525.Az

Birinci sinfə şagird qəbulunda elektron sistemin tətbiqi - Araşdırma


 

Birinci sinfə şagird qəbulunda elektron sistemin tətbiqi - <b style="color:red">Araşdırma </b>

2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

I sinfə elektron sənəd qəbulu təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması məqsədilə tətbiq edilir. Bu yenilik şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Prosesdə başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir.

Mütəxəssislərin fikrincə, I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sistemində tətbiq olunan ən mühüm yeniliklərdən biridir. Ümumi təhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sisteminin tətbiqi məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirib.

Bakıdan başlayan bu prosesdə ilk illərdə müəyyən suallar ortaya çıxsa da, bütün bunlar operativ şəkildə öz həllini tapıb. Artıq Bakı ilə yanaşı, ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Bu günə olan ümumi mənzərə ondan ibarətdir ki, artıq paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.

Məktəbəqəbul prosesində hər il fərqli yeniliklər qeydə alınır. İnsanların rahatlığına, qəbul prosesinin sadələşdirilməsinə xidmət edən həmin islahatlar elektronlaşmanın əhatə dairəsinin genişlənməsinə də təsir edir.

Valideyn kompüterlə övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə seçə bilir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədov deyir ki, elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatdan keçirilməsi və məktəbəqəbul prosesi olduqca sadə və asandır. Valideyn kompüter arxasına əyləşərək övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə rahatlıqla seçir. Yəni əhatə dairəsi genişləndirilməkdə olan elektron qəbul ilk növbədə valideynlərin rahatlığına, vətəndaş məmnuniyyətinə xidmət edir. Uşaqların məktəbə qeydiyyatının elektron sistem vasitəsilə aparılması, həmçinin, sosial ədalət prinsipinə əsaslanır, yəni hər bir vətəndaş daimi qeydiyyatda olduğu ünvana ən yaxın məktəbə maneəsiz olaraq övladını qeydiyyatdan keçirə bilir: "Dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcud olan elektron sistem vasitəsilə məktəbəqəbulun Azərbaycanda da tətbiqi valideynlərin əlavə vaxt itkisinin qarşısını alır, məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaradır. Son illərdə məktəbəqəbulun elektron qaydada həyata keçirilməsi sahəsindəki təcrübə deməyə əsas verir ki, subyektiv amillər maksimum dərəcədə azaldılıb, əvvəlki illərdə valideynləri narahat edən hallar birmənalı şəkildə aradan qaldırılıb. Birinci sinfə qəbulda vahid və düzgün yanaşma ortaya qoyulur".

 

İlk dəfə olaraq əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib

B.Məmmədovun sözlərinə görə, hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə şagird qəbulu aparılır. Bu il mart ayının 10-dan aktivləşdirilən proses sentyabrın 14-dək davam edəcək. Artıq paytaxt məktəblərinin birinci sinifinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 44 000-dən çox uşaq üçün müraciət edilib. Azərbaycan dilində təhsil almaq istəyən paytaxt sakinlərinin əksəriyyəti, demək olar ki, təhsil alacağı məktəbi də, müəllimi də seçiblər. Ancaq qeydiyyat prosesi bitmədiyindən indidən 2020-2021-ci tədris ilində birinci sinfə qəbul olunacaq birincilərin sayı ilə bağlı konkret fikir söyləmək mümkün deyil: "İlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub. Ailələrin hamısında kompüter və ya internet olmaya bilər. Bu məqam elektron qəbul sisteminin tətbiqində nəzərə alınıb. Valideyn və ya qanuni nümayəndə özü hər hansı səbəbdən www.mektebeqebul.edu.az saytına daxil olaraq  onlayn qeydiyyat apara bilmirsə, Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur. Elektron qeydiyyatdan keçə bilməyən valideynlər "Whatsapp"  nömrələr  vasitəsilə müvafiq məlumatları iş günləri ərzində işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstərilir".

 

Bakı şəhərində mikroərazi prinsipinin tətbiqi

Sektor müdiri bildirib ki, Bakı şəhərində mikroərazi prinsipinin tətbiq edilməsi, hətta lisey və gimnaziyalara qəbulda belə bu prinsipin tanınması təbəqələşməyə, məktəblərdə qruplaşmalara, aztəminatlı ailələrin bəzi məktəblərə yaxın düşə bilməməsi kimi formalaşmaqda olan təsəvvürlərə kökündən zərbə vurdu. Sosial fərqləri aradan qaldırmağa yönələn bu addım hər uşağın evinin yaxınlığındakı məktəbə getmək hüququ olduğunu cəmiyyətə xatırlatdı: "Qeyd etməliyik ki, məktəblərin xidməti ərazilərini sadəcə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi müəyyən etmir. Rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müəyyənləşdirmə zamanı mikroərazidəki 6 yaşlı uşaqların sayı və məktəb rəhbərliyinin rəyi əsas götürülür. Odur ki, ilk növbədə yaşayış yerinin müəyyən olunmuş xidməti ərazisində yerləşən təhsil müəssisəsini seçmək lazımdır. Əgər digər ərazidəki bir məktəbi seçmisinizsə və sizin seçdiyiniz məktəbə I sinfə qəbul üzrə mikroərazi prinsipi tətbiq olunursa, bu halda qaydaların tələblərinə əməl etməkdən başqa çıxış yolunuz qalmır. Əgər yaşayış yerinizə ən yaxın ərazidə yerləşən təhsil müəssisəsini seçərkən belə, yenə də sistemdə övladınızın müsabiqəyə cəlb edilməsi tələbi qoyulursa, rahat şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Əmin olun ki, hüququnuz tanınacaq".

 

Məktəbəhazırlıq qruplarında oxumağın üstünlüyü

B.Məmmədovun dediyinə görə, ölkə ərazisində 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması prosesi sürətlənib. Məktəbəhazırlıq bir çox məsələdə olduğu kimi, birinci sinfə qəbulda da valideynlərin işini asanlaşdırıb. Məsələ bundadır ki, məktəbəhazırlıq qruplarında komplektləşdirilmiş siniflərin I sinifdə də eyni müəllimə həvalə olunması nəzərdə tutulub. Bu qərar verilərkən məhz məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyi nəzərə alınıb. Beləliklə, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Yəni məktəbəhazırlıqda oxuyarkən uşaqlara şəxsi iş açılır və belə uşaqların birinci sinfə qəbulu üçün valideynlərindən sadəcə elektron ərizəni çap edərək məktəbə təqdim etmək tələb olunur. Valideyn sistemin seçimi ilə razıdırsa, şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim edir. Razı deyilsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib, yenidən məktəb və müəllim seçir.

 

7 və 8 yaşında məktəbə gedən uşaqlar 

Məktəbə məktəbəhazırlıq qruplarına cəlb olunmayanlar da hazırlaşır. Hətta müxtəlif səbəblərdən gecikənlər, 7 və 8 yaşında məktəbə gedəcək uşaqlar da digərləri ilə eyni hüquqa malikdirlər. Həm 7-8 yaşlı uşaqlar, həm də sağlamlıq imkanları məhdud olanlar elektron  qeydiyyat vasitəsilə müəllimini və məktəbini seçə bilərlər. Sektor müdiri vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

 

Böyük uğur

Təhsil eksperti Kamran Əsədov deyir ki, 2015-ci ildən etibarən orta məktəblərə sənəd qəbulu elektron sistem vasitəsilə həyata keçirilir ki, bu, kifayət qədər böyük uğurdur. Əvvəllər birinci sinifə qəbul zamanı mənfi hallar baş verirdi. Məktəb direktoru, müəllimlər valideynlərdən əsassız olaraq nələrsə tələb edirdi. Amma indi bu mümkün deyil: "Qeyd etdiyim kimi, elektron xidmətlərin təşkili ilə qəbulun həyata keçirilməsi kifayət qədər müsbət addımdır. Bu zaman valideynlər məktəbi və hətta müəllimi belə seçə bilərlər. Hesab edirəm ki, son 5 il ərzində Azərbaycan təhsilinin ən böyük uğuru məktəbəqədər təhsil və ibtidai siniflərə qəbulun elektron xidmətlər göstərməsi ilə həyata keçirilməsidir".

Sevinc QARAYEVA


Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

 





31.07.2020    çap et  çap et