525.Az

Nərgiz Qurbanova Bolqarıstanın “TV Avropa” kanalına müsahibə verib


 

Nərgiz Qurbanova Bolqarıstanın “TV Avropa” kanalına müsahibə verib<b style="color:red"></b>

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Bolqarıstanın “TV Evropa” (“ТВ Европа”) televiziya kanalının “Avropa sabahı” (“Европа сутрин”) verilişində müsahibəsi yayımlanıb.

Səfir Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, Ermənistanın aqressiv yeni milli təhlükəsizlik strategiyası, COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycanın Bolqarıstanla əməkdaşlığı, ölkəmizin COVID-19 ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü, COVID-19 pandemiyasının Azərbaycanın neft və qaz sənayesinə təsiri ilə bağlı sualları cavablandırıb.

N.Qurbanova iyulun 12-də Ermənistan silahlı qüvvələrinin iki ölkə arasında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi, 13-də rayonun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alması və nəticədə Ermənistan silahlı qüvvələrinin bütün həmlələrinin müvafiq əks tədbirlər ilə cavablandırılması barədə məlumat verib. O, təxribat nəticəsində ikisi yüksək rütbəli olmaqla Azərbaycan ordusunun 11 hərbçisinin həlak olduğunu söyləyib.

Səfir 2016-cı ilin aprel hadisələrindən fərqli olaraq Ermənistanın son təxribatının təmas xəttində deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində törədildiyini və hərbiləşdirilmiş Ermənistan sərhədindən fərqli olaraq həmin bölgədə sərhədlərimizin əksər hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən qorunduğunu diqqətə çatdırıb.

N.Qurbanova ötən dövr ərzində Ermənistanın Azərbaycan hərbçiləri və mülki əhaliyə hücumu hədəfləyən hərbi təxribatının daha tez-tez və təcavüzkar xarakter aldığını xüsusilə vurğulayıb.

Səfir həmçinin, qeyd edib ki, Ermənistanın son təxribatı 76 yaşlı qocanın ölümünə və mülki əhaliyə və infrastruktura münasibətdə xeyli miqdarda ziyana səbəb olub.

Regionda vəziyyətin gərgin olaraq qaldığını qeyd edən səfir Azərbaycanın Ermənistan tərəfinin təxribatının qarşısının alınması, eləcə də özünün beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin qorunması, eləcə də mülki əhali və mülkiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atdığını bildirib.

Səfir əlavə edib ki, Ermənistanın son təxribatı rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının sübutudur.

O, baş nazir Nikol Paşinyanın iyulun 10-da Ermənistanın Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bu ölkənin Təhlükəsizlik Şurasının görüşündəki çıxışını xatırladaraq Ermənistanın təcavüzkar siyasətinin regional sülh və təhlükəsizliyə birbaşa təhdid olduğunu qeyd edib. Bu ölkənin təhlükəsizlik strategiyası Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə əsassız iddialar sürərək beynəlxalq hüququ ciddi şəkildə pozur. Belə ki, həmin sənəddə yeni mövqelərin ələ keçirilməsi və regionda gərginliyin artırılmasından bəhs edilir.

Müsahibə zamanı N.Qurbanova ölkəmizdə COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində qətiyyətli tədbirlərin görülməsi, səmərəli karantın rejiminin tətbiq edilməsi, səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi, o cümlədən, 5 ənənəvi, 5 modul tipli xəstəxananın istifadəyə verilməsindən bəhs edib. COVID-19 ilə mübarizə ilə əlaqədar beynəlxalq səviyyədə əməkdaşlıqla bağlı səfir bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir və bu təşkilata 10 milyon ABŞ dolları məbləğində yardım göstərib. Azərbaycanın COVID-19-la mübarizədə 15-dən artıq ölkəyə dəstək göstərdiyini bildirən səfir bu xüsusda ölkəmizin COVID-19-la mübarizədə humanitar yardım göstərən ölkələr arasında ilk onluqda sıralandığını vurğulayıb.

İkitərəfli əməkdaşlıq kontekstində N.Qurbanova Azərbaycanın Bolqarıstandakı Səfirliyinin Bolqarıstanın Plovdiv, Kırcali, Ruen Bələdiyyələrinə və Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqına zəruri qoruyucu vasitələr və ərzaqla yardım göstərdiyini diqqətə çatdırıb.

Pandemiya başlayandan bəri ölkəmizin bir sıra təşəbbüslər irəli sürdüyünü qeyd edən səfir ölkəmiz tərəfindən bu virusla mübarizədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımların atılmasından söz açıb. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdiyini və bu təşəbbüsün BMT-nin 130-dən artıq üzvü tərəfindən dəstəkləndiyini nəzərə çatırıb və bu məsələdə ölkəmizə göstərdiyi birmənalı dəstəyə görə təşəkkürünü bildirib.

Səfir COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədiyini, bununla belə, ölkə iqtisadiyyatı ilə bağlı proqnozların müsbət olduğunu söyləyib. Bu xüsusda Koronavirusla Mübarizəyə dəstək Fondunun yaradılması, iqtisadiyyatın dəstəklənməsi və sosial müavinətlərin genişləndirilməsi məqsədilə Hökumət tərəfindən 9 proqramın irəli sürülməsindən bəhs edib.

 





31.07.2020    çap et  çap et