525.Az

"Azərbaycanın inamlı siyasəti Ermənistanı bütün müstəvilərdə məhv edib"


 

"Azərbaycanın inamlı siyasəti Ermənistanı bütün müstəvilərdə məhv edib"<b style="color:red"></b>

Tovuz təxribatı zamanı Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Dünyanın bir sıra nüfuzlu və aparıcı dövlətlərində Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması məqsədilə izdihamlı aksiyalar keçirən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü.

Həmvətənlərimizin fəallığı, koordinasiya olunmuş uğurlu fəaliyyət erməni lobbisinin vəhşi simasını ifşa etdi. Onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, iki əsrlik diasporçuluq təcrübəsi olan xaricdəki erməni icmaları sanki hazırlıqsız yaxalanmışdılar. Erməni diasporunun olduğu ölkələrdə azsaylı nümayişlər, yerli hökumətlərin Ermənistanın mövqeyini dəstəkləməməsi və Paşinyan hökumətinin diplomatik təcrid vəziyyətinə düşməsi rəsmi İrəvanın ciddi narazılığına, hakimiyyət dəhlizlərində söz-söhbətə səbəb olmuşdur.

“Təbii ki, bu hal nə Ermənistandakı erməniləri, nə də Paşinyanı qane edə bilməzdi. Bu baxımdan, o yaşadığı psixoloji məğlubluq durumunu üstələmək, həmçinin Ermənistan cəmiyyətindəki narazılığı zəiflətmək üçün əməli addımlar atmağa və diasporla iş üzrə komissarın ofisində məlum təmizləmə işlərinə başladı. Ermənistan KİV-ə istinadən rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfər işdən azad olundu. Bu istefaların Tovuz döyüşlərindən dərhal sonra baş verməsi təsadüfi deyil. Çünki bunun arxasında Azərbaycanın uğurlu hücum diplomatiyası qarşısında aciz qalan Ermənistanın ayrı-ayrı ölkələrdə diplomatiyasının, diaspor siyasəti və icmalarının uğursuzluğa düçar olması dayanır.

İnformasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayan Ermənistan anlayır ki, artıq hiyləgərlik dövrü, zamanı deyil. Yeni dünya düzəni fərqlidir, bunu son hadisələrdə həm Azərbaycan daxilində, həm də dünya boyunca baş verənlərdə gördük. İnamlı daxili və xarici siyasət apararaq ciddi nailiyyətlər əldə edən Azərbaycan Ermənistanı bütün cəbhələrdə tamamilə məhv edib. Xalqımız bu prosesin bundan sonra daha sürətlə davam edəcəyinə inanır. Odur ki, Ermənistanın vəziyyətdən yalnız bir çıxış yolu görünür - işğalçılıq siyasətindən əl çəkmək, torpaqlarımızı azad etmək. Bu, onların yeganə xilas yoludur”,- deyə Məzahir Əfəndiyev bildirib.

 





02.08.2020    çap et  çap et