525.Az

Dənizlərarası strategiya və Azərbaycanın maraqları - Erkin Qədirlinin məqaləsi


 

Dənizlərarası strategiya və Azərbaycanın maraqları - <b style="color:red">Erkin Qədirlinin məqaləsi </b>

Son vaxtlar millət vəkili Erkin Qədirli dünyada və Azərbaycanda baş verən bu və digər hadisələrlə bağlı öz Fesybuk səhifəsində intensiv analitik yazılarla çıxış edir.

Baş verən müxtəlif hadisələrin ölkəmizin geopolitik durumuna təsiri perspektivlərini araşdıran bu yazılar izləyicilər tərfindən maraqla qarşılanır.

Son yazısında Erkin Qədirli bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin böyük bir heyətinin hərbi təlimlərdə iştirak etmək məqsədilə Azərbaycana gəlişi məsələsinə toxunub. Həmi yazını oxuculara təqdim edirik.

***

Türkiyənin 11 min nəfərlik hərbi heyətinin ölkəmizə gəlməsi və burada hərbi təlimdə iştirak etməsi çox önəmlidir, böyük geopolitik dəyişikliyin bir parçasıdır. Bu təlimlərin bir tək Rusiya-Ermənistan hərbi təliminə cavab olduğunu düşünmək yetmir. Əlbəttə, zamanlama çox uyğundur. Bunun üzərinə Tovuzda baş vermiş son döyüşləri də gəlsək, Türkiyənin və Azərbaycanın davranışı reaktiv görünə bilər. Bununla belə, bütün bu işlərin arxasında daha böyük geopolitik planlar dayanır. Bu planları düzüb-qoşan biz olmasaq da, orada Azərbaycanın da maraqları və iştirakı var.

Təlimlərin coğrafiyası maraqlıdır - Naxçıvan, Gəncə, Yevlax, Kürdəmir. Koordinatlar Ermənistanı cənubdan və şimaldan vura (Naxçıvan və Gəncə təlimləri), sonra da Qarabağa hücum edə biləcəyimizi (Yevlax və Kürdəmir təlimləri) göstərir. Bir neçə gün öncə yazmışdım ki, beynəlxalq hüquq bizə Ermənistana hücum etməyi qadağan etmir, çünki BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hücuma məruz qalmış dövlət öz müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Ermənistan ordusu ilə təkbətək qalarsa, ordumuzun belə hərbi əməliyyatları uğurla apara biləcəyinə inanıram. Qalır Rusiya. Ermənistana hücum etməyimizin qarşısını beynəlxalq hüququn deyil, Rusiyanın kəsdiyini də yazmışdım. Gəlin indi də Türkiyənin böyük bir hərbi güclə ölkəmizə gəlməsinin kontekstinə baxaq.

Xatırlayırsınızsa, ABŞ-ın "intermarium" (dənizlərarası) adlanan strategiyası haqqında ötən il yazmışdım. Amerikanlar bu strategiyanın müəllifləri olmasalar da (ingilislərindir), onlardan başqa onu gerçəkləşdirə biləcək güc yoxdur.

Adından göründüyü kimi, bu strategiya bir neçə dənizin arasında böyük bir təhlükəsizlik sahəsini yaratmağı hədəfləyir və coğrafi olaraq iki sahədən ibarətdir. Onlardan biri, Baltik və Qara dənizləri arasında, eləcə də Qara və Xəzər dənizləri arasında olan yerləri əhatə edir, digəri də Qara, Aralıq, Qırmızı dənizlərindən keçərək Fars körfəzinə gəlir, oradan da yenidən Xəzər dənizinə qayıdır.

İndi bu dənizlərin arasında olan ölkələri düşünün (xəritəyə baxın). Bu strategiyanın hər iki hissəsində biz də varıq. Baltik və Qara dənizləri arasında təhlükəsizlik sahəsini yaratmağı ABŞ, demək olar ki, bacara bilib. Orada yalnız Macarıstan və Belarus qalıb ki, ABŞ-la hələ anlaşa bilməyiblər. Amma bu, sadəcə, zaman məsələsidir. Rusiyadan Belarusa artan təhlükələr ikincini ABŞ-la anlaşmağa məcbur edəcək. Qara və Xəzər dənizləri arasında olan yerdə Gürcüstan və Azərbaycan (o cümlədən, Türkiyənin yardımı ilə) ABŞ-ın strategiyasında yer almağa hazırdırlar. Qalır Ermənistan.

Gəlin indi də, yuxarıdakı strategiyanın çərçivələrindən çıxmadan, miqyası kiçildək. Bizim burada öz maraqlarımız, öz davamız var. Biz torpaqlarımızı qaytarmalıyıq. Ermənistanla təkbətək savaşmaq hələ alınmır (Rusiya qoymur). Amma burada bizim maraqlarımıza uyğun Türkiyənin və ABŞ-ın maraqları da var. Avropa Birliyi də qoşuldu və onun qoşulması bizim yararımızadır (məsələn, Dağlıq Qarabağla bağlı son bəyanatları). Dənizlər haqqında yazdım, amma unutmayaq ki, bu bölgədə strateji önəmi olan göllər və bu göllərin arasında Zəngəzur dəhlizi var. Söhbət Van, Göyçə və Urmiyə göllərindən gedir (interlacus). Zəngəzur, onun haqqında düşündüyümüzdən daha böyük bir yerdir. Onun bir hissəsi bizdə (Naxçıvan və işğal olunmuş torpaqlarımızın bir hissəsi), başqa bir hissəsi Türkiyədə (Ağrıdağ tərəf), daha bir hissəsi İranda, bir hissəsi də Ermənistanda (Rusiyanın əlində).

Gördüyünüz kimi, Zəngəzura heç kim tam nəzarət etmir. Ruslar vaxtilə Ermənistanı yaratdılar, bizdən torpaq alıb oraya qatdılar, bizimlə Türkiyə arasında quru yolunu kəsdilər. Rusların gücü buraya qədər yetdi, indi o güc getdikcə azalır. Dava isə həmin davadır - Zəngəzur uğrundadır. Qarabağ savaşı Zəngəzur uğrunda geopolitik qarşıdurmanın yalnız bir parçasıdır. Odur ki, hər şey hələ qabaqdadır. Ağıllı davransaq (ciddi yanlışa yol verməsək), biz bu oyunda uda bilərik. Hələ buraya Xəzər dənizinin o biri yanını da (Orta Asiyanı) əlavə etsək, ABŞ-ın, AB-nin və Türkiyənin maraqlarının bizim maraqlarla üst-üstə düşdüyünü görə bilərik.

 





31.07.2020    çap et  çap et