilə bağlı narahatlıqlara son qoyulub<b style="color:red"></b>

Bir neçə gün əvvəl Gəncədə görkəmli bəstəkarımız Qəmbər Hüseynlinin qəbri də yerləşən parkın  qəfil  tikinti hasarına alınması şəhər ictimaiyyətində burada hansısa hündürmərtəbəli bina tikiləcəyi və bu səbəbdən böyük sənətkarımızın məzar-abidəsinin müdaxiləyə məruz qalacağı yönündə narahahatlıq yaratmışdı.

Bu haqda "525-ci qəzet"in dünənki sayında da məlumat vermişdik.

Qısa müddət keçdikdən sonra  Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı, hörmətli Niyazi Bayramovun həmin ərazi ilə bağlı görüləcək işlərin planları barədə ictimaiyyəti məlumatlandırması ilə bu narahatlığa qəti şəkildə son qoyulub. Həmçinin, bu yöndə qarşıda görüləcək işlər gəncəlilərdə ruh yüksəkliyi yaradacaq.

Şəhər rəhbərliyi tərəfindən qəbul edildikdən sonra bu haqda məlumatı "Cavad xan" Tarix və Mədəniyyət Fondunun təmsilçisi Müzadil Həsənov bildirib və bunu öz sosial şəbəkə ünvanlarında da yayıb.

"Son günlər Qəmbər Hüseynlinin məzarı və qəbirüstü abidəsi ilə bağlı yaşadığımız narahatlıqlara demək olar ki, nəhayət son qoyuldu. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Səməd Tomuyev mənə zəng edərək İH binasına görüşə dəvət etdi. Həm Səməd müəllimlə, həm də sonra şəhərimizin hörmətli rəhbəri Niyazi müəllimlə  olduqca səmimi və səmərəli söhbət etdik. Sözügedən məsələ ilə yanaşı, Gəncəmizin digər mövcud problemləri haqda da geniş və ətraflı müzakirələr apardıq. Parkla bağlı məlum məsələdə onu qeyd edim ki, şəhər rəhbərliyi həmin yerdə heç bir hündürmərtəbəli binanın tikintisinə yol verilməyəcəyini açıq şəkildə bəyan etdi və bütün Gəncə sakinlərin bu məsələdə arxayın olmağa çağırdı", - deyə o bildirib.

Müzadil Həsənov həmçinin qeyd edir ki, görüş zamanı o da məlum olub ki, sözügedən ərazinin  2 il əvvəl qanunsuz olaraq bir şəxsin adına rəsmiləşdirilməsi və  bu haqda alınan qanunsuz sənədlər şəhər rəhbərinin sərəncamı ilə ləğv edilib.

"Şəhər rəhbərliyi əmin etdi ki, hazırkı hasarlanma yalnız qanunsuz müdaxilələrin qarşısını almaq və ərazinin ilkin abadlaşdırılması üçün aparılıb. Niyazi müəllim birmənalı şəkildə bəyan etdi ki, həmin yerdə ancaq və ancaq Gəncə sakinlərinin arzusuna uyğun olaraq uşaqlar üçün tematik park və əyləncə mərkəzi yaradılacaq. Eyni zamanda, Qəmbər Hüseynlinin qəbri  öz yerində toxunulmaz şəkildə qalmaq şərtilə, sənətkarın məzarüstü abidəsi yenisi və dahi bəstəkarımıza daha layiq olanı ilə əvəzlənəcək! Bundan əlavə, cənab başçı əmin etdi ki, bu kimi bütün digər şəhər əhəmiyyətli məsələlərdə də Gəncə sakinlərinin və ictimaiyyətin mövqeyi mütləq nəzərə alınacaq. Səmimi qəbul üçün, anlayışlı və ziyalı mövqeləri üçün Səməd müəllimə də, Niyazi müəllimə də təşəkkürümüzü bildiririk!", - deyə M.Həsənov qeyd edib.

Məsələ ilə bağlı bu xoş niyyətli planlar Gəncə sakinləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.

Zakir Muradov
Gəncə

 





29.07.2020    çap et  çap et