525.Az

Eşqə düşmək... - Yazı


 

Eşqə düşmək... - <b style="color:red">Yazı</b>

İngilis filosofu Alan Uots "eşqə düşmək" ifadəsin gözəl izah edir. Düşmək.. Niyə yüksəlmək yox? Eşqdə təslim olmaq güclüdür. Eşq - başdan sonadək "sənə təslim oluram" deməkdir, hər anlamıyla "özümü, ruhumu, qəlbimi, vücudumu  sənə verirəm" deməkdir. Yəni  burda ağıl nəzarətdən çıxır, məntiq rol oynamır. 

Niyə eşqə düşənlər yaraşıqlı və gözəl olmadığı halda sevir, ya sevilir? Çünki göz həqiqəti görmür, realı görmür. Sevən insan ətrafın qadağalarına əhəmiyyət vermir. Bu, beyindəki kimyəvi proseslərlə bağlıdır. Demək ki, bu tərəfdən baxanda düşünmə qabiliyyəti aktivliyini itirir. Burada "Ayıq başla düşün" ifadəsi yerinə düşmür.

Eşqə düşənin bir həqiqəti olur, o, öz həqiqətini görür. Və bu həqiqət sevdiyi şəxslə bağlı olur. Burda iki hal baş verir.

Əvvəlcə hər şeyə marağını, bütün düşüncələrini, duyğularını qarşı tərəflə bölüşən aşiq  məşuqunu mənəvi dünyasında yerləşdirib, özündən  uzaqlaşır. Gecə yatanda son, səhər duranda ilk fikri o olur. Bölüşə biləcəyi bütün gözəllikləri verib, gözləmə mövqeyi tutur. Gözlənti mövqeyində olduğu üçün də narazı və küsəyəndir.

Sonra isə məşuq özünə oxşar birindən yorulur. Halbuki münasibətin əvvəlində cazibədar fərqliliyə görə eşq yaranmışdı.

"Məndən niyə soyumusan, niyə bir-birimizdən uzaq düşdük?" sualının cavabını axtaran aşiq bu sualı ilə öz qürurunu sındırmış olur.

Bu səbəblərdən çox sevən, dəli kimi aşiq olan birinin eşqdə yüksəlmək şansı yoxdur. Yəni  ölçüsü, sərhədi olmayan bütün münasibətlər kimi, eşq ən saf, ən ülvi, ən təmənnasız duyğu olsa da, aşiq özünü fəda etdiyi üçün yüksələ bilmir. Yəni kimsə sizə "sənin oldum, eşqinə düşdüm" deyirsə, bu, müəyyən müddətdən sonra "batdım, bataqlıqdayam" anlamına gəlir. O, yüksəlmədi, ucalmadı, o, düşdü...  

 





30.07.2020    çap et  çap et