525.Az

Şəhid polkovnikin qızı: "Atam qardaşımla mənə deyirdi ki, sizinlə fəxr edirəm"


 

"SOSİAL ŞƏBƏKƏDƏ PAYLAŞDIĞI SON MAHNI ALİM QASIMOVUN "XATİRƏDİR" MAHNISI İDİ"

Şəhid polkovnikin qızı: "Atam qardaşımla mənə deyirdi ki, sizinlə fəxr edirəm"<b style="color:red"></b>

Hərbçi həyatının necə çətin olduğunu İlqar əmimdən - şəhid polkovnik İlqar Mirzəyevdən bilirdim. Bir yerdə böyüdüyüm övladları Elvin və Gülnarə ilə hər bayramda, özəl günlərdə gözümüz qapıya zillənər, onun yolunu gözləyərdik, dəqiq vaxtı, günü bilməzdik... Həmişə heç olmazsa, xüsusi günləri bir arada keçirməyi arzulayardıq. Xidmətdən qayıdanda birlikdə keçirə bilmədiyimiz doğum gününü qeyd edəcəkdik İlqar əminin. Nə planlar qurmuşduq...

Elə tarixi hadisələr də var ki, illər ötüb nəsillər bir-birini əvəz etsə də, o hadisələrdə öz qanı ilə dastan yazan qəhrəmanlarımız, torpaq uğrunda canından keçən igid oğul və qızlarımız heç vaxt unudulmur. Bu şanlı tarixin səhifələrinə adını qızıl hərflərlə yazdıran qəhrəmanlardan biri də polkovnik İlqar Mirzəyev oldu.

1973-cü il mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olmuş polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı canını bu vüqarlı dağlara təslim edib, yaxın dostu, general-mayor Polad Həşimov və 5 hərbi qulluqçu ilə birlikdə gözlərini birdəfəlik yumdu. Şəhidlik zirvəsinə yüksələn qəhrəman hərbçilərimiz milyonlarla insanın ürəyini fəth etdilər. Sağlığında yetirmələrinin Vətənə layiq əsgər kimi yetişməsində müstəsna rolu olan İlqar Mirzəyev iki övladına istədiyi qədər vaxt ayıra bilməsə də, oğlu ilə qızı onun çiyinlərinə necə bir yük götürdüyünü bilirdilər. Onlar anlayırdılar ki, atalarına ali bir missiya, Vətən torpağını qorumaq görəvi tapşırılıb. Buna görə də heç vaxt ondan inciməzdilər, əksinə, həmişə hərbçi ataları ilə fəxr edirdilər.

İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva deyir ki, vaxt məhdudluğuna rəğmən, atası həmişə onların təhsilinə diqqət yetirərdi: "Atam bizi həmişə əzizləyirdi, vaxt tapan kimi kitab oxuyur, bizə bədii ədəbiyyatın vacibliyini təlqin edirdi, xarici ədəbiyyata böyük maraq göstərirdi. Son illərdə alman dilini öyrənməyə başlamışdı və artıq B1 səviyyəsinə qədər çatmışdı. Xarici dil öyrənməkdən əlavə, öz ixtisası üzrə hərbi kitablar oxumağı xoşlayırdı.

Dincələndə musiqiyə, ən çox retro mahnılarına üstünlük verirdi. Sosial şəbəkədə paylaşdığı son mahnı isə Alim Qasımovun "Xatirədir" mahnısı idi".

Sonuncu dəfə evdən çıxarkən başqa cür qayıdacağını ailəsinə hiss etdirmişdi İlqar Mirzəyev... Qızı Gülnarə Mirzəyeva deyir ki, həmişə ona "anam" deyə müraciət edərmiş: "Atamın ən böyük arzusu mənim iqtisadçı olmağım idi. Mən onun arzusunu reallaşdıracağam, gələcəkdə siyasətçi və iqtisadçı olmağı düşünürəm. Qardaşımla mənim əlimdən tutub deyirdi ki, siz mənim qürur mənbəyimsiniz, mən sizinlə fəxr edirəm. Mən atamın qanını yerdə qoymayacağıma söz verirəm və tezliklə Qarabağın geri qaytarılmasını istəyirəm".

İlqar Mirzəyevin 25 illik dostu Mürşüd Babayev yaxın münasibətlərinin hərbi məktəbdən başladığını deyir: "Sonralar yenə eyni hərbi hissədə xidmət etdik. O, 2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğurlara imza atmışdı. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verildi. İlqar əsgərlərinə qarşı daima tələbkar, bir o qədər də qayğıkeş idi. 2016-cı ilin Aprel döyüşlərində Polad Həşimovla birlikdə çiyin-çiyinə vuruşmuşdu, hər ikisi o döyüşlərdə ölümlə qarşı-qarşıya qaldıqlarını danışırdılar. Orada heç bir itki vermədən böyük qələbə qazanmışdılar.

İlqar Mirzəyevin qəlbində həmişə müqəddəs bir hiss - Vətənə məhəbbəti yaşayırdı. İlqar Mirzəyev Qarabağın ermənilərin əsarəti altında olması ilə barışa bilmirdi, tez bir zamanda o torpaqların qayıtmasını arzulayırdı".

Biz də gənc nəsil kimi polkovnik İlqar Mirzəyevin timsalında canını Vətən yolunda fəda edən qəhrəman şəhidlərimizin qisasının alınacağını, arzularının çin olacağını diləyirik. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparıb ən uca zirvəyə - şəhidlik məqamına ucalan hərbçilərimizin adının məktəblərə, küçələrə, prospektlərə verilməklə əbədiləşəcəyinə inanırıq.

İlqar Mirzəyev öz arzusuna çatdı və uca yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canını fəda etdi, sağlığında da, şəhadətindən sonra da hörmətlə anıldı. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu özünə örnək götürməlidir.

Elmin ALTAY

 





30.07.2020    çap et  çap et