525.Az

Sirli təbəssüm - Hekayə


 

Sirli təbəssüm - <b style="color:red">Hekayə</b>

Uşaqlar əllərindəki çubuğu yerə çırpa-çırpa qışqırırdılar:

- Nəbov, ay Nəbov, dağlar kimindi?

- Dağlar mənimdi, Nəbov əmi, dağlar mənimdi!

Cındırından cin hürkən, qurd gözü kimi işıldayan, qan sağılmış gözləri ilə uşaqları süzən Nəbi dərin bir söyüşlə uşaqları yağladı:

- İt balaları, dayanın bir, dədəvuza deyəciyəm.

Uşaqlar əl çəkmədilər. Bir-birilə itələşərək ona yaxın gəlib, biclik, şıltaqlıq yağan gözlərini  cin gözlərə dikərək ağız-ağıza verdilər:

- Dağlar mənimdi, dağlar mənimdi....

- Nəbov, acıqini...şorbaqini... Dağlar mənimdi...

Üst-üstə geydiyi köhnə paltarların cibindən daş çıxarıb var gücü ilə onlara  tərəf atmağa başladı. Uşaqlar divarın arxasında gizləndilər. Üz-gözündən çirkli tər axan Nəbi birdən yerə çökdü. Oyuncağı əlindən alınmış uşaq kimi ağlayaraq, əllərinin arxası ilə gözlərini tez-tez silməyə başladı. Kimsə uşaqlara təpindi:

- Ay vələdüzzinalar, cəhənnəm olun burdan! Ağlama Nəbi, qovdum uşaqları...

Cibindən kağız pul çıxarıb ona uzatdı:

- Al bu pulu, yemək alarsan.

Gözləri işıldadı. Göz qırpımında pulu kişinin əlindən qapdı:

- Amma dağlar mənimdi... onlara de də, nolar... Gözləri yenə doldu...

- Sənindi, ağlama. Heç kəs dağları səndən ala bilməz. Get evə, durma burda. Dəcəllər yenə gəlib səni acıdar...

O, uşaqlar qaçıb gedən tərəfə yan-yan baxıb kələ-kötür çomağını onları qovalarcasına göydə firladıb, qurd kimi mırıldanaraq ordan uzaqlaşdı:

- Vermərəmm... dağlar mənimdi, mənim!

***

Nəbinin doğulduğu kənd günün hər saatında müxtəlif rəngə çalan uca dağların arasında yerləşirdi. Dan ulduzu göyün üzünü tərk etməmiş nənəsi onu yavaşca dümsüklədi:

- Dur bala, vaxtdı.

Yuxusu sanki dovşan yuxusu idi. Nənəsinin səsinə dik atılıb, geyindi. Əlüstü şirin çayını başına çəkib, içində şor, pendir dürməyi olan heybəsini çiyninə atdı. Kələ-kötür çomağını çiyninə qoyub tövləyə sarı getdi. Bu gün sürünü Dəmirli yaylağına tərəf aparacaqdı.

Sübhün şehində yuyunmuş otlar ayaqlarını isladır, dağlardan çobanyastığı çiçəyinin ətri süzülüb onun içinə dolurdu. Gün yerindən çırtlamamış sürü yaylaq yerində şirin-şirin otlayırdı. Nəbi bacılarına mırçalıq saqqızı söz vermişdi. Bir gözü sürüdə təpənin üstündə onu çağıran mırçalıq kollarına tərəf yeridi. Yarım saata heybəsini doldurdu. Evdə onun baş tərəfini kəsib südünü yığacaq, həzin odda bişirib saqqız düzəldəcəkdi. əvvəllər lap çox yığırdı. Düzəldib dost-tanışa, qohum qardaşa da verirdi. Kəndin marketi xaricdən - İrandan, Türkiyədən gəlmiş şirin saqqızla dolandan sonra təbii dağ otundan hazırlanmış mırçalıq saqqızının üzünə baxan olmadı.

Artıq nahar vaxtıydı. Sürünü dağ armudunun kölgəsində yatırdıb, yağışdan qorunmaq üçün götürdüyü plaşı yastıq kimi bürmələdi. Əllərini başının arxasında daraqlayıb uzandı. Tərtəmiz göyün üzündə bir tala qara bulud sürünürdü. Gözünü  zirvələrdə gəzdirdi. Günəşin işığı dağın sinəsində göy-qırmızı rəngə çalırdı. Necə də gözəl rəngi vardı bu dağların. Nəbi özünü bu dağlarsız təsəvvür edə bilmirdi. Yaşı az olsa da, sanki əlli ildi bu dağların arasında yaşayırdı. Hər cığırına, hər izinə bələd idi. Dağın o üzü erməni kəndi idi. Erməni kəndi deyəndə, yəni əlli-altmış il bundan qabaq haradansa qovulmuşdular, qaraçı köçü kimi gəlib orda ev-eşik olmuşdular. İndi dindirəndə elə danışırdılar ki, sanki olmayan əcdadları guya burada yaşayıb. Bir də görürdün, dağı fırlanıb hansısa cığırnan bu üzə gəlib çıxdılar. Dağın bu tərəfi sanki cənnət idi. Göz götürə bilmirdilər.

Nəbi erməni uşaqları ilə heç vaxt dostluq eləməzdi. Onların tülkü sifətlərindən zəhləsi gedirdi. Şirin dillərinə salıb yaltaqlansalar da, xeyri yox idi. Nəbi üz vermirdi. Böyrü üstə döndü. Başını göy otların üstünə qoydu. Torpağın səsini dinləməyə başladı. Bulağın yer altındakı zümzüməsi ürəyini sərinlədirdi. Atlı qarışqaların ayaq səsləri... Hardasa yaxınlıqda sürünən ilanın fışıltısı aydın duyulurdu. Bir də mis qab cingiltısı... Elə bil keçilərin zınqırovları bir yerə yığılıb torpağın altında səs salmışdı. Başını qaldırıb yatışmış mal-heyvana göz gəzdirdi. Heç nə yox idi. Zınqırovlu keçilər sakitcə gövşəyirdilər. Yox, səs yerin altındakı uzaqlıqdan gəlirdi...

Dikəlib əllərini dizində çarpazladı. Oturduğu yerdən dağın arasından keçən əyri-üyrü cığır, kəklikotulu, yovşanlı təpələr, dağın ətəyi, dibində su şaqqıldayan dərə aydın görünürdü. Uzaqda yüklü bir canlı hərəkət edirdi. Başını boynuna qısmış, yükün altında ikiqat olmuşdu. Yaxınlaşdıqca kimliyi bəlli oldu. Gələn qalayçı Simon idi. Çiynində bir təlis mis qab-qacaq var idi. On-onbeş gündən bir yolunu bu tərəfə, kəndə salırdı. Ev-ev gəzib qalaylatmaq üçün mis qab yığırdı. Bu dəfə gələndə nənəsi balaca mis qazanı da vermişdi Simona.

- Sən allah, ay Simon, qəşəng qalaylayarsan. Bu qazanın az qala iki yüz il yaşı var. Nəsil yadigarıdı.

Nənəsi qazanı verəndə Nəbi qaşqabağını tökmüşdü. Nəyə görəsə bu erməniyə heç güvənmirdi. Öz-özünə fikirləşirdi ki, niyə erməni Simon əzab-əziyyətlə bu mis qabları çiyninə yığıb eşşək kimi o tərəf-bu tərəfə daşıyır? Yəni aldığı beş-on quruşa dəyməzdi. Həyətini əkib-töksəydi bundan çox qazanardı. Bir dəfə nənəsinə demişdi bu sözləri.

- Ay bala, xalxın sənətini əlindən almayacağıq ki. Onun işi odu. Sən get, öz işinlə məşğul ol. Böyüklərə ağıl öyrətmə! - deyə ağzının üstündən vurmuşdu.

Simon cingildəyə-cingildəyə çatıb təlisi çiynindən yerə saldı. Qabların səsinə sürü dik atıldı. Bir yiyələrinə, bir də Simona baxıb yavaş-yavaş otluğa dağılmağa başladılar.

- Balaca, suyun var? Cızdığım çıxır.

Nəbi onu istidən və yorğunluqdan  pörşələnmiş qırmızı sifətinə baxdı. Gendən gələn mərhəmət hissinin təsiri ilə yanındakı əsgər matrasını ona uzatdı. Bir də yaşca ondan az qala on beş-iyirmi yaş böyük idi. Erməni suyu horta-hortla içib boş qabı ona qaytardı:

- Bu mis qablar da elə ağır olur ki. Gətirincə ləliyim çıxdı - deyə gileyləndi.

"Köpəkoğlu, dilimizdə elə danışır ki, kim deyər ki, bu ermənidi".

- Sizin qazanı verim sən apar. Yüküm bir az yüngülləşsin.

Nəbi narazı halda çiyinlərini çəkdi. İstədi desin ki, özün apar da. Sənə fəhlə deyiləm ki. Nə düşündüsə:

- Apararam, çıxart ver - dedi.

Qalayçı qabları yerə töküb qazanı təlisin dibindən çıxardı. Qabların işığı göz qamaşdırıdı. Nənəsinin qazanı da təp-təzə olmuşdu. Deyəsən, ən ağırı da elə bu qazan idi. Simon yerə tökdüyü qabları yenidən təlisə yığıb, əlini onun başına çəkdi:

- Sağ ol, balaca. Xeylax yüngülləşdi yüküm. Axşama kəndə qayıtmalıyam. Getdim mən.

Qalayçı Simon ayı kimi yanlarını basa-basa uzaqlaşıb gözdən itdi. Nəbi onun bütün hərəkətlərinin altında gizli bir saxtakarlıq hiss edirdi. Amma nə? Niyə ona elə gəlirdi, özü də bilmirdi. Gözlərini onun getdiyi tərəfdən cəkib, üzünü dağlara tutdu. Dərindən nəfəs aldı. Ciyərləri təmizləndi. Sürünü haylayıb bir yerə yığdı. Yemək yeməyi yaddan çıxarmışdı. Armud ağacının kölgəsində oturub nənəsinin qoyduğu dürməyi yeməyə başladı. Qazanı mırçalıq yığdığı heybənin yanına qoymuşdu.  Dürməyi yeyə-yeyə hərdən onu süzürdü. Birdən qazanın ağız tərəfində kiçik bir yazı gözünə dəydi. "Bu haradan çıxdı? Bizim qazanın üstündə yazı yoxdu axı... Buta naxışları vardı, onları görmüşdü. Nənəsinin hərdən bunu dilə gətirdiyinin də şahidi idi:

- Bu nəsil yadigarının üstündə bir yazısı da yoxdu. İtsə tapılmaz.

Amma erməni Simona güvənib onu qalaylamağa vermişdi. Bu fikirlə dürməyi yerə qoyub qazanı əlinə götürdü. Əvvəlcə, elə bildi nənəsi Simona tapşırıb qazanın üstündə nəsə yazsın. Yazıya təzədən diqqət edəndə sanki onu ildırım vurdu. Parlayan qazanın ağız tərəfində, ilk baxışda nəzəri çəkməyəcək yerdə kiçik xaç şəkli cızılmış, qabağına ermənicə "Ermənistan - Yerevan-min yeddi yüz doxsan" yazılmışdı. Bıçaq vursaydın, Nəbinin qanı çıxmazdı. Öz-özünə Simonu asıb-kəsməyə başladı:

- Hə, demək bundan yana bu əziyyəti çəkir, it uşağı. Özlərinə tarix yazırlar. Özü də bizim dədə-baba yadigarlarımızla. İndi qayıdacaqsan bu yolnan, neynək. Sənin öz dilinə yalatdıracağam bu yazdığını.

Günəş yavaş-yavaş dağların arxasına çəkilsə də, suru yamaclara yayılmışdı. Nəbi mis qazanı qara daşın üstünə qoyub, gözünü kənddən gələn yola dikmişdi. Vaxt daraldıqca ürəyi sanki sinəsindən çıxacaqdı. Birdən qarşıdakı təpənin arxasından Simonun qaraltısı göründü. Nəbi səssini içinə ataraq üzünü dağlara tutdu. Gözü günəşin fonunda dağın lap zirvəsində siluet şəklində görünən iki dağ keçisinə sataşdı. Sanki olacaqlara şahid olmaq üçün onları Tanrı göndərmişdi.

- Balaca, hava qaralacaq bir azdan. Niyə tərpənmirsən? Qurda-quşa  yem olarsan...

Simonun gülərək dediyi sözlər onu diksindirdi. İyrənirdi ondan. Murdar sifətini görməyə təhəmmül edə bilmirdi.

- Qazan yadından çıxar ha...

"Hə, qazan". Burda niyə gözlədiyini sanki unutmuşdu. Qəfildən mis qazanı daşın üstündən alıb, Sımona yaxınlaşdı:

- Bu nədi?

- Nə?

- Bu yazı nədi, yazmısan bura? - Nəbinin gözləri qəzəblə parıldadı.

Simonun dili topuq vurdu:

- Məən yazı yazma..mışam.

Nəbi qazanı az qala onun gözünə soxdu:

- Bəs kim yazıb?

- Bilmirəm, yazı ordaydı. Ver baxım!

Qazanı alıb əlinin içinə keçirdi. O biri əliylə qlobus kimi fırlamağa başladı. İki gün qabaq yazdığı yazı aydınca oxunurdu.

- Burda nə var ki, qazanın istehsal yeri və tarixi yazılıb da... Yəqin əvvəllər fikir verməmisən. Bizdən satın almısınız da, olmaz? - gözündəki istehza aydın sezilirdi. Sanki onu ələ salırdı. Qəfildən qulağının dibindən aldığı  zərbədən səndələdi. Nəbinin qolunda belə güc olacağını təsəvvür etməzdi.

- Ə, tülkü, sənin dədən iki yüz il bundan qabaq buralarda nə gəzirdi? Demək sizindi hə... bir yumruq da gözünün altından tutdu.

- Fil qulağında yatmısan ey, balaca! Burda hər şey bizimdi. Gəzdiyin torpaq, bu dağlar.. hamısı! - Simon zərbə yerini ovuşduraraq dilini dinc qoymurdu.

Nəbinin gözünə heç nə görünmürdü. Onun bu gözəl dağlarına da sahib çıxmaq istəyirdi bu tülküsifət! Zərbəni zərbə dalınca endirməyə başladı:

- Sözünü geri götür, denən, dağlar sizindi! Tez ol de, yoxsa əlimdə qalacaqsan!

Bu qədər alçaqlıq, həyasızlıq olmazdı. Simon qorxusundan yalvarmağa başladı:

- Balaca, axı biz qardaş kimiyik. Nə fərqi var, siz, ya biz. Sizin kənddə nə qədər duz-çörək yemişəm. Evlərinizin hörmətli qonağı olmuşam. Vurma, nə olar....

- Yediyin duz-çörək tutsun səni! Çörəyi dizinin üstə olan şərəfsiz! Sabah bütün kəndin önündə üzr istəyəcəksən! Dediklərini geri götürəcəksən!

Simonun canına vic-vicə düşdü. Əgər onun nə zibil olduğunu bilsəydilər, daş-qalaq edərdilər. Nəbini yola gətirsəydi, yaxşı olardı. Bir müddət buralardan uzaqlaşardı.

Onun erməni hərflərini tanıyacağı ağlına belə gəlməmişdi. Haradan biləydi ki, Nəbinin ermənilərə olan inamsızlığı gizlicə bu dili öyrənməsinə səbəb olub. Sanki günün birində bunların olacağını bilirdi. Necə deyərlər, tanımaq üçün dostun da, düşmənin də dilini bilmək vacibdir, düşüncəsi ilə yaşayıb. Bu, ona qardaş deyən erməni olsa belə... O, boynunu qısaraq yazıq bir görkəm aldı. Mis qazan bir tərəfdə düşüb qalmışdı. Nəbi qanlı-qanlı ona baxırdı. Simon nə fikirləşdisə gözləri hiyləgərcəsinə parıldadı. Heç bir şey olmamış kimi yeriyib qazanı qaldırdı:

- Al, balaca, qazanı da götür get. Nənənin gözü yoldadı. Sürü də artıq yolu ağzına alıb, getməyə hazırlaşıb, səni gözləyir.

Nəbi qeyri-ixtiyari geriyə, yamaca boylandı. Keçilər zınqırovlarını silkələyərək qabağa düşmüşdülər. Arxasınca getməsə belə, sürünü düz evə aparacaqdılar. O, Simonu da özüylə bərabər kəndə aparmaq istəyirdi. Haqq-hesab bu gün çürüməliydi. Birdən arxadan dəyən zərbədən gözləri qaraldı. Göy üzü dağlarla birgə başına fırlanmağa başladı. Gözünə mis qazanı iki əli ilə bərk-bərk tutmuş, qorxu və nifrətlə ona baxan Simon dəydi. Əlini güclə boynunun ardına apardı. Çomağını əlindən buraxmadan üzü üstə daşların üstünə düşdü. İşi belə görən tülküsifət qazanı yerə atıb arxasına baxmadan oradan uzaqlaşdı. Daşların üstüylə dərəyə yuvarlanan mis qazanın cingiltisi dağlarda əks-səda verdi. Dağkeçiləri hürküb qaçdı. Zirvədən bir qartal qalxıb, göydə dövrə vurmağa başladı... İndiyə kimi heç kimin qabağına çıxıb, yolunu kəsməyən dağ bəbirləri bu səsdən oyanıb qalayçı Simonu dağın ö üzünə keçməyə qoymadılar....

***

Bütün kənd adamı gözünü açıb onu belə görmüşdü. Haradan gəldiyini bilmirdilər. "Dəlidi" - deyib, yola verirdilər. Onu kənd dolandırırdı. Üst-üstə geyindiyi paltarından tutmuş, rezin qaloşuna kimi. Kimin qabağına çıxırdısa, qəpik-quruşdan ovcuna qoyurdu. Bəzən uzun müddət yox olurdu. Deyirdilər, dağları görməyə gedib. "Dağlar mənimdi" kəlməsi dilindən düşməzdi. Vay o gündən ki, uşaqlar bu sözü onu cırnatmaq üçün deyəydilər. Sanki dünya başına yıxılırdı. Kötür çomağını əlindən yerə qoymazdı. Sanki kimdənsə qəfil zərbə alacaqmış kimi ətrafına ehtiyatla baxardı. Üstündə latın əlifbasıyla "Nənəmdən yadigar" yazılmış mis qazanı yanında gəzdirərdi. Məscid divarının dibində, qazanın üstündə oturub mürgüləyəndə yuxusuna rəngli dağlar girərdi...

***

Molla sübh namazına gələndə onu xalçanın üstündə uzanmış gördü. Yatmış bilib səs salmadı. Namazı bitirib getməyə hazırlaşanda gözü Nəbinin üzünə sataşdı. Üzündə qəribə, sirli bir təbəssüm vardı... Çomağını bağrına basmışdı. Açıq qalmış gözlərində yaş donmuşdu. Deyəsən, ölüm pərdəsi onu artıq çox uzaqlara - müqəddəs dağlarına aparmışdı. O, əlli-altmış il bundan qabaq özüylə bu kəndə gətirdiyi sirləri o təbəssümə bələyib torpağın altına aparmağa hazırlaşırdı...

 





30.07.2020    çap et  çap et