525.Az

XX əsrin əvvəllərində xarici ölkələrin Bakıdakı diplomatik nümayəndəlikləri - (II hissə)


 

XX əsrin əvvəllərində xarici ölkələrin Bakıdakı diplomatik nümayəndəlikləri - <b style="color:red">(II hissə)</b>

28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə ölkəmiz müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşuldu. 1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlarını atanda Bakıda artıq 16 dövlətin diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. 

Bu yazıda AXC hakimiyyəti illərində xarici ölkələrin Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istəyirik. Həmin diplomatik nümayəndəliklərin fəaliyyəti haqqında müfəssəl məlumat verməyə iddia etmədən ilk növbədə onların rəhbərləri, bu nümayəndəliklərin yerləşdikləri ünvanlar haqqında qısa məlumat verməyə çalışacağıq. Eyni zamanda, məqalədə Avropanın etnik icma üzvlərinin buraya gəlməsi və yaşaması, Azərbaycanın bu xarici dövlətlərlə iqtisadi, beynəlxalq münasibətləri və mədəni əlaqələri haqqında bəzi məlumatlar veriləcək.

Arxiv sənədlərinin öyrənilməsi göstərir ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan kapitalist istehsalı prosesinə getdikcə daha çox cəlb olunurdu. Fransa, İsveç, Hollandiya, Almaniya, İsveçrə, İngiltərə və Belçika kapitalı getdikcə Bakının neft sənayesinə daha çox daxil olurdu. Xarici və yerli kapitalistlərin neft sənayesinə cəlb olunması burada Avropa xalqlarının nümayəndələrinin sayının tədricən artmasına və Azərbaycanda Avropa icmalarının formalaşmasına gətirib çıxarırdı.

Avropa xalqlarının nümayəndələrinin Azərbaycanda həyat və fəaliyyətlərindəki ən vacib amillərdən biri burada olan tolerantlıq və dözümlülük idi, bunun nəticəsində Avropa icmalarında din azadlığı, kilsələrin qurulması və milli məktəblərin yaradılması, milli və mədəni dəyərlərin qorunub saxlanması imkanları olmuşdur. Bütün bunlar xarici ölkələrin diplomatik nümayəndəliklərinin fəaliyyətində nəzərə alınırdı.

Eyni zamanda, arxiv məlumatlarının təhlili göstərir ki, bir çox diplomatik nümayəndəlik rəhbərləri bu və ya başqa formada neft sənayesi ilə əlaqəli olan ərazilərdə işləyiblər. 

LİTVA 

Litvanın diplomatik nümayəndəliyinin binası Pozenovskaya küçəsi, 15 ünvanında yerləşirdi. Küçə 1876-1881-ci illərdə Bakının qubernatoru olmuş general-leytenant Valerian Mixayloviç Posenin şərəfinə adlandırılmışdı. 1992-ci ildən bəri küçə Cəfərov qardaşları adlanır. 1919-cu ilin martında Litva yazıçısı və ictimai xadimi Vintsas Kreve (əsl adı Mitskaviçyus) Litva Respublikasının Azərbaycandakı konsulu təyin edilmişdi.

Vintsas Kreve 1882-ci ildə anadan olub. Vilnüs Katolik Seminariyasında oxuyub, Kiyev Ticarət Məktəbində dərs deyib. 1909-cu ildən Bakıdakı Realnı məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir. Budda və Pratekabudda adlarının mənşəyi ilə bağlı Bakıda yazdığı dissertasiya işinə görə Kiyev Universitetində dilçilik üzrə magistr dərəcəsi almışdır. O, Bakıda gənc yazarların "İlk tumurcuqlar" almanaxını təsis etmişdir. 1917-ci ildən Azərbaycanda fəaliyyət göstərən Litva təşkilatları Şurasının rəhbəri olmuş, AXC hakimiyyəti dövründə Bakı Universitetində dərs demişdi. 1920-ci ildə Azərbaycanın Qırmızı Ordu tərəfindən işğalından sonra ailəsi ilə Litvaya qayıdaraq, Təhsil Nazirliyində işləmiş və Xalq Hökumətinin tərkibinə daxil olmuşdur. Litvanın SSRİ-yə qatılmasından sonra Elmlər Akademiyasının prezidenti vəzifəsini icra etmişdir.1944-cü ildə ailəsi ilə Avstriyaya, 1947-ci ildə isə ABŞ-a köçmüşdür. Pensilvaniya Universitetində rus və polyak dillərini və ədəbiyyatını tədris etmişdir. 7 iyul 1954-cü ildə vəfat etmişdir.

Qeyd etmək lazımdır ki, XIX əsrin sonlarında Azərbaycanda 519 litvalı yaşayırdı, 1926-cı ildə isə onların sayı 285 nəfərə qədər azalmışdır. 

POLŞA 

Azərbaycanda uzun müddət yaşayan Avropa icmalarından biri də Polşa icması olmuşdur. XIX əsrin əvvəllərində Polşa hərbi qulluqçuları, həmçinin 1830-1831 və 1863-1864-cü illərdə Polşa qiyamlarının iştirakçıları olan sürgün edilən polyaklar Qafqaza göndərilmişdi. XIX əsrin ortalarından etibarən buraya əsasən mühəndislər, alimlər, həkimlər, memarlar, qulluqçular və sahibkarlar köçməyə başladılar. Polyaklar hərbi və inzibati xidmət sahələrində bəzi vəzifələri tuturdular, onların arasında tanınmış həkimlər də var idi.

Azərbaycan Parlamentində milli azlıqları təmsil edən deputatlardan Stanislav Vonsoviç Polşa milli şurasını təmsil edirdi, o, parlament sessiyalarının ən fəal üzvlərindən biri idi və Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində fəallıq göstərirdi.

1919-cu ilin oktyabr ayında Bakıda Polşanın Konsulluq agentliyi açıldı və Agentlik Polis küçəsi, 15 ünvanında - indiki Yusif Məmmədəliyev küçəsində yerləşirdi. Bu gün həmin binada Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının ("Azərittifaq") idarə həyəti yerləşir. Polis küçəsi öz başlanğıcını Sahil küçəsindən götürür və Kolubakinskaya küçəsində, Kitab passajında, demək olar ki, Parapet meydanında bitirdi.

Polşanın Azərbaycan Demokratik Respublikasındakı ilk diplomatik nümayəndəliyinin yerləşdiyi dördmərtəbəli bina XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda çoxsaylı memarlıq binalarının müəllifi olan polşalı memar İosif Ploşkonun layihəsi əsasında Birinci Dünya müharibəsinə qədər tikilmişdi. Polis küçəsində inşa olunmuş bu bina yerli milli ənənələr əsasında inşa edilmişdi.      

Diplomatik missiyaya konsul agenti zadəgan S.Rılski rəhbərlik edirdi. O, həm də Yevlax-Şuşa Dəmir Yolu Cəmiyyətinin idarə heyətinin sədri, "Rılskilərin varisləri" (Bakı) neft sənayesi və ticarət cəmiyyətinin direktoru idi.

1919-cu ilin 28 dekabr tarixində Polşanın Qafqazda diplomatik nümayəndəsi Vatslav Ostrovski Bakıya rəsmi səfər etmişdi. V.Ostrovski ADR-in Baş naziri Nəsib bəy Yusifbəyli və xarici işlər naziri Fətəli xan Xoyski tərəfindən qəbul edilmişdi. Bu görüşlər qarşılıqlı anlaşma şəraitində keçmiş, cari beynəlxalq vəziyyət və gənc respublikaların ikitərəfli münasibətlərinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdi. Tədbirdə Stanislav Vonsoviç, Polşanın AXC-dəki diplomatik nümayəndəliyinin əməkdaşları fəal iştirak edirdilər.

Polşa nümayəndə heyətinin Azərbaycan Demokratik Respublikasına axırıncı səfəri nazirin səlahiyyətli nümayəndəsi Titus Filippoviçin rəhbərliyi ilə 1920-ci ilin 24 aprel tarixində olmuşdur. Həmin dövrdə gərgin və çətin vəziyyətə baxmayaraq, nümayəndə heyətinə lazımi diqqət və qonaqpərvərlik göstərilmişdi.

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə AXC-də çevriliş oldu və bolşeviklər hakimiyyəti ələ keçirdilər. Polşa nümayəndə heyətinin üzvləri, həmçinin diplomatik nümayəndəliyin əməkdaşları həbs olundu və Bayıl həbsxanasına göndərildi. Bir müddət həbsxanada saxlanıldıqdan sonra Titus Filippoviç, onu müşayiət edən şəxslər və diplomatik nümayəndəliyinin əməkdaşları azad edilərək ölkədən çıxarıldılar.

1897-ci ildə aparılan siyahıyaalmadan məlum olur ki, o dövrdə Azərbaycanda 2193 nəfər polyak yaşayırdı, 1926-cı ildə onların sayı 2460 nəfər olmuşdu. 

UKRAYNA 

İlk növbədə qeyd etmək lazımdır ki, XIX əsrin sonlarında Bakıda neft yataqlarının işlənməsinə başlanılması ukraynalıların müasir Azərbaycan ərazisinə köç etməsinə səbəb olmuşdu. Ukraynalıların əksəriyyəti Abşeron yarımadası rayonunda, bəzi ukraynalı mühacirlər isə Azərbaycanın kənd yerlərində məskunlaşmışdılar. Belə ki, Azərbaycanın Xaçmaz bölgəsindəki Alekseyevka (indiki Çaykənarı) kəndinin əsası Ukraynanın Xarkov vilayətinin sakinləri tərəfindən qoyulmuşdur. O dövrdə ukraynalı miqrantların Azərbaycana yeni böyük axını bir sıra məlum hadisələr - Birinci Dünya müharibəsi, 1917-ci ilin inqilabi hadisələri, Ukraynadakı vətəndaş müharibəsi, repressiyalar və aclıq ilə əlaqədar olmuşdur.

1906-cı ildə Bakıda Taras Şevçenko adına Ukrayna "Prosvita" cəmiyyəti yaradılmışdı. Bu cəmiyyət Ukrayna ədəbiyyatını yayır, öz kitabxanalarını və məktəblərini yaradır, ictimai mühazirələr, konsertlər, sərgilər təşkil edir və xeyriyyə işləri ilə məşğul olurdu.

Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin dövründə Azərbaycan və Ukrayna arasında tamhəcmli diplomatik münasibətlər qurulmuşdu. 8 fevral 1919-cu ildə Ukraynanın Qafqazdakı səlahiyyətli nümayəndəsi İvan Kraskovski Azərbaycana gəlmiş və Etibarnaməsini AXC-nin Xarici İşlər naziri Fətəli Xan Xoyskiyə təqdim etmişdi.

Bundan əlavə, Ukraynanın bilavasitə Azərbaycandakı nümayəndəliyi üçün fəxri vitse-konsul vəzifəsi yaradılmış və həmin vəzifəni birinci dəfə Ukrayna Radasının Bakıdakı rəhbəri A. Qolovan tutmuşdu. Onun səlahiyyətləri Azərbaycan hökuməti tərəfindən 1919-cu il oktyabrın 8-də tanınmışdı. Nümayəndəlik Nikolaevskaya küçəsi (indiki İstiqlaliyyət küçəsi), 13 ünvanında  yerləşirdi.

23 avqust 1919-cu ildə Mir Əbdulfət xan Mir Rza xan oğlu Talışinski Ukraynanın Bakıdakı fəxri vitse-konsulu təyin edildi. Əslən zadəgan olan M.Talışinski 1885-ci ildə Lənkəranda dünyaya gəlmiş, 1909-cu ildə Bakı Kişi Gimnaziyasını bitirdikdən sonra Kiyevdə Müqəddəs Vladimir Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Universitetdə oxuduğu müddətdə Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında tələbə inqilabi hərəkatının təşkilatçılarından biri olmuşdu.

1 yanvar 1920-ci ildə Azərbaycan parlamentinin "Milli azlıqlar" fraksiyasından olan üzvü Vasil Kujim də Ukraynanın fəxri vitse-konsulu təyin edilmişdi. Arxiv məlumatlarına görə, vitse-konsulların öz həmvətənlərinin meydana çıxan problemlərinin həlli üçün çox səy göstərdikləri bəllidir. Belə ki, diplomatik nümayəndəliyin Muğanda yaşayan və çətin vəziyyətdə olan 20 min ukraynalıya yardım göstərmək barədə xahişinə cavab olaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti onlara maliyyə  yardımı göstərmiş və əkinçilik üçün torpaq ayırmışdı.

Muğanda tropik qızdırma epidemiyası dövründə isə Ukraynanın diplomatik nümayəndəliyi Amerika Komitəsindən dərman şəklində - 32 tondan çox xına ala bilmişdi və AXC hökuməti də öz növbəsində xəstələrə paylamaq üçün sanitar bölmə təşkil etmişdi.

Beynəlxalq aləmdə Azərbaycan-Ukrayna əməkdaşlığının bir nümunəsi öz əksini Paris Sülh Konfransında birgə edilmiş çıxışda tapmışdı. Belə ki, 12 iyun 1919-cu il tarixində Antanta Ali Şurası tərəfindən Kolçak hökumətinin bütün post-imperiya məkanında yeganə qanuni hökumət kimi tanınmasına cavab olaraq, yeni suveren dövlətlər - Ukrayna və Azərbaycanın, həmçinin Belarusiya, Estoniya, Gürcüstan və Şimali Qafqazın nümayəndələri tərəfindən iyunun 17-də birgə "etiraz" notası imzalanmışdı.

SSRİ yarandıqdan sonra Azərbaycan və Ukrayna arasında əməkdaşlıq öz axarı ilə davam edirdi: Xarkovdakı Azərbaycan ticarət nümayəndəliyi uzun müddət fəaliyyət göstərdi, Ukraynanın ticarət və digər biznes nümayəndəlikləri də öz növbəsində Bakıda fəaliyyətini davam etdirdi. 1926-cı il siyahıyaalınmasına görə Azərbaycanda 18421 ukraynalı yaşayırdı. 

YUNANISTAN   

Azərbaycana köç etmiş ilk yunanlar Qarabağda Mehmanə kəndində məskunlaşmışdılar. 1897-ci il siyahıyaalınmasına əsasən, Bakı quberniyasında 278 yunan, Yelizavetpol bölgəsində, o cümlədən Mehmanə kəndində 658 yunan yaşayırdı. Onların arasında daş ustaları, sənətkarlar və kiçik ticarətçilər, ziyalılar - həkimlər, pedaqoqlar da olmuşdur. Yunanların çoxu çörəkçiliklə məşğul olurdu və özlərinin çörəkxanaları var idi. 1907-ci ildə Bakıda artıq 800 yunan yaşayırdı və onların sayı 1917-ci ilə qədər demək olar ki, dəyişməmiş qalmışdı.

1907-ci ilin dekabrında Yunan xeyriyyə cəmiyyəti Bakı şəhər rəhbərliyinə müraciət edərək, burada Yunan kilsəsi açılmasına və cəmiyyətin yoxsul üzvlərinə kömək göstərilməsinə icazə verilməsini xahiş etmişdi ki, buna da şəhər rəhbərliyi məmnuniyyətlə razılıq verilmişdi. Bu andan etibarən cəmiyyət öz etnosuna dil və adətlərin qorunmasında hər cür kömək edirdi və ehtiyacı olanlara maddi yardım göstərirdi. Etnoqraf Andrey Popovun məlumatlarına görə, 1917-ci ildə Bakı və Yelizavetpol quberniyalarının səkkiz şəhərində 2161 yunan yaşayırdı. Yunanlar yaşadıqları şəhərlərin ictimai həyatında fəal iştirak edirdilər. Məsələn, Bakıda onların öz kitabxanaları, ibtidai məktəbin 4 sinfi, hətta "Embros" futbol klubu var idi. 1923-cü ilin statistikasına görə, Azərbaycanda şəhər əhalisi arasında 1168 yunan yaşayırdı, Mehmanə kəndində isə onların sayı 58 nəfər təşkil edirdi. Yunanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyi 1886-cı ildə Molokan küçəsinin tinində Qoqol küçəsində (indiki Xaqani küçəsi, Rus Dram Teatrı ilə üzbəüz) inşa edilmiş malikanə tipli binada yerləşirdi. Konsul isə Kussis təyin edilmişdi.

Dövri mətbuat səhifələrində yer alan materialların təhlili göstərir ki, Niderland Krallığının və Avstriya-Macarıstan İmperiyasının diplomatik nümayəndəlikləri hələ AXC-nin yaranmasından əvvəl Bakıda fəaliyyət göstərirdilər. Bakıda Avstriya-Macarıstan dövlətinin Konsulluğu 1898-ci ildə açılmışdı, ona Qafqazdakı məşhur "Qoldlüst Qardaşları" ticarət evinin sahibi, Belçika Binəqədi Neft mədənləri Cəmiyyətinin idarə heyətinin üzvü Henri Qoldlüst rəhbərlik edirdi. 1907-ci ildən Birinci Dünya müharibəsinə qədər konsul vəzifəsini onun oğlu Emil tutmuşdu.

Qoldlüst ailəsi ilə bağlı daha bir vacib məqamı da qeyd etmək lazımdır. Məsələ bundadır ki, 1886-cı ildə Emil Qoldlüstun bacısı sonradan Rusiya vətəndaşlığı alan, Xəzər-Qara dəniz neft sənayesi və ticarət şirkətinin müdiri Avstriyalı Arnold Feygl ilə ailə qurdu. O, 1905-1908-ci illərdə Niderland Krallığının Bakıdakı vitse-konsulu olmuşdu.

Bundan əlavə, A.Feygl özünün nisbətən kiçik neft quyuları qrupunun sahibi idi və Polis küçəsindəki (indiki Yusif Məmmədəliyev küçəsi) Arafelova məxsus evdə yaşayırdı. Konsulluğun mənzilləri Xəzər-Qara Dəniz Neft Sənaye və Ticarət Cəmiyyətinin əsas ofisində yerləşirdi. Hazırda burada Azərbaycan Respublikasının Baş Prokurorluğu yerləşir.

Qeyd etmək maraqlıdır ki, AXC hökumətinin  Gəncədən  Bakıya köçürülməsindən sonra Almaniya dövləti Baron Fon der Qoltsı özünün ticarət və hərbi nümayəndəsi qismində buraya göndərdi. Avstriya-Macarıstan dövlətinin diplomatik nümayəndələri də həmin dövrdə Azərbaycana gəlmişdilər. Bu dövrdə Yaponiya da Bakıda diplomatik nümayəndəliyini açmaq barədə qərar qəbul etmişdi, Vatikan isə Antuan Delabusun başçılıq etdiyi nümayəndə heyətini Bakıya göndərmişdi.

1918-1920-ci illərdə Türkiyə ilə diplomatik əlaqələr genişlənmişdir. Azərbaycan və Türkiyənin diplomatlarının, görkəmli dövlət və hərbi xadimlərinin müntəzəm olaraq qarşılıqlı səfərləri, işgüzar görüşləri təşkil edilirdi. 1918-ci ilin payızında Azərbaycanın İstanbuldakı Fövqəladə və Səlahiyyətli səfiri Ə.M.Topçubaşov tərəfindən geniş sahələri əhatə edən  diplomatik danışıqlar aparılmışdır. Burada həmçinin qeyd etmək lazımdır ki, həmin dövrdə Türkiyənin bir sıra ölkələrdə səfirlikləri fəaliyyət göstərirdi və onlar Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasında vacib rol oynayırdılar.  

Dövri mətbuatda çıxan bəzi materiallar məlum olunur ki, AXC hakimiyyəti illərində Bakıda Norveç konsulu, həmçinin Çexoslovakiyanın diplomatik nümayəndəliyi də fəaliyyət göstərirdi. 1926-cı il siyahıyaalınmasına görə, Azərbaycanda 87 çex və slovak yaşayırdı.

1920-ci ilin aprelində beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Sovet-bolşevik rejimi Azərbaycanı işğal etdi və bunun nəticəsində buna qədər de-fakto müstəqil dövlət kimi tanınmış Azərbaycan Xalq Cümhuriyyəti ilə diplomatik əlaqələr sona çatdı.

Bakıda hakimiyyəti ələ keçirən bolşeviklərin ilk addımlarından biri xarici dövlətlərin diplomatik nümayəndəliklərinin şəxsi heyətini həbs etmək oldu. Ümumilikdə 400-ə yaxın adam həbs olunmuşdu. Sonradan Azərbaycandakı yuxarıda göstərilən diplomatik nümayəndəliklərin hamısı qısa müddət ərzində öz fəaliyyətlərini dayandırdı və diplomatlar öz vətənlərinə qayıtdılar.

Qeyd olunanlar XIX əsrin sonu və XX  əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə bağlı bəzi qısa məlumatlardır. Biz bununla o dövrdə Bakıda diplomatik nümayəndəlikləri fəaliyyət göstərən dövlətlərlə Azərbaycanın beynəlxalq münasibətləri və əlaqələri barədə hərtərəfli məlumat vermək iddiasında deyilik. Sevindirici haldır ki, bu mövzuda azərbaycanlı alimlərin və diplomatların fundamental tədqiqatları aparılmış, çoxsaylı məqalələr yazılmışdı.

Qeyd olunan diplomatik nümayəndəliklərin fəaliyyəti, onların rəhbərləri və bu nümayəndəliklərin yerləşdikləri ünvanlar haqqında məlumatlarla tanış olmaqla yanaşı, biz eyni zamanda Bakının tarixi ilə bağlı müəyyən bilgiləri də öyrəndiyimizi söyləyə bilərik. Küçələrin keçmişi, onların adları, yaşayış binalarının (dağılmış və salamat qalmış) tarixini öyrənməklə həm diplomatik münasibətləri, həm də Bakının tarixinə dair maraqlı faktları öyrənmək olar.

Müstəqilliyin bərpasından sonra Azərbaycanla dünya ölkələri arasında diplomatik münasibətlər bərpa edildi. Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdu. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanın 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi mövcuddur. Eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyi və 3 ölkənin 4 baş konsulluğu, 13 ölkənin fəxri konsulluğu fəaliyyət göstərir. Bundan başqa, Azərbaycanda 21 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.

 





29.07.2020    çap et  çap et