525.Az

Tanıyaq və tanıdaq: Ramin Cahangirzadə


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Ramin Cahangirzadə </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
 
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira Fuad,
Filologiya elmləri doktoru

Ramin CAHANGİRZADƏ

1978-ci ildə Muğan bölgəsində dünyaya göz açıb. İbtidai və orta məktəbi doğma yurdunda bitirdikdən sonra Təbrizdə ali təhsil alıb. Ərdəbil şəhərində yaşayır. Bu günədək sırf uşaqlar üçün yazdığı "Ulduz" (2004), "Gözləri gül açıbdı" (2007), "Ay suda" (2011) və "Nar" (2013) adlı şeir məcmuələri işıq üzü görüb və körpə fidanlara bir dünya sevinc yaşadıb...

2008-ci ildə nəşr edilən "Dan yeli" dərgisinin "Tarla" adlı özəl sayında bütünlüklə uşaqlara həsr olunmuş şeirləri toplanan Ramin "Bir az dərinə gedirəm" adlı nəsr kitabını da elə həmin ildə çap etdirərək oxucuların ixtiyarına verib... "Daşlar" adlı yeni şeir məcmuəsi isə AYB-nin Güney Azərbaycan şöbəsinin maliyyə dəstəyi ilə Bakıda ("Nurlan", 2011) çap olunub.

Gilənar bağı

Mən Çexovun "Gilənar bağı"nı sevirəm
gilənar bağında gilənar ağacları
bir-birlərinin qulaqlarına pıçıldaşırlar.
Pərdə çəkilir
o qatarın ayaqları çolaqdır
Lopaxin Tanrıya bir söz deyir
Tanrı Anyanın otağında əsnəyir
gilənarların üzü qırmızıdır
mən heç vaxt üzü qırmızı ola bilmədim.
Pərdə cırılır
qırmızı işıq düşür Çexovun üzünə
gilənar bağında nə gəzir Çexov?!!
Bunu Mirzədən soruşdum
Həsən ağanın adamı olmasan
Mirzədən soruşa bilməzsən
Həsən ağanın bir nökəri var
gilənar bağında xan olub
Çexovu tutun deyir
gilənar bağındakıları çıxardın
bura mənim xan sarayım olacaq
gilənar bağında bir qəbir daşı var
çartlayıb daşı
o daşın çartlağından bitib bir çiçək
o daşın altında bir qatil uyuyub
çiçəklər qatillərin qanından qidalanırlar.
Sonuncu pərdə
uzaqlardan bır səs gəlir
balta səsi
gilənar bağının ortasından
səhnəyə girir əlində qanlı bıçaq olan qatil
hamı çiçək atır başına,
hamı çiçək atır başına...

***

Yekə-yekə cırmağıma baxmayın,
çox da yekə deyiləm:
Boyum 165 sm, çəkim 60 kq,
adım "Günəş Tanrısının oğlu"
anlamını daşısa da,
Günəş Tanrısının oğlu deyiləm...
Sadəcə anamın iztirablarından
boy atıb boylanan,
Günəşdən çörəyi çıxan
bir əkinçinin balasıyam.
Ayaqyalın bir uşaq idim.
Böyüyüb, böyüyüb,
yekəlib, bu günə düşmüşəm...
İlan ilində dünyaya ayaq basdığım üçün
dilimdən zəhər tökülür...
Hərdən sürətlə gedib özümdən çıx
sam da,
Çox da uzağa gedən deyiləm...
Tez qayıdıram özümə...
Qarpızlanma

Evimizə sevinc gətirən qan qırmızı
Qarpızlar üçün sunulur bu yazı...
 
Bıçaq çək!
Cırhacır düşəcək!..
Bax! Qara qarpızların da ürəyindən
Qan süzüləcək!..
 
Qoltuqlarında qarpız gəzdirənlər
Dünyanı qarpızla almaq istəyirlər.
 
Qarpızları yeyəndən sonra
Tumlarını yeməyin
Yazıqsız!..
Qarpızlara bağlanarsız!
 
Tağlarınız çürüyüb
Daha qarpızlarınızın
Uralanmağının vaxtı çatıb
 
Qarpızın nəmnəmənəsini kəsin!
Dörd yerə bölün!
Sonra ovuclarızın içində qarışdırın
Atın yerə!
Baxtız açılacaq!
Tək düşsə!
 
Qarpızlanmağınızı
Dilimləyib yedim
Keçəl olmaqdan qorxub
Qabığını yeməkdən çəkindim
 
Qarpız satırsız... Qarpız alırsız...
Heç bilirsizmi alıb-satdığınız qarpızlar
öz içlərini yeyirlər?..
 
Qarpızları qurban kəsdik
Çillə gecəsində
Bəlkə Tanrı gecəmizi gödəltdi.
Gəl gedək məndə gəzək

Şərab rəngində oldu səsimiz
süzdük gecənin çılpaq çağında.
Hələ kefdən ölməmişik
kef üstündədir meşəbəyi
Amazon meşəliyində tay döşlü qadınlar
Simin do Buvarın qadın rəngində olan
kitabından baş qaldırırlar.
Mənə hədə-qorxu gələn sevgilim
Valentaynı unutduğum üçün
keşişlərin əlilə qandallamaq istəyir
bir az yavaş susun lütfən!
Bağırmaq kişiliyin son variantıdır.
Ax, nə gülməlidir, qan teştində olan
Kuruşun başı.
Komsomol dostum
hələ donuz kababı yeməklə fəxr edir,
bir az burjua şərabı süzün onun üçün.
Nə tez yadından çıxardı Araz qırağında
Birlikdə yarı bölüb yediyimiz külüçəni.
Gəl gedək məndə gəzək,
Məndə bir dərin quyu var
Bir dəli daş atdı ona
Hünəriniz var çıxardın.

Yenə də mahnılar

Dünyanın ən gözəl "Ayrılıq" adlı mahnısının bəstələyən Fərhad İbrahimi üçün

Nə yaman uzanıb yatıbsan şair,
gözünü aç görək, səhər açılsın.
Yenə də mahnılar süzülsün ondan,
tökülüb tarlaran otu yayılsın.

Qolunda keşkə mənserum olaydım,
süzülüb qanına dolardım sənə.
Bəslənib bir yeni mahnı olardım,
gözündən axardı mahnılar yenə.

 





04.08.2020    çap et  çap et