525.Az

“Siyasi dialoqun predmeti milli problemlərin həlli ola bilər” - Sərdar Cəlaloğlu ilə müsahibə


 

"QOY BÜTÜN AZƏRBAYCAN SİYASİ DİALOQA GEDƏNLƏRƏ XAİN DESİN, AMMA TƏKİ NƏTİCƏDƏ QARABAĞ İŞĞALDAN AZAD OLUNSUN"

“Siyasi dialoqun predmeti milli problemlərin həlli ola bilər” - <b style="color:red">Sərdar Cəlaloğlu ilə müsahibə </b>

Siyasi dialoq

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.  

- Ölkədə gedən bir sıra kadr dəyişiklikləri, islahatlar həqiqətən iqtidarla müxalifət arasında münasibətlərin yeni müstəviyə çıxarılmasında müsbət bir aura yaradıb. Konkret addımlar atılıb. Düzdür, bu addımlar hələlik siyasi qüvvələrin ölkənin problemlərində iştirakı üçün imkan yaratmır. Ancaq  bunları əvvəlki illərlə müqayisədə kifayət qədər irəliyə doğru addım hesab etmək olar. Ümid edirik ki, bu proses  dərinləşsə, iqtidar prosesdə daha yüksək səviyyədə təmsil olunsa, bu, Azərbaycanda tamamilə yeni bir münasibətlər sisteminə gətirib çıxara bilər.

- Belə başa düşmək olarmı ki, siz indiyə qədər aparılan prosesi qənaətbəxş hesab edirsiniz. Bundan sonra nəyi düşünürsünüz, prosesin daha da irəliləməsi üçün hansı təklifləriniz var?

-  Əvvəla onu deyim ki, yaxın günlərdə siyasi partiya rəhbərləri ilə yüksək səviyyədə dəyirmi masa formasında görüşün olması və orda ölkənin problemləri, aparılan siyasət barədə məlumat verilməsi labüddür.  Yəni mövcud problemlərin həll edilməməsilə bağlı müəyyən bir arayış verilməlidir. Çünki  bir çox hallarda ölkədə gedən prosesləri, bəzi məsələləri müxalifət bilmədiyinə görə, yanlış mövqedə ola, əsassız ittihamlar irəli sürə bilər. Amma iqtidar-müxalifət arasındakı bu münasibətlər problemlərin həllinə istiqamətlənməlidir, sadəcə olaraq, iqtidar-müxalifət görüşü xarakteri daşımamalıdır. Millət görməlidir ki, iqtidar-müxalifət dialoqu cəmiyyətdə hansı dəyişikliyə gətirib çıxarıb. Yəni bu dialoqdan xalq nəsə əldə etməlidir. Müxalifətin nəsə əldə etməsinin elə bir əhəmiyyəti yoxdur.

- Dialoqdan imtina edən bəzi müxalifət qüvvələrinin mövqelərini necə qiymətləndirirsiniz?

- Siyasi dialoqun mahiyyəti o deyil ki, bütün qüvvələr, hətta bir-birilə əks qütbdə dayananlar, həmin prosesdə iştirak etsinlər. Çünki bəzi qüvvələr var ki, onların siyasi dialoqda iştirak etmələri üçün çox ciddi problemləri var - psixoloji, şəxsi və digər bu kimi problemlər. Ona görə də burda hamının iştirakı vacib deyil. Ən vacib odur ki, neçə qüvvə iştirak edir-etsin, bu münasibətlərin, iştirakçılığın cəmiyyətə, xalqa xeyri olsun. Prosesdən kənarda qalan olacaq və qalmalıdır da. Çünki ola bilməz ki, Azərbaycan cəmiyyətində hamı eyni cür düşünsün. Elə qüvvələr var ki, onları ancaq hakimiyyətin dəyişməsi maraqlandırır. Hakimiyyət dəyişilməsi siyasi dialoqun predmeti ola bilməz. Siyasi dialoqun predmeti milli problemlərin həlli ola bilər. Buna görə də düşünürəm ki, kimin ki yeganə məqsədi hakimiyyətə gəlməkdir, yaxud da iqtidarı hakimiyyətdən uzaqlaşdırmaqdır, onların bu siyasi dialoqda iştirakı absurd olar və iştiraklarının mənası da yoxdur.

- Dialoqda iştirak etməyən müxalifət qanadı dialoqa gedənləri əsas müxalifət partiyaları hesab etmədiklərini deyirlər...

- Hər kəsə öz tüpürcəyi dadlı gəlir, başqasının tüpürcəyindən isə iyrənir. Bu, psixologiya ilə bağlıdır. Bir ideya bunlara məxsusdursa, düzdür, başqasına məxsusdursa, yox. Dediyim kimi, kimin nə söyləməsindən asılı olmayaraq, əsas olan xalqın burda xeyir görməsidir. Qoy bütün Azərbaycan desin ki, siyasi dialoqa gedənlər xaindir, amma onun nəticəsində Qarabağ işğaldan azad olunsun. Biz özümüz haqqında sadə vətəndaşların, siyasi partiyaların hansı iddiaları irəli sürməsindən çıxış edib fəaliyyət göstərməməliyik, doğurdan da, xalqa xidmət ediriksə və bu dialoqun da ona xeyri varsa, kim nə deyir-desin,  bu yolu getməliyik. Bizim peyğəmbərimizin belə bir fikri var, kim nə deyir-desin, düz hesab etdiyiniz yolla gedin. Yəni mən getdiyim yolu düz hesab edirəmsə və o, əyri yoldadırsa, onda mənim yoluma da əyri baxacaq.

- İqtidarla müxalifət arasında növbəti görüş nə vaxta planlaşdırılır və siz konkret hansı təkliflərlə çıxış etməyi düşünürsünüz?

- Mən müxalifətin fəaliyyətinin qanunvericilik bazasının gücləndirilməsini təklif edərdim. Konstitusiyada siyasi partiya anlayışı yoxdur. Konstitusiyaya siyasi partiyalarla bağlı ayrıca maddə salınmalıdır. Konstitusiyada çoxpartiyalı sistemin təsbit edilməsinə ehtiyac var. İkincisi, müxalifət haqqında, müxalifətin çoxpartiyalı siyasətdə yeri ilə bağlı qanun qəbul edilməlidir. Demək istəyirəm ki, qanunvericilik bazası gücləndirildikdən sonra bəlkə də, iqtidarla müxalifət arasında indiki əlaqələrə ehtiyac qalmayacaq. Qanun hər şeyi tənzimləyəcək.

- Növbəti görüş barədə məlumat varmı?

- Bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb,  fikir  mübadiləsi aparmışıq. Bu müzakirələr  çox faydalı olub. Mən Ermənistanın Tovuz təxribatı, iqtidar-müxalifət münasibətlərinin perspektivi, ölkədə mövcud problemlərdən çıxış yolları haqqında öz fikirlərimi demişəm. Ədalət müəllim iqtidarın mövqeyini ifadə edib. Yəni çox məhsuldar bir söhbətimiz olub. Məni ümumiyyətlə, dialoqun verə biləcəyi nəticələr daha çox maraqlandırır. Ona görə də görüş haqqında məlumat verməyi də o qədər vacib hesab etmirəm. Əsas odur ki, bu cür görüş nəticəsində nəsə bir ciddi məsələdə ortaq mövqeyə gələk və ya hansısa əməkdaşlıq cəhdi meydana çıxsın. Ona daha çox əhəmiyyət verirəm, nəinki görüş barədə fikirlərimi bölüşməyə.

- Ermənistanın Tovuz təxribatını xatırlatdınız. Siyasi partiyaların hamısı da olmasa, əksəriyyəti bir bəyanatla da çıxış etdi. Sizcə, Azərbaycandakı siyasi partiyalar bu milli məsələdə nə dərəcədə həmrəy oldular?

- Bəli, birgə bəyanat oldu, bəzi partiyalar ona imza atmadılar. Bəhanə gətirdilər ki, iqtidar özü ilə bağlı müddəalar salıb. Bunu çox yanlış hesab edirəm. Çünki bəzən elə qiymətli şeylər var ki, onda 2-3-cü dərəcəli məsələlərə əhəmiyyət vermək lazım gəlmir. Həm də ölkənin taleyinin həll olunduğu vaxtda. Məsələn, Türkiyədə bir-birinə düşmən olan partiyalar milli məsələlərdə bəyanata birgə imza atıb Azərbaycanı müdafiə etdilər, bizim öz partiyalarımız isə eyni məsələdə  öz ölkələrini müdafiə etmirlər. Görün biz siyasi mədəniyyət, siyasi şüur cəhətdən Türkiyədən nə dərəcədə geriyik. İqtidar bəyanatın mətnin hazırlayıb, orda da öz marağına uyğun hansısa bir müddəa salıb, bunu əsas götürüb nəsə irad tuta və imzalamaqdan imtina edə bilmərik. Belə çıxır ki, imza atmış partiyaların hamısı düşməndir?!

- Düşmən demişkən, uzun illərdir Azərbaycanın siyasi mühitində sanki bir düşmənçilik ab-havası var. Başladılan yeni proseslə bu mühiti dəyişmək mümkün olacaq?

- Uzun illərdən bəri Azərbaycanda iqtidar-müxalifət münasibətlərində çoxlu  problemlər yığılıb qalıb. Amma bu problemlərin də birdən-birə həll ediləcəyini gözləmək mümkün deyil. Burda psixoloji, xarici qüvvələrin təsiri, eləcə də ölkə daxilindəki qüvvələrə xaricdən təsir var. Ona görə də düşünürəm ki, əsas prosesi başlatmaqdır. Bu prosesdə məndən də aktiv şəkildə iştirak edən adamlar var. Məsələn, REAL partiyası 6-7, Ağ partiya 3-4 dəfə iqtidar nümayəndəsi ilə görüşüb. Bunu normal hesab edirəm, hamı eyni dərəcədə aktiv prosesə qoşulmamalıdır ki. Bəziləri ləng qoşulacaq, bəziləri daha aktiv olacaq. Ona görə də bu məsələdə kim istəyir qoşulsun, kim istəyir qoşulmasın, onun öz işidir. Əsas qoşulanların bu istiqamətdə prosesi nə dərəcədə sağlam şəkildə irəli apara bilmələridir.

- AXCP dialoqdan imtina edib. Bu barədə fikirləriniz nədən ibarətdir?

- İştirak edib-etməmək onların öz işidir. Lakin məhz AXCP-nin "əsas" müxalifət partiyası olması və AXCP  iştirak etmirsə, bunun iqtidar-müxalifət dialoqu olmamasına dair fikirlər, əlbəttə ki, əsassızdır. Rusiyanın bir projesi var idi - Milli Şura. AXCP ordadır deyə, biz də gedib mütləq hansısa xəyanətdə iştirak etməliyik? Bu, boş məsələdir. AXCP öz tərəfdarları ilə belə illuziya yaratmaq istəyir, əslində, onların iştirak etmədiyi o qədər layihələr olub ki, irəliyə doğru addımlar da atılıb.  Həm müxalifət, həm iqtidar cəbhəsində AXCP heç kimin yadına da düşməyib. AXCP özünü təcrid etməklə, özünü digər siyasi qüvvələrdən yüksək hesab etməklə divident qazanmaq istəyir. Bu da çox cılız düşüncədir. Məsəl var, keçi can hayında, qəssab piy axtarır. Ölkəyə düşmən hücum edir, Pakistan, Türkiyə bizi müdafiə edir, dünyada aksiyalar keçirilir, hansısa qüvvə "mən bu prosesdə iştirak etmirəm" deyir. Sən məni müxalifət hesab etmirsən, mən də səni müxalifət hesab etmirəm, hətta mən bir qədər də irəli gedib səni milli qüvvə hesab etmirəm. Burda mənim kimi nə hesab etməyimin, yaxud məni kimin nə hesab etməyinin məsələyə hansı aidiyyatı var? Əsas məsələ odur ki, proses ortaya xalqın, millətin xeyrinə olan nəticələr qoysun.

- Müsavat partiyasının bu məsələdə mövqeyini necə qiymətləndirirsiniz?

- Onlar yanlış yoldadırlar. Müsavat da, AXCP də 30 ildə Azərbaycan siyasətində çox yanlış bir yol tutdular. Bunun nəticəsi o oldu ki, həm özləri vaxtilə çox nəhəng partiyalar idilər, indi  zəifləyib sıradan çıxdılar, həm də Azərbaycan müxalifətinə rəhbərlik etsələr də, heç bir nailiyyət əldə etmədilər. Nə özləri bir nailiyyət əldə etdi, nə də Azərbaycanda ümumiyyətlə, özləri barədə yaxşı bir rəy yarada  bildilər. Revanşizm onlara imkan vermədi ki, yaranmış situasiyaya uyğun olaraq yenidən təmərküzləşsinlər, komplektləşsinlər. Onlar təkcə bizlə, ya iqtidarla münasibətdə belə əxlaq nümayiş etdirmədilər, onlar bir-birləri ilə münasibətdə də eyni yanaşmanı nümayiş etdirdilər. Ona görə də düşünürəm ki, iqtidar-müxalifət məsələsində Müsavatın, AXCP-nin mövqeyinə əsaslı şəkildə qiymət verməməliyik, bir onu demək lazımdır ki, düzgün olmayan yoldadırlar.

- Dialoqun xalq, cəmiyyət ilkin müsbət nəticələrini nə vaxt görəcək?

- Nəticələr barədə danışmaq hələ tezdir. Gərək hələ milli problemlər müzakirə oluna, Tovuz hadisələrindən sonra münaqişə ilə bağlı dünyada kifayət qədər müsbət rəy yarandı və rəyin yaradılması davam edir. Bunun böyük əhəmiyyəti var. Siyasi əhəmiyyətini başa düşürük, indi xalq sosial-iqtisadi vəziyyətinin inkişafını, işsizliyin aradan qaldırılmasını gözləyir. Biz hələlik bu məsələləri müzakirə etmirik. İqtidarla müxalifətin hansı məsələni müzakirə edib, qərar qəbul edə biləcəyinə dair müzakirələr aparırıq. Amma yekdil qərara gəlsək ki, bəli, Azərbaycan iqtidarı və müxalifəti milli problemlərlə bağlı bir araya gəlib, o problemlərin həllində birgə  iştirak etmək istəyir, biz onda birinci Dağlıq Qarabağ, işsizlik, təhsil, səhiyyə məsələlərini qaldıracağıq. Bir-bir bu məsələlər ətrafında müzakirələr aparıb, düzgün yolun nədən ibarət olduğunu ortalığa çıxarmağa çalışacağıq. Amma hələlik münasibətlərimiz bu səviyyəyə gəlib çıxmayıb. Biz indi bir-birimizi öyrənirik, açıq desək, nəbzimizi yoxlayırıq - kim nə düşünür, nə dərəcədə bu proses ardıcıl olacaq və s. Asan məsələ deyil ki, dünənə kimi bir-birinə düşmən kimi baxan qüvvələr bu gün desin ki, gəl qardaş olaq. Ədalət müəllimin prosesə qoşulması ona görə yaxşıdır ki, bu adam kənardan gəlmiş bir adamdır. Siyasi qazanın  içində, rəqabət mühitində hansısa tərəfi təmsil edən olmayıb. Mədəniyyət sahəsindən gəlib, iqtidar-müxalifət münasibətlərində iştirak etməyən adam olub. Müxalifət haqqında hansısa bir fikri yoxdur. Ona görə də Ədalət müəllimin neytral adam kimi prosesi irəli aparmaq şansı böyükdür. Əvvəlki adamlardan olsaydı, ilk görüşdən bu proses provokasiya olunardı, dayanardı. İstər-istəməz köhnə münasibətlər üzə çıxır. Köhnədən olanları qoyaq qırağa, təsəvvür edək ki, hər şeyi sıfırdan başlayırıq. O, özü də təzədir, proses də yenidir, bu da işin uğurlu aparılması üçün çox vacibdir.

PƏRVANƏ

 





30.07.2020    çap et  çap et