525.Az

"Bu hadisələrdə Los Anceles hökuməti də ermənilərin tərəfində idi" - Günay Qoca


 

"Bu hadisələrdə Los Anceles hökuməti də ermənilərin tərəfində idi" - <b style="color:red">Günay Qoca</b>

Türkiyədə yaşayan şair, yazıçı Nəzmiyyə Hicran Amerikada yaşayan və Azərbaycanı təmsil edən həmyerlimiz Günay Qocadan Türkiyə mətbuatı üçün müsahibə alıb.

Müsahibəni ixtisarla təqdim edirik. 

***

- Günay xanım, siz Amerikada yaşayan və Azərbaycanı ləyaqətlə təmsil edən bir ziyalımızsınız. Bu günlərdə Azərbaycanın Los Anceles şəhərindəki səfirliyinin önündə gənclərimiz ermənilərlə üz-üzə gəldilər və yenə də ermənilər öz vəhşiliklərini nümayiş etdirərək soydaşlarımızı təhqir edib milli qürurumuza bir daha toxunmuş oldular. Siz bu hadisələrin canlı şahidi kimi nə deyə bilərsiniz?

- 21 iyulda Los Ancelesdə baş verən hadisələr bütün Amerikada yaşayan azərbaycanlıları sarsıtdı. Çox həyəcan keçirdik, əsəb yaşadıq. Mən bu hadisələrin canlı şahidi olmadım, amma Asiman Məmmədov qardaşımızın canlı yayımında baş verənləri sonuna kimi izlədim. Amerikada yaşayan bütün azərbaycanlılar da izləyirdilər. O qədər həyəcan keçirdim ki, səhərə qədər gözümə yuxu getmədi. Səhəri gün Asiman bəylə telefonda danışanda dedi ki, üç mindən çox erməni 50 nəfərdən də az olan azərbaycanlılara hücum ediblər. Azərbaycanlılar "Qarabağ bizimdir!", "Can Azərbaycan!", "Sülhü pozmarıq" şüarları ilə gəzərkən ermənilər buna əsəbləşiblər və hücum ediblər. Azərbaycanlı ailələr orda yoldaşları və uşaqlarıyla birlikdə olublar. Lakin heç bir media bunu vermir. Asiman Məmmədov dedi ki, həmin ailələri yeraltı keçidlər vasitəsiylə qaçırıb qurtara bildik. Buna baxmayaraq, ermənilər arxamızdan evlərimizə qədər qovdular, evləri də mühasirəyə alıb, saatlarla ordan uzaqlaşmadılar. Bayrağımızı ayaqlarının altında əzdilər, yandırdılar, şəhidlərimizin şəkillərini təhqir elədilər. Bunları danışmaq mənimçün çox çətindir. Amerikada yaşasam da, hadisənin içərisində deyildim. Orda olmadığım üçün üzgünəm. Orda ac, susuz, günəşin altında "Qarabağ!", "Can Azərbaycan!" deyərək o qədər erməniyə sinə gərən o gənclərin arasında olmalı idim. Buna görə özümü çox qınadım. Bizim belə gənclərimizin paylaşımlarına bəzi həmyerlilərimizin rəyləri məni çox üzdü. Döyülməklərinə onların zəifliyi kimi baxdılar. O qədər erməninin qarşısında bir ovuc yeniyetmə nə edə bilərdi ki? Onların ermənilərin qarşısında dəyanətlə durmaqları böyük cəsarətdir. Qarabağ hayqırışları ermənilərə sərt sillə idi. Kənardan baxana döyüş asan görünər. Həmin gün bizim xeyli gəncimiz yaralandı. Bunların içində qadınlar da vardı. Onlardan biri də Nigar xanım idi. Ən ağır xəsarəti isə Bəxtiyar adlı soydaşımız aldı.     

- Yarım milyon ermənilərin yaşadığı və baş nazir Nikol Paşinyanın erməni diasporunun paytaxtı adlandırdığı Los Ancelesdə Qarabağ həqiqətlərinin doğru-düzgün təqdim olunması yerli erməni lobbisini narahat elədi. Ermənilərə Amerikada qapılar bu qədərmi açıqdır?

- Los Anceles ermənilərin çox olduğu şəhərdir. 21 iyul hadisələrində yerli amerikalıların da dəstəyi var idi. Əslində, bu bir plan idi. Canlı yayımı izlədim, orda polisin çox az olduğunu gördüm. 3-4 polis o qədər erməninin qarşısını necə alsın? Təsəvvür edin, ermənilər bir polisi də döydülər. O qədər vəhşiləşdilər ki, polislər də aciz qaldılar. Amma bizim gənclərimiz mərdliklə dayandılar. Kaliforniyanın meri də ermənilərin tərəfini tutdu. Ermənilərin hərəkətlərini bütün media, sosial şəbəkə göstərdi, bütün dünya gördü, amma Kaliforniyanın meri sanki kor olmuşdu, görmürdü, tamamilə ermənilərin tərəfini tutdu. Üç mindən çox erməninin hücumunu elə göstərdilər ki, sanki günah azərbaycanlılarda imiş. Bu, harda görünüb? Amerika mətbuatında yanlış yazdılar. Amerikalı adıyla bir nəfəri danışdırdılar, amma o da erməni idi və onların tərəfini tutub bütün günahları bizim üstümüzə atdı. Məni üzən odur ki, azərbaycanlılar niyə mediada danışmırlar, niyə onlara söz haqqı verilmir? Ermənilərə hər yerdə yaşıl işıq var. Ona görə də onlar dünyanı uydurduqları nağıllara inandıra bilirlər. Onlar o qədər şərəfsizdirlər ki, çıxıb öz etdiklərini azərbaycanlıların üstünə rahatlıqla ata bildilər, vəhşiliklərini uzaq Amerikada belə çox rahatlıqla həyata keçirdilər. O meydanda "Azərbaycan", "Qarabağ" hayqıran gənclərin hamısı mənim balalarımdır. Vəhşi ermənilərin onlara hücumlarını, bizim gənclərin qanını tökmələrini heç vaxt unutmayacağam.

- Bizim gənclər Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən tarixi faktlar, ermənilərin Azərbaycanın sərhəd rayonu olan Tovuzda təxribatı zamanı şəhid olmuş əsgərlərin fotoşəkillərindən ibarət plakatlarla "Terrorçu Ermənistan, işğalı dayandır!", "Uşaq qatilləri", "Ar olsun Ermənistana" şüarları səsləndirdilər. Aksiya zamanı ermənilər təxribata əl atdılar, gənclərimizə hücum çəkdilər. Qarşıdurma zamanı azərbaycanlılar arasında bir neçə nəfər yaralandı. Amerika kimi demokratik bir ölkənin qanunları ermənilərin toplu şəkildə hücumlarını müşahidə etdi. Sizcə, günahkarları hansı qaydada cəzalandırmaq olar?

- Los Anceles hökuməti də ermənilərin tərəfində idi və məncə, bu, birbaşa onların planı ola bilərdi. Çünki onlar sadəcə baş verənləri müşahidə edirdilər. Baş verənləri, canlı yayımları izlərkən necə sakit qalmaq olardı? Fikrimcə, o ermənilərin hər biri cəzalandırılmalı, ən ağır cəzalar almalıdırlar. Onlar Qarabağın "qədim erməni torpağı" olduğunu deyir, gənclərimizə hücum edirdilər. Bilirsinizmi, mən bu məsələdə özümüzü də qınayıram. Ona görə ki, o gənclər bizi birləşdirirlər, amma burda hərə özünə bir qrup yaradır və baş verənləri sadəcə, izləyir. Mənim burda ailə dostlarım var. Tərlan Əhmədov kimi qeyrətli, vətənpərvər qardaşlarım var ki, onlar Azərbaycan üçün çalışır, mübarizə aparırlar. Mənimçün Azərbaycanı sevən, qoruyan hər kəs doğmadır. Amma nədənsə bizim insanlar birləşə bilmirlər. Ermənilər isə birlik qurur və məqsədlərini xaincəsinə həyata keçirirlər. Bizim burda vətənimizi layiqincə təmsil edən soydaşlarımız çoxdur. Onlardan Tomris Azəri, Tərlan Əhmədov, Fərhad Ələkbərzadə, Ülkər Gidner, Elman Eldaroğlu, Nigar Əliyeva, Rüfət Bayramov, Asiman Məmmədov, Hacı Azəri, Elman Kərimov, Sərdar Bağırzadə, Ümmi Cəlilovanı misal göstərə bilərəm. Onlar burada Novruz bayramlarını keçirir, amerikalı tələbələrə Xocalını, Qarabağı anladır, Zori Balayanın və ermənilərin vəhşiliklərini nümayiş etdirirlər. Mən də onlara ana, bacı olmağa çalışıram. Onların vətən sevgiləri məni çox qürurlandırır və duyğulandırır. Sadəcə, istədiyim odur ki, biz bu işləri qrup halında deyil, böyük bir toplum halında görək. Ermənilər öz ayıblarını gizlədirlər, birinin ayağına daş dəysə, hamısı toplanır. Amma bizdə o yoxdur. Məni bundan daha artıq üzən isə öz içimizdə ermənipərəst azərbaycanlıların olmasıdır. Onlar kənardan baxır, ermənilərin xoşuna gəlməz deyə səslərini çıxarmırlar. Bir erməni öz millətinə qarşı bunu edərmi? Eyiblərimizi gizlətmir, əksinə, açıb-tökür, onlara özümüzü güldürür, ağızlarına söz veririk. Bu, bizim ən böyük yanlışımızdır. Onlar da bundan ustalıqla istifadə edir, bizi əzərkən öz vəhşiliklərini bizim boynumuza yükləməyi bacarırlar. Onlar həmişə deyirlər ki, azərbaycanlılara düşmən lazım deyil. Biz damarında erməni qanı daşıyan azərbaycanlıları öz içimizdən təmizləməliyik. 

- Biz azərbaycanlılar niyə özümüzü ermənilər qədər təsdiq edə bilmirik? Bizim haqq səsimiz, təbliğatımız, təqdimatımız, şüarımız niyə başqa ölkələri inandıra bilmir? 20 faiz torpağımızı işğal edən ermənilər Xocalıda, Qarabağda insanlarımızı fərq qoymadan amansızlıqla qətlə yetirdilər və 30 ildir, hər fürsətdə bu əməllərini davam etdirirlər, vəhşiliklərini gizlədərək, özlərini "qurbalıq quzu" kimi göstərə bilirlər. Amerika yalanları görməyəcək qədər kor deyil, axı.

- Çünki biz oğru, yalançı, hiyləgər deyilik. Qanında azərbaycanlı qanı daşıyanlar bunları bacarmırlar. Biz sadəcə, onların iç üzünü dünya ictimaiyyətinə çatdırmaq üçün birliyimizi yaratmalı, fəaliyyətimizi gücləndirməliyik. Bizim gənclərimiz axan   qanlarıyla sübut elədilər ki, azərbaycanlılar müharibəyə hazırdır və sülhə qaçmırlar. Onsuz da ermənilərlə sülhdən danışmağa dəyməz. 28 ildir torpaqlarımızı işğal ediblər. Hələ də əsirlikdə qadınlarımız var. Onlar hələ də dünyanın dörd bir yanında bir türk, azərbaycanlı görən kimi döyür, öldürürlər. Biz onları torpaqlarımızdan qovmalıyıq. Son Tovuz hadisələrində qürurumdan ağlayırdım. Generalımızı, zabitlərimizi, əsgərlərimizi öldürdülər, amma cavablarını alıb geri çəkilməli oldular.

- Başımıza gələn müsibətlərin səbəbi bizim türk kimliyimiz, müsəlman olmağımızmıdır?

- Mən siyasətçi deyiləm, amma azərbaycanlıyam, damarımda azərbaycanlı qanı axır. Siyasətçi tələbə yoldaşlarım var və ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan rəhbərliyi hazırda düşünülmüş siyasət aparır və bunu hər kəs bilir. Bu düzgün siyasətin, xalqımızın gücünün nəticəsində torpaqlarımızı azad edəcəyik, şəhidlərimizin, sivil vətəndaşlarımızın qanı yerdə qalmayacaq. Bizim türklüyümüz başımıza gələnlərə səbəb deyil. Amerikada türk millətinə sevgi və sayğı var. Biz ermənilərin kimliyini tanıda bilmirik, sadəcə. Onlar kimi olsaydıq, hər şey çoxdan həllini tapardı. Burda Azərbaycanı dəstəkləyənlər çoxdur. Ermənilər buna görə öz içlərində o qədər göynəyirlər ki... Bunların müsəlmanlıqla da əlaqəsi yoxdur. Burda erməni sevənlər var, amma dinlə əlaqəli deyil. Mənim həyat yoldaşım amerikalıdır və Azərbaycanı, millətimi mənim qədər sevir. Biz torpaqlarımızı müharibəylə geri almalıyıq. Ermənilər dünyanın hər yerində cənnət guşə axtarırlar. Qarabağ da onlar üçün həm cənnət guşəsi, həm də gəlir yeridir. Qarabağın bütün sərvətindən istifadə edirlər. Mən onları insanlıq üçün qara ləkə sayıram. Ana bətnində, dünyaya gəlmədən şişlənən uşaqların, gözləri, ürəyi çıxarılan soydaşlarımızın, ailələrinin gözləri önündə üzərinə benzin tökülüb yandırılan oğullarımızın, vəhşicəsinə öldürülən qurbanlarımızın qisasını qiyamətə saxlaya bilmərik. Ermənilər qanımızı içib doymaq bilmirlər. Əsir aldıqları minlərlə həmyerlimizi qul etdilər. Onların vəhşiliklərini dünya sadəcə, seyr edir. Bizim güclü ordumuz, dövlətimiz, hakimiyyətimiz, qəhrəman oğullarımız olsa da, arxamızda dayanan güclü dövlətlər olmadı və biz torpaqlarımızı itirdik. Onlar tarixin hər dönəmində böyük dövlətlərin əlindəki maşa olublar. Rusiya bircə aylıq əlini üstündən çəksə, onların aqibətini görərik. Bütün dünya türkləri birləşməli və birlik yaratmalıyıq. Unutmayaq ki. güc birlikdədir.

Nəzmiyyə HİCRAN

 





31.07.2020    çap et  çap et