525.Az

Ədəbiyyatla bağlı kim nə düşünür? - Şəfa Vəlinin yazısı


 

Ədəbiyyatla bağlı kim nə düşünür? - <b style="color:red">Şəfa Vəlinin yazısı </b>

Jül Vernin "Altun vulkanı" əsərində iki xalaoğlu var. Ben realistdir, həyatın eynirəngli olmadığını bilir.

Daim macəra axtarışında olsa da, bu macəraların hamısına "adi həyati hadisə" kimi baxır.  Summi isə bütün adətlərinə sadiqdir: o, eyni saatda səhər yeməyini yeyir, eyni saatda ova çıxır, neçə ildi ov tüfəngini asdığı mismara da xəyanət etmir.  Onun üçün təbiətin bəxş etdikləriylə  yaşamaq xoşbəxtlikdir. Bu məqamda o, olduqca romantik ruhlu insan təsiri bağışlayır. Bir gün bu xalaoğulları əməlli-başlı faciəylə üzləşirlər. Realist Benin çarəsizlikdə başını itirdiyini, çıxış yolu tapmadığını görən Summi halını pozmadan deyir:  "Filosof ol bir az! Fəlsəfə dünyadakı ən gigiyenik şeydir. Əgər insan, həqiqətən, bir filosof olsaydı..." 

... Doğrudan da, fəlsəfə gigiyenikdirmi? Yoxsa əksinə, fəlsəfi düşüncələr ruhi xəstəliklərin bizi ələ keçirməsinin səbəbidir?  Aylardır bu sualı düşünürəm, hər oxuduğum yazıda, hər baxdığım filmdə cavabını axtarıram. İşarətlərin ucundan tutub irəliyə doğru getdikcə cığırların burulduğunu, haçalandığını, bəzi yerlərdə kol basdığını gördüm... Və o zaman Səbuhi Şahmursoyun  yazdıqlarını oxuyub gülümsədim... Səbuhi bəy "Həyat və şəxsiyyət" adlı məqaləsində yazır: "Ədəbiyyatla məşğul olmaq, həyatla çarpışmaq kimidir" ("Həyat və şəxsiyyət",  "Ustad" jurnalı).  Bəli, ədəbiyyatla məşğul olmaq daim həyatı dərk etməyə çalışmaqdır, bu isə öz növbəsində, hər müəllifin bir məqamda filosof olduğunu göstərir. Təbii ki, fəlsəfi düşüncələrin  içində azadlığını, yazmaq istədiyini axtaran müəllifin özünü inkar etməsi də rast gəlinəndir. Bu inkar çox vaxt müəllifə olduqca baha başa gəlir, yazır, yazır, elə bir an gəlib çatır ki, yazdığı mətn tamamilə ona yadlaşır. Aradakı sərhəddi keçmək mümkün olmayanda da yazıçının tək çıxış yolu qalır:  kompyüterin qarşısına keçib yazdığı faylı seçsin və "delete" düyməsini bassın...

Bəzən də yazıçı özünü əsərində gizlədir, hər obrazda bir az özündən danışır, hadisələrin gedişatını dəyişmək iqtidarında olduğu qənaətinə gəlir. Amma bir də onda ayılır ki, hər şey yazılıb, bitib və heç nə dəyişməyib, hər şey necə yaşanıbsa, elə o cür də yazılıb... Bax, onda yazıçı özünü yenidən yaratmaq qüdrətində olmadığını dərk edir... Növbəti yazıda başqa manevrlər axtarır, gah tapır, gah da təxəyyülünə və onu  özünə çəkən mətnə uduzur...

Şəmil Sadiq mətnə uduzmamaq üçün yeni bir üsul təklif edir. O yazır: "İçindəki  şeytandan qaçanlar və ya qaçmaq istəyənlər onu əsərlərində və obrazlarında da rədd edir" ("Kefli İsgəndər biqeyrətdirmi?", "Ustad" jurnalı). Bir neçə gün də bunu düşünmüşəm; görəsən, mən hansı hekayəmdə "içimdəki şeytanı rədd etmişəm?" Sonra da baxıb görmüşəm ki, nəinki rədd etmək, hər dəfə haqqında yaza-yaza onu inkar etməkdən bir addım daha uzaqlaşmışam... "Ay və Gün" əfsanəsindən başlayaraq indiyə kimi ədəbiyyat daim Xeyirin tərəfində dayanıb, onun haqqında gözəl sözlər danışıb, amma nədənsə, Şər də bir obraz kimi həmişə Xeyirin yanında olub... "Küpəgirən qarı"lar, "Qarnı keçə, burnu biz"lər, "Hu baba"lar ədəbi obraz kimi "Ağ atlı"larla birgə anladılıb. Müəllifsiz qəbul etdiyimiz hər bir nağıl, əfsanə, kiçik bir el məsəli də nə vaxtsa, hansısa müəllifin düşüncəsindən süzülüb axı... Şəmil müəllimin üsulunu "yüz ölçüb, bir biçəndə" mənə elə gəlir ki, bütün nağılları divləri sevənlər uydurub, hər divin ölümüylə öz sevgisini inkar edib...

Bu məqamda Zahid Sarıtorpağın bir müsahibəsindəki fikirlərini xatırlayıram: "Yazı prosesində ruhlu olmaq, Allahlı olmaq, bəzən də lap iblisanə məqamlara baş vurmaq gərəkdir". Razıyam... Məncə də, yazı prosesində müəllif nədən yazırsa, ona "çevrilir".

... Yazı sənətdir, insan övladı bunu çoxdan qəbul edib. Bəs, bu sənəti həyat tərzinə çevirmək müasir yazıçıdan nə tələb edir: qəhrəmanlıq, yoxsa Məmməd Arazın məhşur şeirindəki kimi "ayaqlaşmaq?" Təsəvvür edirəm ki, dörd yolun ayrıcındayam. İstiqamət lövhəsində də təkcə bu sual yazılıb. Lövhənin ətrafında dolanıb durmaqdan başqa çıxış yolu görünürmü? Yox... Bəs, itirdiyim zaman?  Ucunu tapa bilmədiyim düşüncə kələfi? Yenə Zahid Sarıtorpağın müsahibəsini xatırlayıram. O deyir: "Ədəbi taledə hərənin bir qisməti, bir payı var desəm, məncə, yanılmaram". Təkcə bu cümlə bəs edir ki, ilk abzasdanca mətnini dövrün tələblərinə, oxucu marağına və nəşriyyatın iqtisadi cədvəlinə uduzan yazıçıların faciəsini anlayasan...

Bir də müəllifin yazdığı mətndən mədəd umması var. Nənəm demiş, "yükün ağırı burdadı"... Müəllif elə bilir ki, hekayəsindəki (romandakı, povestdəki, essedəki, lap elə şeirdəki) obraz ağlayırsa, daha bir müddət o, ağlamasa da olar. Bu üsulu çoxdan sınaqdan çıxarmışam və əminliklə deyirəm ki, yazı prosesində bu üsul bumeranq effekti verir... Təhminə Vəliyevanın yazdığı kimi: "Yaza-yaza yüngülləşdiyini sandığın kədərin yazdıqca necə də artır, yaxud yaza-yaza bitirmək, birdəfəlik öldürmək istədiyin eşqin yazdıqca sanki yenidən cana gəlir və daha da böyüyür" ("Bəxtiyar Aslanın danışan hekayələri", 525.az.).

... Yazı həm də prosesdir. Bütün proseslərdən fərqliliyi başlanğıc və son nöqtəsinin qəti olmamağındadır. Yəni yazını bir yola bənzətsək, müəllif də yolçuya dönsə,  onun istiqaməti itirməyi an məsələsidir. Yazının daxilində heç bir xəritə, kompas, "bələdçi kitabı", lap elə xatirələr onun köməyinə çatmayacaq...  Yeganə ümid qaranlığın içindən görünən nöqtə boyda işıq, ya da  müəllif "dejavu"sudur ki, bunu da "it hürən tərəf" saya bilərik. Səsin hardan gəldiyini müəyyən etmək mətndə azan müəllifçün asan olmadığından, ən yaxşısı, işığı seçməkdir, deyilmi? Bax, o işığın mənbəyi  mətnlə müəllif arasındakı düsturu olmayan riyazi tənlikdir. Həll üsulunu axtarmaqçün bəzən bir ömür yazmaq olar... Ona görə də bu məqamda mətnindən əvvəlki mətnləri oxumaq təsəllivericidir. Məsələn, insan psixologiyasının ən gözəl anladıcısı saydığımız Dostoyevskinin "Milad ağacındakı oğlan" hekayəsinda bütün yazıçılar  üçün maraqlı bir  mayak,  işıq gələn tərəf var. Oraya üz tutsaq, orda mütləq özümüzə bəraət qazandırmağa nəsə tapacağıq. Hekayənin sonunda Dostoyevski yazır: "...real hadisələr haqqında yazacağıma  söz vermişdim! Məsələ də  bundadır, mənə elə gəlir, elə görünür ki, bunlar həqiqətən baş verib. Yəni zirzəmidə, odunlar arxasında olanlar, Milad ağacı ətrafında olanlar - bilmirəm, necə deyim, baş verə bilərdimi, ya yox? Bu səbəbdən də romançıyam, uydurmaq üçün".

 





30.07.2020    çap et  çap et