525.Az

60 yaşın işığında - Yubiley yazısı


 

60 yaşın işığında - <b style="color:red">Yubiley yazısı </b>

60 yaşın tamamını adətən müdrikliyin başlanğıc dövrü adlandırırlar. Yaşanmış bu illər bir tərəfdən ömrün çox, digər tərəfdən az hissəsi hesab edilir.

Bununla belə, insanın mənəvi yetkinlik dövrünə qədəm qoyduğu, özü qarşısında hesabat verdiyi 60 il həm də böyük zaman kəsiyidir. Həmçinin, şərəflə yaşanan ömür yolundan asılı olmayaraq, insan həyatında iz qoyan əbədi keyfiyyət möhürüdür. Bu mənada tərcümeyi-halına nəzər salanda görürsən ki, ömrünün 60 ilini geridə qoyan Nəriman Zeynallı üçün də bu illər kifayət qədər dolğun, mənalı yaşanmış bir həyatdır.

Nəriman Zeynallı 1960-cı il iyul ayının 30-da Laçın rayonunda ziyalı ailəsində anadan olub. Orta təhsilini Laçında alıb. Ali təhsil almaq üçün Bakıya üz tutan N.Zeynallı Bakı Dövlət Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra öz doğma elinə qayıdıb. N.Zeynallı ixtisasca müəllim olsa da, bu peşəni davam etdirməyib. Əmək fəaliyyətinə 1977-ci ildə doğulub boya-başa çatdığı Laçın rayonunda poçtalyon kimi başlayıb. Erməni Silahlı Qüvvələri Laçın rayonunu işğal etdikdən sonra 1992-ci ilin may ayından məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb.

N.Zeynallı deyir ki,  Şuşanın işğalından sonra qara buludlar Laçının başı üzərini də aldı. Strateji əhəmiyyətinə görə ermənilər Laçını "həyat yolu" adlandırır, Gorus-Şuşa arasında olan bu geniş, həm də tarixi cəhətdən çox əhəmiyyətli massivi işğal etmək haqqında ciddi düşünürdülər. Onlar bu niyyətlərini gerçəkləşdirmək üçün keçən əsrin əvvəllərindən başlayaraq uzun illər mübarizə aparsalar da, hər dəfə uğursuzluğa düçar olmuşdular. Lakin bu dəfə xarici havadarlarının sayəsində Şuşanın və Qarabağın digər bir sıra strateji məntəqələrinin işğalından, Gorus-Laçın-Şuşa yoluna nəzarət edə bilən bütün mühüm yüksəklilkləri ələ keçirdikdən sonra da öz bəd niyyətlərini davam etdirdilər: "Hələ 1992-ci il mayın əvvəlindən Ermənistan ərazilərindən Laçın, Qubadlı və Zəngilan rayonlarına başlanan artilleriya atəşləri getdikcə intensivləşirdi. May ayının 9-10-da Qubadlı-Laçın-Turşsu istiqamətindəki bölmələrimizi gücləndirmək üçün cəbhə xəttinə əlavə qüvvə və texnika göndərilsə də, Şuşanı azad etmək üçün göndərilən əlavə qüvvələr qarşıya qoyulan tapşırığı yerinə yetirmədən özləri ilə gətirdikləri silah və texnika ilə geri döndülər. Xaincəsinə edilən bu hərəkət və həmin ərəfədə Bakıda hakimiyyəti ələ keçirmək üçün baş verən hadisələr nəticəsində mayın 18-də Laçın da müəmmalı şəkildə ermənilər tərəfindən işğal olundu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı və hal-hazırda 77 min nəfərdən artıq rayon sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün olaraq yaşayır.

27 ildir Laçını görmək, doğma vətənə qovuşmaq həsrətini içimdə yaşadıram. Bu nisgili hərdən olur ki, ovutmağa çalışıram, bəzən özümə ümid verirəm, təsəlli edirəm. Elini, obasını, yurd yerini itirən insanlar mənim acımı, həsrətimi çox gözəl anlayar..."

N.Zeynallı Laçın uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qarabağ müharibəsi veteranıdır: "O dövrdə hər şey gözlərimin qarşısında baş verib. Bütün döyüşləri görmüşəm. Ermənilər tərəfindən tez-tez rayona hücumlar olurdu. Mənfur düşmənin hücumlarının qarşısını almaq üçün igid, mərd, ürəyi vətəni üçün döyünən oğulların cəmləşdiyi könüllülər batalyonu yaradıldı. Hamı kimi mən də o batalyona üzv yazıldım. Yeni yaranmış batalyon hər gün postlarda durub, erməni hücumlarının qarşısını alırdı. 1992-ci ilin may ayında Bakıda olarkən "Ədalət" qəzetinin redaksiyasına üz tutub rayondakı hadisələrlə bağlı onlara ətraflı məlumat verdim. Səhərisi gün redaksiyanın bir qrup əməkdaşı ilə birlikdə Laçına yollandıq. Onlar bütün hadisələrin canlı şahidi oldular və başverənləri qəzetdə geniş işıqlandırdılar. Qəzetin orta səhifəsində üç yerdə qara hərflərlə "Laçın" sözü yazılmışdı. Bu, bir çağırış, həyəcan təbili idi. Laçınlılar bu sözləri heç vaxt unutmayacaqlar. O dövrkü səriştəsiz rəhbərlərin günahı ucbatından mayın 18-də Laçın işğal olundu".

Rayonun işğalından sonra N.Zeynallı məcburi köçkün kimi Bakıda məskunlaşıb: "Laçının işğalından sonra Bakıya köçdük. Əmək fəaliyyətimi Bakıda davam etdirdim. İşlə təmin olunmaq üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciat etdim. Məni göndərişlə Azərbaycan Respublikası Rabitə Nazirliyinin nəzdində olan "Azərmətbuatyayımı" İB-nə göndərdilər. 3 avqust 1993-cü il tarixli müvafiq əmrlə burada abunə və satış şöbəsində təlimatçı vəzifəsinə tayin edildim. Qeyd edim ki, valideynlərimin hər ikisi müəllim idi. Rayonda qəzet və jurnallara ən çox abunə yazılan ailələrdən biri idik. Ona görə bu yeni işim mənə bir az doğma gəldi. Sonra İB-i Rabitə Nazirliyindən ayrılıb müstəqil səhmdar cəmiyyət kimi fəaliyyət göstərdi. Mən də indiyə kimi burada işləyirəm. 27 il ərzində təlimatçı, Böyük təlimatçı və Baş təlimatçı vəzifələrinə qədər yüksəlmişəm. Məsuliyyət tələb edən işdir. Bizim müəssisə mətbuat və qeyri-jurnalist təşkilatı olaraq hər 6 ay ərzində ölkə və xarici nəşrlərə abunə aparır. Sonra isə həmin abunə və satış üçün redaksiyalardan alınmış nəşrlər "Azərpoçt" vasitəsilə rayonlarda olan şöbələrimizə çatdırılır. İşimə çox məsuliyyətlə yanaşan insanam. Çalışıram ki, vəzifəmi layiqincə yerinə yetirim. Bununla yanaşı, mən həm də 1998-ci ildən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov təşkilatının üzvüyəm. YAP tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirak edirəm. Partiyanın keçirdiyi konfransa nümayəndə seçilmişəm. Həmçinin, Azərbaycanda keçirilən Prezident, parlament, bələdiyyə seçkilərində seçki komissiyasının üzvü, müşahidəçi olmuşam".

N.Zeynallı vurğulayıb ki, hazırda 100-ə yaxın qəzet və 50 jurnal yayımlayırlar: "Mətbuat sahəsində 27 illik təcrübəm var. Çox istərdik ki, növbəti dəfə jurnalistlərə mənzil veriləndə biz yayımçılar da nəzərə alınsın".

N.Zeynallının söylədiyinə görə, insan qəriblikdə yaşayıb yaşa dolduqca doğulub boya-başa çatdığı ata-baba yurdu, gəzdiyi dağlar, dərələr, meşələr, suyundan içdiyi buz bulaqlar, həmyerliləri tez-tez gözünün önündə canlanır: "Laçının işğalından sonra laçınlılar ölkənin 50-dən artıq rayonunda məskunlaşıblar. Mən Naxçıvan və Neftçaladan başqa, ölkənin bütün rayonlarında olmuşam. Vətənin bölgələrini qarış-qarış gəzmişəm. Coğrafi olaraq Gədəbəy və Tovuz ərazisi mənə Laçını xatırladır. Ancaq heç bir yerdə rahatlıq tapmıram. Çünki heç bir yer doğma obamı əvəz etmir".

N.Zeynallı bildirib ki, ermənilərin Tovuz təxribatı nəticəsində şəhidlərimizin olması onu dərindən sarsıdıb: "Ancaq qüdrətli Azərbaycan Ordusu qəhrəmancasına həlak olan şəhidlərimizin qanını yerdə qoymadı. Düşmənə layiqli cavab verib şəhidlərimizin qisasını aldı. Bu da keçmiş döyüşçü kimi məni bir az da olsa sakitləşdirdi. Xalqımızın birlik nümayiş etdirərək küçələrə axışması və Qarabağda döyüşmək üçün hayqırması isə məni çox qürurlandırdı. İyulun 14-dən 15-nə keçən gecə gənclərin Ermənistanın Tovuza təcavüz cəhdinə reaksiyası göstərdi ki, insanlarımız əbədi və əzəli torpağımız olan Qarabağ uğrunda canlarından keçməyə hazırdır. Minlərlə insan Bakının küçələrindən keçib Şəhidlər Xiyabanının qarşısına toplaşdı. Şəhidlər Xiyabanı qarşısında toplaşan böyük bir kütlə dövlətə və onun ordusuna dəstək nümayiş etdirərək hər an döyüşə hazır olduqlarını bəyan etdi. Bu gün hər bir azərbaycanlı bilir ki, onun sərhədlərini qoruyan rəşadətli ordusu, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisi var. Hamı bilir ki, zərurət yaranacağı halda, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bircə əmri ilə əli silah tutan bütün vətəndaşlarımız döyüşlərə qatılacaq. Torpaqlarımızı erməni mənfurlarından azad edəcək. Prezident İlham Əliyev də hər zaman çıxışlarında qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilib. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir".

N.Zeynallının sözlərinə əsasən, bu gün COVİD-19  pandemiyası bütün dünya dövlətlərini öz əsarəti altına alıb. Sözün həqiqi mənasında dünya dövlətləri bu ümumi bəla ilə müharibə vəziyyətindədir: "Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görür. Azərbaycan ilk gündən  bu ümumbəşəri bəladan  az itki ilə çıxmağı qarşıya mühüm hədəf kimi qoyaraq, malik olduğu bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Mən əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan pandemiya ilə mübarizədən ən az itkilərlə çıxacaq, insanlarımızın sağlamlığı yüksək səviyyədə qorunacaq".

Ailəsi haqqında söz açan N.Zeynallı bildirib ki, onun əsas amalı övladlarını cəmiyyət üçün savadlı, layiqli bir vətəndaş kimi yetişdirmək olub: "Üç övladım var. Böyük qızım  Mehriban 667 balla Azərbaycan Tibb Universitetinə daxil olub və  oranı əla qiymətlərlə bitirib. Hal-hazırda Türkiyədə uzman-həkim kimi fəaliyyət göstərir. İkinci qızım Səbinə 500 balla Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olub. O da universiteti əla qiymətlərlə bitirib. Hazırda Türkiyədə magistr təhsili alır. Oğlum Murad isə 16 yaşında ADA Universitetinə 677 balla daxil olub. Prezident İlham Əliyevın sərəncamı ilə "Prezident təqaüdü"nə layiq görülüb. Hazırda İtaliyada təhsil alır. Həyat yoldaşım Şəfəq Qorçuyeva Sabunçu  rayonundakı 81 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. O, peşəsinə vurğun olan,  müəllim adını şərəflə daşıyan pedaqoqlardandır. Gözəl ailəm, vətənə layiq savadlı, vətənpərvər övladlarım olduğu üçün çox xoşbəxtəm".

S.QARAYEVA

 





30.07.2020    çap et  çap et