525.Az

"Sənə salam olsun, Ayasofya!" - Ramiz Məmmədzadənin şeirləri


 

"Sənə salam olsun, Ayasofya!" - <b style="color:red">Ramiz Məmmədzadənin şeirləri </b>

SƏNƏ SALAM OLSUN, AYASOFYA!

İstanbul şəhərindəki 15 əsrlik Ayasofya məbədinin indən belə muzey deyil, məscid kimi fəaliyyət göstərməsinə dair Türkiyə Dövlət İşləri Məhkəməsinin qərarını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq etdi.

Sənə salam olsun,
              Ayasofya!
Poladlaşmış daşlarına,
  Daşlaşmış kərpiclərinə,
İlahi naxışlarına,
  O sirli baxışlarına,
               Salam!
Mübarəkdir came adın!
Nə illərdi
  Quran səsi gəlməyəndə
          darıxmadın?!
Göylərə bax,
     Bir ag göyərçinə dönüb
Fateh Sultan Mehmetin
             nigaran ruhu...
Min illərdir cavan ruhu...
Bilal gəlsin,
               Azan versin,
Dalğalansın Yer üzünə
O həbəşin qədim səsi.
"Allahu-Əkbər!" kəlməsi.
Salam olsun, Ərdoğana!
                 Niyyətinə,
                 qüdrətinə,
                 şöhrətinə,
               Salam olsun!
Gözün aydın,
         Ayasofya camesi!
Ordan boylan bizə sarı,
Bir gör indi nə gündədir
               Qarabağda
Sənin məscid qardaşların...
Gedənlərin qarasınca
               çıxıb gedib,
               itkin düşüb
               azan səsi...                    
Qəzəbindən qupquruyub
Məscidlərin minarəsi...
Gəl, Ayasofya camesi,
Çarə qılaq bu dərdimə,
               bu ağrıma...
Qollarını aç bizlərə
Səni basıram bağrıma!..

GÜNÜN ŞEİRİ

Küçələr boş, nə gedən var,
               nə də gələn...
Budaq tapmır
     qona bilsin ağacdələn...
Dünya görünməz qəfəsdə
                 əsir düşüb,
Allah, Allah,
       nə yaxşı ki, bəxtimizə
                o Pir düşüb.
Darmacalda üz tuturuq
                o yanlara...
Dünya dözür, səbr eyləyir
bu dünyadan doyanlara..
.
Kimdir onu xirtdəkləyən,
çıxmır səsi? -
Təlaşdadır, təklənibdir
Yer kürəsi...
Canı xəstə - gecəsinin,
gündüzünün...
Rəngi solub Göy üzünün...
Güllələrin hikkəsindən
Külək, hava yaralanıb.
Torpaq - sudan,
   Budaq - kökdən,
   Ay - göylərdən aralanıb...
Aləm dəyib bir-birinə.
Qorxa-qorxa boylanırıq
                  bəxtimizin
O fırlanan xəlbirinə...
Eh, nə qədər gizli-aşkar,
       xain, idbar,
       mərdimazar - ayaq üstə.
Çarəsi yox azar-bezar - ayaq üstə...  
Üzü göyə dua edir
           müsəlmanın ev-eşiyi,
                    dağı-daşı.
Qarabəniz Afrikadan
Qonaqsevməz Avropaya qaçaqaçdı...
İraq olsun!
         Qulağıma gəlir hərdən
Qaralmış dar ağacından
Sallanan qart kəndir səsi.
Belə getsə,
             öz-özünü asa bilər
                  Yer kürəsi...
Fəqət,
        Allah Göydən baxır...

BAKI MERİNƏ MƏKTUB

Hörmətli Bakı meri,
Yaxşı bilirəm indi
Səni tapmaq çətindi.
Maşallah işin-gücün...
Amma bilirsən nə var
Bakı bulvarında
         yavaş-yavaş
Azalmaqda - çayxanalar...
Gəncliyimin tanış yeri,
             görüş yeri,
Söhbət yeri, ülfət yeri.
Aradabir qeybət yeri...
Dövrə vurub oturardıq
Bir masanın başında biz.
Arif, Oqtay gecikəndə
Darıxardı ürəyimiz.
Dəryasinə Rəfiq Zəka
Ya Müşfiqin, ya Daşqının
Qoşmaların söyləyərdi,
Hərdən özündən deyərdi...
Onda nə "20 Yanvar" vardı,
Nə də ki, Qarabağ dərdi...
Mayda iydə çiçəkləri
Bəzəyərdi çayxananı,
                 çayımızı.
Tənəklərin kölgəsində
Keçirərdik yayımızı...
Necə yadımdan çıxası
Süleymanın
Şuşadakı çayxanası?
Bir də onun şaqraq səsi,
Şaqqıldayan qafiyəsi:
"Ürəyiniz yandı, için!
Dərdlərə dərmandı, için!"
Ağdamın da o çay evi
Bərbəzəkli bir gəlindi...
Hanı o çağlar indi
Könlüm daş bağlar indi.
Hörmətli Bakı meri!
Çayxanalar azalsa,
Meyxanalar çoxala bilər.
O ünsiyyət, o görüşlər yox ola bilər.
Qoy Bakı bulvarından
                  cilvələnsin
Kəklikotu qoxulu,
Mixək, limon ətirli
Çayxanlar nəfəsi.
Oxşasın ruhumuzu
Rəşidin məxmər səsi:
"Samavara od salmışam,
İstəkana qənd salmışam...."

ALLAH BİLƏR

İstəkli ziyalımız, professor Rafiq Əziz oğlu Əliyevin adına  

Ruhum,
Bu dərd gəldi birdən,
Yeri, Göyü dəldi birdən,
Üfüqləri sildi birdən
Silkələdi dağ, daşları
Mən bilmərəm,
         Allah bilər...

Fələklər hücum eylədi,
Çay daşların qum eylədi,
Sıxdı, əzdi mum eylədi
Poladdan bərk qardaşları.
Sən bilməzsən,
          Allah bilər...

Sənə məktub yazdım hələ,
Çatan deyil bilə-bilə...
Dərdlərimi bəlkə silə
Bu məktubun göz yaşları...
Çətin silər,
          Biz bilmərik,
          Allah bilər...

ÖSKÜRƏK ƏHMƏD

Öskürəyi özündən qabaq
       çıxardı küçəyə...
Heç həkimlər də
          bilmədilər
Bu kişi
       belə öskürür niyə...
Küçədə, bazarda, dükanda
Ya orda, ya burda,
              hər yanda
Öskürək səsi gəlsə,
      bilərdilər Əhməddi.
Ona nöqsan tutmağa
         kimin nə həddi.
Kasıbca bir kişiydi
          
     bu kişi.
Hansı idarədəsə
        hesabdar idi işi.
Evi elə dörd divardı,
Divarda Əhmədin
böyüdülmüş şəkli vardı
O şəkillə uşağı
    qorxuzmaq da olardı:   
- "A bala,
       yeməyini ye görək,
Yeməyini yeməsən
Divardakı o kişi
     gəlib səni yeyəcək..."
Sürtülməkdən
            süzülmüşdü
Pencəyinin dirsəkləri.
Bax beləcə bir kişiydi
Dünya gözəli Səlbinin əri...
Odur eyy,
    sağ çiynində səhəngi,
       sol əlində vedrəsi
Qırğı kimi qalxardı
  çaydaq pilləkənləri.
Gün əyilib,
       işdən dönəcək əri.
Bu gözəlin
       çöhrəsi, yanaqları
       eynən Xocalı gilası.
Bir sirri-xudaydı
           Səlbi dünyası...
Bu kişinin bəxtinə
Göydən Allah gülümsər,
Yerdə Səlbi baxardı...
Sənin də yolunu
           gözləyən olsa
Öskürək Əhməd kimi
    yaşamağa nə vardı..

BİR BAĞIM VAR

Bu gələn yaz qəlb açandı.
Sən hardasan bəs haçandı?
Yasəmənlər gül açanda
Mənsiz qala bilərsənmi?

Aramızda gül hasarı,
Bir baxsana bizə sarı.
Al, sənindir könlüm tarı
Görüm çala bilərsənmi?

Bu ömür-gün bir həvəsdi.
Qara yellər hardan əsdi?
Fələklərin nədir qəsdi,
Xəbər ala bilərsənmi?

         Bir bağım var çiçək-çiçək,
          Qışı - qarlı,
                  yayı - külək.
          Su torpağın olduğu tək
          Mənim ola bilərsənmi?..

SƏNİN MƏNDƏN XƏBƏRİN YOX

Suyam,
       Yerə çəkilmişəm.
Payız olub tökülmüşəm.
Bir yarpağa bükülmüşəm
Sənin məndən xəbərin yox.

       Havalanıb dağ olmuşam
       Dərədə bulaq olmuşam
       Kövrəlib uşaq olmuşam
       Sənin məndən xəbərin yox.

Yurd-yuvası məlum quşam.
Başqa səmtə çətin uçam.
Səni də mən uydurmuşam...
Bu şeir də mənim deyil.

GİLAS VAXTI

Gilas əkdim,
          budaq-budaq boy atdı.
Hər budağı bir xatirə oyatdı.
Sənsiz, gülüm, bu həyat nə həyatdı...
Bu ayrılıq kölgəsini silsənə,
Gilas vaxtı biz tərəfə gəlsənə.

Gilas əkdim,
       əcəb sərin kölgəsi,
Niyə gəlib kölgələnsin özgəsi?
Quşların da öz şərqisi, öz səsi
Yay gəlir eyy,..
         şadlansana, gülsənə,
Gilas vaxtı bağımıza gəlsənə...

Gilas əkdim,
        sığal çəkdim başına,
Çata ömrüm nola gilas yaşına...
Nə yaxşı ki, sən çıxmısan qarşıma,
Sənin bəxtin mən özüməm bilsənə
Gilas vaxtı durub bizə gəlsənə.

Bu gilasın sırğaları alyanaq,
Gilas vaxtı
       Sözümə bax, sə
n Allah!

Şüvəlan,
2020-ci ilin həyəcanlı yayı

 





30.07.2020    çap et  çap et